Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

29 Oktyabr 2010 - �42

 

Ali təhsil sistemində novatorluq.
Bakı Slavyan Universitetinin ali və orta təhsilin koordinasiyası istiqamətində layihələrinə dəstək verilir

Bookmark and Share

Ölkəmizin müstəqillik dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən biri də təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələridir. Hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyevin dahi uzaqgörənliyi ilə düşünülmüş üçmərhələli İslahat Proqramının icrası bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin ciddi dəstəyi və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın yaxından iştirakı sayəsində davam etdirilməkdədir. Bir təhsil işçisi kimi mübaliğəsiz deyə bilərəm ki, təhsil sahəsindəki sistemli və ardıcıl layihə və yeniliklərin icrası hörmətli nazirimiz Misir Mərdanov başda olmaqla təhsil ictimaiyyəti tərəfindən yaradıcı və şüurlu şəkildə dərk və qəbul edilir, atılan addımlar ciddi müzakirə və mübahisələrin nəticəsi kimi ortaya çıxır. Təsadüfi deyil ki, digər sahələrdə olduğu kimi, təhsildə qazandığımız uğurlara görə biz bu gün ölkəmizlə eyni şəraitdə və eyni zamanda sovetlər birliyindən çıxmış respublikaların əksəriyyətini qabaqlayırıq; həyata keçməkdə və son icra mərhələsində olan İslahat Proqramımız çoxlarını maraqlandırır, bu sahədə Azərbaycan təcrübəsinə istinad halları artır. Xarici universitetlər və digər təhsil müəssisələri ilə əlaqələrimiz, müxtəlif beynəlxalq layihələrdə birbaşa iştirakımız bunu cəsarətlə deməyə əsas verir. Başlıcası odur ki, axtarışlarımızın və dünya təhsil məkanına qovuşma cəhdlərimizin bəhrəsini dadmaqda, başladığımız işləri qorxmadan və israrla yerinə yetirməkdəyik. Həm orta, həm ali, həm də digər təhsil pillələrində və təhsilə yardımçı sahələrdə reallaşmaqda olan proqram və layihələr ölkə reallıqlarına  söykənir, varislik, ardıcıllıq, elmilik, millilik, dünyəvilik və s. prinsiplər əsas götürülür.

Ötən yüzilliyin 70-80-ci illərində reallaşdırılmış Azərbaycandan kənarda təhsil proqramı bu gün eyni niyyəti daha əzmlə və inadla həyata keçirməyimizə inam yaratdığı üçün indi həmin təcrübəyə söykənməkdən qorxmuruq. Bu, ölkənin və xalqın gələcəyi üçün olduqca vacib məsələdir. Təhsil islahatlarımızın ən ümdə cəhəti odur ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu təhsil sahəsində digər qanunvericilik aktlarının hazırlanması və təsdiqi üçün gözəl zəmin yaratmışdır. Ümidvarıq ki, bu proseslər daha çevik və təhsil sistemimizdə gedən yeniliklərin tempi ilə ayaqlaşma rejimində həyata keçiriləcək, təhsil sahəsində Prezident və hökumətin verdiyi sərəncamların işlək mexanizmə çevrilməsi üçün lazımi tədbirlər görüləcək.

Təhsildə əldə etdiyimiz nailiyyətlərdə, şübhəsiz ki, ölkəmizin aparıcı universitetlərinin özünəməxsus yeri var. Universitetlərimizin əsl təhsil, mədəniyyət, ictimai və siyasi debatlar mərkəzinə çevrilməsi, iqtisadi cəhətdən sərbəst fəaliyyəti, xüsusən də xarici əlaqələrin qurulması və müştərək beynəlxalq təhsil layihələrində iştirakı, Boloniya sisteminə keçidlə bağlı yeniliklərin qəbulu və tətbiqi Avropa təhsil məkanına sürətlə qovuşmağımıza şərait yaratdı. Ölkə Prezidentinin 2009-2013-cü illərdə ali təhsil sisteminin inkişafı ilə bağlı imzaladığı sərəncam universitetlərimizin daha möhkəm maddi-texniki və tədris-təlim bazası yaratmaq, təsərrüfathesablı qurumlar təsis etmək və büdcədənkənar vəsaitlər əldə etmək imkanlarını genişləndirir. Dövlətin təhsil siyasətindən qədərincə yararlanmaq və profilinə uyğun genişlənmək şansını buraxmamaq isə, ilk növbədə, hər bir universitetin öz əlindədir. Adambaşına maliyyələşmə prinsipinə keçid də özünüqoruma instinkti qazanmağa vadar edir. Gənclərimizin xaricdə təhsilə üstünlük verməsi və məsafədən (distant) təhsil formasının genişlənməsi də universitet rəhbərlərini öz cari və perspektiv inkişaf planları barədə baş sındırmağa çağırır. Artıq təkcə daxili təhsil məkanında yox, həm də xarici universitetlərlə rəqabət şəraitində çalışmaq zorundayıq. 

Bu cəhətdən Bakı Slavyan Universitetinin fəaliyyəti xüsusi maraq doğurur. Bu qabaqcıl tədris ocağının ali təhsil sahəsində əldə etdiyi uğurlar ümummilli liderin sərəncamı ilə keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun profili genişləndirilməklə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, xalqımızın görkəmli ziyalısı, professor Kamal Abdullayevin rəhbərliyi altında universitet kimi fəaliyyəti ilə bağlıdır. Yalnız bir ixtisas - respublikanın orta məktəbləri üçün rus dili və ədəbiyyat müəllimi hazırlığı ilə məşğul olmuş bu ali məktəb hazırda bakalavriat və magistratura pillələrində bütün slavyan dilləri, türkologiya, jurnalistika, filologiya, beynəlxalq münasibətlər, tərcümə, regionşünaslıq, turizm və otelçilik, pedaqoji kadr hazırlığı  və s. istiqamətlərdə ciddi fəaliyyət göstərməklə ölkə daxilində və beynəlxalq səviyyədə xüsusilə seçilir. Universitetdə fəaliyyət göstərən elmi tədqiqat laboratoriyaları və tədris-mədəniyyət mərkəzləri, mütəmadi keçirilən beynəlxalq elmi konfrans və simpoziumlar, ölkə əhəmiyyətli və beynəlxalq statuslu elm, mədəniyyət və təhsil layihələri Bakı Slavyan Universiteti həcmində bir ali məktəbin öz çiyinlərinə nə qədər ağır yük götürdüyünü, lakin bu işlərə böyük sevgi və istəklə başladığını, təhsil ocağının rəhbəri tərəfindən irəli sürülən olduqca əhəmiyyətli ideya və layihələrin  həyata keçirilməsinə kollektivin hər bir üzvünün canla-başla qoşulduğunu sübut edir. Bu baxımdan, təkcə iki-üç layihənin adını çəkmək kifayət edər: ölkə Prezidentinin sərəncamı ilə həyata keçirilən 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" layihəsinə kuratorluq, "Filoloqun kitabxanası - 100" tərcümə və nəşr layihəsi, Almaniyanın aparıcı universitetləri ilə müştərək reallaşdırılan "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar nəğməsi" mövzusunda beşillik araşdırmalar, dünyanın böyük paytaxtları və nüfuzlu universitetlərində yaradılan Azərbaycan dili və mədəniyyəti mərkəzləri və s.

Niyyətimiz onillik yubileyini qeyd etmək ərəfəsində olan universitetin orta təhsil pilləsi ilə əlaqələrinə də geniş nəzər yetirməkdir. Nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksinin inkişafı və genişləndirilməsi yönümündə  səylər, respublikamızın ayrı-ayrı bölgələrində sığınacaq tapmış qaçqın məktəblərinə hamilik, Bakının mərkəzi və qocaman təhsil ocağı - 190 nömrəli orta məktəbdə ölkəmizin təhsil sistemində və təhsilimizin tarixində analoqu olmayan Ali və orta təhsilin koordinasiyası kafedrasının yaradılması, orta ümumtəhsil müəssisələri üçün fənn kurikulumları, proqram və dərsliklər hazırlanmasında yaxından iştirak, orta məktəblərimiz üçün mütəxəssis hazırlığının ən vacib mərhələsi hesab edilən pedaqoji təcrübənin ən yüksək səviyyədə təşkili, universitetin ilk və əsas ixtisası - rus dili və ədəbiyyatı müəllimi ixtisasının qorunub saxlanılması istiqamətində mütəmadi keçirilən elmi-metodiki, elmi-praktik konfranslar, seminar-treninqlər, məktəb müəllimlərinə metodiki dəstəyə və ictimai fikirdə rus dilinə adekvat münasibətin formalaşmasına xidmət edən "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının yüksək səviyyədə nəşri, nəticədə rus dilinin buraxılış və qəbul imtahanlarına salınması, orta məktəblərdə səmərəli və geniş tədrisi  yönümündə səylər - BSU-nun orta təhsil pilləsinə verdiyi önəmi bariz şəkildə göstərir. Bu istiqamətdə reallaşan layihələri davam etdirmək məqsədilə universitetdə Orta təhsil problemləri üzrə elmi-metodik mərkəzin təsis edilməsi də maraqla qarşılanır.

Məlumdur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qabiliyyətli və istedadlı uşaqların üzə çıxarılması ilə bağlı "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nı həyata keçirir. Bu proqramla aparıcı universitetlərimizin üzərinə böyük öhdəliklər qoyulur. Ən başlıcası odur ki, universitetlərin maddi-texniki və tədris bazasından, kadr potensialından istifadə etməklə qabiliyyətli və istedadlı uşaqlar üçün onların nəzdində lisey və gimnaziyaların təşkili vəzifəsi qarşıya qoyulub. BSU ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər, Qərb və Qafqaz universitetləri öz potensiallarını həm də bu istiqamətə yönəldə və müvafiq Prezident sərəncamından irəli gələn tələblərə uyğun fəaliyyətə də imkan tapa bildilər. Təbii ki, bu tipli məktəblərdə uşaqların təhsilinin dövlət vəsaiti hesabına təşkili daha səmərəli və arzuediləndir. Digər tərəfdən, təhsil qanunvericiliyinə və universitet təsərrüfatına uyğun olaraq müəyyən ödənişli təhsil xidmətləri göstərməklə ciddi nəticələr əldə etmək mümkündür.

Bakı Slavyan Universiteti orta təhsil pilləsində fəaliyyət sahəsində pionerliyə məxsus ali məktəbdir. Bu cəhətdən onun fəaliyyəti respublikanın pedaqoji ictimaiyyətinin, dövlət, hökumət və mətbuat orqanlarının, ictimai qurumların nəzərindən kənarda qala bilməzdi. İlk dəfə şəhər, respublika və beynəlxalq miqyasda şagird və şagird-tələbə elmi konfranslarına təsisçilik, ən əsası da qaçqın məktəblərində oxuyan istedadlı uşaqların bu tədbirlərə cəlb edilməsi və universitetin professor-müəllim heyəti tərəfindən hazırlaşdırılması əsl örnək və qürur yeri kimi dəyərləndirilə bilər. Respublikamızın ən qabaqcıl orta məktəb və liseylərində yaradılan kiçik "Elmlər akademiyalar"ı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xətti ilə keçirilən şagird elmi konfranslarına şəxsən hörmətli nazirimizin özünün birbaşa maraq və dəstəyi orta təhsil şəbəkəsində bu hərəkatın daha da genişlənəcəyinə və aparıcı universitetlərimizin qoşulduğu bu işin qabiliyyətli və istedadlı uşaqların düzgün yönəldilməsi və formalaşdırılması üçün mühüm vasitə olacağına inamı artırır.

Təhsil Nazirliyinin əmri və Nazirlər Kabinetinin razılığı ilə Bakı şəhər 15 nömrəli məktəbin BSU nəzdindəki liseyə birləşdirilməsi və Məktəb-lisey kompleksinin təşkili universitetə olan inamın təzahürüdür. Yeni tipli orta təhsil müəssisəsi kimi universitet nəzdində uğurla fəaliyyət göstərən lisey kollektivinin və professor-müəllim heyətinin üzərinə ciddi öhdəliklər qoyuldu: məktəbin şagird kontingentinin, ilk növbədə, istedadlı uşaqların günün tələbləri səviyyəsində təhsilinə yardım göstərmək, onların ali məktəblərə qəbulu, bilik yarışlarında və ictimai işlərdə fəal iştirakı, şagirdlərin xarici dillərə səlis yiyələnməsi, kompleksin universitetin baza məktəbi kimi formalaşması, onun profilinə uyğun abituriyent hazırlığı, ümumiyyətlə, məktəbli gənclərin peşə seçimi yönümündə müntəzəm işlərin görülməsi  və s.

Qısa müddət ərzində tədris korpusunun təmiri və onun ətrafının abadlaşdırılması, şagird və müəllimlərin rəğbətləndirilməsi mexanizminin işlənilməsi, yuxarı sinif şagirdlərinin, eləcə də tədris materiallarını mənimsəməkdə çətinlik çəkən uşaqların hazırlıq və dil kurslarına cəlb edilməsi, idman bölmələri, yaradıcılıq studiyaları və dərnəklərdəki canlanma, bir-birindən maraqlı ədəbi-musiqili gecə və görüşlər, tədris prosesində professor-müəllim heyətinin iştirakı, Məktəb-lisey kompleksinin müəllim və şagird heyətinin universitet tədbirlərinə fəal qoşulması, şagird-valideyn-müəllim münasibətlərinin nizamlanması və s. tədbirlər bəhrəsini verməkdədir. Ən başlıcası odur ki, Məktəb-lisey kompleksinin Şagird parlamenti, Şagird elmi cəmiyyəti və valideyn komitələri görülən işlərdə yaxından iştirak edir. Hazırda orta məktəblərimiz üçün ən ciddi problem - kütləvi repetitorluğun yaratdığı fəsadların aradan qaldırılması istiqamətində ciddi səylər göstərilir. Yuxarı sinif şagirdləri üçün ali məktəblərə hazırlıq kursları, IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş test imtahanlarına hazırlıqla bağlı məsləhət saatları, bütün məktəb-lisey siniflərini əhatə edən günüuzadılmış qruplarda zəif  və yetirməyən şagirdlərlə məşğələlər, bilik və idman yarışlarına hazırlıqla əlaqədar dərnək və bölmələr, ingilis dili ilə yanaşı ikinci xarici dili (rus, alman, fransız) öyrənmək istəyənlər üçün kurslar, növbəti dərs ilində məktəb və lisey siniflərində oxumaq istəyənlər üçün hazırlıq saatları bu gün hər bir orta təhsil müəssisəsinin iş rejimini pozan, imicinə xələl gətirən və ölkədə gedən təhsil islahatlarına kölgə salan çatışmazlıq və maneələri aradan qaldırmaq yolunda atılan addımlardır. Universitet rektorunun təşəbbüsü ilə aparıcı professor və müəllimlərin sinif otaqlarına dəvət olunması, onların elmi işlə məşğul olan şagirdlərə rəhbərlik etməsi, ayrı-ayrı fənlər üzrə ekspertlər (TQDK-dan) və dərslik müəllifləri ilə görüşlər bütövlükdə yuxarı sinif şagirdləri və onların valideynləri arasında yaranmış narahatçılığın aradan qaldırılmasına, orta məktəb müəlliminə inamın bərpasına xidmət edən amillərdir. BSU-da Tələbə Gənclər Təşkilatının və tələbələrdən ibarət Kölgə kabinetinin fəal iştirakı ilə ənənəvi olaraq keçirilən "Bir günlük xəlif" tədbirinə Məktəb-lisey kompleksi Şagird parlamenti üzvlərinin cəlb olunması böyük maraq doğurur. Bu tədbirin peşəyönümlü əhəmiyyəti də var. Çünki ali məktəblərə pedaqoji ixtisaslara təbii seçimlə, yəni öz arzusu ilə getmək istəyən abituriyentlər çox deyil. Müəllim peşəsini seçən istedadlı uşaqlara ara-sıra təsadüf edilir. IX-XI sinif şagirdlərinə məktəb rəhbərliyini və fənn müəllimlərinin işini bir günlük də olsa həvalə etməyin səmərə və əhəmiyyətini yalnız bu tədbiri izləyən müəllim və valideynlər adekvat şəkildə izah edə bilərlər. Çox təəssüf ki, nədənsə keçən il BSU liseyindəki "Bir günlük xəlif" tədbirini işıqlandırmaqdan respublika mətbuatı çəkindi. Zaman dəyişsə də, böyüklərin uşaqlar barədə təsəvvürləri dəyişmir. Mətbuatımız üçün hər şey maraqlıdır, amma uşaqlarımızı tərifləmək və rəğbətləndirməyə gəlincə, hamı bunu artıq hesab edir. Hələ də sovet düşüncə tərzindən və köhnə stereotiplərdən azad ola bilmirik.

Universitetimizin nəzdindəki Məktəb-lisey kompleksinin ən başlıca vəzifəsi hər bir şagirdə fərdi yanaşma prinsipinə əməl etməkdən, şagird-müəllim-valideyn münasibətlərini qorumaq və səyləri birləşdirməkdən, valideyni təlim-tərbiyə prosesinin birbaşa iştirakçısına çevirməkdən,  tədris prosesində İKT-nin sıx tətbiqinə nail olmaqdan, şagirdlərə mütaliə, nitq və səhnə vərdişləri aşılamaqdan, onlarda milli və bəşəri dəyərlərə hörmət hissi tərbiyə etməkdən, gənclərimizi yaxşı insan, gözəl övlad  və vətəndaş kimi yetişdirməkdən ibarətdir. Fənn müəllimləri və tədrisə yardımçı heyətin mütəmadi olaraq ixtisasartırmaya, seminar-treninqlərə, təcrübə mübadiləsinə cəlb edilməsi də vacib şərtdir.

Ölkəmizin aparıcı ali məktəblərindən olan BSU-da Məktəb-lisey kompleksinin təşkili, Təhsil Nazirliyi və hökumətimiz tərəfindən universitet kollektivinə böyük etimad göstərilməsi və ciddi vəzifənin həvalə edilməsi, doğrudan da, ali təhsil sistemində novatorluq kimi dəyərləndirilməlidir. Bu, dünyada geniş yayılmış təcrübə olsa da, Azərbaycan təhsili üçün yenilikdir. BSU dünyanın bir sıra məşhur universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayarkən tərəfdaşlarımız liseylər səviyyəsində əlaqələrə də böyük önəm verir. Moskva Dövlət Linqvistik Universitetinin "Linqvist" liseyi, Türkiyənin Qazi Universitetinin liseyi ilə əlaqələrimiz dünya və Avropa təhsil məkanına inteqrasiyanın kiçik həlqələri olsa belə, olduqca maraqlı görünür. Bu günlərdə BSU və Qazi Universitetlərinin xalq şairi B.Vahabzadənin yaradıcılığına həsr olunmuş beynəlxalq konfransda Məktəb-lisey kompleksi şagird və müəllimlərinin iştirakı, onların dünya şöhrətli alimlərin ustad dərslərinin iştirakçılarına çevrilməsi böyük maraq doğurdu.

Bir sözlə, ali təhsil sistemimiz üçün bu yenilik ölkənin orta təhsil müəssisələri, xüsusən də qaçqın məktəbləri ilə sıx əməkdaşlığa malik BSU-nun 10 illik yubileyinə təsadüf edir. Bu, Məktəb-lisey kompleksində çalışan müəllim və tərbiyəçilərin də üzərinə böyük məsuliyyət qoyduğundan göstərilən etimada layiqincə cavab verməyə çalışacağıq.    

Telman CƏFƏROV,
filologiya elmləri doktoru, professor,
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin direktoru

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

29 Oktyabr 2010 - �42

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarının elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında "Azərbaycan  haqqında nə bilirəm" mövzusunda müsabiqənin keçirilməsi haqqında qərar
 
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası
 
Kollegiya iclasında ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət müzakirə olundu
 
Təlimlərdə yüksək nəticə göstərmiş 15 məktəb direktoruna sertifikat verildi
 
Oktyabrın 26-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kurslarının açılışı olub
 
Veteran müəllimlərin çağırışçı gənclərlə görüşü
 
Bakıda "İtalyan dili həftəsi"
 
Yeni məktəblərimiz
 
Səbail rayonundakı 130 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
 
Ankaradakı Bilkənd Universitetində BMT gününə həsr olunmuş tədbirdə Azərbaycan guşəsi açılıb
 
NDU-da elmi konfrans keçirildi
 
Qaraqoyunlu dövlətinin 600 illiyinə həsr olunmuş konfrans
 
ATU-da  Virtual  Layihə - Texnoloji Tədris  Mərkəzi açılıb
 
Azərbaycan alimi Ümumdünya Fəlsəfə Forumundan qayıdıb
 
Birinci kurs tələbələri ilə görüş
 
İbtidai təhsil pilləsində qiymətləndirmənin aparılması barədə
 
Bakı Slavyan Universitetində iki beynəlxalq tədbir keçirilib
 
Ali təhsil sistemində novatorluq. Bakı Slavyan Universitetinin ali və orta təhsilin koordinasiyası istiqamətində layihələrinə dəstək verilir
 
18 nömrəli Bakı Peşə Liseyində təhsilalanların "Tələbə Parlamenti" yaradıldı
 
"Cəlil Məmmədquluzadə" kitabı Ukraynada nəşr olunub
 
"Mavi planet, dünya və ekoloji sfera"
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Balacaların "Payız" tədbiri
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov