Oktyabrın 7-də "Bakı Ekspo Mərkəzi" sərgi
kompleksində "İteca Caspian" MMC və onun
tərəfdaşı "İTE Group PLC" şirkətinin
təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə
keçirilən 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və
karyera" sərgisinin açılışı oldu.
Açılış
mərasimində çıxış edən təhsil naziri Misir
Mərdanov artıq dördüncü ildir ki, keçirilən
sərginin Azərbaycan təhsilinin inkişafı və
beynəlxalq təhsil məkanına inteqrasiyasında,
gənclərimizin xarici ölkələrin ali təhsil
müəssisələri tərəfindən təklif olunan təhsil
xidmətləri ilə tanışlığında, peşəyönümü
işlərində çox mühüm əhəmiyyət kəsb etdiyini
söyləyib sərginin təşkilatçılarına
minnətdarlığını bildirdi.
Sərginin coğrafiyasının və əhatə dairəsinin
ildən-ilə genişləndiyini müsbət hal kimi
dəyərləndirən nazir builki sərgidə əvvəlki
illərdəkindən daha çox - dünyanın 15 ölkəsindən
90-dan artıq təşkilat və şirkətin iştirak
etdiyini söylədi. Qeyd etdi ki, builki sərgidə
ilk dəfə olaraq qardaş Türkiyədən 15 universitet
özünü təqdim edir. Burada, habelə, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin dəstəyi,
Türkiyənin yaxından köməyi ilə yaradılmış və
artıq bir neçə ildir ki, təhsil müəssisələri
üçün müxtəlif avadanlıqlar, partalar, yazı
taxtaları istehsal edən şirkət də öz
məhsullarını nümayiş etdirir. Koreya, Böyük
Britaniya universitetlərinin də sərgidə çoxluq
təşkil etdiklərini diqqətə çatdıran nazir, eyni
zamanda ölkəmizin bu mötəbər beynəlxalq tədbirdə
çox az - cəmi 2 ali təhsil müəssisəsi ilə təmsil
olunmasını təəssüf doğuran hal saydı.
Sərginin əsas təşkilatçısı olan "İteca Caspian"
MMC şirkətinin direktoru Fərid Məmmədov da
açılış mərasimində çıxış edərək sərgi haqqında
məlumat verdi və onun işinə uğurlar arzuladı.
Qeyd olundu ki, xarici maarifləndirmə
strukturları, universitetlər və kolleclər
sərgidə fəal şəkildə iştirak edirlər.
Sərginin ekspozisiyasında məktəbəqədər və orta
təhsil, ali təhsil müəssisələrinin proqramları,
distant maarifləndirmə sistemləri, xaricdə
təhsil və tələbələrin mübadiləsi üzrə
proqramlar, elmi dərəcələrin əldə edilməsi üzrə
təhsil, karyeranın planlaşdırılması və inkişaf
etdirilməsi üzrə konsultasiyalar, fakültativ
təhsil və turizm üzrə proqramlar, dil kursları
və yay məktəbləri, yeni informasiya
texnologiyaları, multimedia sistemləri, video və
televiziya avadanlıqları, kompüterlər təqdim
olunur.
Sərgi öz ekspozisiyasının genişlənməsi üçün yeni
mərhələlərin mənimsənilməsi ənənəsini qoruyub
saxlayır. Belə ki, "məktəblər üçün avadanlıqlar"
və "ilk peşə-ixtisas təhsili müəssisələri üçün
avadanlıqlar" kimi yeni tematik bölmələr
çərçivəsində sinif otaqları üçün avadanlıqlar, o
cümlədən məktəbli geyimləri, kürsülər, fizika və
kimya kabinetləri üçün avadanlıqlar, eləcə də
Almaniyadan gətirilmiş istehsal tədrisi üzrə
dəzgahlar nümayiş etdirilir.
Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyi iki il ardıcıl olaraq sərginin
"Karyera" bölməsində gənclərin qeyri-hökumət
təşkilatları və birliklərinin iştirakını təşkil
edir. Hazırda isə əlavə peşəkar bacarıqların
əldə olunması imkanını təqdim edən şirkətlərin
rolu xüsusilə artmaqdadır. Bununla əlaqədar,
sərgidə konsaltinq, təlimlər və əmək bazarının
müasir tələblərinə uyğunlaşma üzrə seminarlar
təklif edən şirkətlər də iştirak edirlər.
Sərginin işini təlimlər, təkmilləşdirmə kursları
və sərgidə təqdim edilmiş Türkiyə ali təhsil
müəssisələrinin birində pulsuz təhsil almaq üçün
xüsusi lotereya müşayiət edəcək. Sərginin ikinci
günü İsveçrədən gəlmiş şirkət tərəfindən otel
idarəetməsi üzrə seminar keçiriləcək.
Açılış mərasiminin sonunda F.Məmmədov "Təhsil və
karyera" sərgisinin təşkilinə göstərdiyi fəal
dəstəyə görə təhsil naziri Misir Mərdanova
təşəkkür sertifikatı təqdim etdi.
Sonra sərgiyə baxış keçirildi. Sərgidə təqdim
olunan təhsil müəssisələrinin nümayəndələri
iştirakçılara geniş məlumat verdilər.
Sərgi oktyabrın 9-dək davam edəcək.
Yusif ƏLİYEV |