Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Ötən illərin unudulmaz xatirələri

Bookmark and Share

Yaşı bilinməyən dünyanın insanı riqqətə gətirən yazılmamış qanunları ilə yanaşı, sirli, ecazkar gözəllikləri də vardır. Ağac barı, bəhrəsi, dağ çayı şaqraq səsi, şəlalə füsunkar nəğməsi, şır-şır axan bulaqlar pıçıltısı, güllər, çiçəklər ətri, rayihəsi ilə sevildiyi kimi, insan da İlahi tərəfindən ona bəxş edilmiş ömür yolundakı əməlləri ilə seçilib sayılır. Taleyini hər hansı bir peşəyə bağlayıb və bu peşənin sirlərinə dərindən yiyələnib Vətəninə, xalqına xeyir verənlər yaşayaraq arxada qoyduğu illərdən özlərinə məxsus bir tarix yaradırlar. Yorulmaq bilmədən çalışanlar xariqələr yaradıb şöhrətə çatır və ictimaiyyət tərəfindən qəbul edilərək sevilirlər. Belə insanlardan biri, ictimai mühitimizə yaxşı tanınan, SSRİ və Azərbaycan SSR-in Ali Sovetlərinin deputatı olmuş, "Xalqlar dostluğu" ordenli, respublikanın əməkdar müəllimi, uzun müddət Bakıdakı 132 nömrəli orta məktəbə rəhbərlik etmiş, fəxri Prezident təqaüdçüsü Aliyə Təhmasibin başqalarına örnək, uğurlarla dolu maraqlı həyat yolundan söz açmaq niyyətindəyik.

1982-ci il Moskvada. Kremlin Qurultaylar SarayındaRedaksiyadan Aliyə xanım haqqında məqalə yazmaq tapşırığını alanda bir an ötən illərin maraqlı anlarını xatırladım. Uğurlu nailiyyətləri ilə respublikada yaxşı tanınan Aliyə müəllimin televiziya ekranından görüntülərini, bir sıra mətbu orqanlarında haqqında dərc edilmiş oçerk və publisist yazıları, yığıncaq və mərasimlərdəki çıxışlarını yada saldım. Onunla telefon əlaqəsi yaradıb haqqında qəzet üçün material hazırlamaq istədiyimi bildirdim. Əvvəlcə təvazökarlıq etsə də, sonra razılaşdı. Gün ərzində vaxt tapan kimi qabaqcadan zəng edib görüşəcəyimizi dedim. Razılaşdıq. Səsi həmişəki kimi gümrah və şən idi. Tələssəm də, redaksiyadakı işlərimi ancaq iş vaxtının sonuna kimi qurtara bildim. Aliyə xanıma zəng edib asudə olduğumu ona bildirdim. Müsahibə vermək üçün məni evlərinə dəvət etdi. Dəftər, qələmimi götürüb redaksiyadan çıxdım. İçərişəhər metrosuna tərəf yollandım. İki-üç gün idi ki, Bakının əsən şıltaq şimal küləkləri bu gün ara vermişdi. Doyunca yağıb kəsən yağışlardan sonra hər tərəfdə bir təmizlik duyulurdu. Hava sakit və mülayim idi. Xəfif əsən meh ovqat oxşayırdı.

Redaksiyada işlədiyim müddətdə orta məktəblərə təsadüfi hallarda getdiyim üçün Aliyə müəllimin rəhbərlik etdiyi 132 nömrəli təhsil ocağına yolum düşməmişdi. Elə buna görə də onunla müxtəlif tədbirlərdə bir yerdə olsaq da, şəxsi tanışlığımız yox idi. Adətən kimdənsə müsahibə almaq üçün yanına gedəndə ona verəcəyimiz sualları düşünüb-daşınır, sanballı sözlərdən yükümüzü tuturuq.  Aliyə xanımın telefondakı sadə, səmimi və mehriban danışığından sonra bu amillərə ehtiyac görməmişdim. Söhbət əsnasında ondan istədiyim suallara cavab alacağımı yəqin bilirdim. Belə də oldu, köhnə tanışı kimi məni mehribanlıqla qarşılayıb evə dəvət etdi. İllər keçməsinə baxmayaraq, Aliyə xanım elə də dəyişməmişdi. Gümrah görkəmi, xanım-xatın şux yerişi, şaqraq gülüşü, məlahətli səsi yerli-yerində idi. Təkcə sifətində insan çöhrəsini nura qərq edən cizgilər görünürdü. Bu isə ömrünün müdrik çağında yaşadığından xəbər verirdi.

Görüşümüz mehriban, söhbətimiz şirin alındığından stol arxasında üz-üzə oturub çay içə-içə ona verdiyim suallara rəğmən bu gün nağıla dönmüş keçən günlərini xatırlayır, ömründən ötən illərin tarixə dönmüş həyat kitabının səhifələrini vərəqləyir, olub keçənləri xəyal süzgəcindən keçirirdi. Bəzən sifətində qara kölgələr görünür və bəzən də çöhrəsində sevinc, dodaqlarında təbəssüm sezilirdi. Bu isə keçdiyi ömür yolunun şirinli, acılı anlarının vəhdətindən yaranırdı. Beləliklə, Aliyə müəllimin iki saat ərzində vərəqlədiyi həyat salnaməsinin bəzi məqamlarını oxuculara təqdim edirik.

1956-cı il. Aliyə 3-cü sinifdə oxuyanda. Arxa cərgədə soldan 2-ci.İbtidai sinif müəllimi Nərgiz Sultanova və sinif yoldaşları ilə birlikdəTəhmasib Aliyə Mehdi qızı 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1954-cü ildə hazırda H.Cavidin adını daşıyan 132 nömrəli məktəbin I sinfinə gedib və 1965-ci ildə həmin təhsil ocağını "əla" qiymətlərlə bitirib.

1966-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 1967-ci ildə 132 nömrəli məktəbdə əmək fəaliyyətinə qədəm qoyan Aliyə xanım burada kitabxanaçı, pioner baş dəstə rəhbəri işləyib və 1970-ci ildən həmin təhsil ocağında bir müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başlayıb. Yaxşı işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 1985-ci ildə bu tədris müəssisəsinə direktor təyin edilib. Aliyə Təhmasib 1985, 1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynayıb, təhsilin inkişafı üçün  xüsusi xidmətlər göstərib.

1989 və 1990-cı illərin məlum hadisələri ilə əlaqədar respublika Qadınlar Şurasının sədr müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin geniş yığıncağında erməni qəsbkarlarının ölkəmizdə törətdikləri vəhşiliklər barədə məruzə edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən təhsil işçilərinin həmkarlar təşkilatının qurultayında Xocalı faciəsini törədən erməni vəhşiliklərini müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə çatdırıb, fotoşəkillər, sənədlər nümayiş etdirib.

1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi olub. O, həmçinin Azərbaycan müəllimlərinin və Azərbaycan qadınlarının qurultaylarına nümayəndə seçilib.

2010-cu il 15 sentyabr. 132-134 nömrəli təhsil kompleksinin Heydər Əliyev muzeyində.Uzun illər 132 nömrəli məktəbə ləyaqətlə rəhbərlik edən Aliyə Təhmasib yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlara da layiq görülüb.

2007-ci ilin mart ayında Aliyə müəllim təhsilimizin inkişafındakı böyük xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fəxri təqaüdünə layiq görülüb.

Aliyə Təhmasib Respublika Təhsil Şurasının üzvüdür. Səbail rayonu YAP Qadınlar Məclisinin fəal üzvü kimi ictimai iş aparır.

"Ömrümün bir günü" 

- Həyatım və nailiyyətlərim Bakıdakı 132 nömrəli məktəblə bağlıdır. Orta təhsilimi həmin məktəbdə başa vurmuşam. Həyatın ağır anları mənim də taleyimdən yan keçməyib. Mən VII sinifdə oxuyanda Yeni il axşamı atam dünyasını dəyişdi. VIII sinfi bitirəndə isə anam həyatdan köçdü. O zaman İçərişəhərin, Böyük Qala küçəsi, 22 ünvanında, əmilərim və onların övladları ilə birlikdə eyni həyətdə, baba mülkündə yaşayırdıq. Əmilərim və övladları mənə dayaq oldular, məni bir an tək buraxmadılar. Onlarla birlikdə yeyib, içir, yatanda isə anamın otağına çəkilirdim. Məndən böyük iki bacım ailəli idilər. Onlar məni yanlarına aparmaq istəsələr də, Musa əmim buna razı olmadı. Mən özüm də anamın nəfəsi duyulan evimizdən uzaq düşmək istəmirdim. Musa əmim mənim bütün pal-paltarımı alır, yemək-içməklə təmin edirdi. Atamın ölümündan sonra mənə verilən cüzi təqaüdü ancaq özüm üçün lazım olan şeylərə sərf edirdim.

1965-ci ildə XI sinifdə oxuyarkən sevimli Bilqeyis müəllimin bizə yazdırdığı "Ömrümün bir günü" adlı inşa yazıda anamın həyatının son gününü və həmin gün keçirdiyim hisslərimi qələmə almışdım. Növbəti gün Bilqeyis müəllim yazıları təhlil edərkən gözləri doldu və mənə  - Heç bir səhvi olmayan bu yazına "5" yaza bilmirəm. Çünki "beş" sevinc rəmzidir, bu yazı isə başdan-ayağa kədərdir, - demişdi.

Anamın kələğayısını əziz bir xatirə kimi bu gün də qoruyub saxlayıram. Hərdən onu sifətimə yaxınlaşdırıb anamın ətrini, qoxusunu ondan alıram. 

"Məktəbdə ad günümü qeyd ediblər" 

1967-ci il. Aliyə xanım Bilqeyis müəllim və onun bacısı Əfruz xanımla birlikdə- 1965-ci il martın 13-də səhər tezdən məktəbin direktoru dərsdən sonra idman zalına enməyimi tapşırdı. Heç nə başa düşməmişdim. Mən zala daxil olanda müəllimlərim və sinif yoldaşlarım bəzədilmiş stol arxasında oturmuşdular. Beləcə, mənim 18 yaşımı qeyd etdilər. Onda mənə hədiyyə etdikləri ağ parçadan əmim mənim üçün yaraşıqlı bir don tikdirmişdi. Həmin il orta məktəbi "əla" qiymətlərlə başa vurdum. 1966-cı ildə ADU-nun filologiya fakültəsinin qiyabi şöbəsinə yenə "əla" qiymətlərlə daxil oldum. Bunu nəzərə alan rektorluq məni əyani şöbədə oxumağa dəvət etsə də, razı olmadım. 18 yaşım tamam olduğu üçün mənə verilən təqaüd artıq kəsilmişdi. Kiməsə yük olmamaq üçün işləməli idim. Anam qədər sevdiyim Bilqeyis müəllimimin köməkliyi ilə bitirdiyim 132 nömrəli məktəbdə katibəliyə işə düzəldim. Katibə işlədiyim zaman Bilqeyis müəllimim məni oğlu Çingizə almaq istədiyini başqa adam vasitəsi ilə mənə çatdırıb və düşünərək cavab verməyimi xahiş etmişdi. Bilqeyis müəllimə olan sonsuz məhəbbətim oğlu Çingizi görmədən, tanımadan məni razılıq verməyə, "hə" deməyə sövq etdi.

Ancaq ürəyimin dərinliyində Bilqeyis müəllimlə həyat yoldaşı Məmməd Hüseyn Təhmasibin tərbiyə etdikləri Çingizin yüksək intellektli bir gənc olacağına əminlik vardı. 1968-ci ildə onunla ailə qurduq. 1969-cu ildə ilk oğlum Nihad, 1972-ci ildə isə ikinci oğlum Nahid anadan oldular. Zənnimdə yanılmamışdım, həyat yoldaşım Çingiz yaşadığımız illər ərzində bir dəfə də olsun mənə ağır söz deməmiş, səsini belə qaldırmamışdı. Təəssüflər olsun ki, 1997-ci ildə 53 yaşında dünyasını dəyişib əbədiyyətə qovuşan Çingiz məni tək qoydu. Kiçik oğlum Nahid də 32 yaşında həyatdan getdi. Onun haqqında danışmaq mənim üçün çox ağırdır. 

"Evimizdə ədəbi-bədii gecələr, poeziya axşamları təşkil edilərdi" 

- Bilqeyis müəllimim də, İçərişəhərdə, bizdən bir az aralıda yaşayırdı. Mən onlara gəlin köçdükdən sonra qayınatam Məmməd Hüseyn Təhmasibin böyük qardaşı Rza Təhmasibin günaşırı, bəzən hər gün onlara gəldiyinin şahidi oldum. Tez-tez Rza Təhmasib və dostları Əli Sultanlı, Əziz Mirəhmədov, Mirzəağa Quluzadə, Abbas Zamanov, Bəxtiyar Vahabzadə və başqaları bizə toplaşar, evimizdə ədəbi məclis yaradaraq gecə yarıya qədər şeir deyər, dünya klassiklərinin əsərlərini müzakirə edər, dram tamaşalarından monoloqlar oxuyardılar.

Bir dəfə H.Cavidin "İblis" dramı aramızda bölünərək növbə ilə bütünlüklə oxundu. Həmin əsərdəki rollardan birini də mən oxuyurdum. Elə bunun nəticəsidir ki, hələ o vaxtdan məndə ədəbiyyata güclü maraq oyanıb. Əlimə keçən bütün maraqlı bədii əsərləri həvəslə oxumuş, bu gün də oxuyuram.

Yeri gəlmişkən qeyd etməliyəm ki, bir sıra müxtəlif səpgili əsərlərlə yanaşı, "Onu bağışlamaq olarmı" və "Bir qalanın sirri" filmlərinin də ssenarilərini qayınatam Məmməd Hüseyn Təhmasib yazmışdır. Bu gün də həmin filmlərə maraqla baxılır. 

"Necəsən, müəllim?!" 

- Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildə mən də müəllim kimi ilk əmək fəaliyyətinə başlamışam. Elə bir dahinin rəhbərliyi altında işlədiyim və onun məktəbində püxtələşdiyim üçün özümü xoşbəxt sanıram.

İşimdə əldə etdiyim nailiyyətlərə görə 1979-cu ildə məni X çağırış SSRİ Ali Sovetinə deputatlığa namizəd göstərmişdilər. Bu münasibətlə Heydər Əliyev görüşmək üçün məni Mərkəzi Komitəyə, öz kabinetinə dəvət etmişdi. 40 dəqiqə ərzində onunla söhbət zamanı ovsunlanmış kimi ancaq onun gözlərinə baxırdım. Baxışlarımı heç cürə gözlərindən ayıra bilmirdim. O, məndən hansı siniflərə dərs dediyimi soruşdu. XI sinifdə tədris etdiyimi bilincə həmin sinifdə keçilən proqram üzrə ədəbiyyatdan mənə suallar verdi. Sovet ədəbiyyatından şair və yazıçıların adlarını söylədim. Yarıda məni saxlayıb həmin proqramda M.S.Ordubadinin də tədris olunduğunu bildirdi. Adları sadaladığım zaman xronologiyada səhvə yol vermiş, M.S.Ordubadinin adını çəkməmişdim. Onun belə möhkəm hafizəsinə məəttəl qaldım. Ailə vəziyyətimlə xüsusi maraqlandı. Həyat məsələləri haqqında fikirlərimi öyrəndi. Mənə tövsiyələrini verdi. O, mənimlə rus dilində danışırdı. Sən demə, dili necə bilməyimi öyrənmək, Moskvada bir müəllim kimi Azərbaycanı necə təmsil edəcəyimi dəqiqləşdirmək istəyirmiş. Ondan ayrılanda bu fikrini Azərbaycan dilində açıqladı və mənə uğurlar dilədi.

Tale elə gətirdi ki, bir müddət sonra Moskvada, Kremlin Qurultaylar Sarayında şəxsən Zərifə xanım Əliyeva və İlham Əliyevlə görüşdük. Sonralar bu tanışlıq səmimi münasibətlərlə əvəzləndi. Bir dəfə Zərifə xanım Əliyeva mənə - Səni bizim ailədə çox istəyirlər - demişdir. Beləliklə, sovet dönəmində dəfələrlə Heydər Əliyevlə görüşlərimiz, söhbətlərimiz olub. 1979-cu ildə Respublika Həmkarlar İttifaqının qurultayındakı çıxışımı bəyənən Heydər Əliyev fasilədə mənə yaxınlaşıb əlimi sıxaraq - Sağ olun, müəllimə, çox yaxşı çıxış etdiniz - demişdi. 1981-ci ildə mənə "Əməkdar müəllim" vəsiqəsini və döş nişanını şəxsən Heydər Əliyev özü təqdim etmişdi.

1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı münasibətilə keçirilən inaqurasiya mərasimindən sonra "Gülüstan" sarayında verilən ziyafətə mən də dəvət olunmuşdum. Ziyafətdən sonra hər kəs ona yaxınlaşıb görüşürdü. Mən, Turan xanım Cavidlə bir kənarda durmuşduq. Birdən Heydər Əliyevin baxışları bizə sataşdı və özünəməxsus bir təbəssümlə başının işarəsi ilə bizi yanına çağırdı. Onunla son görüşümüz 1982-ci ildə Moskvada, Kremlin Qurultaylar Sarayında olmuşdu. O vaxtdan 11 il keçməsinə baxmayaraq, o məni uzaqdan tanımışdı. Biz ona yaxınlaşdıq, həmişəki kimi yenə də əlimi tutub - "Necəsən, müəllimə?" - deyə soruşdu. Yenə onun baxışlarında mənə qarşı olan sonsuz mehriban münasibəti gördüm. O, bizim vəziyyətimizlə maraqlandı, doğmaları kimi hal-əhval tutdu. Sonrakı illərdə də, hər dəfə yığıncaqlarda, qurultaylarda görüşəndə - "Necəsən, müəllimə" - sualını verib əhvalımı soruşardı. 

"132 nömrəli məktəb mənim həm də evimdir" 

- Orta təhsilimi 132 nömrəli məktəbdə almışam və həyatım boyu bu təhsil ocağında işləmişəm. Orta məktəb illərində bu təhsil ocağında mənə müəllimlik və analıq edən Bilqeyis müəllimim sonralar qayınanam olub və ömrünün sonuna kimi məni doğma qızı kimi sevərək əzizləyib. Tale elə gətirib ki, həyat yoldaşım və hər iki oğlum bu tədris müəssisəsinin şagirdi olublar. Hazırda nəvəm Mehdi də bu məktəbin X sinfində oxuyur. Dərs əlaçısıdır. Məni ana kimi qəbul edən, hörmətimi saxlayan gəlinim Leyla da bu təhsil ocağının müəllimidir. Sevinirəm ki, savadı və pedaqoji qabiliyyəti ilə başqalarından fərqlənən Leyla 2008-ci ildə keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş, məktəbin adını şərəflə qorumuşdur. Taleyimdən ona görə razıyam ki, qarşıma yaxşı gəlin çıxıb. Bizim qarşılıqlı mehribançılığımıza heç doğma ana-bala münasibəti də çata bilməz. 

"Bəzi müəllimlərimiz işlərini daha yaxşı qurmalıdırlar"  

- Respublikamızda müstəqillik əldə edildikdən sonra aparılan islahatlar nəticəsində demək olar ki, bu gün təhsilimiz dinamik inkişaf yolundadır. Ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı balanslı daxili və xarici siyasəti nəticəsində ölkəmiz özünün böyük inkişaf dövrünü yaşayır. Avropa standartlarına tam cavab verən yeni məktəb binalarının tikilməsi və müasir avadanlıqla təmin edilməsi, müəllimlərin əməkhaqlarının ilbəil artırılması, hər il keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində qalib gələnlərin birdəfəlik pul mükafatları ilə mükafatlandırılması buna bariz nümunədir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bugünkü gəncliyə, təhsilə, ədəbiyyata, mədəniyyətə və incəsənətə göstərdiyi qayğı göz qabağındadır.

Bütün bunlardan müəllimlərimiz ruhlanmalı və daha yaxşı işləməlidirlər. Təəssüflə deməliyəm ki, yaxşı müəllimlərimizlə yanaşı, işinin öhdəsindən layiqincə gələ bilməyən müəllimlərimiz də vardır. Üzərində işləməyən, günün tələbinə cavab verə bilməyən müəllimlərimizi zaman öz süzgəcindən keçirəcək, onları təhsil sistemindən uzaqlaşdıracaq. Buna görə də onlar işini günün tələbi səviyyəsində qurmağa çalışmalıdırlar. 

"Yaşayaraq yola saldığım illərdən razıyam" 

- Bir müəllim kimi məzunlarımla fəxr edirəm. Onlardan hazırda respublikanın və bir sıra dünya ölkələrinin elm və istehsalat sahələrində müvəffəqiyyətlə çalışanları vardır. Belə məzunlarımdan millət vəkilləri Gültəkin Hacıyevanı, Jalə Əliyevanı və başqalarını misal göstərə bilərəm.

Dünya şöhrətli yazıçı Çingiz Aytmatov əsərlərinin birində müəllimi yol qırağında dayanıb qatarları müxtəlif ölkələrə istiqamətləndirən bələdçiyə bənzədib. Düzgün bənzətmədir.

Yaşayaraq yola saldığım illərdən narazı deyiləm. Ötən illərim çox maraqlı keçib. SSRİ Ali Sovetinin deputatı olanda Xarici İşlər Komissiyasının üzvü idim. Buna görə də bir sıra Avropa dövlətlərində, hətta Afrika ölkələrində rəsmi səfərlərdə olmuşam. Ancaq həyatda ən çox sevindiyim gün 1995-ci il martın 8-də nəvəm Mehdinin dünyaya gəldiyi gün olub. Hətta ona belə bir şeir də qoşmuşam:

And yerim, gümanım, əhdim mənim,

Gözümün işığı Mehdim mənim.

Mən, Mehdiyə böyük ümid bəsləyir, gələcəyimi onda görürəm.

Həyat həmişə istədiyin kimi getmir. Ömür yolunun daşı, kəsəyi, kolu, kolağanı var. Hərdən dara düşüb darıxırsan. Belə anlarımda ulu öndər Heydər Əliyevin - Necəsən, müəllimə - kəlmələrini xatırlayıb özümə gəlirəm və mübarizliyim, həyat eşqim birə beş artır. Bəzən ömürdən ötən illərin unudulmaz xatirələri yadıma düşəndə sakit bir guşəyə çəkilir, yaşanaraq tarixə dönmüş şirinli, ağrı-acılı, vüsallı günlərimi xəyalən yenidən yaşayıram.

Qələmə aldı:
Nizami MİRZƏ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov