Naxçıvan
Dövlət Universitetinin rektoru, akademik İsa
Həbibbəyli görkəmli Azərbaycan yazıçısı Cəlil
Məmmədquluzadənin həyatı və yaradıcılığının
tədqiqi və təbliği, böyük demokrat ədibin
əsərlərinin nəşri sahəsində ardıcıl və səmərəli
iş aparır. Onun tədqiqatlarının əhatə dairəsi
genişlənməkdə davam edir. Akademik İsa
Həbibbəylinin Cəlil Məmmədquluzadə haqqında
Azərbaycanla yanaşı Fransada, Rusiyada,
Türkiyədə, Misir Ərəb Respublikasında,
Bolqarıstanda, Pakistanda, İranda çap olunmuş
kitabları və məqalələri qüdrətli sənətkarın
beynəlxalq aləmdə tanıdılması baxımından
əhəmiyyətli olmuşdur.
Bu yaxınlarda akademik İsa Həbibbəylinin Cəlil
Məmmədquluzadəyə həsr edilmiş elmi əsərlərinin
coğrafiyasına daha bir ölkə də əlavə olunmuşdur.
Ukraynanın Sevastopol şəhərindəki "Delta"
nəşriyyatında rus dilində çapdan buraxılmış
"Cəlil Məmmədquluzadə" adlı tanıtma kitabı ilə
müəllif Azərbaycan ədəbiyyatının görkəmli
klassikini bu ölkənin ədəbi ictimaiyyətinə və
oxucularına təqdim etmişdir. Min nüsxə tirajla
çap olunan "Cəlil Məmmədquluzadə" kitabındakı
böyük ədibin həyatının və fəaliyyətinin müxtəlif
məqamlarını əks etdirən qiymətli fotoşəkillər
əsərin əyanilik imkanlarını daha da artırmışdır.
İnanırıq ki, yeni nəşr ukraynalı
ədəbiyyatşünaslar tərəfindən maraqla
qarşılanacaq, görkəmli dramaturq, publisist
Cəlil Məmmədquluzadə haqqında rus dilində
aparılacaq gələcək elmi tədqiqatlar üçün
qiymətli mənbə olacaq.
Mehriban SULTAN,
filologiya elmləri namizədi |