Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - 40

 

Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri

Bookmark and Share

Qloballaşdırılma və beynəlmiləlləşdirilmə anlayışları 

Son illərdə dünyada baş verən tendensiyalar haqqında fikirləşdikdə ilk öncə ağlımıza qloballaşdırma və beynəlmiləlləşdirmə sözləri gəlir. Alimlər bu prosesləri çox zaman dünyada baş verən texnoloji və sosial cəhətdən əhəmiyyətli dəyişikliklərlə bağlı öyrənirlər. Bir sıra tədqiqatçıların fikrincə, qloballaşdırma və beynəlmiləlləşdirmə anlayışlarının mənaları bir-birlərinə oxşar olsa da, bu proseslər dialektik cəhətdən bir-birlərindən  köklü şəkildə kəskin fərqlənir.

Belə ki, qloballaşdırma hibrid dünya mədəniyyətinin  yaradılması və milli ənənələrin sanki qarışdırılması kimi başa düşülür. Qloballaşdırma millətlər arasında əməkdaşlığın inkişafına və beynəlxalq əmək bölgüsünün dərinləşməsinə səbəb olan bir prosesdir. Qloballaşdırma həmçinin cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi ilə əhəmiyyətli dərəcədə bağlıdır.

Bir sözlə, deyə bilərik ki, qloballaşdırma prosesi bizim ictimai, iqtisadi və mədəni həyatımız üçün daimi xarakter daşıyır. BMT, Dünya Bankı, CNN, Qrinpis, Avropa İttifaqı və digər bu kimi beynəlxalq təşkilatlar, təhsil sahəsi də daxil olmaqla, dünyada baş verən qloballaşdırma prosesinin  daha da sürətləndirilməsində mühüm rol oynayırlar. 

Beynəlmiləlləşdirmə isə ayrı-ayrı xalqlar arasında təcrübə mübadiləsinə əsaslanır.

Ümumiyyətlə, qloballaşdırma və beynəlmiləlləşdirmə təhsilin, xüsusən ali təhsilin yenidən formalaşmasına səbəb olan və bir-birilə qarşılıqlı əlaqəli olan proseslərdir.  

Ali təhsil sahəsində beynəlmiləlləşdirilmə 

Qloballaşdırmadan fərqli olaraq, universitetlərin beynəlmiləlləşdirilməsi yeni anlayış deyildir. Belə ki, ali təhsildə beynəlmiləlçilik ruhu tarixən yüksələn sürətlə inkişaf etmişdir.Tarixə nəzər salsaq, görərik ki, incəsənət, elm və təhsil sahələrində mədəniyyətlərarası əməkdaşlıq ideyaları artıq orta əsrlərdən təşəkkül tapmağa başlamışdır. Həmin dövrlərdən başlayaraq universitetlər əldə etdikləri elm və biliklərin öz çərçivələrindən kənara yayılması məqsədini daşıyan sosial və mədəni təzahür kimi nəzərdən keçirilmişdir. Eyni zamanda 19-cu və 20-ci əsrlərdə yaradılmış ali təhsil ocaqları ali təhsilli  peşəkar kadrların yetişdirilməsi ilə bağlı ənənəvi vəzifələri yerinə yetirməklə yanaşı, həmçinin milli səviyyələrdə elm və texnikanın inkişafı ilə məşğul olmuşlar. XX əsrin ikinci yarımilliyindən başlayaraq ali məktəblər təhsil imkanlarının demokratikləşdirilməsinə və təhsilin sərhədlərdən kənara yayılması proseslərinə güclü şəkildə cəlb olunmuşlar.

Müasir  qlobal iqtisadiyyat şəraitində ali təhsilin kütləvi şəkil alması dövlətin rəqabət qabiliyyətinin zəmanəti kimi nəzərdən keçirilir.

Tarixən ali təhsil ocaqlarının əksəriyyəti  dövlətin himayəsində olmuş və beləliklə, həmin ali məktəblər dövlət siyasəti çərçivəsində formalaşmış, mövcud ali təhsil sistemləri, onların tənzimlənməsi metodları, qaydaları konkret ölkənin milli iqtisadiyyatına və mədəniyyətinə uyğunlaşmışdır. 

