Süleyman Rüstəmin "Təbrizim" şeirinin tədrisi
kontekstində
Qədim və zəngin tarixi olan Azərbaycanın ikiyə
bölünməsi xalqımızın bədii mədəniyyətinin
milli-bəşəri və dünyəvi dəyərlər əsasında
zənginləşməsinə heç də əks-təsir göstərməyib.
Ədəbi-tarixi ənənələrə söykənən söz sənətimizdə
yüksək mənəvi-əxlaqi dəyərlər, bədii-estetik
ideyalar yenə də ədəbiyyatımızın təsvir və
təbliğ etdiyi mövzulara çevrildi.
Bu baxımdan Şimali Azərbaycanda yaranan
ədəbiyyat o tay Azərbaycan həyatından bəhs edən
əsərlərlə daha da zənginləşmişdir.
M.F.Axundzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə,
C.Cabbarlı, M.S.Ordubadi, M.İbrahimov, S.Rəhimov
və başqalarının yaradıcılığında Cənubi
Azərbaycanda yaşayan soydaşlarımızın həyatı,
mübarizəsi, həyat tərzi və s. məsələləri əks
etdirən müxtəlif janrlı əsərlər böyük
tarixi-ictimai, ədəbi-mədəni və bəşəri əhəmiyyət
kəsb edir. Bu baxımdan xalq şairi Süleyman
Rüstəmin Cənub mövzulu şeirləri diqqəti cəlb
edir. Bu əsərlər sırasında "Təbrizim" şeiri
vətənpərvərlik duyğusunun vüsəti, vətəndaşlıq
motivlərinin poetik-fəlsəfi ifadə zənginliyi ilə
daha kütləviləşmişdir.
Bu əbəbiyaşar şeir nümunəsinin ideya məzmununun
mənimsədilməsində, tarixi-ədəbi dəyərinin
aşılanmasında müasir təlim üsullarından istifadə
daha effektli təlimi-tərbiyəvi nəticələr
qazanmağa imkan verir.
S.Rüstəmin "Təbrizim" şeirinin təhlili
mövzusunun tədrisi məqsədini aşağıdakı məzmunda
müəyyənləşdirirəm:
- "Təbrizim" şeirinin ideya-məzmununun
mənimsədilməsi;
- Şagirdlərdə vətənpərvərlik hisslərinin
inkişaf etdirilməsi;
- Şagirdlərdə əsər barədə mustəqil, əsasl
andırılmış fikir söyləmək bacarığının inkişaf
etdirilməsi;
- Şagirdlərin bədii-estetik zövqünün
zənginləşdirilməsi;
- Məntiqi və yaradıcı təfəkkürün inkişaf
etdirilməsi.
Fərdi iş, qruplarla iş, müəllimin izahı, əqli
hücum,Venn diaqramı, klasster üsulunu iş forması
və iş növləri kimi seçirəm.
IX sinif üçün dərslik, şeir yazılmış disk,
sənətkarın və Təbrizin şəkilləri dərsin əyani və
maraqlı keçməsi üçün hazırlanır.
Dərketməyə yönəltmə mərhələsində ev tapşırığı
yoxlanılır, şagirdlərin S.Rüstəm haqqında
biliklərini aşkara çıxarmaq məqsədilə qısa
frontal sorğu aparıram:
S.Rüstəm özünün uşaqlıq və təhsil illərini necə
xatırlayır?
Onun ilk şeirlər kitabı necə adlanır?
Buradakı əsərləri necə səciyyələndirmək olar?
Şair daha çox hansı mövzularda əsərlər
yazmışdır?
İkinci Dünya müharibəsi illərində o, hansı sənət
nümunələrini yaratmışdır?
Şair Cənub mövzusunda hansı əsərləri yazmışdır?
Suallara cavablar aldıqdan sonra dərketmə
mərhələsində şeirin məzmunu ilə bağlı qruplara
kartoçkalar paylayıram.
1. Şair Təbrizə gəlişini necə təsvir edir?
Təbriz onu necə qarşılayır?
2. Əsərdə Təbrizin gözəlliyi necə təsvir edilib?
Təbrizin kədərindən necə söz açılır?
3. Xalqımızın qəhrəmanlığı, vətənpərvərliyi
hansı misralarda əks olunub? "Cəllada, yada baş
əymə" dedikdə şair kimi nəzərdə tutur?
4. Hansı misralarda ayrılıq, həsrət motivləri
daha güclüdür? Şeirdə hansı tarixi şəxsiyyət
xatırlanır? Səttarxan haqqında nə deyilir?
Hər bir komanda suala ətraflı cavab verməyə
çalışır. Qeyd edilir ki, şair Azərbaycanın
qədim mədəniyyət ocağı olan Təbrizi
şəxsləndirib, ona canlı bir varlıq kimi müraciət
edir. Bir qardaş kimi onun bayramına qonaq
gəldiyini bildirir. Burada duz-çörək,
gül-çiçəklə qarşılanması şairin qəlbini fərəh
hissi ilə doldurur. Lakin bu görüş nə qədər
fərəhli olsa da, şairin ürəyini açmır. Başı
dumanlı Təbrizin halı onu məyus edir. O, ayrı
düşmüş qardaş kimi qəmlidir, bu yurdun dərdləri
ilə tanış olmaq istəyir. Təbrizin düşdüyü
vəziyyət şairin dərdlərini təzələyir, könlündə
yeni duyğular baş qaldırır. O, "şairlər yurdu",
"saysız qəhrəmanlar" məskəni olduğunu Təbrizə
xatırladır, yolunda canını qurban vermiş
igidləri yada salıb, onu cəllada baş əyməməyə
çağırır. Səttarxanın yolundan dönməmək üçün
"dalğalanmağın" və "alovlanmağın" zəruri
olduğunu söyləyir. "Söyüdlərin kölgəsində"
"babalardan öyüdlər" dinləyənlərin damarlarında
coşan qan şairi fərəhləndirir. Şeirdə Təbrizin
düşdüyü dözülməz halı vermək üçün şair bədii
suallardan, xitablardan məharətlə istifadə edir.
Şagird təfəkkürünü inkişaf etdirmək,
ideya-məzmunu aşkarlamaq üçün aşağıdakı tədqiqat
sualları verilir:
Əsərdə hansı problem ön plana çəkilmişdir?
Əsərdə təsvir olunanlar bu gün nə dərəcədə
əhəmiyyətlidir? Əsərin əsas ideyası nədir?
Şagirdlər mövqelərini açıqlayırlar. Fərqli
fikirlər dinlənilir, qeyd
edilir.
Tədqiqat sualını aydınlaşdırmaq və tam dolğun
cavab üçün düşünmə mərhələsində komandalara
yenidən kartoçkalar paylayıram.
1. Şeirin Təbrizə müraciət şəklində yazılması nə
ilə əlaqədardır? Təbriz əsərdə nəyin timsalıdır?
2. Əsərin lirik qəhrəmanı kimdir? İlk dəfə
Təbrizə gələndə o, hansı hissləri keçirir?
3. Şeirdə ayrılıqdan, həsrətdən söz açılması nə
ilə əlaqədardır? Bununla şair hansı tarixi
faciəni xatırladır? Mətnaltı mənaları
müəyyənləşdirib izah edin.
4. Əsərdə xalqımızın hansı arzusu öz əksini
tapıb? Şairin əsərdə bədii suallara böyük yer
verməsi nə ilə əlaqədardır? Şeirdəki yüksək
bədiiliyə, obrazlılığa müəllif necə nail
olmuşdur? Bunu nümunələr əsasında
aydınlaşdırın.
Komandalar suallar ətrafında fikir mübadiləsi
aparır və düşüncələrini açıqlayırlar. Bəzən
digər komandaların üzvləri müdaxilə edərək öz
fikirlərini söyləyirlər. Bu suallara cavablar
aldıqdan sonra Yaqub Zurufçunun "Ayrılıq"
mahnısının klipi göstərilir. Hər iki tərəfin
həsrəti klipdə görünür. Sinfə sualla müraciət
edirəm:
Bu klipdə biz nəyi müşahidə etdik?
Bu ayrılıq nə zamandan başlanıb? Buna səbəb
nədir?
Şagirdlərin yığcam cavablarını dinlədikdən sonra
növbəti mərhələdə mövzu üzrə esse yazmağı
tapşırıram: "Siz əvvəlki siniflərdə ədəbiyyat
dərslərində öyrəndiyiniz əsərlərdən, tarix
dərslərindən bilirsiniz ki, XIX əsrdə Vətənimiz
güclü, məkrli düşmənlərin işğalına məruz qalmış,
2 yerə parçalanmışdır. "Təbrizim" şeirində həmin
tarixi faciənin xalqımızın taleyinə vurduğu ağır
zərbələrdən söz açılır. Bu əsərdə şair bütöv
Vətən, birləşmiş Azərbaycan arzusunu necə əks
etdirmişdir? Bu arzuya siz nə əlavə edərdiniz?"
Yazılan esselər öz məzmunu ilə maraq doğurur.
"Əlçatmaz" komandası: "Bu əsərdə şair bütöv
Vətən, birləşmiş Azərbaycan arzusunu bütün qəlbi
ilə duyaraq dilə gətirir". "Can necə yaşasın
bədəndən ayrı"- deyərək birliyin, vahidliyin
əhəmiyyətini vurğulayır, xalqı birləşmək üçün
ayağa qalxmağa səsləyir...
"Məğlubedilməz" komandası: "Ümumiyyətlə, XIX əsr
Azərbaycan xalqının tarixinə ən uğursuz
səhifələr kimi düşmüşdür. S.Rüstəm şeirdə
Azərbaycanın döyünən ürəyi olan Təbrizin başına
gələn faciələrdən söz açır. Belə ki, vətənin
ikiyə bölünməsilə Azərbaycanın başını qara
buludlar alır. Şair əsərdə vahid bir ölkənin -
iki qardaşın bir-birindən ayrı düşməsini
çəməndən ayrı düşən bülbülün zar-zar ağlaması
ilə müqayisə edir. Şair misraların birində belə
deyir:"Nədir qəlbindəki payızlar, qışlar?"
"Zəka" komandası: Bütöv Vətən, bütöv Azərbaycan
biz gənclərin də ən böyük arzusudur.
Həmyaşıdlarımıza müraciət edərək deyirik ki,
gəlin, vahidliyimiz uğrunda mübarizə aparaq.
"Mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə
çıxar qaranlıqlar aydınlığa?!" - fikri bizim
şüarımız olsun. Gəlin, babalarımızdan bizə
yadigar qalan Azərbaycan naminə, başımız
üzərində dalğalanan azadlıq günəşi olan
bayrağımız naminə birləşək.
"Birlik" komandası: Azərbaycan 1813-cü ildə
Gülüstan və 1828-ci ildən Türkmənçay
müqavilələri ilə 2 yerə parçalanmışdı. Eynəkli
cənablarla təsbehli ağalar başqasının torpağını,
vətənini 2 yerə parçaladılar, sanki öz
torpaqlarını bölürdülər. Həqiqətən də, bu
ədalətsiz və insafsız bölünmə xalqımızın
tarixində faciəli olmuşdur, Arazı dərd çayına
çevirmişdir. Bu mövzu da şairlərin, yazıçıların
çoxlu əsərlər yazmasına səbəb olmuşdur.
Bunlardan biri olan "Təbrizim"şeiri vüsal və
birlik mahnısıdır. Onun həsrət üzərində
köklənmiş hər misrasında ümid var, arzusunda
olduğu xoşbəxt günlərin tərənnümü var.
Komandalara daha bir tapşırıq verirəm: "Venn
diaqramından istifadə edərək S.Rüstəmin
"Təbrizim" şeirini B.Vahabzadənin "Gülüstan"
poeması və Səhəndin "Fədailər marşı" şeiri ilə
müqayisə edərək oxşar və fərqli xüsusiyyətləri
müəyyənləşdirin.
Qazanılmış biliklərin müzakirəsinin səmərəli
olması üçün yardımçı suallarla şagirdlərə
müraciət edirəm:
S.Rüstəmin bu mövzuda şeir yazmasının səbəbini
necə izah edərsiniz?
Şair Təbrizin gözəlliyini təsvir edə
bilmişdirmi?
Bu əsər sizdə Vətənimizin keçmişi, bu günü və
gələcəyi barədə hansı hisslər yaratdı?
Bütün fikirlər diqqətlə dinlənildikdən sonra
nəticə çıxarılır.
Komandalar bütün mərhələlər üzrə cədvəldə qeyd
edilərək əyani şəkildə qiymətləndirilir. Qalib
komanda və ən orijinal cavablar, ən fəal
şagirdlər xüsusi qeyd edilir.
Evdə "Təbrizim" şeirindəki bədii təsvir və ifadə
vasitələrini müəyyənləşdirib, ədəbiyyat
dəftərinə qeyd etməyi tapşırıram.
Nailə ƏLİYEVA,
Bakıdakı X.Quliyev adına 62 nömrəli
məktəb-liseyin Azərbaycan
dili və ədəbiyyat müəllimi |