Azərbaycan
Dillər Universitetinin İnformasiya Resurs
Kompleksində "Buta" müasir Azərbaycan, Türkiyə
və ABŞ qadın yazarlarının nəsr və poeziya
toplusunun təqdimat mərasimi keçirildi. Təqdimat
mərasimində "Sönməz məşəl" mədəni əlaqələr
ictimai birliyinin sədr əvəzi Rəşad Həsənov
bildirdi ki, bu toplunun ərsəyə gəlməsində
birliyin keçirdiyi seminarların böyük rolu
olub. Toplu haqqında qısa məlumat verərək,
toplunun elektron versiyasının da oxucuların
ixtiyarına verildiyini bildirib.
Mərasimdə iştirak edən Azərbaycan Yazıçılar
Birliyinin katibi, "525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid toplunun əhəmiyyətindən
söz açdı. Qadın yazarlarının əsərlərinin bir
topluda çap edilməsini əlamətdar hadisə hesab
edən R.Məcid millətin, xalqın savadlı,
intellektual olmasının həm də bilavasitə
qadınlardan asılı olduğunu söylədi.
Sonra toplunun redaktorları və layihənin
gerçəkləşməsində xidmətləri olan Şəhla Nağıyeva
və Elison Məndəvil ilə birbaşa İnternet-əlaqə
yaradıldı. Onlar gənc və perspektivli qadın
yazıçılarla birgə iş görməkdən məmnun
olduqlarını bildirdilər. Qeyd edildi ki, nəşr
olunan bu toplu ADU-nun, eyni zamanda digər ali
məktəblərin tərcümə və filologiya fakültələrində
əyani vəsait kimi istifadə olunacaq.
Azərbaycanın dünyaya tanıdılmasının, eləcə də
ədəbiyyat incilərinin ingilis və başqa xarici
dillərdə yayılmasının böyük hadisə olduğu və bu
baxımdan da belə kitabların böyük əhəmiyyət
daşıdığı xüsusi vurğulandı. Kitab haqqında fikir
və mülahizələr bildirildi.
Şakir DAYANDUROĞLU |