Tədbirlərdə təhsil naziri Misir Mərdanovun
rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak
edib.
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin nümayəndə
heyəti 2010-cu ilin 29 noyabr n 5 dekabr
tarixlərində Almaniyanın Berlin şəhərində
keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi
və bu tədbir çərçivəsində Humbolt
Universitetində Azərbaycan tarixi kafedrasının
açılış mərasimində iştirak etmək üçün Almaniyada
səfərdə olub.
Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi
nümayəndə heyətinin tərkibinə nazirliyin Ali və
orta ixtisas təhsili şöbəsinin müdiri İlham
Mustafayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Qulu Novruzov, Bakı Slavyan Universitetinin
rektoru Kamal Abdullayev, Azərbaycan Texniki
Universitetinin rektoru Havar Məmmədov,
Azərbaycan Dövlət Memarlıq və İnşaat
Universitetinin rektoru Gülçöhrə Məmmədova daxil
idilər.
Tədbirin ilk günü Humbolt Universitetində
Azərbaycan tarixi kafedrasının açılış mərasimi
keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov, Humbolt Universitetinin
prezidenti Jan-Hendrik Olbertz, Almaniyanın
Federal təhsil naziri xanım Annete Şavan,
Azərbaycan tarixi kafedrasının müdiri seçilmiş
xanım Eva-Mariya Aux və Azərbaycanın
Almaniyadakı səfiri cənab Pərviz Şahbazov çıxış
ediblər. Çıxışlarda yeni açılmış kafedranın
Azərbaycan ilə Almaniya arasında hərtərəfli
əməkdaşlığın inkişafında mühüm əhəmiyyəti və bu
istiqamətdə yeni imkanlar açdığı vurğulanıb.
Mərasimə həmçinin Humbolt Universitetinin tələbə
və elmi işçiləri, eləcə də ölkəmizlə
əməkdaşlıqda maraqlı olan müxtəlif səviyyəli
qonaqlar da qatılıblar.
Səfər zamanı kafedranın kitabxana resurslarının
və maddi-texniki bazasının formalaşmasına yardım
göstərmək məqsədilə Təhsil Nazirliyinin adından
Azərbaycanın tarixi, mədəniyyəti,
sosial-iqtisadi həyatı və incəsənətinə dair
müxtəlif dillərdə 65 adda kitab, həmçinin xəritə
və materiallar, eləcə də əlavə vəsaitlər
kafedraya təqdim edilib, təhsil naziri Misir
Mərdanov kafedranın iş şəraiti ilə yaxından
tanış olub.
Noyabrın 30-da Humbolt Universitetində
"Azərbaycan tarixi beynəlxalq araşdırmalarda:
müasir vəziyyət və perspektivlər" mövzusunda
beynəlxalq elmi konfrans keçirilib. Humbolt
Universitetinin Tarix İnstitutunun professoru
Yorq Baberovskinin moderatorluğu ilə gerçəkləşən
konfransda Almaniya, Azərbaycan və bir sıra
başqa ölkə alimləri iştirak ediblər.
Konfransda
Humbolt Universitetinin Tarix İnstitutunun
direktoru, professor Tomas Mergel, Bakı Dövlət
Universitetinin professoru, tarix elmləri
doktoru Cəmil Həsənli, Mərkəzi Asiya
İnstitutunun direktoru, Stokholm Təhlükəsizlik
və İnkişaf Siyasəti İnstitutunun həmtəsisçisi
Svante Kornell, Con Hopkins Universitetinin "İpək
yolu" tədqiqat proqramının rəhbəri, professor
Frederik Star, professor Tamara Draqadze
(London), Türkiyənin Giresun Universitetinin
prorektoru, professor Aygün Əttah, Rumıniyanın
Azərbaycandakı keçmiş səfiri, Babes Boyyai
Universitetinin professoru Tasin Cəmil, Humbolt
Universitetinin Azərbaycan tarixi kafedrasının
müdiri Eva-Mariya Aux, Berlin Etnologiya
Muzeyinin əməkdaşı İnqrid Şindelberq, Frayburq
Universitetinin (Almaniya) professoru Yorq
Ştadelbauer və Marburq Universitetinin (Almaniya)
professoru Udo Ştaybaxın məruzələri dinlənilib.
Məruzələrdən sonra keçirilən müzakirələrdə
AMEA-nın müxbir üzvü, AMEA Tarix İnstitutunun
Tarixi coğrafiya şöbəsinin müdiri, Azərbaycan
Aviasiya Akademiyasının humanitar elmlər
kafedrasının müdiri Fəridə Məmmədova, BDU-nun
professoru Cəmil Həsənli, Azərbaycanın
Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri
Pərviz Şahbazov, Bonn Universitetinin professoru
Əhəd Rəhmanzadə, Berlin Azad Universitetinin
doktorantı Rail Səfiyev, Mayns Universitetinin
doktorantı Vüqar Aslanov, Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin şöbə
müdiri Rizvan Nəbiyev və bir sıra digər
iştirakçılar fikirlərini bildirib, müvafiq
təkliflərini irəli sürüblər.
Dekabrın 1-də "Azərbaycan və Almaniya Ali
Məktəbləri Günü" Gənclər forumu keçirilib.
Moderatoru Azərbaycanın Ştutqartdakı fəxri
konsulu Otto Hauzer olan forumda təhsil naziri
Misir Mərdanov, gənclər və idman naziri Azad
Rəhimov, Bundestaqın üzvü Andreas Şokkenhof,
Azərbaycanın Almaniyadakı fövqəladə və
səlahiyyətli səfiri Pərviz Şahbazov və ölkəmizin
Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən
Həsənov, Bakı Slavyan Universitetinin rektoru
Kamal Abdullayev, hər iki ölkəni təmsil edən
alimlər, eləcə də Almaniya ali məktəblərində
təhsil alan azərbaycanlı tələbələr iştirak
ediblər.
Forum iştirakçılarını salamlayan təhsil naziri
Misir Mərdanov 200 ildən artıq tarixə malik və
Avropanın ən nüfuzlu ali təhsil ocaqlarından
olan Humbolt Universitetində Azərbaycan tarixi
kafedrasının açılmasını ölkələrimiz arasındakı
əməkdaşlıq münasibətlərində yadda qalacaq hadisə
kimi dəyərləndirib. Nazir bildirib ki, bu
kafedranın açılması ölkələrimiz arasında
təhsilin gələcək inkişafı baxımından mühüm rol
oynayacaq və təbii ki, alman ziyalıları arasında
Azərbaycan, onun tarixi, siyasi və
sosial-ictimai həyatı haqqında daha geniş
məlumatların yaranmasına öz töhfəsini
verəcəkdir.
Azərbaycanla Almaniya Federativ Respublikası
(AFR) arasında təhsil sahəsində əlaqələrin hələ
1918-ci ildə, Azərbaycan Demokratik Respublikası
zamanı yarandığını söyləyən Misir Mərdanov həmin
dövrdə Avropanın müxtəlif ölkələrinə təhsil
almaq üçün göndərilən tələbələrdən 63 nəfərin
Almaniya ali təhsil müəssisələrini seçdiyini
nəzərə çatdırıb. Nazir qarşılıqlı təhsil
əlaqələrinin inkişafında Alman Akademik Mübadilə
Xidməti Təşkilatının (DAAD) rolunu xüsusi olaraq
qeyd edib, 1997-ci ilin fevral ayında Bakıda
DAAD-ın nümayəndəliyinin təsis olunduğunu,
2003-cü ildə DAAD-ın sabiq prezidenti cənab
Teodor Barxemin dəvəti ilə Təhsil Nazirliyinin
nümayəndə heyətinin Almaniyaya səfərindən sonra
ölkələrimiz arasında təhsil sahəsində
əməkdaşlığın prioritet istiqamətlərini müəyyən
etmək imkanının yarandığını vurğulayıb.
Almaniyanı ali təhsil və elmi-tədqiqatlar
sahəsində Azərbaycanın sıx əlaqələrə malik
olduğu əsas ölkələrdən biri kimi səciyyələndirən
təhsil naziri DAAD-ın hər il Azərbaycana
ayırdığı 70-ə yaxın təqaüd proqramında tədqiqat
səfərləri, yay kursları, illik təqaüdlər və qrup
səyahətlərinin üstünlük təşkil etdiyini, 1998-ci
ildən bu günə qədər 800-dən artıq
azərbaycanlının DAAD-ın təqaüdlərindən
bəhrələndiyini bildirib.
Təşkilatın vasitəçiliyi ilə ölkələrimizin bir
sıra ali təhsil ocaqlarının səmərəli
əməkdaşlığından bəhs edən nazir Azərbaycan
Dövlət Neft Akademiyası ilə Zigen Universiteti,
Azərbaycan Dillər Universiteti ilə Boxum
Universiteti, Azərbaycan Texniki Universiteti
ilə Köln Ali Məktəbi, Bakı Dövlət Universiteti
ilə Hamburq Universiteti arasında olan əlaqələri
buna misal kimi göstərib.
Təhsil naziri Almaniya ilə universitetlərarası
əməkdaşlığın yalnız bunlarla məhdudlaşmadığını,
Azərbaycanın ayrı-ayrı dövlət və özəl ali
məktəblərinin Almaniyanın Azad Berlin
Universiteti, Bonn Universiteti, Berlin Texniki
Universiteti, Fridrix Aleksandr adına Erlangen
Nürnberq Universiteti, Münhen Texniki
Universiteti kimi çoxsaylı ali təhsil
müəssisələri ilə qarşılıqlı əlaqələr yaratdığını
bildirib.
Ali məktəblərimizin, həmçinin Avropa Birliyinin
TEMPUS proqramı çərçivəsində 1995-ci ildən
xarici ölkələrin bir sıra ali təhsil ocaqları
ilə sıx əməkdaşlıq etdiyini vurğulayan nazir
Azərbaycanın partnyor ali təhsil müəssisələri
sırasında Almaniyanın Leypsiq, Zigen, Oldenburq,
Hohenheim və Köln Tətbiqi Elmlər
universitetlərinin adlarını çəkib.
Misir Mərdanov Azərbaycanın müasir qloballaşma
prosesində fəal şəkildə iştirakından, ölkəmizin
sürətli iqtisadi inkişafı şəraitində yüksək
ixtisaslı kadr hazırlığına duyulan ehtiyacdan
söz açaraq bildirib ki, məhz bu faktoru əsas
tutaraq 2006-cı ilin oktyabr ayında Azərbaycan
Respublikası Prezidentinin müvafiq qərarına
əsasən "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" qəbul olunub. Ölkəmizin mühüm təbii
sərvəti olan neftdən əldə olunan gəlirin insan
kapitalının inkişafına yönəldilməsi və xaricdə
təhsil alan tələbələrin Azərbaycanın
qüdrətlənməsi baxımından güclü amilə
çevrilmələrini təmin etmək məqsədlərinə toxunan
təhsil naziri Dövlət Proqramı çərçivəsində bu
günə qədər 700-dən artıq tələbənin xarici
ölkələrin müxtəlif nüfuzlu ali təhsil
müəssisələrində təhsil aldığını, bu rəqəmin
2015-ci ilə qədər 5000-ə çatdırılmasının nəzərdə
tutulduğunu söyləyib.
Dövlət Proqramı üzrə kadr hazırlığı nəzərdə
tutulan ali təhsil müəssisələri arasında
Almaniya universitetlərinin sayına görə ikinci
yerdə qərarlaşdığını önə çəkən Misir Mərdanov
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
təsdiq etdiyi müvafiq siyahıda AFR-in 72 ali
təhsil müəssisəsinin yer alması, 2007-ci ildən
etibarən 114 nəfər azərbaycanlı gəncin təhsilin
müxtəlif səviyyələri üzrə Almaniyanın ali
məktəblərinə göndərilməsi və artıq onlardan 13
nəfərin məzun olması haqda məlumat verib. Nazir
deyib ki, Azərbaycan gəncləri Almaniyada əsasən
iqtisadiyyat və idarəetmə, eləcə də tibbin
müxtəlif sahələri üzrə təhsil almaqda maraqlı
olsalar da, kənd təsərrüfatı, tikinti, təbabət
elmləri və mədəniyyət kimi ixtisasları da
seçirlər. Almaniyaya təhsil almaq üçün
göndərilmiş tələbələrin yarısının ali təhsilin
magistratura pilləsində olduğunu söyləyən təhsil
naziri say baxımından sonrakı yerləri isə
bakalavr, ordinatura-rezidentura və doktorantura
pillələrində təhsil alan tələbələrin bölüşdüyünü
vurğulayıb.
Azərbaycan üçün AFR ali təhsil müəssisələrində
kadr hazırlığı nəzərdə tutulan prioritet
istiqamətlər arasında əsasən tibb, mühəndislik,
ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı,
mədəniyyət və incəsənət, eləcə də musiqi
ixtisaslarını qeyd edən təhsil naziri bununla
bağlı ölkəmizin Almaniya ilə konkret əməkdaşlıq
proqramları və layihələr həyata keçirmək
niyyətində olduğunu nəzərə çatdırıb, DAAD-ın bu
istiqamətdə göstərdiyi səyləri yüksək
qiymətləndirib.
Son illərdə azərbaycanlı tələbələr arasında
Almaniya ali təhsil ocaqlarının cəlbediciliyinin
daha da artmasının müşahidə edildiyini söyləyən
Misir Mərdanov, eyni zamanda Almaniya
vətəndaşlarının Azərbaycanın müxtəlif ali
məktəblərində təhsil almaq məqsədi ilə ölkəmizə
gəlməsini müsbət hal kimi səciyyələndirib.
Təhsil sahəsində əlaqələrin inkişafında
qarşılıqlı səfərlərin və birgə tədbirlərin
əhəmiyyətini xüsusi olaraq diqqətə çatdıran
nazir bu baxımdan mühüm işlər görən DAAD,
Azərbaycanın Almaniya Federativ
Respublikasındakı səfirliyi və digər müvafiq
qurumlar tərəfindən səmərəli iş aparıldığını
bildirib.
Sonra çıxış edən Bundestaqın üzvü Andreas
Şokkenhof Almaniya ilə Azərbaycan arasında
genişlənən elm və təhsil əlaqələrinin iki dövlət
arasında bütün sahələrdə münasibətlərin inkişaf
dinamikasına müsbət təsir göstərəcəyinə əmin
olduğunu nəzərə çatdırıb.
Azərbaycanın gənclər və idman naziri Azad
Rəhimov Almaniyanın ən nüfuzlu ali məktəbində
Azərbaycan tarixi kafedrasının açılması
münasibətilə forum iştirakçılarını təbrik edib
və bu elmi mərkəzin işinin səmərəli olacağına
inandığını bildirib.
DAAD-ın Bakı ofisinin direktoru Andrey Hötze
Azərbaycanda olarkən qarşılaşdığı səmimi
qonaqpərvərlikdən söz açaraq rəhbərlik etdiyi
qurumun ölkəmizdə həyata keçirdiyi layihələr
barədə məlumat verib. Bu il təqribən 50 təqaüd
ayırmaq niyyətində olduqlarına diqqət çəkən
Andrey Hötze hazırda Almaniya ali məktəblərində
aparılan islahatlara baxmayaraq, təqaüdlərin
sayının azalmaması üçün səylə çalışdıqlarını
vurğulayıb.
Bakı Slavyan Universitetinin rektoru, professor
Kamal Abdullayev rəhbərlik etdiyi ali məktəblə
Maynts Universiteti arasında həyata keçirilən
müştərək layihələrdən danışıb. O, birgə
tədbirlərin əhəmiyyətinə toxunaraq 10 il
müddətində hər iki ildən bir "Mədəniyyətlərin
dialoqu" layihəsi çərçivəsində simpoziumlar
keçiriləcəyini qeyd edib. Kamal Abdullayev
bildirib ki, həmin simpoziumların məqsədi qədim
türk dastanı "Kitabi-Dədə Qorqud"u Almaniyada və
"Niberlunqlar haqqında nəğmə" eposunu isə
Azərbaycanda məşhurlaşdırmaqdır.
Humbolt Universitetində Azərbaycan tarixi
kafedrasının açılmasını böyük uğur kimi
dəyərləndirən Azərbaycanın Ştutqartdakı fəxri
konsulu Otto Hauzer bunu bütövlükdə
azərbaycanşünaslığın xaricdə
populyarlaşdırılmasına ayrılan diqqətin təzahürü
kimi səciyyələndirib.
Köln Universitetinin professoru Rza
Təlabi-Dəryani çıxışında müxtəlif universitetlər
arasında tələbə mübadiləsini stimullaşdıran
TEMPUS proqramı barədə danışıb, Azərbaycanın bu
cür mübadilə sxemlərinə əsaslanan əməkdaşlıqdan
bəhrələnə biləcəyini vurğulayıb.
DAAD-ın Şərq proqramları şöbəsinin müdiri Peter
Hiller təmsil etdiyi proqram barədə məlumat
verib, Azərbaycanda DAAD-ın fəaliyyətinə
yaradılan şəraitə və qarşılıqlı əməkdaşlığa
verilən önəmə görə təşəkkürünü bildirib. O,
Azərbaycan dövlətini təhsil üçün yetərincə
vəsait ayırmasını təqdirəlayiq hal kimi
qiymətləndirib.
Humbolt Universitetinin professoru İnqerborq
Baldauf "VW-Stiftung" Folksvagen Fondunun
Qafqazdan və Orta Asiyadan olan tələbələrin
təhsilinə sponsorluq sahəsində işi barədə
danışıb. Bu fondun digər nümayəndəsi Matiyas
Nollenburq fondun fəaliyyətinin təqdimatını
davam etdirib və bu təşkilatın DAAD-dan fərqli
cəhətlərini göstərib.
Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin şöbə müdiri İlham Mədətov
azərbaycanlı tələbələrin xaricdə təhsil
almasının Azərbaycanda vətəndaş cəmiyyətinin və
demokratiyanın möhkəmlənməsi istiqamətindəki
rolundan söhbət açıb.
Daha sonra Bakıdakı Texniki Yardım Cəmiyyətinin
nümayəndəsi Kristian Şnayder, "Youth for
Understanding" təşkilatının nümayəndəsi Andre
Haberset, "Avropa-Azərbaycan" təşkilatını təmsil
edən Şahin Neməti-Nasab gənclərin öz gələcəyini
necə qurmalı olduğu barədə fikirlərini bölüşüb,
Almaniya ali məktəblərinin azərbaycanlı
məzunlarının təhsillərini başa vurduqdan sonra
Vətənə qayıdıb bacarıqlı mütəxəssis kimi orada
işləməsi barədə məlumat veriblər.
Sonra Almaniya ali məktəblərində təhsil alan
azərbaycanlı tələbə və doktorantlar tərəfindən
layihələr təqdim olunub.
Foruma toplaşanlar məruzələrdə toxunulmuş
mövzular ətrafında yaranmış canlı
diskussiyalarda fəal iştirak ediblər.
Həmin gün Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən forum iştirakçılarına axşam
ziyafəti verilib.
Dekabrın 2-də Humbolt Universitetində
"Azərbaycan-müxtəlif mədəniyyətlərin qovuşma
nöqtəsi" mövzusunda elmi konfrans keçirilib.
Elmi konfransın işində AFR, Azərbaycan və bir
sıra digər ölkələrdən olan alimlər iştirak edib.
Konfrans çərçivəsində İçərişəhərə və Qafqaz
Albaniyasının mədəni irsinə həsr edilmiş
eyniadlı fotosərginin açılışı olub.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun
direktoru Maisə Rəhimova elmi konfransın
iştirakçılarına uğurlar arzulayıb, Humbolt
Universitetində Azərbaycan tarixi kafedrasının
açılmasının böyük əhəmiyyət kəsb etməsini
vurğulayıb. O, bu kafedranın Avropada
Azərbaycanın zəngin tarixini öyrənmək üçün geniş
imkanlar açdığını nəzərə çatdırıb.
Üç seksiyada davam edən konfransda AMEA-nın
müxbir üzvü, əməkdar elm xadimi, AMEA Tarix
İnstitutunun Tarixi coğrafiya şöbəsinin müdiri
Fəridə Məmmədova, Roma Sapienza Universitetinin
professoru Marko Bais, AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun Arxeoloji xidmət
şöbəsinin müdiri Qoşqar Qoşqarlı, AMEA Tarix
İnstitutunun elmi işçisi Ülviyyə Hacıyeva, Vyana
Universitetinin İncəsənət Tarixi İnstitutunun
əməkdaşı Anneqred Plontke-Lyuninq, Azərbaycan
Dövlət Memarlıq və İnşaat Universitetinin
rektoru Gülçöhrə Məmmədova, Azərbaycanın
Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən
Həsənov, Berlin Azad Universitetinin professoru,
doktor Mixael Raynhard Hess, türkiyəli professor
Fatih Usluer, Azərbaycan Dövlət Memarlıq və
İnşaat Universitetinin dosenti Səbinə Hacıyeva,
Bakı Slavyan Universitetinin professoru Rəhilə
Qeybullayeva, tarix elmləri namizədi Zaur
Həsənov məruzələrlə çıxış ediblər.
Həftə çərçivəsində Azərbaycan və Almaniya ilə
yanaşı ABŞ, Böyük Britaniya, İsveç, Rumıniya,
Türkiyə və digər ölkələrdən gəlmiş çoxsaylı
alimlərin elmi araşdırma və təhlillərinin
təqdimatı keçirilib, gələcək birgə layihələr
ətrafında səmərəli müzakirələr aparılıb.
Tədbirlərdə Almaniyada təhsil alan azərbaycanlı
tələbələr və AFR-də yaşayıb elm, təhsil,
mədəniyyət sahəsində çalışan Azərbaycan
diasporunun nümayəndələri xüsusi fəallıq nümayiş
etdiriblər. Bütövlükdə keçirilən tədbirlər,
xüsusilə də Almaniyanın ən nüfuzlu ali
məktəblərindən biri olan Berlin Humbolt
Universitetində Azərbaycan tarixi kafedrasının
açılması ölkələrimiz arasında qarşılıqlı
əməkdaşlığın daha da dərinləşməsinə layiqli
töhfələr verəcəkdir.
Azərbaycan müəlliflərinin rəsm və foto
əsərlərinin sərgisi, həmçinin Bakıdan dəvət
olunmuş incəsənət ustalarının çıxışları
iştirakçılar arasında ölkəmizin zəngin
mədəniyyəti və musiqisi haqqında xoş
təəssüratlar yaradıb. Almaniyada böyük maraqla
qarşılanan həftə çərçivəsində təşkil olmuş
tədbirlər elm və təhsil sahəsində əlaqələrin
daha da dərinləşdirilməsi, ölkəmizin Avropada
yaxından tanınması, zəngin mədəniyyət və
incəsənət nümunələrimizin təbliği, avropalılarda
tariximizə marağın artırılması baxımından
müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan Elm və Mədəniyyət Həftəsinə "Şərq və
Qərb daha ayrılmazdır" adlı Azərbaycan
mədəniyyəti gecəsi ilə yekun vurulub. Gecədə
xalq mahnıları, muğamlar, habelə "Berlin
Classic" Kamera Orkestrinin (dirijorlar Yalçın
Adıgözəlov və Uilrix Rixlem) ifasında Azərbaycan
klassiklərinin - Üzeyir Hacıbəylinin, Fikrət
Əmirovun və Qara Qarayevin əsərləri
səsləndirilib. |