Təhsilin beynəlmiləlləşdirilməsinin məqsədləri 

İqtisadiyyatın, həmçinin biznesin qloballaşdırılması və beynəlmiləlləşdirilməsi proseslərinin inkişafı ali təhsilin qarşısında qlobal əmək bazarının daim dəyişən şəraitində effektiv iş qabiliyyətinə malik olan  peşəkar kadrların hazırlanması kimi yeni məqsədlər qoyur.

Təhsilin beynəlmiləlləşdirilməsi əsasən aşağıdakı məqsədləri özünə hədəf seçir:

- Ödənişli təhsil üzrə əcnəbi tələbələrin cəlb edilməsi vasitəsilə maliyyə daxilolmalarının diversifikasiyası və artımı;

- Tədris planlarının genişləndirilməsi və yerli tələbələrin xarici partnyor ali məktəblərdə təhsil almaları;

- Mövcud resurslardan səmərəli istifadənin təmin edilməsi üçün ali məktəbin regional şəbəkəsinin genişləndirilməsi;

- Tələbə və müəllimlərin beynəlxalq bilik və təcrübə mübadiləsində iştirak etmələri hesabına aparılan elmi tədqiqatların və təhsilin keyfiyyətinin yüksəldilməsi və s.

Qeyd edək ki, ali təhsil müəssisələri arasındakı beynəlxalq əməkdaşlıq müştərək tədqiqat layihələrinin,  tələbə və müəllimlər üçün mübadilə proqramlarının, həmçinin əcnəbi tələbələr üçün xüsusi proqramların təşkil olunmasında böyük imkanlar yaradır.

Müasir dövrdə ali məktəblərin əksəriyyəti beynəlxalq fəaliyyətlə məşğul olur və bu, bir qayda olaraq, beynəlmiləlləşdirmənin daha sadə və adi səviyyəsidir. Ali təhsilin beynəlmiləlləşdirilməsinin  daha yüksək səviyyəsi dedikdə isə müvafiq ali məktəbin ictimai fəaliyyətinin və tədqiqatlarının beynəlxalq təcrübə kimi geniş miqyasda təhsilə sistematik inteqrasiyası prosesi başa düşülməlidir. Bu mənada, hətta bir sıra böyük akademik mərkəzlər də daxil olmaqla, ali məktəblərin əksəriyyəti sözün əsl anlamında beynəlxalq səviyyəli hesab edilə bilməz.  

Müasir dövrdə ali təhsilin beynəlmiləlləşdirilməsinin yeni mərhələsi 

XXI əsrdə ali təhsil çox xüsusiyyətləri ilə fərqlənir və tədrisin məzmunu və təşkilndə müəyyən dəyişikliklərin edilməsini tələb edir. Bu dəyişikliklər müasir dövrdə inkişafın ayrılmaz hissəsi hesab edilir. Belə ki, texniki yeniliklərin tətbiqi texnoloji proseslərin dəyişilməsinə,  bu isə öz növbəsində həmin  proseslərin idarə olunmasında və yeni tələblərə uyğun kadrların hazırlanmasında dəyişikliklərə səbəb olur və proseslər gözlənildiyindən də çox sürətlə baş verir. XX əsrin sonlarından başlayaraq bu dəyişikliklərin miqyası və sürəti  hətta o qədər yüksəldi ki, artıq bu dəyişikliklərin idarə olunması sisteminin yaradılması zərurəti yarandı. Bu səbəbdən XXI əsrin əvvəlindən başlayaraq  proqressiv və sürətli  dəyişikliklər müəssisələrin uğurlu fəaliyyətinin əsas tələblərindən birinə çevrildi, bu dəyişikliklərin idarə olunması vərdişi isə müəssisə rəhbərinin əsas keyfiyyət göstəriciləri sirasına daxil oldu.

Təhsil sferasında baş verən dəyişikliklərin əsas amili sürətlə artan informasiya axınıdır. Bu artım elə templə baş verir ki, köhnə metodlar və hətta təhsil sisteminin özü belə, bunun öhdəsindən gəlməkdə aciz qalır. Dəyişikliklərin bu tempi nəticəsində biliklərin yenilənməsi də elə sürətlə baş verir ki, ali təhsilin sonunda tələbənin əldə etdiyi biliklər öz dövrü üçün köhnəlmiş hesab olunur. Buna görə də müasir dövrdə  peşə biliklərinin daim yenilənməsinə, yəni fasiləsiz və ömürlük təhsilə ehtiyac daha çoxdur.    

Bəhs etdiyimiz bu dəyişikliklər təhsil prosesi üçün xarakterikdir və bütünlükdə dünyanın ayrı-ayrı region və ölkələrinin iqtisadiyyatını əhatə edən proseslərin geniş fonunda baş verir. Tələbələr xarici ölkələrdə təhsil alır, əldə etdikləri bilikləri isə dünyanın istənilən ölkəsinin beynəlxalq şirkətlərində işləyərək tətbiq edirlər. Qeyd edək ki, Avropa İttifaqı tələbələrin xarici ölkələrdə təhsil almalarını stimullaşdıran xüsusi təqaüdlər və proqramlar hazırlayıb tətbiq edir. Böyük Britaniyanın, ABŞ-ın, Kanadanın aparıcı ali məktəblərində tələbələrin 80 faizini əcnəbi tələbələr təşkil edirlər.

Hazırkı dövrdə müasir informasiya texnologiyalarının, distant (məsafədən) təhsil imkanlarının genişlənməsi milli sərhədləri təhsil xidmətləri üçün tam şəffaf etmişdir. Nəticədə dünya üzrə vahid təhsil xidmətləri bazarı yaranmışdır və burada müxtəlif ölkələrin ali məktəbləri milli sərhədləri aşaraq tələbələrə özlərinin məhsul və xidmətlərini təklif edirlər.

Artıq ali təhsil üzrə dünya sisteminin tarixi inkişafının elə mərhələsinə qədəm qoymuşuq ki, bu mərhələdə ali təhsil müəssisələrinin milli cəhətdən fərdiləşməsi beynəlmiləlləşdirmə və qloballaşdırmanın nəticə və perspektivləri ilə daha çox ziddiyyət təşkil etməyə başlayır. Bu fundamental ziddiyyət universitet diplomlarının və ixtisasların tanınması, keyfiyyətin qiymətləndirilməsinin beynəlxalq formaları, beynəlxalq akkreditasiya və digər bu kimi müxtəlif problem və məsələlər ilə əlaqədar yaranır. Bu ziddiyyətin aradan qaldırılması ilə bağlı real addımlar atmaq üçün isə ali təhsilin beynəlmiləlləşdirilməsinin əsas forma və xarakteristikasını,  problem və perspektivlərini işləyib hazırlamaq lazımdır.  

Tələbələrin mobilliyi 

Ali təhsilin beynəlmiləlləşdirilməsinin əsas formalarından biri tələbələrin mobilliyidir. Tələbələrin mobilliyi dedikdə xarici ölkələrdə təhsil almağa üz tutmuş tələbələrin müəyyənləşdirilmiş sayı başa düşülür. Əlbəttə, tələbələrin digər ölkələrə təhsil almağa getmələri yeni bir hadisə deyil. Avropa ölkələrinin əksəriyyəti artıq neçə illərdir ki, öz keçmiş koloniyalarından daimi tələbə axınını qəbul edir. "Soyuq müharibə" dövründə Sovet İttifaqının və Şərqi Avropanın ali məktəbləri də özlərinin   ideologiyalarına uyğun ölkələrdən tələbələr cəlb edirdilər. Demək olar ki, son 40 il ərzində ali təhsil almaq üçün milli sərhədləri aşıb keçən bu cür tələbə axınının artım templəri hətta ali təhsilin miqyasının genişlənməsi templərini də ötüb keçmişdir. YUNESKO-nun məlumatlarına əsasən, son 25 il ərzində tələbələrin beynəlxalq mobilliyi 300 % artmışdır. Ekspertlərin fikrincə, xaricdə oxuyan tələbələrin sayı 2010-cu ilin sonuna qədər 2,8 milyona çatacaq, 2025-ci ildə isə bu rəqəm 4,9 milyon təşkil edəcəkdir.

Tələbələrin mobilliyi müxtəlif dövlət və regional proqramlarla stimullaşdırılır. Ölkələrin əksəriyyəti bu sahədə ikitərəfli və çoxtərəfli qarşılıqlı müqavilələr və razılaşmalar tətbiq edir.

Bundan əlavə, yuxarıda qeyd olunan proqramlardan kənar öz hesabına  xaricdə təhsil almağa üz tutan tələbələrin sayı da dünya üzrə tələbə mobilliyinin əsas hissələrindən birini təşkil edir. Bir tərəfdən ali məktəblər təklif etdikləri təhsil xidmətlərinin şəbəkəsini genişləndirmək məqsədilə xarici ölkələrdə öz filiallarını açır, kampuslar yaradır, həmin ölkələrin yerli təhsil müəssisələri ilə əməkdaşlıq edir, məsafədən (distant) təhsil texnologiyalarından və digər bu kimi üsullardan istifadə edirlər. Digər tərəfdən təhsil əldə edilməsi yollarında olan milli müxtəliflik, müəyyən ixtisaslar üzrə qəbul sayında olan məhdudiyyətlər həmin ölkələrin tələbələrini təhsillərini xarici ölkələrdə davam etdirməyə vadar edir. Tələbələrin dil bilikləri və mədəniyyətlə bağlı təsəvvürləri onları əsasən Böyük Britaniya, Fransa və ABŞ-ın təhsil müəssisələrində təklif olunan  proqramlar üzrə təhsil almağa sövq edir. Müasir dövrdə ingilis dilinin əsas elmi dil hesab edilməsi və ikinci dil kimi daha çox öyrənilməsi ABŞ, Böyük Britaniya ilə yanaşı, bu siyahıya  Kanada və Avstraliyanın da daxil olmasını şərtləndirmişdir.

Onu qeyd etmək lazımdır ki, müasir dövrdə xaricdə təhsil alan tələbələrin sayının artması digər tərəfdən bu tələbələri qəbul edən ali məktəblərin, dövlətlərin  iqtisadi maraqları ilə də  daha çox bağlıdır. Belə ki, təhsil xidmətlərinin beynəlxalq bazarı iqtisadiyyatın çox sürətlə inkişaf edən sektoruna çevrilir və bu sektorun əsas elementi kimi təhsil müəssisələrinin beynəlxalq marketinqlə məşğul olmaqla xarici tələbələrin cəlb edilməsi istiqamətində apardıqları məqsədyönlü fəaliyyət çıxış edir. 

XXI əsrdə ali təhsilin beynəlmiləlləşdirilməsi prosesinə təsir edən dəyişikliklər 

Ümumiyyətlə, son illərdə baş verən tendensiyaları nəzərdən keçirdikdə məlum olur ki, XXI əsrdə ali təhsilin beynəlmiləlləşdirilməsi prosesinin özü yeni xüsusiyyətlər əldə edərək dəyişikliklərə məruz qalır. Bu dəyişikliklərə aşağıdakıları aid etmək olar:

- İqtisadiyyatın qloballaşması prosesi  təhsilə təsir edir. Əlbəttə, dünya iqtisadiyyatının qloballaşması təhsil sahəsindən də yan keçmir və bu sahəyə öz təsirini göstərir.

- Beynəlmiləlləşdirmənin motivləri dəyişir. Belə ki, mədəni və təhsil motivlər iqtisadi motivlərlə əvəz olunur. Bu iqtisadi motivlər qısamüddətli (ali məktəbin əcnəbi tələbələrin ödənişlərindən əlavə gəlir əldə etməyə can atmaları) və uzunmüddətli (regionlar arasında partnyorluq münasibətlərinin yaradılması və müvafiq ixtisaslı mütəxəssislərin hazırlanması) ola bilər.

- Təhsil xidmətlərinin beynəlxalq bazarı güclü rəqabət şəraitində inkişaf edərək möhkəmlənir.Ayrı-ayrı regionlarda təhsil xidmətlərinin lazımi səviyyədə və keyfiyyətdə olmaması və yaxud məhdudluğu beynəlxalq miqyasda ali təhsilə olan tələbatın yüksəlməsinə səbəb olur və bu da təhsil xidmətlərini təklif edən ali məktəblər, müvafiq şirkətlər və ölkələr arasında rəqabəti gücləndirir.

- Tələbələrin yaş senzi və profili dəyişir. Müasir dövrdə  fasiləsiz təhsilə olan tələbat həm milli, həm də beynəlxalq səviyyədə təhsil proqramlarının müxtəlifliyi, təhsilin müddətləri və vəzifələri baxımından çevikliyi, əvvəlki təhsilin obyektiv qiymətləndirilməsini və digər bu kimi tələbləri qarşıya qoyur. 

Qeyd olunan bu dəyişikliklər beynəlxalq  səviyyədə nəinki ayrı-ayrı ölkələr, həmçinin bütün regionlar üzrə rəqabətqabiliyyətli ali təhsil mühitinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin görülməsi zərurəti yaratmışdır.

Yuxarıda qeyd olunanları ümumiləşdirərək deyə bilərik ki, son illərin ən mühüm tendensiyaları, ali təhsil də daxil olmaqla, ictimai həyatın bütün sferalarını əhatə edən güclü inteqrasiya prosesləri sayılır. Ali təhsil və elmi biliklərə yiyələnmə ictimai inkişafın əsas amilinə çevrilir, insanların, cəmiyyətin və millətlərin mədəni, sosial və iqtisadi cəhətdən davamlı inkişafının zəmanəti kimi çıxış edir. 

Azərbaycanda xaricdə təhsilin qısa tarixi 

Əlbəttə, bu gün dünyada sürətli iqtisadi inkişaf tempinə nail olan Azərbaycan da dünyada gedən müsbət tendensiyalardan kənarda qalmır. 

Tarixə nəzər salsaq görərik ki, XX əsrin əvvəllərinədək həmyerlilərimiz tarixin müxtəlif dövrlərində, sistemli və davamlı şəkildə olmasa da, xaricdə təhsil almışlar. Lakin Azərbaycanda dövlət səviyyəsində planlı və məqsədyönlü şəkildə xaricdə təhsil XX əsrin əvvəllərində  Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə 100 nəfərdən çox azərbaycanlı gəncin xaricə ali təhsil almağa göndərilməsi ilə başlanmışdır.

Bundan sonrakı illərdə də respublikadan kənarda təhsil almaq təcrübəsi mövcud olsa da, bu həm məzmun, həm də əhatə dairəsi baxımından böyük mahiyyət kəsb etməmişdir.

Lakin ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu istiqamətdə respublika səviyyəsində ciddi addımlar atılmağa başlanılmışdır.Belə ki, 1970-ci ildə respublikadan kənarda təhsil almağa 70 nəfər gənc göndərildiyi halda, 70-ci illərin sonunda bu rəqəm 900 nəfər, 80-ci illərin əvvəllərində isə ildə 1000-1400 nəfər təşkil etmişdir. Ümumilikdə həmin dövrdə 15 mindən çox gənc Sovet İttifaqının nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alaraq Vətənə dönmüşlər. Azərbaycanın həmin dövrlərdə inkişaf tarixinə nəzər salsaq görərik ki, ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsində həmin mütəxəssislər  böyük rol oynamışlar. 

Müasir Azərbaycanda xaricdə təhsilə dövlət qayğısı 

XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da xaricdə təhsil ölkənin təhsil siyasətinin prioritet sahəsi kimi yenidən diqqət mərkəzində olmuş, elm və təhsil sahələrində tədqiqatçıların, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almağa başlamışdır. Belə ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu istiqamətində uğurlu addımlar atmaqla yanaşı, beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlığı inkişaf etdirməyə başlamış, qabaqcıl dünya ölkələri ilə müxtəlif sahələrdə inteqrasiya proseslərinə  qoşulmuşdur. Beləliklə, ölkəmizin daxili və xarici siyasətini təmin edən təsisatların fəaliyyəti, müxtəlif sahələrdə yeni iş yerlərinin açılması, regionların inkişaf səviyyəsindəki fərqlərin aradan qaldırılması və iqtisadiyyatın yeni infrastrukturunun formalaşdırılması məqsədi ilə hökumət tərəfindən həyata keçirilən tədbirlər respublikamızda bir sıra ixtisaslar üzrə kadr çatışmazlığı probleminin həllini zəruri etmişdir. Artıq neçə illərdir ki, bu istiqamətdə ölkədə dövlətin dəstəyi ilə mühüm işlər görülür.

Bu proseslərin bir qismi dövlət sazişləri çərçivəsində tənzimlənir. Xarici ölkələrdə kadr hazırlığı məhz Azərbaycanın xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarından əla istifadə bacarıqlarına yiyələnən və beynəlxalq təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacının qarşılanmasına xidmət edir. Xaricdə təhsilə olan ümummilli lider Heydər Əliyevin qayğısı bu gün ölkə başçısı İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Belə ki, azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidenti 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı imzalamış və həmin ildən bu Dövlət Proqramının icrasına başlanılmışdır.

Ümumiyyətlə, Azərbaycanda xaricdə təhsil proqramları mahiyyətinə görə müxtəlif formalarda həyata keçirilir və bunlara əsasən aşağıdakılar aiddir:

1) Öz imkanları hesabına xaricdə təhsil.

Ümumiyyətlə, xaricdə təhsilin daha geniş yayılmış forması gənclərin birbaşa təhsil müəssisələrinə müraciəti və müvafiq qəbul prosedurlarını keçdikdən sonra öz hesablarına fərdi müqavilə əsasında təhsil almalarıdır. Hazırkı dövrdə ölkəmiz üzrə belə tələbələrin sayı on minlərlədir. Təəssüf ki, bu tələbələrin sayının dəqiq statistikasını müəyyənləşdirmək çox çətindir.

2) Müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil.

3) Dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilən xaricdə təhsil.

Bu zaman qeyd olunan ikitərəfli razılaşmalara əsasən, hər iki tərəf tələbələrin təhsili ilə bağlı xərcləri öz üzərlərinə götürür, bir sıra xərcləri isə qarşılıqlı razılaşma çərçivəsində ödəyirlər. Belə xərclərə təhsil haqqı, yaşayış, yol xərcləri və digər xərclər aiddir.

Son 4 il ərzində xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı və onlara ölkəmiz tərəfindən çəkilən xərclər barədə  məlumatları aşağıdakı cədvəldən görmək olar:   

  İllər 2007 2008 2009 2010  
  Dövlət xətti ilə xarici ölkələrdə təhsil alan tələbələrin sayı 866 828 816 816  
  İkitərəfli razılaşmalara əsasən Azərbaycan tərəfindən çəkilən cəmi xərclət, manatla 925049 724700 855825 1000000  
  Tələbələrin təhsil aldığı ölkələrin sayı 10 10 10 10  

 4) Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil.

Qeyd olunan Dövlət Proqramı azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək və  istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədini daşıyır. Bu proqram çərçivəsində 2015-ci ilədək 5000 gəncin xaricdə təhsili planlaşdırılır. Həmçinin bu proqram çərçivəsində gənclərin xarici ölkələrdə təhsilləri ilə bağlı bütün xərclər Dövlət Neft Fondunun vəsaitləri, yəni neftdən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin "Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" və ümummilli liderimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin "Neft kapitalının insan kapitalına çevrilməsi bizim əsas prioritetimizdir" kəlamlarının təsdiqinə  bariz nümunədir.

Hazırda uğurla həyata keçirilən Dövlət Proqramı çərçivəsində  və eləcə də yuxarıda qeyd olunan digər təhsil formaları üzrə, demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, habelə ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələrin sayının və onlara çəkilən xərclərin ildən-ilə artmasını aşağıdakı cədvəldən aydın görmək olar: 

  Göstəricilər 2007 2008 2009 2010  
  Tələbələrin getdiyi ölkənin sayı 14 17 23 24  
  Ayrılmış vəsait, milyon manatla 0,8 2,3 7,9 10  
  Tələbələrin sayı 68 119 446 633  

 Qeyd olunan Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyi bir sıra xarici tərəfdaşlarla əməkdaşlıq edir. Bu təşkilatlara Fransa Dövlət Ali və Orta təhsilin Təşkili Mərkəzi (CNOUS), Alman Akademik Mübadilə Xidməti (DAAD), ABŞ-ın Beynəlxalq Təhsil İnstitutu aiddir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində artıq məzun olmuş tələbələrimiz də vardır ki, onların əksəriyyəti ölkəmizin dövlət və özəl sektorunun müxtəlif qurumlarında çalışır. 

Onu da qeyd etmək lazımdır ki,  xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdır. Buna görə də onların Vətən qarşısında böyük məsuliyyətləri vardır. 

Əcnəbi tələbələrin Azərbaycanda ali təhsilə marağı 

Azərbaycan tələbələrinin təhsil almaq üçün xarici ölkələrə üz tutduqları kimi, bir sıra qonşu və digər dövlətlərin tələbələri də ölkəmizin ali təhsil müəssisələrində təhsil almağa üstünlük verirlər. Bunu aşağıdakı cədvəldən görmək olar:

Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində təhsil alan xarici ölkələrdən olan tələbələrin sayı

(tədris ilin əvvəlinə; nəfər)

  Ölkələr 2005-2006 2006-2007 2007-2008 2008-2009 2009-2010  
  Cəmi 3073 3690 5014 5585 5285  
  o cümlədən  
  Belarusdan 5 5 5 4 29  
  Çin Xalq Respublikasından 107 117 153 167 146  
  Əfqanıstandan 1 4 2 4 15  
  Gürcüstandan 236 92 82 110 141  
  Hindistandan 18 32 50 60 51  
  İordaniyadan 3 2 9 9 8  
  İraqdan 8 21 52 70 75  
  İrandan 237 424 953 1185 963  
  İsraildən 2 3 4 8 10  
  Kiprdən 2 2 3 4 2  
  Koreya Respublikasından 3 2 3 6 3  
  Qazaxıstandan 23 18 12 22 33  
  Qırğızıstandan 4 12 3 35 20  
  Misirdən 3 2 5 14 2  
  Nigeriyadan 15 12 16 18 20  
  Özbəkistandan 5 11 30 9 8  
  Pakistandan 25 30 24 31 46  
  Rusiyadan 169 150 157 220 261  
  Sudandan 9 16 18 16 13  
  Suriyadan 11 20 20 14 14  
  Türkiyədən 2094 2612 3283 3459 3223  
  Türkmənistandan 53 59 84 87 139  
  Ukraynadan 6 10 8 7 19  
  Yəməndən 8 6 5 4 9  
  Digər ölkələrdən 26 28 33 22 35  

 Cədvəldən göründüyü kimi, dünyanın 24-dən çox ölkəsindən Azərbaycanda ali  təhsil almağa maraq göstərilir və bu da təbii prosesdir. Belə ki, artıq bu gün Azərbaycanın ali təhsil sistemi Avropa ali təhsil məkanına inteqrasiya istiqamətində inkişaf etməkdədir və bunun da əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, ali təhsilin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara tələbatın ödənilməsi, əhalinin ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Ümumiyyətlə, sonda qeyd olunanlar əsasında belə bir nəticəyə gəlmək olar ki, müxtəlif elmlər üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlanması ilə nəticələnən ali təhsilin beynəlmiləlləşdirilməsinin ümumi inkişafı bütün dünyada mövcud olan böhran və konfliktlərin aradan qaldırılmasında  mühüm rol oynayacaqdır.

Şahrza ƏLİYEV,
Təhsil Nazirliyinin
İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - 40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov