Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - 40

 

Mübarizləri olan Vətən basılmaz!

Bookmark and Share

Bu gün adı dillər əzbəri olan, haqqında kitablar, şeirlər, mahnılar yazılan, filmlər çəkilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yüksəldiyi zirvə təkcə onun doğulub, boya-başa çatdığı kənddən deyil, Azərbaycanın və eləcə də bütün türk dünyasının hər yerindən görünür. Bu zirvəyə gedən yol isə Biləsuvar rayonunun Əliabad kəndindən başlanır. Mübariz 1988-ci il fevralın 7-də bu məkanda dünyaya göz açmışdır. Elə həmin il erməni işğalçıları vətənimizin ayrılmaz hissəsi olan Qarabağ bölgəsində torpaq iddiası ilə münaqişə yaratmağa başlamışdı. Bəlkə də İlahi Mübarizi bu yağı düşmənlə gələcəkdə mübarizə aparacaq bir oğul kimi dünyaya gətirmişdi. Ailənin üçüncü övladı - sonbeşiyi, seyid nəvəsi idi Mübariz. O, uşaqlıqdan imanlı, bütün insani keyfiyyətlərə malik valideynləri - atası Ağakərim kişinin, anası Şamama xalanın nümunəvi tərbiyəsi ilə böyümüşdü. Vətənə, xalqa, haqqa, ədalətə son dərəcə sadiq ruhda tərbiyə alan Mübariz 2006-cı ildə Malik Piriyev adına Əliabad kənd orta məktəbini bitirmişdi. 2007-ci ildə isə ilk hərbi xidmətini Daxili İşlər Nazirliyinin daxili qoşunlarının xüsusi təyinatlı dəstəsində gizir rütbəsi ilə başa çatdırmışdı. Sonra isə erməni işğalçılarından intiqam almaq üçün könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət etməkdən ötrü ərizə ilə müraciət edərək, vətənin müdafiəsinə gedib.

Biz də bu günlər qəzetimizin rəhbərliyinin təşəbbüsü ilə Mübariz İbrahimov haqqında daha ətraflı məlumat toplamaq məqsədilə onun təhsil aldığı məktəbdə olduq və ziyarətgaha çevrilmiş evlərində valideynləri ilə görüşdük.  

Məktəb illəri, müəllimlərinin xatirələri 

Mübarizin təhsil aldığı orta məktəbə Biləsuvar RTŞ-ın məsləhətçisi Alişan Şükürovla getmişdik. Burada məktəbin direktoru Bəsirə Rüstəmova ilə görüşdük. Məqsədimizi bilən kimi, o, əvvəlcə Mübarizin burada oxuduğu illərdə toplanmış sənədləri , qiymət cədvəlləri ilə bizi tanış etdi. Direktor sonra bildirdi ki, ona müxtəlif siniflərdə oxuyan zaman rus dili fənnindən dərs demişəm. O, "4" və "5" qiymətlərlə oxuyurdu. Çox vətənpərvər bir şagird idi. Onun oxuduğu XI "B" sinfində ən yaxın dostu, sirdaşı Vüqar Əsgərovla həmişə birlikdə gəzərdi. Mübariz seyid nəvəsi olduğundan namaz qılırdı. Bəlkə də elə buna görə idi ki, heç bir tədbirdə şəkil çəkdirməyi xoşlamırdı. Orta məktəbdə oxuduğu müddətdə cəmi bir şəklini tapmışıq. O da IV sinifdə oxuyanda çəkilib.

Bir dəfə dərs zamanı Mübariz mənə dedi ki, müəllim, niyə mənim köynəyimə mübarək demirsən? Bir baxın, düymələri soldat düyməsinə oxşayır? Mən də böyüyəndə əsgər olacam. Erməniləri qıracam...

Mübarizlə axırıncı dəfə bu il yayda məzuniyyət vaxtı kəndə gələndə görüşdüm. Məni məktəbə direktor təyin olunduğuma görə təbrik etdi. Bizim həyətə getdik, xeyli söhbət etdik. Ayrılanda isə dedi ki, müəllim, çox keçməz ki, siz mənimlə fəxr edərsiz. Dedim, ağıllım, (mən ona həmişə "ağıllım" deyə müraciət edərdim), elə indi də səninlə fəxr edirik .

Söhbətə qoşulan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Böyükbəy Quliyev isə bildirdi ki, Mübarizlə qohumluq əlaqəmiz olduğundan həm məktəbdə, həm də ya onların və yaxud bizim evdə çox tez-tez görüşürdük. Həmişə də mənə deyərdi ki, mən orduya gedəndən sonra görərsiniz, o ermənilərin başına nə oyunlar gətirəcəm. Oğlum Zamiqə də deyərmiş ki, vallah sizə yazığım gəlir. Görərsiniz, mən o erməni dığalarına qarşı elə bir hərəkət edəcəyəm ki, onlar məni heç vaxt unutmayacaqlar. Şəhid olsam, ağlamayın.

Mübarizin fiziki tərbiyə müəllimi Valeh Ağayev ona V sinifdən XI sinfə qədər dərs dediyini bildirərək qeyd etdi ki, o, öz fiziki enerjisini idmana sərf edirdi. Məktəbdə keçilən idman dərsləri ilə kifayətlənməyib rayona gedər, idmanın boks növü ilə məşğul olardı. Mütəmadi və gərgin məşqlər öz müsbət nəticəsini verdi. Mübariz gündən-günə mətinləşdi. Həmyaşıdları arasında bacarıqlı və ümidverici bir boksçu kimi Ukraynada keçiriləcək yarışlarda iştirak etmək üçün yola düşmə ərəfəsində əli zədələndiyindən həmin yarışlarda iştirak edə bilmədi. Həqiqətən də idmanla müntəzəm məşğul olması Mübarizi fiziki cəhətdən sağlam, ucaboylu, enlikürək, yenilməz bir cəsura çevirmişdi. Bütün bunlara baxmayaraq, Mübariz gələcək həyatı üçün idmanı yox, hərbçi peşəsini seçdi.

Onbirinci sinifdə Mübarizin sinif rəhbəri olmuş, coğrafiya müəllimi Əhliman Quliyev isə qeyd etdi ki, onun bu qəhrəmanlığı təsadüfi deyildi. Bizim bütün sinif iclaslarımızda vətənpərvərlikdən danışardı. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən yana-yana söhbət açardı. Bir dəfə dərsimizdə Xocalı faciəsi zamanı şəhid olan insanları, vurulan ziyanları rəqəmlərlə sadalayırdım. Birdən Mübariz məndən xahiş etdi ki, müəllim, o rəqəmləri bir də sadalayın. Qoy, o rəqəmlər yaddaşımıza həkk olunsun. Gələcəkdə bizə lazım olacaq.

Onun riyaziyyat və informatika müəllimi Güləddin İsayev bildirdi ki, Mübariz çox sakit, mehriban, vətənpərvər bir şagird idi. Nurani bir çöhrəsi vardı. Sanki o, zirvə üçün yaranmışdı. Bu zirvəyə aparan yol isə elə idmançı olmasından başlanmışdı. Onu bu yoldan heç bir qüvvə çəkindirə bilməzdi.

Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Qurbanova isə dedi ki, Mübariz namus və qeyrət mücəssəməsi idi. Bu, onun vətənpərvərliyindən irəli gəlirdi. 

Mübariz hərbçi peşəsini ona görə seçmişdi ki... 

Hələ məktəbdə oxuduğu zaman hərbi formaya xüsusi maraq göstərən Mübarizin atası və müəllimləri onun "Əlifba" bayramında səslənən "Azərbaycan əsgəri" hərbi marşına oynamasını və atasını, sinif yoldaşlarını bu oyuna dəvət etdiyini unutmayıblar. Eyni zamanda, kənddə onu yaxşı tanıyan həmyaşıdları, dostları və müəllimləri xatırlayırlar ki, hərbi xidmətini başa çatdırıb qayıdandan sonra Mübariz çox dəyişmişdi. Onun daxilində bir narahatlıq, bir nisgil vardı. O da torpaqlarımızın düşmən tapdağı altında qalması nisgili idi. Əsgəri xidməti zamanı hərbi texnikanın sirlərini mənimsəmiş, döyüşkənlik ruhu möhkəmlənmiş Mübariz İbrahimovun qəlbində bir intiqam hissi közərirdi. Hər gün erməni işğalçılarının atəşkəsi pozmaları, mövqelərimizi atəşə tutmaları ona bir an belə rahatlıq vermir, düşmənə qarşı intiqam hissini alovlandırırdı. Hələ illərdən bəri işğal altında olan torpaqlarımızın harayı, doğma yurd-yuvasından didərgin düşmüş minlərlə soydaşımızın və bu savaşda şəhid olmuş oğullarımızın ruhları ona dinclik vermirdi. Onu intiqama səsləyirdi. Bax elə bütün bunlara görə də o, hərbçi peşəsini seçmişdi.  

Düşməndən qisas almağa and içmişdi 

Mübariz qəlbində vətən, xalq adlı bir istəklə, qəhrəmanlıq, qalibiyyət, intiqam ünvanlı amalla yenidən cəbhəyə dönməyi, sona qədər yağı düşmənlə döyüşərək qisasını almağa and içmişdi. Elə buna görə də bu dəfə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün ərizə ilə müraciət edib, gizir kimi vətənin müdafiəsinə getdi...

Bir müddət sonra, 2010-cu il iyunun əvvəllərində gizir yoldaşları ilə evlərinə məzuniyyətə gəlmişdi. Sən demə, bu, onun doğmaları ilə son görüşü imiş... Mübariz bu görüşə sanki valideynlərindən halallıq almağa gəlmişdi. Atası söhbət zamanı Mübarizi fikirlərindən döndərməyin faydasız olduğunu görüb, "Üç oğlum var, birini də vətənə fəda edərəm", demişdir. Bu sözləri atasının dilindən eşidən Mübariz sevincək onun boynunu qucaqlayıb alnından öpmüşdü.

Məzuniyyət müddəti başa çatdıqdan sonra yenidən cəbhə bölgəsinə qayıdan Mübariz bir daha təmas xəttindən o üzdə düşmən nəzarətində olan torpaqlarımızı, dağılmış yurdları, sahibsiz evləri görüb özünə gələ bilmir və bütün bunların heyfini erməni işğalçılarından alacağına qəti şəkildə söz verir. Bəli, bu, həqiqətən də belə oldu... 

Sonuncu məktub 

Mübariz İbrahimov bu il iyunun 18-dən 19-a keçən gecə xidmət etdiyi hərbi hissənin əsgər və zabitlərindən xəbərsiz düşmənlə olan təmas xəttinin kənarında əsgər pencəyini çıxarıb bir qədər əvvəl yazdığı sonuncu məktubu və əl telefonunu onun cibinə qoyur. Silahını çiyninə atıb, təmas xəttinin o tərəfinə keçir. Cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi döyüşərək düşmənin bağrını yarır. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur. Həmin gün təmas xəttinin kənarından Mübarizin əsgər pencəyi tapılır, cibindən isə bu məktub çıxır:

"Atama və anama məktub.

Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür. Vətən sağ olsun.

Oğlunuz Mübariz.
Haqqınızı halal edin. 
İbrahimov Mübariz."

 

Bəli, o, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan oğlunun, Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Mübariz bu şücaəti ilə Azərbaycan gəncliyinə başucalığı gətirdi.  

Azərbaycan əsgərinin şücaətinə verilmiş layiqli qiymət 

Respublika Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına (ölümündən sonra) layiq görüldü. Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında ölkə Prezidentinin 22 iyul 2010-cu il tarixdə imzaladığı növbəti Sərəncam da respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Əlbəttə, bu qiymətə ən çox sevinən onun doğmaları, ata-anası, qardaşları və dostları idi. Ona görə ki, Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha Azərbaycan gəncliyinin, Vətən oğullarının, Vətən əsgərinin nümayəndəsi kimi sübut etmişdi.

Onu da qeyd edək ki, ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Biləsuvar şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycanın Milli  Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilib. Həmçinin, Biləsuvar şəhərində xüsusi istedada malik uşaqlar üçün inşa olunmuş lisey-məktəb kompleksinə Mübariz İbrahimovun adının verilməsi barədə Nazirlər Kabineti qarşısında məsələ qaldırılmışdı. Artıq bu məsələ öz həllini taparaq 29 sentyabr 2010-cu ildə Nazirlər Kabinetinin 169 nömrəli qərarı ilə təsdiq olunub. Qərarın birinci bəndində deyilir: Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.

İnanırıq ki, bu kompleksdə təhsil alacaq uşaqların xüsusi istedadlarına Milli Qəhrəman Mübarizin vətən, torpaq sevgisi, döyüş şücaəti də qatılacaq və onların hər biri döyüşkən ruhlu mübarizlər olacaqlar.                            

Ziyarətgaha çevrilmiş ev  

İndi Əliabad kəndində Mübarizin doğulub boya-başa çatdığı ev əsl ziyarətgaha çevrilib. Vətən məhəbbətinin, yurd sevgisinin qəhrəmanlıq və mübarizlik timsalının ziyarətgahına. Elə həmin gün Mübarizin təhsil aldığı məktəbdən ayrılıb onların evinə getdik. Biz də "Azərbaycan müəllimi" qəzetinin redaktoru və kollektivi adından belə vətənpərvər, qeyrətli oğul böyüdüb tərbiyə etdiklərinə görə atası Ağakərim kişiyə, anası Şamama xalaya, qardaşları Bəhruz və Rəşada səmimi-qəlbdən minnətdarlıq etdik. Sonra Ağakərim kişi həyətdə Mübarizin özünün düzəltdiyi, məşqlər etdiyi turniki, ştanqı, boks əlcəyini bizə göstərdi. Bizi geniş həyətin baş hissəsində müxtəlif şəkilləri, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət böyük guşə ilə tanış etdi. Birlikdə həyətdə düzülmüş oturacaqlardan birində onunla üz-üzə əyləşib Mübarizin uşaqlıq və gənclik illərindən bəhs edən xatirələrini dinlədik:

- Mübariz sonbeşiyimiz olduğundan onu çox istəyirdik. O, 12-13 yaşlarından idmanla məşğul olmağa başlamışdı. Məktəbdə də pis oxumurdu. Bizim ailə dindar olduğundan o da namaz qılırdı. Halallığı, düzlüyü çox sevirdi. Ordu sıralarında qulluq edib hərdən evimizə gələndə aramızda vətənpərvərlik mövzusunda söhbət edərdik. Son dəfə məzuniyyətə gələndə mübahisəmiz düşdü. Deyirdi ki, mən gedib ermənilərin bizim torpaqlarda yerləşən texnikasını partladacam, əsgərlərini öldürəcəm. Ona cavab verdim ki, ay oğul, axı bu günahdır. İcazəsiz belə iş görmə, özünü qoru. Axı sən vətəni məndən çox sevməyəcəksən ki? Mübariz isə əsəbi halda mənə cavab verdi ki, məgər ermənilərin Xocalıda törətdikləri o qırğınlar günah deyildimi? Bu qədər soydaşlarımızı yurdsuz-yuvasız qoymaları günah deyildimi?..

Mübariz bu hərəkətləri ilə, vətən yolunda ölümə getməsi ilə mənə sübut etdi ki, o, vətəni məndən çox sevirmiş... O, mənə qalib gəldi...

Bu hadisədən bir gün əvvəl isə evimizə zəng etmişdi. Mənimlə az danışdı. Anası ilə isə bir xeyli söhbət etdi. Dedi ki, qardaşlarımı evləndirin. Hər şey yaxşı olacaq. Məndən nigaran qalmayın. Onun bu sözlərindən sonra anasının gözləri yol çəkirdi. Özünü çox narahat hiss edirdi. Elə bil ürəyinə nə isə dammışdı... Səhəri gün bu xəbəri eşitdik...

Ağakərim kişi də bir qədər kədərlənmişdi. Amma o, özünü ələ alıb nə isə demək istəyirdi ki, qapıda yeni ziyarətə gələnləri görüb ayağa qalxdı. Qonaqları mehribanlıqla qarşılayıb içəri dəvət etdi.

Bura ziyarətə gələn insanların təsəlli sözlərinə ata və ananın yalnız bir cavabı olurdu... Təki Vətən sağ olsun!..

Elə Mübariz də Vətənin yaşamasını özünün bir ömür yaşamaq şirinliyindən üstün tutub canından keçdi. Onun qəhrəmanlığı gənclərimiz üçün bir örnək olacaqdır.

Bəli, belə Mübarizləri olan Vətən isə heç zaman basılmayacaq. Mübarizin yüksəldiyi şəhidlik zirvəsi, Milli Qəhrəman adı həmişə uca tutulacaq. 

Ədalət DAŞDƏMİRLİ,
Bakı-Biləsuvar-Bakı

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - 40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov