Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Sentyabr 2010 - � 36

 

Müəllifin qeydləri

Azərbaycan dili dərslikləri ilə bağlı rəy və təkliflərə cavab

Bookmark and Share

Mənim və T.Əsədovanın müəllifliyi ilə iki dəfə nəşr olunmuş "Azərbaycan dili" dərsliklərinin (VIII və IX siniflər üçün) yenidən nəşri nəzərdə tutulmuş mətnlərinə dörd nəfər orta məktəb müəllimi öz münasibətini bildirmişdir. Bu müəllimlərin bəziləri iki istiqamətdə iş aparıblar: həm yazılı rəy veriblər, həm də dərsliklərin mətnləri üzərində qeydlər ediblər. Əvvəlcə bu qeydlər haqqında bir neçə söz qələmə almaq istəyirəm.

Dərslikdəki tapşırıqlardan biri belədir: "Nizami Gəncəvinin "Az danışmağın gözəlliyi" şeirini ifadəli oxuyun". Rəyçi mətnin kənarında yazır: "Bu adda şeir yoxdur". Düşünürsən, dil dərsliyi bir tərəfə qalsın, axı bu müəllim ədəbiyyat fənnindən də dərs deyir, Nizamini "öyrədir". Necə öyrədir ki, bu şeirdən xəbəri yoxdur. Bu müəllim M.F.Axundovun poemasının adını düz yaza bilmir. Dərslikdə yazılır: "Xəbər budaq cümləsi baş cümlənin bu, o, bəzən də belə, elə əvəzlikləri ilə ifadə olunan xəbərlərini müəyyənləşdirməyə xidmət edir". Rəyçi bu, o, belə, elə əvəzliklərini budur, odur, belədir, elədir formasına salır və "düzəliş" edir: "Xəbər budaq cümləsi baş cümlənin budur, odur, bəzən də belədir, elədir əvəzlikləri ilə ifadə olunan xəbərlərini müəyyənləşdirməyə xidmət edir". Nəzərə almır və ya bilmir ki, Azərbaycan dilində bu formalarda əvəzliklər yoxdur. Digər tərəfdən, belə çıxır, yazaq ki, cümlənin ismi xəbəri şəhər ismi ilə deyil, şəhərdir ismi ilə, yaxşı sifəti ilə deyil, yaxşıdır sifəti ilə, sən əvəzliyi ilə deyil, sənsən əvəzliyi ilə ifadə olunur. Sonra da bunları şəxslər üzrə dəyişək.

Dərsliyin mətnində söz birləşməsi ilə cümlələrin oxşar cəhətlərdən biri kimi yazılır: "Həm söz birləşməsində, həm də cümlədə sözlərin sırası eyni olur". Bu, dilçilikdə birmənalı qəbul edilmiş dəqiq fikirdir: Sən gələndə - sən gəlirsən, kitabı oxumaq - kitabı oxuyur. Rəyçi burada nəyin nəzərdə tutulduğunu başa düşmür və "cümlədə söz sırası dəyişir", - deyə irad tutur.

Guya VIII sinif dərsliyində 2-ci və 3-cü tapşırıqlar eyni tiplidir və "Şagirdlər belə tapşırıqları həvəssiz yerinə yetirirlər". Əvvəla, bu tapşırıqlardan biri əsas nitq hissələrinə, digəri köməkçi nitq hissələrinə aiddir. Məzmunları da, tələbləri də fərqlidir. Qeyd sahibi bunu başa düşmürsə, bilmirsən, nə deyəsən! Digər tərəfdən, tapşırığa qiymət verəndə onun məqsədə uyğunluğunu, metodik cəhətlərini və s. nəzərə alarlar, "Şagirdlər belə tapşırıqları həvəssiz yerinə yetirirlər", - deyə tədrisə, ümumən, metodikaya uyğun olmayan mənasız cümlə işlətməzlər.

Dərslikdəki tapşırıq mətnlərinin yanlarında belə qeydlər aparılır: "Bəsitdir", "Belə bir tapşırıq VIII sinif şagirdi üçün çox əhəmiyyətsizdir" (?), "Tapşırıq nəyə lazımdır?", "Belə cümlələr yazmağa ehtiyac varmı?", "Bu izahata ehtiyac yoxdur" və s. Guya müəlliflər bilmirlər ki, nə əhəmiyyətlidir, nə yox; nəyə ehtiyac var, nəyə yox? Bu halda deyərlər: get, soruş, öyrən, sonra danış.

Dərslikdəki 48-ci tapşırıqda deyilir: "Nitq hissələrinin adlarını sıra ilə deyin və yazın". Rəyçi bunun əhəmiyyətini başa düşmür və tapşırığın yanında yazır: "Bu tapşırıq nəyə lazımdır?". Cavab veririk: nitq hissələrini yada salmaq üçün lazımdır, rəyçinin bilmədiyi sıralanmanın qanunauyğunluğunu başa düşmək üçün lazımdır. Yəqin o bilmir ki, sıralanma təsadüfi deyil. Burada məntiqi düzülüş var.

Dərsliyin 23-cü səhifəsində feli birləşmələrdən danışılanda, onların ikinci tərəflərinin ifadə vasitələrinə aid misallar verilir. Rəyçi misalların ikisinin yanından xətt çəkib yazır: "Şəkilçilər çoxdur". Müəllim başa düşmür ki, burada şəkilçidən söhbət getmir ki, onun çoxluğundan, azlığından danışasan. Təəccüb edirsən ki, müəllim mövzunu mövzudan fərqləndirə bilmir.

Rəyçi, dərsliyin söz birləşməsinə aid hissəsində əsas və asılı tərəf sözlərinin işlədilməsini məqbul hesab etmir. Əvvəla, burada asılı sözü yoxdur. Tabe və əsas sözlərindən istifadə edilibdir. Həm də nəzərə alınıbdır ki, rəyçinin dediyi kimi, şagirdlər hələ bu sözləri bilmirlər. Ona görə də o sözlər mötərizədə birinci və ikinci sözlərindən sonra verilibdir. Bu, metodik üsuldur. Ancaq məsələ ondadır ki, rəyçi təklif etdiyi sxemdə özü də bu sözləri işlədir.

Çox təəssüflə məcburuq deyək ki, müəllimlərimizin xeyli qismi mütaliə etmir, yeni elmi-nəzəri, elmi-metodik ədəbiyyatı oxumur, ənənə halına düşmüş orta məktəb məlumatından kənara çıxa bilmir, bəziləri isə heç onu da bilmirlər. Qəribədir ki, bu bilməyənlərdə etika, adi mədəniyyət də olmur. Elə bilirlər ki, dərslik onların şagirdlərinin imla dəftərləridir, kefləri istədikləri kimi, nəzəri və əməli mətnlərin üstündən xətt çəkir, "bu cür deyil", "bu səhvdir" və s. hökmlər verirlər. Heç olmasa, düz yazsalar, dərd yarıdır, deyərsən, tərbiyələri bu qədərdir.

Elm yerində durmur, inkişaf edir. Elm inkişaf etdikcə, onun nəticələri tədrisə, məktəb dərsliklərinə də təsir göstərir. Elm bir tərəfə qalsın, müəllimlərimiz dərsliklərin tarixinə bələd olsalar, bu dəyişmələri görə bilərlər. Çoxlu faktlar arasında bir neçəsini yada salmaq istəyirəm. Bir zamanlar söz birləşmələri morfologiyada, köməkçi nitq hissələri sintaksisdə verilirdi. "Biz gələn zaman siz gedirdiniz" kimi sadə cümlələr mürəkkəb cümlə hesab olunurdu. Feli sifətlər sifət bəhsində öyrənilirdi. Dərsliklərdə ədat və modal sözlər adlı nitq hissələri qeyd olunmurdu... İxtisasını bilən, dilçilik ədəbiyyatı ilə tanış olan müəllimlər bunları normal qəbul edir və başa düşməyə, öyrənməyə çalışırdılar. İndi nədənsə bəziləri "kor tutduğunu buraxmayan kimi", əzbərlədiklərindən kənara çıxa bilmirlər. Həm də qəribədir ki, müəllimlərdən birinin dediyi o birinə uyğun gəlmir, birinin dediyini o biri inkar edir.

Məsələn, müəllim Cəmilə Budaqova yazır: "Dərsliyin I bölməsi 6-7-ci siniflərdə keçilənlərin təkrarına həsr olunmuşdur. Bölmə çox geniş işlənmiş, şagirdlərin keçilmiş mövzuların tam təkrarlamasına imkan yaradılmışdır. Dərslikdəki tapşırıqların bəzisində görkəmli dilçilər, tarixi şəxsiyyətlər, tarixi abidələr haqqında geniş məlumat vardır ki, bu da şagirdlərin əlavə materiallarla tanış olmasına, fənlərarası əlaqənin möhkəmlənməsinə xidmət edir. Tapşırıqlardakı nümunələrin Azərbaycanın görkəmli şair və yazıçılarının əsərlərindən verilməsi təqdirəlayiqdir. Bu, eyni zamanda, şagirdlərin ədəbi əsərlərlə tanış olmasına yardım edir". Cəmilə müəllim tapşırıqları belə qiymətləndirdiyi halda, müəllim Aygün Mikayılova tapşırıqların düzgün tərtib edilmədiyini yazır. Yeri gəlmişkən, qeyd etməyi lazım bilirəm ki, Cəmilə Budaqovanın rəyi əlyazmasındadır və təmiz, səlis cümlələrlə yazılmışdır, Aygün Mikayılovanın rəyində isə imla, ifadə, cümlə səhvlərinin sayı həddindən artıqdır.

Müəllim Mehriban Vəliyeva yazır: "Ümumtəhsil məktəbləri üçün yazılmış dərslik artıq neçə ildir ki, orta məktəblərdə istifadə olunur. Dilinin sadəliyi, izahların aydınlığı, proqramın A və B variantlarının nəzərə alınması baxımından təqdirəlayiqdir". Müəllim Samirə Bəktaşi də eyni mövqedən yanaşaraq yazır: "İlk növbədə qeyd etmək istəyirəm ki, dərslik zövqlə tərtib olunmuşdur. Dərsliyin içində verilən qrammatik qaydalar ətraflı izah olunmuş, həmin qaydalara dair nümunələr verilmişdir".

Cəmilə Budaqovanın, Samirə Bəktaşinin və Mehriban Vəliyevanın qeydləri nəzərdən keçirildi və bu əsasda müəyyən düzəlişlər edildi. Bir-iki məsələ haqqında fikrimi bildirmək istəyirəm.

1. Əvvəl, sonra sözləri haqqında. Doğrudur, dilçilik ədəbiyyatında, eləcə də dərsliklərdə, yerindən asılı olaraq, bu sözlər bir halda zərf (əvvəl mən danışdım, sonra dostum), başqa bir halda isə qoşma (məndən əvvəl Əli danışdı, məndən sonra isə dostum) hesab olunmuşdu. Nəzərə alınmamışdır ki, bu sözlərin luğəvi mənası var. Lüğəvi mənalı sözlər heç bir məqamda köməkçi nitq hissəsi olmur, eləcə də qoşma olmur. Əgər yuxarıdakı qaydaya əsaslansaq, yaxşı sifətini də (səndən yaxşı), uzaq zərfini də (şəhərdən uzaq) belə hallarda qoşma hesab etməliyik. Bu da aydındır ki, mümkün deyil. Əgər aşağı sinif dərsliklərində ənənə davam etdirilirsə, o dərsliklərdə düzəliş aparmaq lazımdır.

2. "Əsgərlərdən biri" birləşməsi haqqında. Doğrudur, bir zamanlar yazılırdı ki, üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi yiyəlik hal şəkilçisi əvəzinə çıxışlıq hal şəkilçisi qəbul edir: uşaqların biri - uşaqlardan biri. Bu o zamanlar idi ki, ismi birləşmələrin təyini söz birləşmələrindən başqa növləri məlum deyildi. Ona görə də başqa cür izah etmək mümkün olmurdu. Sonra məlum oldu ki, ismi birləşmələrin təyini söz birləşmələrindən əlavə, xeyli başqa növləri də var, bu da (əsgərlərdən biri) təyini söz birləşmələrindən fərqləndirildi və dağdan ağır, yoldan uzaq, səndən yaxşı tipli birləşmələr sırasında qeyri-təyini ismi birləşmələrə aid edildi.

3. "Beş yüz", "üç min" sayları haqqında. Müasir Azərbaycan dilində mürəkkəb say yoxdur. Qrammatik cəhətdən beş kitab birləşməsi ilə beş yüz birləşməsi arasında, üç dəftər birləşməsi ilə üç min birləşməsi arasında fərq yoxdur. Beş kitab, üç dəftər söz birləşmələri olduğu kimi, beş yüz, üç min də söz birləşmələridir. Dördü də birinci növ təyini söz birləşməsidir. Fərq mənalarındadır. Say birləşmələrinin tərəfləri saylardan ibarət olduğuna görə onlar bütövlükdə bir kəmiyyətin adını bildirir və sintaktik təhlildə onları tərəflərinə ayırmaq mümkün olmur. Aşağı siniflərdə belələrinin tərkibi adlandırılması onların söz birləşməsi hesab edilməsinə mane olmur. Amma "tərkibi" sözünü "mürəkkəb" sözü ilə eyni mənada işlətmək doğru deyil. Söz birləşməsinə, yerindən asılı olaraq ifadə, tərkibi demək mümkündür. Məsələn, yüz əlli beş - buna say tərkibi, kitabları götürüb aparanda - buna feli bağlama tərkibi demək olur, lakin bu, o demək deyil ki, onlar mürəkkəb söz hesab olunur.

Eləcə də "Sınıq-sökük", "İctimai-bəşəri" ifadələri mürəkkəb söz deyildir. "Müdafiə edir" ifadəsi də mürəkkəb fel deyil. İndi məlumdur ki, ümumən, Azərbaycan dilində mürəkkəb fel yoxdur.

Bu uyğunsuzluqlar ona görə olmuşdur və indi də olur ki, bir çoxları mürəkkəb söz haqqında nəzəri biliyə malik deyillər. Nəzərə almırlar ki, mürəkkəb söz də sözdür, yəni o da sadə, düzəltmə sözlər kimi bir leksik vahiddir, neçə sözdən əmələ gəlsə də, bir leksik vahid kimi formalaşmalıdır; fonetik, leksik və qrammatik cəhətdən birikməlidir. Yuxarıda verilən misalların heç biri bu tələblərə cavab vermir.

4. Təhlil zamanı feli tərkiblərə münasibət məsələsi. Əgər bizim müəllimlərimiz M.Şirəliyevin və M.Hüseynzadənin yazdıqları dərsliyə baxsalar, görərlər ki, onlar heç bir şərt qoymadan tərkibin sözlərini cümlə üzvləri kimi təhlil ediblər. Burada izahı mümkün olmayan qeyri-elmi səbəblər üzündən tərkiblərin bütövlüklə bir cümlə üzvü kimi götürülməsi sonralar kitablara düşüb və tədrisə gəlibdir ki, bunun da sintaktik təhlil haqqında elmi təlimlə əlaqəsi yoxdur. Cümlə təhlili haqqında sintaktik təhlildə deyilir: mümkün qədər hər bir söz ayrıca cümlə üzvü kimi təhlil edilməlidir. Bu mümkün olmayanda, iki, üç... söz də birlikdə bir cümlə üzvü kimi götürülə bilər. Bu da iki halda olur: 1) məna imkan verməyəndə, 2) qrammatik forma imkan verməyəndə. Misallara diqqət edin: Əli divardan şəkil asır. Əli dərsə qulaq asır. Bu cümlələrdəki şəkil asır və qulaq asır ifadələri arasında qrammatik fərq yoxdur. Hər ikisində şəkil və qulaq sözləri asır sözünün ifadə etdiyi hərəkətin obyektini bildirir. Ancaq təhlil zamanı şəkil və asır sözlərini ayrı-ayrı cümlə üzvləri kimi (tamamlıq və xəbər) götürdüyümüz halda, qulaq asır sözlərini bir yerdə xəbər kimi təhlil edirik. Çünki bunları ayırmağa məna imkan vermir. Başqa bir misal. Biz deyirik, birinci növ təyini söz birləşməsinin tərəfləri ayrı-ayrılıqda cümlə üzvü olur, birinci tərəf təyin, ikinci tərəf isə başqa bir cümlə üzvü. Məsələn: "Bu tələbə universitetdə oxuyur" cümləsində tələbə mübtəda, bu sözü isə təyindir. Həm qrammatik cəhətdən, həm də məna cəhətindən onları ayırmağa heç nə mane olmur. Bu zaman qapı açıldı cümləsində olan birinci növ təyini söz birləşməsini isə (bu zaman) bütünlükdə bir cümlə üzvü (zərflik) götürürük. Qrammatik forma onları ayırmağa imkan verir, məna imkan vermir. Bir sıra söz birləşmələrini, məsələn, üçüncü növ təyini söz birləşmələrini cümlənin bir üzvü kimi təhlil edirik: Sənin dostun yaxşı işçidir. Sənin dostun cümlənin mübtədasıdır. Burada məna imkan verdiyi halda, qrammatik formalaşma birləşmənin tərəflərini ayırmağa imkan vermir. Feli birləşmələrə - tərkiblərə də belə yanaşmaq lazımdır. Evə gedəndə səni gördüm - cümləsində evə sözü ilə gedəndə sözünü ayırmağa heç nə mane olmur, nə qrammatik forma, nə də məna. Yəni burada evə sözünü ayrılıqda yer zərfliyi, gedəndə sözünü isə zaman zərfliyi kimi təhlil etmək lazım gəlir.

Tərkiblər bəzən bir neçə sözdən ibarət olur: Bu gün səhər evdən məktəbə gələndə maraqlı bir kitab aldım cümləsində bu gün səhər evdən məktəbə gələndə feli bağlama tərkibinin, yəni bu qədər sözün bir cümlə üzvü kimi götürülməsi heç bir qrammatik təhlilə uyğun gəlmir.

Bəzən belə başa düşürlər ki, ikinci dərəcəli üzvlər - tamamlıq, zərflik mütləq xəbərə aid olmalıdır. Bu, səhv fikirdir. Təlimdə deyilir: İkinci dərəcəli üzvlər baş üzvlərə aid olduqları kimi, özləri də bir-birlərinə aid ola bilər. Mənası odur ki, tamamlıq və zərflik təyinə (dünən səni danışdıran adam mənim dostumdu), zərflik və tamamlıq zərfliyə (sinifdə dərsə qulaq asanda çox şey öyrənmək olur), zərflik və tamamlıq tamamlığa (kitabxanada dərs oxumağı hamı rahatlıq bilir). Ancaq ismi birləşmələrdə olduğu kimi, adlıq hallı feli birləşmələri (tərkibləri) cümlə üzvü kimi tərəflərinə ayırmaq olmur: Sən gələndə mən gedirdim cümləsində sən gələndə mürəkkəb zaman zərfliyidir.

Ümumən müəllimlərimiz üçün bir sıra məsələlərin aydınlaşdırılmasının əhəmiyyətini nəzərə alaraq, Aygün Mikayılovanın rəyinə istinadən fikirlərimi bildirmək istəyirəm.

Təəccüblü görünsə də, bu rəy başdan-başa imla, durğu işarələri, cümlə, fikir səhvlərindən ibarətdir. (Rəydən götürülmüş söz və cümlələri eyni ilə veririk).

Bu müəllimin üç səhifəlik rəyində ondan çox imla və durğu işarəsi səhvi var. Sadalama əvəzinə sadalam, sonra əvəzinə ssonra, xəbər əvəzinə bxəbər, verilsə əvəzinə verilsi, qarşılıq əvəzinə qrşılıq, sadalanan  əvəzinə sadalana, neçədir əvəzinə  neçədr yazılıb. "Baş və budaq rınə bağlanma" - nə deməkdir?

Qrammatik cəhətdən düzgün qurulmayan, mənası anlaşılmayan ifadə və cümlələr, səhv fikirlər haqqında.

Rəydə oxuyuruq: "Xitab mövzusunda qəribə sadalam gedir, ya adamı çağırmaq ya da..." Ya da nə? Cavabı yoxdur. Yəni cümlənin arxası yoxdur. "Çağırmaq" sözündən sonra vergül qoyulmalı idi. "Sadalam gedir" yox, "sadalama gedir" deyərlər. Deyək ki, düzəltdik sadalama oldu. "Xitab mövzusunda qəribə sadalama gedir" nə deməkdir? Bircə cümlədə bir neçə səhv var.

Rəydən başqa bir cümlə: "Çalışmalara gəldikdə isə 198 çalışmadan yalnız ... verilmiş mətnlər üzrə iş üzərində tərtib edilmişdir". Nə deməkdir? Nöqtələrin yerinə söz tapıb qoysaq da, məna anlaşılmayacaqdır. "Verilmiş mətnlər üzrə iş üzərində tərtib edilmişdir" - nə deməkdir? İsə sözündən sonra vergül qoyulmalı idi. Səbəbini rəyçi özü tapa bilsə, yaxşı olar.

"Mövcud fikir müxtəlifliyinin məktəb dərsliyində verməyə nə ehtiyac var?" Əvvəla, "müxtəlifliinin verməyə" yox, "müxtəlifliyini verməyə" yazarlar. Yəni təsirlik hal yerinə yiyəlik hal işlətməzlər. İkinci. Bilinmir ki, hansı fikir müxtəlifliyi nəzərdə tutulur? Rəyçinin dilçilikdən xəbəri varmı ki, bilsin, fikir müxtəlifliyi nə deməkdir? VIII sinfə aid "Azərbaycan dili" dərsliyinin 70-ci səhifəsində zərfliklərin növləri qeyd olunur, sonra tərzi-hərəkət zərflikləri və onların ifadə vasitələrindən danışılır. IX sinfə aid eyniadlı dərsliyin həmin səhifəsində baş və budaq cümlələrin fərqləndirilməsi göstərilir. Fikir müxtəlifliyi nədən ibarətdir və dərsliklərdən hansındadır, bilinmir.

Rəyçi "külək əsən" birləşməsini nəzərdə tutaraq yazır: "Bu sözün ümumiyyətlə söz birləşməsi olması düzgün deyil". Əvvəla, burada bir söz deyil, iki söz var. Ona görə də "bu sözün" yox, "bu sözlərin" deyərlər. "Bu sözün ümumiyyətlə söz birləşməsi olması düzgün deyil" deməzlər, "söz birləşməsi olması haqqında fikrin olması düzgün deyil", - deyərlər. "Ümumiyyətlə" sözünün hər iki tərəfində vergül qoyarlar. Qaldı "külək əsən" məsələsinə, deməliyik ki, Azərbaycan dilində ikinci tərəfi feli sifət olan belə birləşmələr çoxdur: sən gələn (zaman), yağış yağan (gün), məktub göndərilən (ünvan), eləcə də  külək əsən (vaxt). Sadəcə olaraq, bu birləşmələr aid olduqları, yəni təyin etdikləri sözlərlə işlənməyəndə müstəqil görünmür.

Guya dərsliyin 4-cü səhifəsində "Sintaktik əlaqələrə aid çalışmada sintaktik əlaqələrin sxemlərində səhv vardır". 4-cü səhifədə nə sintaktik əlaqələrdən bəhs edilir, nə də sintaktik əlaqələrə aid sxem var. Digər tərəfdən, "çalışmada sintaktik əlaqələrin sxemləri" ifadəsi dəqiq deyil, çalışmada sxem olmaz. Buradakı başqa bir qeyd göstərir ki, bu müəllimin sintaktik əlaqələr haqqında təsəvvürü yoxdur. Məsələn, yazır ki, "Xitabla mübtədanın fərqli cəhətləri göstərilən zaman onun mübtəda ilə uzlaşmaması heç qeyd olunmamışdır". Harada yazılıbdır ki, mübtəda ilə xitab arasında belə əlaqə olur, ya olmur? Belə qeyd adi qrammatika məsələlərini bilməməkdən irəli gəlir.

Guya 7-ci səhifədə "Xitablar və ara sözlər haqqında izahat verilərkən onların fərqli və oxşar cəhətləri sadalanır". Əslində, nə bu səhifədə, nə də dərsliyin başqa səhifələrində belə müqayisə, belə "sadalama" yoxdur. Ümumən, dərslikdə onların müqayisəsi verilmir.

Rəyçi yazır: "Termin müxtəlifliyi yaranmışdır: "müxtəsər və geniş xitablar, ya sadə və mürəkkəb xitablar. Hansı daha düzgündür?" Axı, ay nə bilim, nə? Dərslikdə belə iki tipli bölgü yoxdur. Dərslikdə yazılır: Xitablar quruluşca iki cür olur: 1) sadə xitablar, 2) mürəkkəb xitablar. Bunlar izah olunandan sonra belə bir əlavə məlumat da verilir ki, "Mürəkkəb xitablar bəzən əlavə sözlər vasitəsi ilə daha da genişləndirilmiş formada olur". Daha burada "sadə və genişləndirilmiş xitablar" bölgüsü aparılmır.

Guya dərslikdə deyilir: "bədii əsərdə istifadə olunan bütün xitablar bədii xitablardır". Sonra da belə bir sual verilir: "Bu, nə dərəcədə düzgündür?" Əlbəttə ki, sən dediyin kimi yazılsa, düzgün deyil. Axı dərslikdə belə yazılmır, yazılır: "Başqa canlılara da, hətta cansız əşyalara da aid xitablar olur. Belə xitablar, bir qayda olaraq, bədii dildə, xüsusən, şeirdə işlənir". Əgər müəllim bu sözləri "bədii əsərdə istifadə olunan bütün xitablar bədii xitablardır" kimi başa düşürsə, deməyə sözümüz yoxdur. Hələ cümlənin ümumi mənası bir tərəfə qalsın, necə olur ki, bu müəllim "bir qayda olaraq", "əsasən" sözlərinin cümlədəki mənalarını da bilmir.

Rəyçi yazır: "Səh. 18-də ara sözlərin ifadə vasitəsi mövzusu var. Burada ara sözlərin əvəzlik, sifət, isim, fellə ifadə olunmasından gedir". Əvvəla, mövzunun adı ("Ara sözlərin ifadə vasitələri") dırnaq arasında yazılmalı idi. "İfadə olunmasından gedir" kimi yazmazlar, belə halda gedir sözündən əvvəl bir söz, məsələn, "söhbət" sözünü artırıb söhbət gedir yazarlar ki, cümlə düz olsun. Qaldı məsələnin qoyuluşuna, burada rəyçini günahlandırmıram. Bu səhv, ənənə halını alıb və yəqin, rəyçini bu işlərə sövq edən də bunu başa düşmür. Belə olub ki, ara söz rolunda çıxış edən hər fakta modal söz deyilibdir. Amma əgər müəllim bu haqda fikir demək istəyirdisə, gərək öz-özünə düşünəydi: nə üçün cümlə üzvləri müxtəlif nitq hissələri ilə ifadə olunur, nə üçün xitab müxtəlif nitq hissələri ifadə olunur, ancaq ara sözlər belə olmur? Yaxud tərsinə: nə üçün cümlədə mübtəda və tamamlıq olan hər sözə isim demirik, təyin olan hər sözə sifət demirik, zərflik olan hər sözə zərf demirik, xəbər olan hər sözə fel demirik, xitab olan hər sözə isim demirik, ara söz olan hər sözə (hətta hər ifadəyə) modal söz deyirik? Əgər ənənəyə uyğun hərəkət etsək, onda gərək nəinki ara söz rolunda olan sözlərin hamısını, hətta müxtəlif tipli ifadələri, cümlələri də modal söz hesab edək. Məsələn: cümlədə ara söz rolunda çıxış edən "mənə belə gəlir ki", "mənə görə", "mənim fikrimə görə" kimi bir neçə sözdən ibarət cümlə və ifadələri bir söz hesab edib, modal sözlərə qatmalıyıq! "Dəmir qapı möhkəm olar" cümləsində təyin rolunda çıxış edən dəmir sözü isim olaraq qaldığı kimi, "Bakıda gözəl parklar salınır" cümləsində zərflik kimi çıxış edən Bakı (Bakıda) sözü isim olaraq qaldığı kimi, "Demək, hər şey gözəldir" ara söz rolunda çıxış edən "demək" sözü də fel olaraq qalır; "Mənim fikrimcə, daha çox çalışmaq lazımdır" cümləsində ara söz rolunda çıxış edən "mənim fikrimcə" birləşməsi də əvəzlik və isimdən ibarət təyini söz birləşməsi olaraq qalır.

Rəyçi özü də bir faktı tənqid etmək istərkən çaşıb bu dediklərimizi təsdiq etmiş olur. O yazır: "Səh. 43-də 96-cı çalışmada Xoruzların ilk banıdır, görünür, səhərə az qalır cümləsinin üç cümlədən ibarət olduğu qeyd olunur və bu cümlələrin növlərinin göstərilməsi tələb olunur. Görünür burada ara söz funksiyasını yerinə yetirir". Beləliklə, bu müəllim inkar etmir ki, ara söz cümlə ilə də ifadə oluna bilər. Bu, bir. İkinci. Müəllim demir ki, "görünür" cümlə deyil. Yəni ara söz funksiyası daşıması onun cümlə olmasını inkar etmir. Deməli, burada üç cümlə var. O cümlələrdən hansının nə funksiyasında olmasının nəzərdə tutduğumuz məsələyə dəxli yoxdur.

Rəydə oxuyuruq: "Səh. 38. Ümumi şəxsli cümlələr də xəbərlərin ifadə vasitələrində I, II, III şəxslərin hamısı qeyd olunub. Halbuki, mövcud qrammatikaya əsasən bu tipli cümlələr I şəxsin təkində və III şəxsin cəmində olan xəbərli cümlələr kimi müəyyənləşdirilib". Rəydəki birinci cümlədə "də" şəkilçisi səhv olaraq, sözdən ayrı yazılmışdır: "cümlələrdə" əvəzinə "cümlələr də". Rəyçi tez-tez "mövcud qrammatika" ifadəsini təkrarlayır. Bilinmir ki, hansı qrammatikanı nəzərdə tutur. Onu da bilmir ki, əvvəlki qrammatikalarda I və II yox,  II və III şəxslər nəzərdə tutulurdu. "Mövcud qrammatika" deyincə, dildən alınmış misallara baxmaq lazımdır. Dil qrammatika üzərində qurulmur, qrammatika dil üzərində qurulur.

Rəydə yenə oxuyuruq: "Səh. 29-dan başlayaraq vaxtilə cüttərkibli və təktərkibli adlandırılan cümlələr həddindən artıq dolaşıq şəkildə şagirdlərə təqdim olunur". Əvvəla, "başlayaraq" sözündən sonra vergül işarəsi qoymaq lazım idi. İkinci. Dərslikdə "cüttərkibli və təktərkibli" adlı mövzu olmadığı halda, onun "dolaşıq şəkildə", hətta "həddindən artıq dolaşıq şəkildə şagirdə təqdim" olunmasından necə danışmaq olar ki, müəllim rəydə qeyd edir.

Yeri gəlmişkən, yəqin, müəllimləri maraqlandırır ki, nə üçün dərslikdə bu mövzu verilməyibdir? Bu məsələnin məktəb üçün nə elmi-metodik, nə də praktik əhəmiyyəti var. Əksinə, bir qədər də dolaşıqlıq yaradırdı. Müəllimlərlə söhbətlərdə, məsələn, belə sual meydana çıxırdı: "Bu gün maraqlı bir kitab aldım" cümləsi cüttərkiblidir, yaxud təktərkiblidir? Bir hissə deyirdi ki, təktərkiblidir, çünki mübtədası yoxdur; başqa bir qrup deyirdi ki, cüttərkiblidir, çünki mübtədası olmasa da, təsəvvür olunur. Müəllimlərin bir qismi mübtədası olmayan, lakin asanlıqla təsəvvür olunan cümləyə müəyyən şəxsli cümlə deyir, mübtədası olanları isə bu kateqoriyaya daxil etmirdilər. Həm elmi və praktik əhəmiyyətinin olmadığını, həm də belə dolaşıqlığın əmələ gəldiyini nəzərə alaraq, həmin mövzunu dərsliyə salmaq lazım bilinməmişdir.

Rəyçi yazır: "Məktub yazırlar cümləsi müəyyən şəxsli cümlə kimi verilir". Yəni səhv edirik. Ancaq demir ki, müəyyən şəxsli deyilsə, bəs nədir? Görünür, bu müəllim müəyyən və qeyri-müəyyən şəxsli cümlələri fərqləndirə bilmir. Əgər mən desəm ki, "Buradan keçiblər" cümləsini məntiqi vurğuya görə həm müəyyən şəxsli, həm də qeyri-müəyyən şəxsli cümlə kimi qəbul etmək olar, tənqidçini təəccüb götürər. İndi özündən çox razı olan bu müəllim həmin fərqi tapsın.Başqa misallar: "Cücəni payızda sayarlar" ümumi şəxsli cümlədir, "Bu kənddə cücəni payızda sayırlar" qeyri-müəyyən şəxsli cümlədir. Dərslikdə müəyyən şəxsli cümlələrin xəbərlərinin şəxs və kəmiyyətə görə dəyişməsini göstərmək üçün belə misallar verilir:

Məktub yazıram. Məktub yazırıq.

Məktub yazırsan. Məktub yazırsınız.

Məktub yazır. Məktub yazırlar.

İndi necə edək? Üçüncü şəxsin cəmini verməsək, anlaşılmazlıq yaranmazmı? Şagird sual verməzmi ki, müəllim, bəs belə cümlələrin xəbərləri üçüncü şəxsin cəmində olmur? Rəyçi deməkdən çəkinsə də, başa düşürük ki, o səhv olaraq bu cümləni qeyri-müəyyən şəxsli cümlə hesab edir.

Rəydə yazılır: "Səh. 50-də Müxtəsər və geniş cümlələr mövzusunun izahı zamanı müxtəsər cümlələrin yalnız xəbərdən və ya mübtəda və xəbərdən ibarət olması qeyd olunur. Bəs yalnız mübtədadan ibarət olan cümlələr nə adlanır?" Əvvəla, mövzunun adı dırnaq arasında yazılmalı idi. Dırnaqda yazılmırdısa, onda böyük hərflə başlanmamalı idi. Müəllim bilmir ki, mübtədadan ibarət cümlə olmur. Mətn daxilində, dialoqlarda başqa üzvləri buraxılaraq cavab kimi işlənən mübtəda ola bilər ki, bunun da haqqında danışılan məsələ ilə əlaqəsi yoxdur.

Rəyçi yazır: "Mübtədalı və mübtədasız cümlələr ifadəsinin tez-tez işlədilməsi şagirdlərin fikrini dolaşdırır". Dərslikdə müəyyən şəxsli cümlələrdən bəhs edəndə onların mübtədalı və mübtədasız olması qeyd olunur. Burada "mübtədalı" sözü bir dəfə, "mübtədasız" sözü isə iki dəfə işlənir. Rəyçi buna "tez-tez" deyirsə, deməli, bu sözün mənasını bilmir. Digər tərəfdən, "mübtədalı və mübtədasız cümlələr" deyil, mübtədalı müəyyən şəxsli cümlələrdən və mübtədasız müəyyən şəxsli cümlələrdən söhbət gedir. Rəyçi kitabdan köçürəndə də başa düşmür ki, məsələn, "mübtədasız cümlə" ilə "mübtədasız müəyyən şəxsli cümlə" eyni şey deyil.

Rəydə oxuyuruq: "Səh. 55-də mürəkkəb cümlə haqqında anlayış verilən zaman sxemlər düzgün verilməmişdir". "Sxemlər düzgün verilməmişdir" - nə deməkdir? Oradakı sxemlərin heç birində yanlış cəhət yoxdur. Rəyçi belə bir sual verir: "Mövcud qrammatikalarda mürəkkəb cümlənin konkret sxemləri olan zaman yeni sxemlərdən istifadə etməyə ehtiyac varmı?" Bu müəllim sözünü açıq deyə bilmir ki, görək nə deyir? "Yeni sxemlər" nə deməkdir?

Rəyçi yazır: "Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri" mövzusunda məna əlaqələri arasında ardıcıllıq əlaqəsi verilməmişdir". Rəyçi gedib dərsliyi bir də oxusa, görər ki, verilmişdir. Ancaq öz dediyi kimi, müstəqil əlaqə kimi yox, zaman əlaqəsinin bir növü kimi verilmişdir. Belə də olmalıdır, bir sıra qrammatikalarda belə təqdimat var. Hadisələr istər eyni zamanda baş versin, istərsə də bir-birinin ardınca baş versin, hər iki halda zaman əlaqəsidir. Ona görə də eyni zamanlılığı və ardıcıllığı iki müstəqil əlaqə deyil, "zaman" adı ilə bir əlaqə kimi vermək həm elmi, həm də metodik cəhətdən daha dəqiqdir. Hətta bunların adlarını çəkməmək də olar: zaman əlaqəsi. Vəssalam. Hər iki növünə misal verməklə.

Rəydə oxuyuruq: "Aydınlaşdırma əlaqəsinin izahında səh. 64-də nöqtəli vergül (;) istifadəsinə yer ayrılmamışdır". Bu cümlənin hansı dilə aid olduğunu demək çətindir. Hər halda Azərbaycan dilinə aid cümlə deyil. Həm də, görünür, bu müəllim çaşıb iki nöqtə əvəzinə, nöqtəli vergül yazıbdır. Yox, çaşmayıb, çünki həm sözlə yazıb, həm də işarəni qoyubdur. Deməli, onun bildiyi belədir.

Rəydə yazılan: "Mübtəda budaq cümləsinin izahı zamanı mübtəda iştirak etməyən cümlələrdə mübtədanın qeyri-müəyyən xüsusiyyətli olması fikri irəli sürülür...? Nə deməkdir?" Birinci cümlədə "cümlələrdə" sözündən əvvəl "baş" sözünü yazmaq lazım idi, ümumən mübtəda iştirak etməyən cümlələrdən yox, mübtəda iştirak etməyən baş cümlələr nəzərdə tutulur. Sonra. Burada "O nə deməkdir?" deməzlər, "Bu nə deməkdir?" deyərlər.

Gələk müəyyənlik, ya qeyri-müəyyənlik məsələsinə. Bu, dilçilikdə qəbul olunmuş fikirdir. Baş cümlədə mübtəda yoxdur, deməli, orada mübtəda baxımından qeyri-müəyyənlik var. Bu halda mübtəda budaq cümləsi həmin qeyri-müəyyənliyi dəqiqləşdirməyə xidmət edir. Qaldı "Yeni terminologiyadırmı?" sualına, rəyçi bu ifadəni başqa yerdə də işlədir. Əvvəla, burada heç bir yenilik yoxdur. Qrammatikaların hamısında belə yazılır. İkincisi, burada və buna bənzər başqa yerlərdə "terminologiya" deməzlər, "termin" deyərlər. Terminologiya terminlər haqqında elmdir. Bəzən də "terminologiya" sözünü "terminlər" mənasında işlədirlər ki, rəyçinin dediyinə bu da uyğun gəlmir.

Rəyçi sual verir: "Qarşılıq-güzəşt budaq cümləsi anlayışının gətirilməsinə ehtiyac varmı?" Cümlədən heç bir məna çıxmır. Yəqin, bu müəllim "qarşılıq-güzəşt budaq cümləsi" termininə etirazını bildirmək istəyir. Bu necə dil və ədəbiyyat müəllimidir, bilmir ki, bu, təzə termin deyil, ənənəvi termindir. Əksinə, "qarşılaşdırma budaq cümləsi" termini, nisbətən, sonrakı dövrlərdə işlənir ki, bu da budaq cümlənin mahiyyətini dəqiq ifadə etmir. Belə tabeli mürəkkəb  cümlələrdə təkcə qarşılaşdırma yoxdur, güzəştli qarşılaşdırma var. Tabesiz mürəkkəb cümlədə səbəb və nəticə əlaqəsi dediyimiz kimi, burada da "qarşılıq-güzəşt" deyə işlədirlər, biz də bunun tərəfdarıyıq.

Rəyçi yazır: "Xəbər budaq cümləsinin sualları nədir? necədr? Kimi verilmişdir. Bu məlumatdansa, bxəbər budaq cümləsində istifadə olunan əvəzlik-qəlib və bağlayıcı sözlər haqqında məlumat verilsi idi daha yaxşı olardı". Görün, ikicə cümlədə neçə səhv var: necədr, bxəbər, verilsi, "İdi" sözündən sonra vergül buraxılıbdır. İndi gələk rəyçinin tələbinə. Burada "əvəzinə?" deməzlər, çünki sual ayrı şeydir, əvəzlik-qəlib ayrıdır. Dərslikdə suallar da var, xəbər budaq cümləli tabeli mürəkkəb cümlənin baş cümlələrinin xəbərlərinin ifadə vasitələri haqqında məlumat da var. Rəyçi görə bilmir, bu başqa məsələdir.

Rəydə yazılır: "Mürəkkəb cümlələrin sintaktik təhlil qaydasında cümlələrin yalnız növlərinin göstərilməsi tələb olunur. Cümlə üzvləri təhlil olunmalı deyil məgər?" Cavab veririk: yox, təhlil olunmalı deyil. Bizim şagirdlərin qrammatikanı çətin anlamalarının bir səbəbi də mövzuların bir-birinə qarışdırılmasıdır. Əgər ümumi sintaktik təhlil aparırıqsa, o zaman verilmiş mətni bütün qrammatik kateqoriyalar üzrə təhlil edirik. Əgər təhlil bu və ya digər kateqoriya üzrədirsə, onunla da məhdudlaşırıq. Mürəkkəb cümlə üzrə təhlildə cümlə üzvləri üzrə təhlil aparsaq, biri də deyər ki, bəs mürəkkəb cümlənin komponentlərini əmələ gətirən cümlələrin növləri niyə qeyd olunmur? Bu halda əsas mövzu kölgədə qalar və şagird heç nə başa düşməz. Bu, adi metodik üsuldur.

Rəyçi yazır: "Səh. 96-da Feli tərkiblər haqqında məlumat verilir. Bu məlumat morfologiyaya aiddir". Müəllim bilmir ki, feli tərkiblər morfologiyanın obyekti deyil, sintaksisin obyektidir. Morfologiyada bütün dəyişmələr sözün əsasında aparılır. Tərkib isə bir neçə sözdən ibarət olur. Əgər hər hansı dərslikdə feli tərkib morfologiyada verilibsə, gərək müəllim olan bəndə ona etiraz etsin.

Rəyçi tərkiblə əlaqədar fikrini davam etdirərək yazır: "Daha sonra budaq cümlələrlə feli tərkiblərin sinonimliyi mövzusu izah edilmişdir. Bu izaha nə ehtiyac var?" Əvvəla, ehtiyac olmasaydı, yazmazdıq. İkincisi, ona görə yazmışıq ki, şagird Azərbaycan dilinin ifadə imkanlarının zənginliyi ilə tanış olsun. Bilsin ki, eyni fikri həm mürəkkəb cümlə ilə, həm də sadə cümlə ilə ifadə etmək olar. Məsələn: Otaqdan çıxmaq istəyirdim ki, qapının zəngi vuruldu. Otaqdan çıxmaq istəyəndə qapının zəngi vuruldu. Birinci tabeli mürəkkəb cümlə, ikinci isə sadə cümlədir. Birində budaq cümlədən, o birində tərkibdən istifadə edilmişdir. Məzmun isə eynidir.

Rəyçi başa düşmədiyi hissələr haqqında konkret söz deyə bilmədiyinə görə belə mənasız cümlələr işlədir: "Səh. 24. Qeydin 2-ci maddəsində sadalama fikirlər aydın deyil". "Səh. 31, 37-də - mövzunun izahında dolaşıq fikirlər sadalanır". "Elə həmin səhifədə III hissədə məktəb qrammatikasına uyğun deyil", "Səh. 39-da nəzəri məlumatda dolaşıqlıq var". 

Rəydə dərsliyin səhifələri belə nömrələnir: səh. 24, səh. 27 və s. Azərbaycan dilində belə yazmazlar. Belə yazarlar: 24-cü səhifə, 27-ci səhifə.

Nəhayət, rəyçinin belə bir qeydi diqqətimi cəlb etdi. O yazır: "Bəzən mövzunun izahı zamanı metodik tövsiyədən istifadə olunur. Bu dərslikdir, metodik vəsait deyil. Səh. 48". Əvvəla, bəzən deyəndə bir deyil, ən azı iki səhifə göstərərlər ki, fikir düz gəlsin. Mən dərsliyin həmin səhifəsinə baxdım. Orada dərsliyə uyğun olaraq, bədii sual cümlələri izah olunur və əmr cümlələri haqqında məlumat verilir. Görünür, bu müəllim metodik tövsiyənin də nə olduğunu bilmir. Ancaq onun rəyini nəzərdən keçirəndən sonra belə nəticəyə gəldim ki, dərslikdə "metodik" izahatları çox vermək lazımdır ki, bəlkə, belələri adi qrammatik qaydaları başa düşə bilələr.

Orta məktəblərimizdə öz işlərinə can yandıran, savadlı müəllimlər çoxdur. Savadsızların da olduğunu bilirik. Ancaq heç inana bilməzdim ki, müəllim bu qədər savadsız olsun, illərlə dərs dediyi qrammatik qaydalardan bixəbər olsun. İş ondadır ki, bu adam öz savadsızlığını bilmir və ekspert kimi ondan istifadə edəndə, düşünür ki, savad elə onun bildiyi qədərdir.  

Yusif SEYİDOV,
filologiya elmləri doktoru, professor

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

17 Sentyabr 2010 - � 36

2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Ötən tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət təltiflərinə layiq görülüb
 
Təhsil Nazirliyi tərəfindən 40-dək yeni normativ-hüquqi sənəd hazırlanıb
 
Yeni məktəb binaları və əlavə korpuslar tikilib
 
Bu il məktəblərə 3,2 milyon manatlıq avadanlıq verilib
 
Məktəbəqədər təhsilin yeniləşdirilməsi diqqət mərkəzindədir
 
Alimlərimizin xarici jurnallarda 1733 məqaləsi dərc olunub
 
Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı
 
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur
 
Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib
 
ADPU yeni tədris ilinə uğurla başlayıb
 
Zəka, intellekt bayramı
 
Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüş keçirilib
 
"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci
 
Qafqaz Universiteti yeni tədris ilinə yüksək reytinqlə başladı
 
"Bilik günü" təhsil müəssisələrində qeyd olundu
 
Heydər Əliyev adına lisey özünün yeddinci tədris ilini qeyd etdi
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinə 24 ixtisas üzrə 1164 gənc qəbul olunub
 
Daim öyrənməklə keçən ömür
 
Balaca Səma hamını heyrətləndirdi
 
Naxçıvanda təhsil yarmarkası
 
ADU-da daha iki ixtisas açılıb
 
Təfəkkür nurunun qaynağı
 
Azərbaycan dili dərslikləri ilə bağlı rəy və təkliflərə cavab
 
"Durnam, gedər olsan bizim ellərə"
 
"Azərbaycan tarixi: Baharlılar"
 
Balacaların bilik sevinci
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Çin Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov