YUNESKO-nun təşəbbüsü ilə 2002-ci ildən etibarən
hər il noyabr ayının üçüncü cümə axşamı Dünya
Fəlsəfə Günü kimi qeyd olunur. Noyabrın 18-də
qurumun əsas binasında Dünya Fəlsəfə Gününə həsr
olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir.
Əsas hissədən sonra konfrans öz işini müxtəlif
bölmələrdə davam etdirmişdir. "Əl-Fərabi və
Avropa intibahı" adlı bölmə əsasən Şərq aləminin
böyük filosofu Əbu Nəsr əl-Fərabinin
yaradıcılığına həsr edilmişdir. Bölmə iclasını
açan YUNESKO-nun baş direktorunun mədəniyyət
üzrə müavini Françesko Bandarin və Qazaxıstanın
təşkilat yanındakı daimi nümayəndəliyinin
rəhbəri, səfir Oljas Süleymenov dünya fəlsəfə
məktəbinin inkişafında xüsusi xidmətləri olmuş,
Şərq filosoflarının, o cümlədən qədim yunan
filosofu Aristotelin əsərlərinin tərcüməçisi,
islam fəlsəfəsinin əsasını qoymuş əl-Fərabinin
fəlsəfi fikrin formalaşmasında rolundan,
riyaziyyatçı, astronom, kimyaçı, musiqişünas
kimi fəaliyyətindən danışmışlar. Asiya və
Avropa qitələrinin müxtəlif ölkələrinin
tanınmış filosofları və alimləri əl-Fərabinin
yaradıcılığından bəhs edən məruzələrlə çıxış
etmişlər.
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru,
professor Nərgiz Paşayeva "Əl-Fərabi və varlığın
dualizmi" mövzusunda maraqlı məruzə ilə çıxış
etmişdir. Professor Nərgiz Paşayeva demişdir:
- Bu gün mühüm gündür
�
Dünya Fəlsəfə Günüdür. O, varlığın, yəni
Kainatın özünün mahiyyətinə həsr olunmuşdur.
Bugünkü iclasımız isə müəyyən mövzuya -
əl-Fərabiyə həsr olunmuşdur. Bu mövzu bir çox
cəhətdən vacibdir. Əvvələn, geniş yayılmış və
hamımıza tanış olan bir mövzudur: əl-Fərabi
Aristotel və Platonun əsərlərini ərəb dilinə
tərcümə etmiş, bu əsərlərə yeni həyat vermiş,
habelə öz tərcümələri, traktovkası ilə onlara
yeni dünya nizamı, Avropa təfəkkürü anlayışı
gətirmişdir. Onu ikinci mütəfəkkir
adlandırırdılar. O, ikinci müəllim olmasaydı,
heç vaxt birincini başa düşməzdi: Aristoteli
təfsir etmək üçün az qala Aristotelin özü
olmalısan. O, fəlsəfi əsərləri ilə fəlsəfə
tarixinə, bəşəriyyətə böyük töhfə vermişdir.
Üçüncüsü, o, bu günədək mübahisə doğuran iki
dünya, iki baxış, iki adət, Şərq və Qərb
mentalitetləri məsələsini birləşdirmişdir. O,
hələ o vaxt bu iki anlayışı vəhdət halına
gətirmişdi. Lakin zənnimcə, dördüncü, çox mühüm
bir cəhət də vardır. Bəlkə də bəzi
traktovkalarda ona bir o qədər geniş yer
verilməmişdir. Məsələn, ilk dəfə məhz əl-Fərabi
elmin, təfəkkürün və idrakın əhəmiyyətini təsdiq
etmişdir. Özü də təkcə elm üçün yox, bütün
bəşəriyyət üçün, bəşəriyyətin inkişafı üçün.
Məhz o hesab edirdi ki, insanın, hər bir
cəmiyyətin əxlaqi keyfiyyətləri, yüksək mənəvi
dəyərləri nə siyasətçilərin, nə də fatehlərin
dəyişdirə bilmək iqtidarında olmadıqları bir çox
şeyi dəyişə bilər. Deməli, yüksək mənəviyyat,
yüksək idrak dediyimiz elə budur, dünyanın
harmoniyasını tanımaq elə budur. Dünyanın bütün
böyük filosoflarının, o cümlədən əl-Fərabinin
ideyaları da elə həmin dünya harmoniyasına,
yüksək idraka çağırışdır.
Bir daha vurğulamaq istəyirəm ki, min il əvvəl
olduğu kimi, bu gün də bəşəriyyət əhatəsində
olduğu dünyanı axıradək öyrənə bilməmişdir.
Bəşəriyyət hələ də qarşısına onu lap çoxdan
düşündürən elə həmin o klassik fəlsəfi sualları
qoyur: Biz haradan gəlmişik? Nə üçün gəlmişik,
nə edirik və bunu nəyin naminə edirik? Bu
suallar bir çoxlarını - həm alimləri, həm də
sadə insanları bu günədək düşündürür. Bəlkə də
bu təlimlərin, xüsusi zümrələrin yarandığı o
dövrün insanları xüsusi insanlar idi, yüksək
təfəkkürə və mənəviyyata malik insanlar idi.
Xüsusi zümrələr isə Platon öz Akademiyasını
Afinada təşkil etdiyi, davamçıları olan
tələbələrini ətrafına yığdığı vaxtlarda
yaranmışdı. Onlara ehtiramla yanaşır, tərifini
göylərə qaldırırdılar. Onların həyatı çətin,
taleyi isə heç də birmənalı deyildi. Lakin onlar
bilirdilər ki, başqalarının sahib olmadıqlarına
sahibdirlər. Bəlkə də bugünkü irrasional elm
rasional elmdən bir qədər geri qalır və bəlkə də
bu gün Şərq mənəviyyatı və Qərb idrakı
bir-birindən bir qədər uzaq düşmüşdür. Dünyanı
anlamaq üçün Şərq idrakı lazımdır. Lakin dünyanı
anlamaq üçün həm də Şərq mənəviyyatı lazımdır.
Dünyanı başa düşmək üçün Qərb idrakı lazımdır,
eyni zamanda Qərb mənəviyyatı da lazımdır.
Beləliklə, hər şey vahid başlanğıcda, vahid
mahiyyətdə cəmləşir. Əl-Fərabi "Hikmət inciləri"
əsərində yazırdı ki, Allah dünya kimi bir
varlıqdır, lakin vəhdəti təcəssüm etdirir. Dünya
da Allah kimi varlıqdır, lakin çoxluqla ifadə
olunur. Əsası ilkin başlanğıcdır, vəhdət elə
budur. Belə vəhdət olmadan Kainat olmazdı və ola
da bilməz. Zənnimcə, birmənalı olmayan bu çox
dərin və mürəkkəb fəlsəfi məsələnin dərk
edilməsi təkcə elmi dərəcə deyil, həm də Şərq
filosoflarının həmişə sahib olduqları
mənəviyyat, güclü təxəyyül, abstrakt düşüncə
tələb edir.
Sonda yenə də fəlsəfi bir kəlamı xatırlatmaq
istəyirəm: gələcək həmişə bağlıdır, keçmiş
yaşanmışdır, indimiz isə bəxş edilmişdir.
İndimiz biz alimlərdən də, bizdən sonra gələn
nəsildən də asılıdır. Bu, eyni zamanda böyük
ideyaları və rolları olan böyük insanların bizə
miras qoyduqları irsə necə hörmət və ehtiramla
yanaşmağımızdan asılıdır.
Azərbaycanlı alimin çıxışı böyük maraq doğurmuş
və alqışlarla qarşılanmışdır.
Azərbaycanın YUNESKO yanındakı daimi
nümayəndəliyinin rəhbəri, səfir Elenora
Hüseynova və ölkəmizin Fransadakı səfiri Elçin
Əmirbəyov mötəbər elmi konfransda iştirak
etmişlər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris |