Bu günlərdə Bakıdakı 2 nömrəli fəxri və şəhidlər
xiyabanındaydım. Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun və baş leytenant Fərid
Əhmədovun məzarları önündə... Dağ boyda kədərin
lal sükuta döndüyü yerdə. Elə bil həsrət
çökmüşdü ürəyimin üstünə. Çiyinlərimə düşmüş
kədərin ağırlığından, qəlbimdəki qəmin
hönkürtüsündən sıxıldım, kiçildim bircə anın
içində. Vətən yolunda şəhid olmağı işıqlı
dünyada yaşamaqdan, taleyinə, qismətinə yazılan
sevgidən, məhəbbətdən üstün tutmuş Mübarizin,
Fəridin tər çiçəklər içində uyuyan məzarlarına
yaxınlaşdım. Əlimdəki qərənfilləri onların
qəbirləri üstünə qoyaraq, bura axın-axın
ziyarətə gələn insanlar kimi mən də astadan
pıçıldadım: Allah sizə rəhmət eləsin, şəhidlər!
"Hamımızın
mənəvi borcu"
Əvvəlki günlər kimi, o gün də şəhid məzarlarını
ziyarətə gələnlər çox idi. Gələnlər arasında
müəllimlər də, məktəbli geyimində olan şagirdlər
də vardı. Səbail rayonu, 236 nömrəli məktəbin
yuxarı sinif şagirdləri və müəllimlərinə
yaxınlaşaraq ürək sözlərini dinləyirəm.
Məktəbin direktoru Xanlar İmaməliyev:
- Öncə deyim ki, şəhid oğullarımız Mübarizlə,
Fəridlə fəxr edirik, qürur hissi duyuruq.
Prezidentimiz İlham Əliyevə minnətdarlığımızı
bildiririk ki, şəhidlərimizin nəşini düşmən
əlində qoymadı. Onların qəhrəmanlığını,
şücaətini yüksək dəyərləndirdi. Belə yüksək
qiymət varsa, deməli, həmişə belə
qəhrəmanlarımız da olacaq. Şəhidlərimizi ziyarət
etmək isə bizim hamımızın mənəvi borcumuzdur.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini
Yaqut İsmayılova:
- Şəhidlərimizi ziyarətə məktəbimizin X və XI
sinif şagirdləri ilə gəlmişik. Onların Vətən
uğrunda olan şəhidliyi hər birimizin, eləcə də
şagirdlərimizin ürəyində dərin qəm, kədər
hissləri ilə yanaşı, böyük vətənpərvərlik
duyğuları da yaşadır.
Bu sözlərə qoşulan məktəbin tarix müəllimi
Rövşanə İsmayılova isə bildirdi ki,
şagirdlərimizə məktəbdə sözlə öyrətdiklərimizi
belə oğullarımızın qəhrəmanlıq nümunələri ilə
tamamlamaq istərdik. Onu da deyim ki,
məktəbimizin hərbi otağında Milli Qəhrəman
Mübariz İbrahimova həsr olunmuş guşə də
düzəltmişik.
"Neçə gündür Mübariz yuxuma girir"
Xiyabanda
bizə yaxınlaşan Azərbaycan Turan - do Hapkido
Federasiyasının üzvləri Tural Məmmədov və Anar
Əliyevlə tanış olduq. Tural bildirdi ki, mən bu
yaxınlarda Gürcüstanın Batumi şəhərində
keçirilən Taekvando yarışı üzrə Cənubi Qafqaz
çempionu olmuşam. Mübariz İbrahimov da, Fərid
Əhmədov da idmançı idi. İnanın ki, neçə gündür
Mübariz yuxuma girir.
Onların şəklinə baxıb ağlayıram. Az qalırdı ki,
ürəyim partlasın. Onları ziyarətə gəldim ki,
uyuduqları torpağı doyunca öpüm. Bəlkə ürəyim
bir qədər təskinlik tapar... deyən Tural göz
yaşlarını silə-silə bizdən uzaqlaşdı...
"Onların heç biri ölməyib"
Yenicə ziyarətə gəlmiş Laçın rayonunun Bakının
Qaradağ rayonundakı Ümid qəsəbəsində fəaliyyət
göstərən "Laçın" futbol komandasının üzvləri ilə
görüşdük. Komandanın rəhbəri, məşqçi-müəllim
Abuzər Nadirov dedi: - Mən həm də Qarabağ
müharibəsi veteranıyam. Şəhidlərimiz Mübarizlə
Fəridin məzarlarını ziyarətə komandamızın 17
üzvü ilə gəlmişik. Onların əksəriyyəti doğma
Vətənləri olan Laçını itirən valideynlərin
övladlarıdır. Məqsədimiz doğma yurd həsrəti ilə
yaşayan bu uşaqlarda vətənpərvərlik hissləri
aşılamaqdır.
Onu da deyim ki, bu günlər Laçın Rayon Gənclər
İdman İdarəsi "Laçın" futbol komandası ilə
birlikdə Azərbaycanda ilk dəfə olaraq Milli
Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr
olunmuş futbol turniri keçirib. Bu turniri
keçirməzdən əvvəl komanda üzvlərimizlə birlikdə
Mübarizin Biləsuvar rayonunun Əliabad kəndində
yaşamış olduğu evdə olduq. Atası Ağakərim kişi,
anası Şamama xala ilə görüşdük. Onlara
başsağlığı verərək belə oğul tərbiyə etdiklərinə
görə minnətdarlıq etdik. Eyni zamanda atasına
Milli Qəhrəman Mübarizin xatirəsinə həsr olunan
futbol turniri keçirəcəyimizi bildirdik. O, bizə
oğlunun adını yaşatdığımız üçün təşəkkür etdi.
Onu da qeyd edim ki, bütün bu tədbirlərin
keçirilməsində bizə Qaradağ Rayon İcra
Hakimiyyətinin başçısı xüsusi qayğı göstərir.
Sonda komandamızın bütün üzvləri adından
Mübarizin və Fəridin də ailə üzvlərinə dərin
hüznlə başsağlığı verərək deyirik: onların heç
biri ölməyib. Xalqının, Vətəninin yolunda şəhid
olanlar ölmür. Onlar hamımızın qəlbində yaşayır.
"Mübariz və Fərid kimi oğullar hər bir evdə
böyüyürlər"
Əllərində qərənfil olan 12 oğlan şəhid
məzarlarına yaxınlaşır. Öyrənirik ki, Bakı UŞU
idman klubunun idmançılarıdır. Onların baş
məşqçiləri Zahid Vəliyev deyir: - Bu
qəhrəmanları ziyarət etmək hər birimizin
borcudur. Elə bizi də bura gətirən
şəhidlərimizin xatirəsinə olan böyük ehtiramdır.
Mübariz kimi, Fərid kimi oğullarla fəxr edirik.
Belə oğulların qəhrəmanlığını görən gənclərimiz
Vətəni daha çox sevir, ona daha çox bağlanırlar.
Düşmən yaxşı bilsin və yaxşı eşitsin: İndi hər
bir azərbaycanlının evində Mübariz və Fərid kimi
oğullar böyüyürlər. Gün gələcək, onlar yağı
düşməndən öz intiqamlarını alaraq, Vətən
torpağını azad edəcəklər. O gün çox da uzaqda
deyil.
"Vətənini sevəni xalqı da sevir"
Şəhidlərimiz Mübariz və Fəridin məzarlarını
ziyarətə qızı, Atatürk liseyinin 3-cü sinif
şagirdi Mədinə və qohumları - həmin liseyin 5-ci
sinif şagirdi Yusif Avçı və Bakıdakı 133 nömrəli
məktəbin 1-ci sinif şagirdi İlahə Avçı ilə
birlikdə gəlmiş Müdafiə Nazirliyinin Mərkəzi
aparatının əməkdaşı, mayor Ruslan Azayev ürək
sözlərini belə söylədi:
- Mən bütün övladlarımızın vətənpərvər
böyüməsini istəyirəm. Elə buna görə də bu gün öz
övladım və qohumlarımın uşaqları ilə birlikdə
şəhidlərimizi ziyarətə gəlmişəm. İstəyirəm onlar
görsünlər ki, Mübariz kimi, Fərid kimi Vətənini
sevən oğulları xalq necə sevir. Qoy görsünlər
ki, bura axın-axın gələn insanlar Vətən uğrunda
canından keçən oğullarını necə əziz tutur...
"Onların qəhrəmanlığı biz gənclərə örnəkdir"
C.Naxçıvanski adına Hərbi liseyin 2-ci kursunda
təhsil alan Gülbala Zahidov bizə yaxınlaşaraq
bildirdi ki, mən şəhidlərimizi ziyarətə Salyan
rayonundakı Ziyad Həmidov adına orta məktəbin
6-cı sinfində oxuyan qardaşım Səfaillə birlikdə
gəlmişəm. Biz qəzetdən oxuyub öyrənmişik ki,
Mübariz İbrahimovla Fərid Əhmədov dost imiş.
İkisi də idmançı imiş. Budur, indi onların
məzarları yan-yanadır. Onların bu qəhrəmanlığı
biz gənclərə bir nümunə, bir örnəkdir.
Bəli, xiyabana, Mübarizi, Fəridi yad etməyə
gələnlərin sayı hər gün artır. Elə hər gün də
belə pıçıldayır ürəklər burda: Allah sizə rəhmət
eləsin, şəhidlər! Qəbriniz nurla dolsun! Amin!
Ədalət DAŞDƏMİRLİ |