Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - 50

 

Şəfaət Mehdiyev - 100

Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı

Bookmark and Share

"Akademik Şəfaət Mehdiyev böyük alim, böyük ziyalı, böyük şəxsiyyət olmaqla yanaşı, yaxşı kişi idi. O zamanlar isə yaxşı kişi olmaq çox çətin idi". 

Heydər ƏLİYEV 

Bioqrafiyasında o tay-bu tay Azərbaycanı yaşadan görkəmli şəxsiyyətlərin həyat yolu ilə tanışlıq heyrət doğurur. Onlar Güney Azərbaycanda doğulub Quzey Azərbaycanda böyümüş, elm və sənət sahələrində uğurları ilə bütöv Azərbaycanı dünyaya tanıtmışlar. Belə tarixi şəxsiyyətlərin sırasında Şəfaət Fərhad oğlu Mehdiyevin öz yeri var. 

Şərəfli ömür yolundan sətirlər 

1910-cu ilin 15 dekabrında Sərab mahalının Şalqun qəzasında kəndli ailəsində anadan olmuş Şəfaət 4 yaşında ikən atasını itirmiş, ana qayğısı ilə böyümüşdür. Uşaqlıq illəri Sabunçu kəndində (Abşeron) keçən Ş.Mehdiyev bir dərəcəli məktəbdə oxumuş, sonralar təhsil almaqla yanaşı, həm də işləmişdir.

Həyatın ağrı-acısını erkən dadmış Ş.Mehdiyev elmə böyük meyil göstərmiş, Azərbaycan Sənaye İnstitutunda (indiki ADNA) tələbəlik illərindən öz bilik və bacarığını göstərə bilmişdir. Belə ki, geoloji kəşfiyyat fakültəsinin tələbəsi ikən o, professor P.P.Şuşinskinin "Kristaloqrafiya kursu" dərsliyini Azərbaycan dilinə çevirmişdir. Bu kitab sonralar 25 il ali məktəblərin geologiya fakültələrinin Azərbaycan şöbələrində təhsil alanlar üçün başlıca tədris ədəbiyyatı kimi istifadə olunmuşdur.

***

Ali məktəbi bitirdikdən  sonra əmək fəaliyyəti başlanmışdır. Pirsaat və Neftçala neft mədənlərində böyük geoloq kimi çalışan Ş.Mehdiyev baş geoloq kimi Azərbaycan Elmi-Tədqiqat İnstitutuna dəvət olunmuş, sonra Geologiya İnstitutunun aspiranturasına daxil olmuşdur. Buradakı fəaliyyət müddətində o, elmi-təşkilati sahəyə lazım olan keyfiyyətlər qazanmışdır.

***

Ş.Mehdiyev müharibə illərində zabit kimi döyüşən ordu sıralarında olmuş, 1944-cü ildə neftçi-geoloq kimi arxa cəbhəyə göndərilmişdir.

Yenidən Geologiya İnstitutuna qayıdan Şəfaət Mehdiyev elmi fəaliyyətini genişləndirmiş, tədqiqat işlərini davam etdirərək 1945-ci ildə Abşeron yarımadasının neft yataqlarının geotermikasına həsr olunmuş namizədlik dissertasiyasını müdafiə etmişdir.

1950-ci ildə Ş.Mehdiyev "Lənkəran vilayətinin geoloji quruluşu və neftlilik perspektivi" mövzusunda doktorluq dissertasiyasına görə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsini almışdı. 

Elmi araşdırmalar: dəyərli nəzəriyyələr. Monoqrafiya və dərsliklər müəllifi 

Azərbaycan EA-nın Geologiya İnstitutunun neft yataqlarının geokimyası laboratoriyasına rəhbər təyin olunduqdan sonra Şəfaət müəllim Azərbaycanın neft-qaz rayonlarının çökmə süxurlarındakı üzvi maddələrin kompleks tədqiqi ilə maraqlanmışdır. Çoxillik tədqiqatlar və araşdırmalar bu sahədə elmi-nəzəri məlumatların ümumiləşdirilib sistemləşdirilməsi zərurətini doğururdu.  Professor Ş.Mehdiyev 1956-1969-cu illər ərzində "Azərbaycanın neft yataqlarının formalaşması və neftlərin mənşəyi problemləri", "Azərbaycanın çökmə süxurlarının üzvi komponentləri", "Cənub-Şərqi Azərbaycanın üçüncü dövr kompleksinin bitiminologiyasına dair", "Kür çökəkliyi Şərq hissəsinin üst pliosen çöküntülərinin geoloji-geokimyəvi xüsusiyyətləri" E əsərlərini yazaraq bu sahədəki boşluğu doldurmuşdur. Mütəxəssislərin də qeyd etdikləri kimi, bu əsərlər indiyədək aktuallığını saxlamışdır.

Akademik A.Əlizadə, professor A.Əliyev "Görkəmli alim, neftçi-geoloq" adlı məqalələrində akademik Ş.Mehdiyevin  araşdırma və nəzəriyyələrinə çağdaş elmin rakursunda qiymət verərək yazırlar:

XX əsrin 50-60-cı illərində onun karbohidrogenlərin generasiyasının mənşəyi barədə irəli sürdüyü ideyaları çökmə süxurlarının üzvi maddələrinin geokimyəvi tədqiqinin nəticələri, həmçinin paleogen-miosen çöküntülərinin neft-qaz generasiya etmək xüsusiyyətləri haqqında mülahizələri əsasında püxtələşmişdir. Bu ideya Şərqi Azərbaycanın və Xəzərin akvatoriyasının məhsuldar qatında təmərküzləşmiş neft-qaz yataqlarının  formalaşmasını aydınlaşdırır. Sonralar, 1993-1999-cu illərdə AMEA-nın Geologiya İnstitutunun bir qrup aliminin xarici neft şirkətləri (bp, "Statoil", "Exxon" və s.) və elmi mərkəzləri ilə apardıqları müştərək geokimyəvi tədqiqatlar alimin fikirlərini təsdiqləmişdir.

Faktiki geoloji-geokimyəvi materialların tədqiqi analizi və laboratoriya tədqiqatları əsasında 60-cı illərdə neftin mənşəyi barədə mövcud olan təsəvvürlərin fonunda akademik Ş.Mehdiyev 1966-cı ildə yeni - "Neftin dərinlik-biogen genezisi" nəzəriyyəsini irəli sürür. Nəzəriyyə iki diametral zidd fərziyyənin - neftin üzvi və qeyri-üzvi mənşəyi nəzəriyyəsinin sintezi idi. Bu nəzəriyyədə, alimin fikrincə, karbohidrogenlərin formalaşma prosesində vəziyyəti və onların tələlərə tərəf hərəkəti, xüsusilə çökmə mənşəli süxurların neft və qazla qidalanması vacib əhəmiyyət kəsb edir. Bundan əlavə, karbohidrogen yığımlarının hifz olunması və dağılması şəraiti nəzərdən keçirilmişdir. "Neftin genezisi və neft-qaz yataqlarının formalaşması" monoqrafiyasında (1969) neftin dərinlik-biogen nəzəriyyəsi və Azərbaycanın neft-qaz yataqlarının formalaşma müddəası baxımından Cənubi Xəzər hövzəsinin, Azərbaycan və Türkmənistan ərazisinin mezokaynozoy çöküntülərinin neft-qazlılığının gələcək perspektivliyinin praktiki məsələləri öz əksini tapıb. Neftin dərinlik-biogen mənşəyi nəzəriyyəsi bu gün də tədqiqatçıların diqqət mərkəzindədir və həmin konsepsiyanın alimlər arasında tərəfdarlarının sayı artır. Qeyd olunanları şərtləndirən amil, təbii olaraq, alimin fikrinin elmi cəhətdən sanballı şəkildə əsaslandırılması, dərin məntiqiliyi ilə bağlıdır.

Neft yataqlarının geometriyası sahəsində tədqiqatlarda da öz töhfəsi olan alimin həmkarları ilə birlikdə hazırladıqları "Neft və qaz yataqlarının geometriyası" kitabı (1971) Moskvada nəşr olunmuşdur.

"Azərbaycanın və Türkmənistanın neft-qaz vilayətlərinin geotermiyası" adlı monoqrafiya isə 1972-ci ildə işıq üzü görmüşdür.

Araşdırıcılar yazırlar: Keçən əsrin 80-ci illərinin ikinci yarısı alimin yeni böyük nailiyyətləri ilə səciyyələnir. Bu illərdə Ş.Mehdiyev Cənubi Xəzər hövzəsində 9 kilometrə qədər dərinlikdə sənaye əhəmiyyətli neft yığımlarının mövcud olması ehtimalını ilk dəfə nəzəri cəhətdən əsaslandırır. Xüsusi olaraq qeyd edilməlidir ki, akademik Ş.Mehdiyevin böyük dərinliklərdə karbohidrogen yığımlarının mümkünlüyü fikri Meksika körfəzində 10-10,5 kilometr dərinlikdə neft yataqlarının aşkar edilməsində öz faktiki təsdiqini tapmışdır.

1985-ci ildə Şəfaət Mehdiyevin redaktorluğu ilə Azərbaycanın neft-qaz yataqlarının və perspektivli strukturlarının 1:500000 miqyasda xəritəsi izahat kitabçası ilə birlikdə dərc olunmuşdur. 1988-ci ildə alimin təklifinə əsasən Geologiya İnstitutunun bir qrup mütəxəssisi Cənubi Xəzər hövzəsinin dərində (5 kilometrdən aşağı) yerləşən çöküntülərinin neft-qazlılıq baxımından rayonlaşdırılması hazırlanmış və ilk dəfə ifrat dərin (7-9 kilometr) stratiqrafik komplekslərinin karbohidrogen resurslarının qiymətləndirilməsi həyata keçirilmişdir.

Nəhayət, son illərin elmi tədqiqatlarının ən vacib nəticələri Azərbaycanda birinci elmi kəşf kimi təsdiq olunmuşdur. Elmi kəşf 2003-cü il oktyabrın 15-də təsdiq olunmuş və "Vulkanların məkan-zaman paylanmasının qanunauyğunluğu" adı ilə beynəlxalq reyestrə daxil edilmişdir.

***

Neft-qaz geologiyası və geokimyası sahəsində bütün dünyada məşhur olan akademik Ş.Mehdiyev az qala yarım əsrlik bir zamanda beynəlxalq konqreslərdə, simpozium və konfranslarda iştirak etmişdir. Onun Meksika, Hindistan, Kanada, ABŞ, Fransa, Almaniya, Türkiyə, Macarıstan və s. ölkələrdə keçirilmiş elmi məclislərdəki məruzələri diqqəti cəlb etmişdir.

Böyük alim nəinki təkcə Azərbaycan, eləcə də Türkmənistan, GürcüstanE respublikaları üçün elmi kadr və mütəxəssis hazırlanmasında əmək sərf etmişdir. Akademik Ş.Mehdiyev 10 nəfər elmlər doktoru, 60-a yaxın elmlər namizədi hazırlamışdır. 

Pedaqoji fəaliyyəti 

Pedaqoji iş bu sahəyə qədəm basan şəxsdən, ilk növbədə, ixtisas üzrə dərin bilik, geniş dünyagörüşü, səbr və təmkin, üstəlik pedaqoji ustalıq tələb edir.

Hələ tələbə ikən ali məktəb tələbələrinin ehtiyacını ödəmək üçün professorun müəllifi olduğu dərsliyi Azərbaycan dilinə tərcümə etməklə bərabər, Şəfaət Mehdiyev yuxarı kursda oxuyarkən kristalloqrafiyadan dərs demişdir. O dövrdə elmin bu sahəsində kadrlar - azərbaycanlı  mütəxəssislər yox idi.  Hələ gənc ikən belə bir işin öhdəsindən gələn Ş.Mehdiyev sonralar elmi işlə yanaşı, pedaqoji fəaliyyətini də davam etdirmişdir.

Akademik Şəfaət Mehdiyev səmərəli elmi işlə yanaşı, uzun illər pedaqoji fəaliyyətlə də məşğul olmuş, "Neft və qaz geologiyasının əsasları", "Ümumi geologiya" fənlərindən mühazirələr oxumuşdur. 1953-1965-ci illərdə o, Azərbaycan Dövlət Universitetinin geologiya fakültəsində kafedra müdiri olmuşdur. 1967-ci ildən sonra Azərbaycan Neft və Kimya İnstitutunda (ADNA) Geologiya və neft-qaz yataqlarının kəşfiyyatı kafedrasına rəhbərlik etmişdir.

Müəllimə obyektiv qiyməti, onun pedaqoji ustalığı ilə öyrətmə bacarığına dəyəri yetirmələri verirlər.

AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə və Geologiya İnstitutunun  şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Afiq Əliyevin mətbu yazısında onun mühazirələri, bir alim mühazirəçi kimi xüsusiyyətləri belə ümumiləşdirilib:

...Şəfaət müəllim mahir mühazirəçi idi. Onun mühazirələri lakonikliyi ilə tələbələrin, həmçinin auditoriyada iştirak edən mütəxəssislərin böyük marağına səbəb olurdu.

Akademik Ş.Mehdiyev bir müddət (1958-1965-ci illər) elmi-pedaqoji fəaliyyətin qaynar məkanlarından olan Azərbaycan Dövlət Universitetinin rektoru kimi milli kadrların hazırlanmasına rəhbərlik etmişdir.

***

Həyatı zəngin, fəaliyyət dairəsi əhatəli olanlar, hər şeydən əvvəl, universal şəxsiyyətlər sayılırlar. Şəfaət Mehdiyev Azərbaycan Sənaye İnstitutunun "Neft kadrları uğrunda" qəzetinə redaktorluq etmişdir. Bu sahədə qazandığı bacarıq və peşəkarlıq sonralar müvafiq elmi jurnalların, geoloji xəritələrin, çoxcildli "Azərbaycan geologiyası" monoqrafiyasının redaktoru kimi gərək olmuşdur. 

Söz sənətinə bağlı alim 

Müasirlərinin yaddaşında, elm tariximizdə, yazılı mənbələrdə ensiklopedik bilikli, qeyri-adi istedadlı insan, xeyirxah, humanist, xalqına, Vətənə bağlı təvazökar şəxs kimi yaşayan, təsdiqlənən, tanınan akademik Şəfaət Mehdiyev həm də ictimai şüurun xüsusi bir növü olan ədəbiyyatı sevmiş, onu daim mütaliə etmiş və... özü də bədii əsərlər qələmə almışdır. Qüdrətli sənətkar M.F.Axundovun həyatı və irsinə olan maraq və məhəbbətin nəticəsi olaraq yazılmış "Mirzə Fətəli" dramı, eləcə də "Səttarxan", "Sabir", "Ərk qalası", "Rüşvət ustası", "Su pərisi" və s. əsərlər, miniatür, hekayə və şeirlər onun bədii təxəyyülünün məhsulu kimi bu gün də öz tarixi-ədəbi, mədəni-estetik dəyərini saxlayır.

Elmi və bədii yaradıcılıq sahələrində dəyərli əsərlər müəllifi kimi tanınmış alim demişdir: "Həyat xalq üçün yazıb-yaradan, heç bir fəxri adda, yüksək mükafatda gözü olmayan şəxsiyyətləri sevir, onlara yenilməz bir heykəl qoyur. Bu heykəlin adı Xalq Məhəbbətidir".

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə anadan olmasının 100 illiyi qeyd olunan xoşrəftarlı, ünsiyyətcil, prinsipial, amalına sadiq, sözübütöv və mərd şəxsiyyət, akademik, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Şəfaət Mehdiyevlə bağlı qələm məhsulunun sonunda onu tanıyanların ürək sözlərini oxuculara təqdim edirik. 

Müseyib Müseyibov, BDU-nun Coğrafiya fakültəsinin dekanı, coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi

- Akademik Şəfaət Mehdiyevlə ötən əsrin 40-cı illərində tanış olmuşam. Geologiya-coğrafiya fakültəsi təzə təşkil olunmuşdu. Azərbaycanın tanınmış geoloqları, bir neçə coğrafiyaçı (o zaman hələ məşhur coğrafiyaçılar yox idi) fakültədə çalışırdılar. Həmin dövrdə tanınmış geoloqlar var idi, çünki Azərbaycan neft ölkəsi olduğu üçün bu sahə çox inkişaf etmişdi, mütəxəssislər yetişmişdilər. Keçmiş İttifaqda, hətta dünyada tanınmış alimlər vardı. Onlardan biri Şəfaət Fərhad oğlu Mehdiyev idi. O zaman Ş.Mehdiyev həm coğrafiya, həm də geologiya şöbələrində dərs deyirdi. Coğrafiyaçı tələbələrə  geomorfologiyadan mühazirələr oxuyurdu. Dərs deyən müəllimlər arasında Şəfaət Mehdiyev Azərbaycan dilini çox gözəl, dilçilər səviyyəsində bilən bir alim idi. O vaxtlar alimlər dissertasiyalarını rus dilində yazırdılar, rusca danışırdılar. Azərbaycanca səlis danışan elmlər namizədləri, elmlər doktorları, hətta professor, akademiklər az idi. Şəfaət müəllim çoxlarından bu cəhətdən fərqlənirdi; Azərbaycan dilində çox səlis və təmiz danışırdı.

Onunla yanaşı dərs deyənlərdən Heydər Əfəndiyev də bu baxımdan seçilirdi. O da geologiyadan dərs deyirdi. Olduqca ziyalı və bilikli insanlardan biri idi.

O dövrdə qonşu respublikaların heç birində Azərbaycanda olduğu qədər yüksək səviyyəli geoloqlar yox idi. Yer elmləri sahəsində Şəfaət Mehdiyev və Heydər Əfəndiyevə, eləcə də adlarını çəkmədiyim alimlərə bərabər mütəxəssislər yetişməmişdi.

Yeri gəlmişkən, həmin dövrdə elmi-pedaqoji sahədə çalışmış alimlərin bir neçəsinin ad-soyadlarını qeyd etməyi özümə fəxr bilirəm. Məsələn, Əlövsət Əlizadə (əvvəllər Azərbaycan KP MK-nın katibi olmuşdu), Şamil Əzizbəyov geologiya, mineralogiya sahəsində tanınmış mütəxəssislər idi.

Şəfaət müəllim bu alimlər içərisində xüsusilə fərqlənirdi. O, bütün tələbələrə öz övladları kimi, cavan müəllimlərə yaxınları, doğmaları tək yanaşırdı. Bunu şəxsi həyatımdan bir epizodla təsdiqləmək istərdim.

Ali məktəbi bitirib aspiranturaya daxil oldum. Aspiranturanın I kursunu bitirən zaman Ermənistandan Arzumanyan soyadlı bir qatı daşnak Azərbaycan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru təyin edildi. O, ilk üç-dörd ayda universitetdən 15 nəfərə yaxın aspirantı "xalq düşmənləri"nin övladları kimi çıxartdırdı, o cümlədən mən də xaric edildim. Çox keçmədi xeyirxah adamların köməyi ilə geoloji kəşfiyyat şöbəsinə rəis təyin olundum. Çətin bir iş idi. Bu vəzifədə çalışmaqla yanaşı, namizədlik dissertasiyası üzərində çalışırdım.

1954-cü ilin əvvəlində dissertasiyam müzakirə olundu və iş müdafiəyə buraxıldı. Birinci opponent professor Şəfaət Mehdiyev təyin edildi.

Şəfaət Mehdiyev, Səttar Süleymanov, Qasım Gül, Hadı Əliyev və başqaları mənim "xalq düşməni" oğlu olduğumu bilirdilər. Lakin bununla belə, onlar mənə qayğı və diqqətlə yanaşırdılar. Şəfaət müəllimin qayğı və diqqəti daha çox idi. O vaxtlar müdafiələrlə bağlı qəzetdə elan verilirdi. Orta Asiyadan gəlmiş bir nəfər əvvəl müdafiə etməli idi. İclas başlayanda məlum oldu ki, əvvəlcə mən müdafiə etməliyəm. Bunun bir qurğu olduğundan həyəcanlandım. Rəyasət heyətində əyləşmiş professor Şəfaət Mehdiyev işarə ilə məni çağırıb, təşvişə düşməyimin səbəbini soruşdu. Mən bunun qəsdən edildiyini söylədim. Sən demə, bu, Şəfaət müəllimin təkidi imiş: əvvəlcə Müseyib müdafiə etməlidir.

Mən xalq düşməni məsələsinin burada ortaya çıxarılacağından qorxduğumu dedim. - Kim belə sual versə, onu zaldan çıxartdıraram, - deyən professorun qətiyyətli sözləri varlığıma bir rahatlıq gətirdi. Onun bu sözlərini zaldakıların hamısı eşitdi. Şəfaət Mehdiyev belə cəsarətli və qətiyyətli bir insan idi. 

Müdafiə uğurla keçdi 

Mən 22 kəşfiyyat dəstəsinə nəzarət edirdim. Daha təcrübəli işçilərə rəhbərlik çətin idi. Azərbaycanın birinci Xəzərşünas alimi Qasım Gül və Səttar Süleymanov məni universitetə dəvət etdilər.

Bir haşiyə çıxmaq istərdim. Universitetdə işləyərkən yarımzirzəmi bir evdə yaşayırdım. Rektor akademik Yusif Məmmədəliyev idi. Ədalət naminə deyim ki, Yusif Məmmədəliyev kimi alim bütün sovet məkanında bir-iki nəfər olardı, ya olmazdı. Müharibə vaxtı onun elmi rəhbərliyi ilə dünyada ən yüksək oktanlı benzin alındı. Belə məşhur alim həm də humanist və qayğıkeş idi; mənə 4 otaqlı mənzil verilməsini təmin etdi.

Fakültənin professor-müəllim heyətinin üzvləri, o cümlədən professor Ş.Mehdiyev məni təbrik etdilər.

1960-cı ildə kafedra müdiri təyin edildim. Artıq iki il idi ki, professor Ş.Mehdiyev ADU-nun rektoru işləyirdi.

...Doktorluq dissertasiyamı bitirib Moskvaya getdim. İttifaqda tanınmış alimlər işlə tanış olub müsbət rəydə oldular. 1963-cü ilin may ayında doktorluq işimi müdafiə etdim.

SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdindəki AAK-dan müdafiəni təşkil edib keçirməyin icazəsini ADU-nun rektoru Ş.Mehdiyev şəxsən zəng edib aldı.

O vaxtlar ADU-da nəşr olunan elmi xəbərlərin məsul katibi idim. Bir gün rektor Ş.Mehdiyevlə növbəti nömrənin materiallarını seçirdik. Katibə kabinetə girib dedi ki, Şəfaət müəllim, Xəlil Əlimirzəyev qəbula gəlib. X.Əlimirzəyev əvvəlcə gəlişinin məqsədini demədi. Professor Mehdiyev:

- Xəlil müəllim, mənim Müseyibdən gizlin sözüm yoxdur, - deyəndən sonra o, problemini söylədi: neçə vaxt imiş ki, X.Əlimirzəyevin dissertasiyasının təsdiqi ləngiyirmiş.

Şəfaət müəllim katibəyə AAK-ın sədri Yelyutinlə telefon əlaqəsi yaratmasını tapşırdı. Mən professor Ş.Mehdiyevin necə böyük nüfuz, hörmət sahibi olduğunu onda dərk etdim. Az keçmədi ki, Xəlil müəllim təsdiqini aldı.

1972-ci ildə Amerikada elmi ezamiyyətdə idim. Nyu-Yorkda küçədən keçərkən adımın çağırıldığını eşidəndə boylandım. Küçənin o tayında iki nəfərlə (Viktor Yefimoviç Xain - dünya şöhrətli alim idi və "Azneft"in baş mühəndisi) dayanmış akademik Ş.Mehdiyevi görəndə küçəni necə keçdiyimi bilmədim. Sözarası Şəfaət müəllim problemim olub-olmadığını soruşdu, pul-param varmı, deyə maraqlandı.

...Akademik Ş.Mehdiyevlə tez-tez dənizkənarı parkda görüşüb söhbətləşərdik. Bəzən onun Alimlər evindəki mənzilinə gedərdim (dostlarla getdiyimiz vaxtlar da olurdu). O, gələn qonaqlara qarşı çox diqqətli, həssas və mehriban idi. O, bizi öz övladlarından ayırmazdı.

O zamanlar SSRİ-dən xarici ölkələrə göndərilən nümayəndə heyətinin tərkibinə mütləq akademik Ş.Mehdiyev daxil edilirdi. Şəfaət müəllim təhsil, geologiya, neft sənayesi sahəsində özünü təsdiq etmiş humanist təbiətli, cəsarətli, xeyirxah və dərin təfəkkür sahibi idi.

Akademik Şəfaət Mehdiyev insanpərvər bir alim idi. Əgər böyük alim insanpərvər deyilsə, onun dərin biliyi heç kimə lazım deyil, ondan cəmiyyət heç bir xeyir götürə bilməz.

Böyük vətəndaş, əsl alim, xeyirxah insan, geniş dünyagörüşlü pedaqoq Şəfaət Mehdiyevin həyatı, sözün həqiqi mənasında, nəsillərə örnəkdir. 

Adil Xasayev, BDU-nun Geologiya fakültəsinin dekanı, geologiya-mineralogiya elmləri namizədi, dosent

"XX əsrin məşhur alim-geoloqlarının nümayəndələrindən" olan akademik Şəfaət Mehdiyevin geologiya elminin inkişafına verdiyi töhfələr böyükdür.

Akademik Şəfaət Mehdiyevin elmi tədqiqatlarının geniş diapazonunu təsəvvür etmək üçün aşağıdakıları sadalamaq yerinə düşər: ölkəmizin neft-qaz geologiyası, geokimya, palçıq vulkanizmi, tektonika, regional geologiya.

Neft yataqlarının geometriyası sahəsində elmi istiqaməti ötən əsrin 40-cı illərində Ş.Mehdiyev araşdırmağa başlamışdır. Ümumiyyətlə, görkəmli alimin Azərbaycan elminin inkişafı və tanınmasında xidmətləri böyükdür. Təbii ki, yubiley tədbirlərində onun nəsillərə örnək olan həyatı və geniş elmi yaradıcılığı barədə söhbət açılacaq.

Akademik Ş.Mehdiyev 1958-1965-ci illərdə ADU-nun (indiki BDU) rektoru olmaqla yanaşı, həm də Ümumi geologiya və hidrogeologiya kafedrasının müdiri kimi də fəaliyyət göstərmişdir.

1963-cü ildə birinci kursda professor Ş.Mehdiyev bizim qrupa Ümumi geologiya fənnindən mühazirələr oxudu. O, nadir istedadlı natiq idi, mühazirələrinin hər biri bir məktəb təsiri bağışlayırdı. Ş.Mehdiyevin necə alim və müəllim olmasını bu fakt, məncə, aşkarlamaq baxımından kifayət edər: imtahan zamanı bizim qrupun tələbələrinin 90 faizi "əla", 10 faizi "yaxşı" qiymətlər aldı. Bu, mühazirə oxuyan müəllim əməyinin nəticəsi idi. Tələbə psixologiyasına bələd olan Şəfaət müəllim imtahan verənin bilik və bacarığını aşkara çıxarmağa, obyektiv dəyərləndirməyə qadir olan alim-pedaqoq idi.

Yubileylə bağlı fakültənin xətti ilə planlaşdırılmış işlər görülür. Belə ki, fakültədə "Görkəmli alim, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, 1958-1965-ci illərdə ADU-nun rektoru olmuş akademik Şəfaət Fərhad oğlu Mehdiyev (1910-1993) adına auditoriya" açılacaq.

Akademik Ş.Mehdiyevin elmi irsi tələbələr tərəfindən öyrənilməkdədir. Alimin "Ümumi geologiya" dərsliyi 2008-ci ildə "Mars-Print" nəşriyyatında (404 səhifədir) latın qrafikalı əlifba ilə çapdan buraxılıb. Bu əsər I kurs tələbələri, eləcə də tədqiqatçılar üçün vacib ədəbiyyatlardan biridir.

Yeri gəlmişkən onu da qeyd edim ki, fakültə tələbələri arasında akademik Şəfaət Mehdiyevin elmi-nəzəri irsinin öyrənilməsi ilə bağlı müsabiqə keçiririk. Müsabiqənin qalibləri olacaq tələbə-tədqiqatçılara ali məktəb rektorluğunun Fəxri fərmanları veriləcək.

Bu gün fakültə tələbələrindən bir qismi müxtəlif adlı təqaüdlər alır. Onların sırasında akademik Şəfaət Mehdiyev adına təqaüdçü də var.

Hər bir ali məktəb öz yetirmələri ilə tanınır. Hər bir fakültə öz tarixi ənənələri, professor-müəllim heyətinin tərkibi ilə fəxr edir. Çoxillik salnaməsi olan geologiya fakültəsinin müəllimləri sırasında akademik Ş.Mehdiyevin adı xüsusi yer tutur. 

Ş.MƏMMƏDOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - 50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov