Azərbaycanın
Pakistandakı səfirliyindən AzərTAc-a
bildirmişlər ki, bu ölkənin nüfuzlu ingilisdilli
"Pakistan Observer" qəzetinin 4 noyabr tarixli
nömrəsində Heydər Əliyev Fondu ilə bağlı geniş
məqalə dərc edilmişdir.
Məqalədə Heydər Əliyev Fondunun məqsədi,
fəaliyyəti, Fondun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva haqqında ətraflı
məlumat verilmişdir. Vurğulanmışdır ki, Mehriban
xanım Əliyevanın rəhbərliyi ilə Fond gündən-günə
inkişaf edir. Fəaliyyəti Azərbaycanın
tərəqqisinə yönəlmiş qurum ölkənin
mədəniyyətinin və tarixinin geniş təbliği üçün
layihələr həyata keçirir.
Qəzetdə, həmçinin, Fondun bir sıra
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
şəraitində müxtəlif sahələri əhatə edən və
cəmiyyəti düşündürən, Azərbaycan həqiqətlərinin
dünyada təbliğ olunmasına yönələn genişmiqyaslı
layihələr həyata keçirdiyi də xüsusi
vurğulanır.
Materialda Fondun təhsil, səhiyyə, mədəniyyət,
sosial, idman, elm və texnologiya, ekologiya və
s. sahələrdəki fəaliyyətinə də geniş yer
verilmişdir. Qurumun bir çox beynəlxalq
təşkilatlarla əməkdaşlıq edərək fəaliyyətini
təkcə Azərbaycan ilə məhdudlaşdırmadığı,
Pakistanda, bir sıra digər ölkələrdə layihələr
həyata keçirdiyi vurğulanmışdır.
2005-ci il oktyabrın 8-də Pakistanda çoxlu insan
tələfatına və böyük dağıntılara səbəb olmuş
zəlzələdən sonra Mehriban xanım Əliyevanın şəxsi
təşəbbüsü ilə Müzəffərabad şəhərinin Rara
ərazisində inşa olunmuş məktəb binası haqqında
məlumat verilən yazıda ölkəmiz tərəfindən edilən
yardımlar da yüksək qiymətləndirilir.
Məqalə ilə
www.pakobserver.net saytında tanış olmaq
olar.
AzərTAc |