Dekabrın 23-də "Ambassador" otelində "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institusionalizasiya) və alternativ qayğı
Dövlət Proqramı (2006-2015-ci illər)"
çərçivəsində "2010-cu ilin yekunları və qarşıda
duran vəzifələr" mövzusunda beynəlxalq konfrans
keçirildi. Konfransda Təhsil Nazirliyinin,
Nazirlər Kabinetinin, YUNİSEF-in Azərbaycandakı
nümayəndəliyinin işçiləri, millət vəkilləri,
müvafiq təşkilatların və xarici qurumların
əməkdaşları iştirak edirdilər.
Tədbiri
giriş sözü ilə açan təhsil naziri Misir
Mərdanov bildirdi ki, uşaqların rifahının
yüksəldilməsi ilə bağlı məsələlər Azərbaycan
hökumətinin daim diqqət mərkəzində olub.
Ümummilli liderimiz Heydər Əliyevin uşaqların
müdafiəsi sahəsində əsasını qoyduğu ənənələr bu
gün Azərbaycan Prezidenti İlham Əliyev və
ölkənin birinci xanımı Mehriban Əliyeva
tərəfindən uğurla davam etdirilir. Son illərdə
ölkə iqtisadiyyatının dinamik inkişafı, sosial
sahələrə diqqətin artırılması, regionların
inkişafı, yoxsulluq səviyyəsinin minimuma enməsi
hər bir ailənin sosial rifahının yaxşılaşmasına,
uşaqların hüquqlarının qorunmasına yönəlmiş
proqramların həyata keçirilməsinə əlverişli
şərait yaradıb.
Nazir konfrans iştirakçılarının diqqətinə
çatdırdı ki, hər ilin sonunda Təhsil Nazirliyi
tərəfindən "Azərbaycan Respublikasında dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (de-institusionalizasiya) və
alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci
illər)"nın icrası ilə bağlı yekun hesabat
konfransı keçirilir və bu, artıq 4-cü
konfransdır.
Qeyd olundu ki, Dövlət Proqramının səmərəli
icrasını təmin etmək üçün risk qrupuna daxil
olan ailələrin övladlarının, sağlamlıq imkanları
məhdud uşaqların müəssisələrə düşməsinin
qarşısının alınması, uşaqların ailə mühitində
yaşamaq hüququnun təmin edilməsi, uşaqların
ehtiyaclarına uyğun xidmətlərə yönəldilməsi,
ailələrinə verilmiş və ya alternativ qayğıya
cəlb olunmuş uşaqların vəziyyətinin mütəmadi
monitorinqinin həyata keçirilməsi, təhsildən
yayınmış uşaqların təhsilə cəlb edilməsi və
digər kompleks tədbirlər həyata keçirilməlidir.
Bunun üçün isə ölkədə vahid Uşaq Müdafiəsi
Sistemi yaradılmalıdır.
2007-ci ildə BMT-nin Baş katibi "Uşaqlara qarşı
zorakılığın öyrənilməsi"nə həsr edilmiş
araşdırmanın nəticələri barədə hesabatında da
qeyd etmişdir ki, uşaqlara qarşı baş verən
neqativ amilləri aradan qaldırmaq, onların
müdafiəsini təmin etmək və hüquqlarını qorumaq
məqsədilə hər bir ölkə Milli Uşaq Müdafiəsi
Sisteminə malik olmalıdır. Azərbaycanda da belə
bir sistemin yaradılması istiqamətində işlərə
başlanılıb.
Dövlət Proqramından irəli gələn bir sıra mühüm
vəzifələrin kompleks şəkildə yerinə
yetirilməsinin zəruriliyini, dövlət uşaq
müəssisələrinin fəaliyyətinin Dövlət Proqramının
vəzifələrinə uyğun qurulmasının vacibliyini,
uşaqların müdafiəsi ilə bağlı qurumlararası
koordinasiyanın effektiv şəkildə təmin
edilməsinin vacibliyini nəzərə alaraq,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
13 yanvar 2010-cu il tarixli qərarına əsasən
"Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə verilməsi
(de-institusionalizasiya) və alternativ qayğı
Dövlət Proqramı (2006-2015-ci illər)"nın
səmərəli idarə olunmasının təmin edilməsi
məqsədi ilə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi
İdarəsi yaradılıb. Azərbaycan hökumətinin bu
qərarı ölkədə uşaqların müdafiəsi sahəsində
atılan daha bir uğurlu addım kimi
qiymətləndirilir.
Artıq adıçəkilən Dövlət Proqramı çərçivəsində
uşaqların ailədə yaşamaq hüququnun təmin
edilməsi və uşaqların müdafiəsi ilə bağlı
irihəcmli layihələrin icrasına başlanıb.
Bunlardan biri də Azərbaycan Respublikasının
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF
tərəfindən birgə həyata keçirilən "Uşaqların
ailələrə verilməsi və alternativ qayğı ilə əhatə
olunması mexanizminin yaradılması" layihəsidir.
Layihənin həyata keçirilməsi üçün qeyd olunan
təşkilatlar arasında 9 mart 2010-cu il tarixində
imzalanmış birgə əməkdaşlıq haqqında Anlaşma
Memorandumu 2010-cu il 24 may tarixində
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə təsdiq edilib. Layihənin məqsədi pilot
seçilmiş rayonda uşaqların bioloji və ya
alternativ ailələrə verilməsi və alternativ
qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan
uşaqların müəssisəyə düşməsinin qarşısının
alınması üçün yerli səviyyədə uşaqların
müdafiəsinin təmin edilməsidir.
Dövlət Proqramı çərçivəsində ailəni əvəz edən
alternativ xidmətlərin yaradılması işinə
başlanıldığını deyən Misir Mərdanov qeyd etdi
ki, 16 mart 2010-cu il tarixində Təhsil
Nazirliyi ilə Avstriyanın "Hilfsverk Avstriya"
təşkilatı arasında "Yerli hakimiyyət orqanları
ilə qeyri-hökumət təşkilatları arasında
himayədar (foster) qayğı və ailə əsaslı
xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib
hazırlanması" layihəsinin həyata keçirilməsi
məqsədilə Qrant Sazişi imzalanıb. Qrant Sazişi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4
may 2010-cu il tarixli Sərəncamı ilə təsdiq
edilib. Layihə Avropa Komissiyası və Avstriyanın
"Hilfsverk Avstriya" təşkilatının maliyyə
dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi
Azərbaycanda alternativ qayğı növü olan
himayədar (foster) ailə sisteminin
yaradılmasıdır. Layihə çərçivəsində himayədar
ailələrin və uşaqların seçim meyarları,
himayədar ailələrin maliyyələşdirmə mexanizmləri
hazırlanacaqdır.
Məlumat üçün bildirildi ki, Bakının Xəzər rayonu
ərazisindəki internat-məktəblərdə yaşayan və
övladlığa verilməsi mümkün olmayan, himayədar
ailələrə veriləcək 50 uşaq və 50 himayədar ailə
seçiləcəkdir. Bununla yanaşı, övladlıq,
qəyyumluq və ya himayədar ailələrə verilməsi
mümkün olmayan uşaqlar üçün ailə tipli kiçik
qrup evi, həmçinin övladlığa, qəyyumluğa və
himayəyə veriləcək uşaqlar və bununla bağlı
namizəd ailələr üzrə məlumat bankı
yaradılacaqdır. Hazırda həmin məqsədlə
məlumatlar toplanılır. Layihə çərçivəsində
"Hilfsverk Avstriya" təşkilatı tərəfindən cəlb
edilmiş beynəlxalq ekspertin iştirakı ilə
"Himayədar (foster) qayğı xidmətlərinin standart
və qaydaları", "Ailə tipli kiçik qrup evlərinin
standart və qaydaları" adlı sənəd layihələri
hazırlanıb. Hazırlanmış sənədlərin layihələri
ilə bağlı müzakirələr aparılır.
Dövlət Proqramının Tədbirlər Planına əsasən
qarşıda duran vəzifələrdən biri də dövlət uşaq
müəssisələrində çalışan işçi heyətinin peşə
yönümünü dəyişməklə onların sosial işçi kimi
hazırlanması, onlara müvafiq təlimlərin
keçirilməsidir. Bu məqsədlə 2010-2011-ci tədris
ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda "Sosial iş"
ixtisası üzrə 9 aylıq kurs təşkil edilib. Dövlət
uşaq müəssisələrində tərbiyəçi vəzifəsində
çalışanlar arasından 16 nəfər seçilərək kursa
cəlb olunub.
Övladlarına qayğı göstərə bilməyən ailələrin və
onların uşaqlarının rifahının yaxşılaşdırılması,
onların müəssisələrə düşməsinin qarşısının
alınması məqsədilə yerlərdə uşaqlara və ailələrə
dəstək xidmətləri yaradılması haqqında danışan
nazir bununla bağlı Təhsil Nazirliyi
tərəfindən bir sıra işlərin görüldüyünü
bildirdi. Qeyd etdi ki, risk qrupuna daxil olan
sağlamlıq imkanları məhdud uşaqlar üçün Bərdə
şəhərindəki internat-məktəbin, Sabunçu
rayonundakı 11 nömrəli xüsusi internat-məktəbin
və Suraxanı rayonu 2 nömrəli uşaq evinin
nəzdində günərzi qayğı, Xəzər rayonundakı
valideyn himayəsindən məhrum uşaqlar üçün
Respublika yardımçı internat-məktəbin nəzdində
isə reabilitasiya-inkişaf mərkəzi yaradılıb.
Həmin mərkəzlərin binaları Təhsil Nazirliyi
tərəfindən yenidən qurulub və əsaslı təmir
edilib. Eyni zamanda mərkəzlərə inkişafetdirici
təlim materialları, reabilitasiyayönümlü
avadanlıqlar verilib. Mərkəzlərin yaradılması
ilə 268 nəfər uşağın dövlət uşaq müəssisələrinə
yerləşdirilməsinin qarşısı alınıb.
De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi
tərəfindən övladlığa uşaq götürmək arzusunda
olan vətəndaşların və övladlığa verilməsi mümkün
olan uşaqların siyahısı dəqiqləşdirilib və
Təhsil Nazirliyində məlumat bazası yaradılıb.
Son 6 ay ərzində Təhsil Nazirliyinin övladlığa
götürülən uşaqların mərkəzləşdirilmiş
siyahısında olan 14-17 yaşlı 8 uşaq övladlığa
verilib. Təhsil Nazirliyində övladlığa
götürülməsi mümkün olan uşaqların
mərkəzləşdirilmiş qeydiyyatında hazırda 27 uşaq
var. Onlardan 18-i 14-17 yaşlı, 9-u isə 5-11
yaşlı sağlamlıq imkanları məhdud olan
uşaqlardır. Eyni zamanda idarənin əməkdaşları
yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyaları ilə
birlikdə övladlığa, himayəyə və öz bioloji
ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili
və onların vəziyyətinin dövri monitorinqinin
aparılmasını həyata keçirirlər.
Nazir Misir Mərdanov çıxışında konfrans
iştirakçılarının nəzərinə onu da çatdırdı ki,
Təhsil Nazirliyinin nəzdində dövlət uşaq
müəssisələrində yaşayan uşaqlar barədə daim
yenilənən məlumat bazası yaradılıb. Bazaya daxil
edilmiş məlumatlara əsasən, hazırda 46 dövlət
uşaq müəssisəsində 9874 uşaq təlim-tərbiyə
alır. Onlardan 6014-ü yalnız təhsil alır. Qalan
3860-ı müəssisədə təhsil alır və gecələyir.
Müəssisədə gecələməsinə baxmayaraq, onların 86
faizi müəssisəyə müvəqqəti olaraq yerləşdirilmiş
uşaqlardır. Hər şənbə və bazar günləri evə
gedənlərin sayı 1356, hərdənbir evə gedənlərin
sayı 1914, daim müəssisədə yaşayıb evə getməyən
uşaqların sayı isə 590 nəfərdir. Müəssisədə
yaşayan uşaqların əksəriyyəti (yəni 3109
nəfəri) 7-16 yaşlı uşaqlardır. Bununla yanaşı,
müəssisədə gecələyən 3860 uşaqdan 1473 nəfəri
sağlamlıq imkanları məhdud olan uşaqlardır.
Dövlət uşaq müəssisələrindəki uşaqların
təlim-tərbiyəsi ilə 2530 nəfər pedaqoji işçi
məşğul olur.
Görülən işlərin nəticəsi olaraq dövlət uşaq
müəssisələrindəki uşaqların sayı ilbəil azalır.
Belə ki, onların sayı 2008-ci ildə 4055,
2009-cu ildə 3945, 2010-cu ildə isə 3860 nəfər
olub.
Təhsil naziri Misir Mərdanov çıxışında onu da
söylədi ki, ölkəmizdə de-institutlaşma və
uşaqların müdafiəsi sahəsində həyata keçirilən
islahatlar Avropa Sosial Şəbəkəsi tərəfindən
yüksək qiymətləndirilib və 2010-cu ildə Avropa
Sosial Şəbəkəsinin İnternet saytında
yerləşdirilən "Azərbaycanda
de-institusionalizasiya səylərinə dəstək" adlı
məqalə təşkilatın 28 üzv dövlətinə təbliğat
məqsədilə göndərilib. Bununla yanaşı, ölkənin
birinci xanımı Mehriban Əliyevanın Dövlət
Proqramına xüsusi diqqət və qayğısını əks
etdirən sənədli filmin təbliğat məqsədilə Avropa
Sosial Şəbəkəsi təşkilatının saytına
yerləşdirilməsi qərarlaşdırılıb.
Ötən müddət ərzində görülən işlər barəsində
konfrans iştrakçılarına ətraflı məlumat verən
nazir qarşıda duran vəzifələrdən də söz açdı.
Misir Mərdanov bu vəzifələrin proqramın icrasına
məsul digər qurumlarla sıx əməkdaşlıq şəraitində
həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Konfransda iştirak edən millət vəkilləri Hadı
Rəcəbli, Qənirə Paşayeva, YUNİSEF-in
Azərbaycandakı nümayəndəsi Mark Herevard,
Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və
sosial problemlər şöbəsinin müdir müavini Qurban
Əmirov və başqaları çıxış edərək Dövlət
Proqramının əhəmiyyətindən danışdılar.
Konfransdan sonra mövzu ilə bağlı Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda elmi- praktik seminarın
keçiriləcəyi də tədbir iştirakçılarının
nəzərinə çatdırıldı.
Şakir CƏFƏROV |