(Təlim Azərbaycan dilində olan məktəblər üçün)
Ədəbiyyat fənni kurikulumu və onun xarakterik
cəhətləri. Ədəbiyyat fənni kurikulumu ümumtəhsil
məktəblərində ədəbiyyat təliminin məqsəd və
vəzifələrini, ayrı-ayrı təlim pillələri üzrə
məzmun xətlərini və standartlarını, onların
reallaşdırılması üçün fəaliyyət istiqamətlərini
müəyyənləşdirən konseptual sənəddir.
Ədəbiyyat fənni kurikulumu hər bir şagirdin
ümumi inkişafı, maraq və meyilləri nəzərə
alınmaqla onun ədəbi təhsili, tərbiyəsi və
inkişafı üçün optimal şərait yaradılmasını
nəzərdə tutur. Bu məqsədlə sənəddə ümumi orta və
tam orta təhsil pilləsində fənnin bir-biri ilə
üzvi əlaqədə olan məzmun xətləri və
standartları, şagird bacarıqlarının inkişaf
istiqamətləri dəqiqləşdirilmişdir.
Bu sənəd təlim nəticələrini konkretləşdirməklə
fəndaxili və fənlərarası inteqrasiyanı, fənnin
tədrisinə verilən əsas tələbləri, təlimin
təşkili formaları və üsulları barədə tövsiyələri
özündə əks etdirir.
Tədris prosesinin keyfiyyətinin
dəyərləndirilməsi, şagird nailiyyətinin
qiymətləndirilməsi ədəbiyyat fənni kurikulumunda
diqqət mərkəzində saxlanılmışdır.
Bu sənəd milli və ümumbəşəri dəyərlər,
şagirdlərin fərdi xüsusiyyətləri nəzərə
alınmaqla əlverişli təlim şəraitinin
yaradılması, tələbyönümlülük, nəticəyönümlülük,
şagirdyönümlülük, inteqrativlik kimi ümumi
prinsiplərə istinad edilməklə hazırlanmışdır.
Məzmun standartları müəyyənləşdirilərkən
şagirdlərin idraki, informativ-kommunikativ
fəaliyyət göstərmələri, onlarda düşünmə,
emosional və hərəki bacarıqların
formalaşdırılması əsas götürülmüşdür.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri.
Özünəməxsus inkişaf yolu keçmiş, qədim tarixi
olan Azərbaycan ədəbiyyatı dünya bədii
mədəniyyət xəzinəsinə dəyərli sənət abidələri
bəxş etmişdir. Humanist və demokratik ideyaları
əks etdirən ədəbiyyatımızın ümumtəhsil
məktəblərində tədrisi milli dövlətçilik
maraqları baxımından böyük əhəmiyyət kəsb edir.
Məktəb ədəbiyyat kursu həqiqi vətəndaşın və
müasir dünyagörüşlü şəxsiyyətin yetişməsində
mühüm rolu olan fənlərdəndir.
Qüdrətli tərbiyə vasitəsi olan bədii söz
sənətimiz şagirdlərin mənəvi-estetik tərbiyəsi,
xalqın ədəbi-mədəni irsini, tarixi keçmişini,
mübarizəsini, adət-ənənələrini öyrənmək üçün
mötəbər mənbə, etibarlı qaynaqdır. Müasir
məktəbdə müstəqil düşünməyi, qazandıqları
bilikləri tətbiq etməyi, qarşılaşdıqları
problemləri həll etməyi bacaran, saf
mənəviyyatlı, təşəbbüskar, yaradıcı, demokratik
ruhlu, humanist gənclər tərbiyə edilməsi sosial
tələb kimi meydana çıxır.
Orta məktəbi bitirən hər bir gənc bədii
ədəbiyyatı, digər mənbələri oxumağı, təhlil
etməyi, qiymətləndirməyi, öz biliklərini
müstəqil şəkildə artırmağı bacarmalı, fasiləsiz
təhsilə hazır olmalıdır. Məktəb ədəbiyyat
kursunda yüksək ideya-bədii dəyərə malik
əsərlərin öyrədilməsi əsasında şagirdlərdə
mütaliə formalaşır, onların ədəbi təhsili,
tərbiyəsi və inkişafı təmin olunur.
Ədəbiyyat həyatı ümumiləşdirilmiş şəkildə,
obrazlar vasitəsilə əks etdirən söz sənəti kimi
şagirdlərin müstəqil həyata hazırlanmasında,
həyati əhəmiyyət kəsb edən bacarıqlara
yiyələnmələrində mühüm rol oynayır. Bədii
ədəbiyyatın "insanşünaslıq", "həyat dərsliyi"
adlandırılması bu fənnin hər bir şagird - oxucu
üçün özünü, həyatı, insanı dərk etmək vasitəsi
kimi əhəmiyyətini ifadə edir.
Firudin bəy Köçərli yazırdı: ...hər bir
millətin şöhrət və əzəmətinə, tərəqqi və
səadətinə bais olan səbəblərdən birisi də onun
ədəbiyyatıdır. Ədəbiyyat xalqın
aineyi-həqiqətnümasıdır ki, onun maddi və mənəvi
tərəqqisini və istiqbalı üçün nicat və səadət
yollarını eynilə göstərir. ...millətin cisminə
şəfa, ruhuna səfa, fikrinə cila, ağlına və
təmami mənəvi və ruhani qüvvələrinə qol-qanad
verib uca məqama qaldırır.
Ədəbiyyatdan müxtəlif məşğələlərdə Azərbaycan
ədəbiyyatının, eləcə də dünya xalqlarının
ədəbiyyatından seçilmiş nümunələrin müzakirəsi
şagirdlərin müasir dövrdə xüsusi aktuallıq kəsb
edən mənəvi-estetik problemləri, həyatda,
cəmiyyətdə baş verən dəyişiklikləri dərk edib
qiymətləndirmələrinə, milli və ümumbəşəri mənəvi
dəyərlərə yiyələnmələrinə imkan yaradır.
Azərbaycan ədəbiyyatı əsrlər boyu təlim-tərbiyə
məktəbi funksiyasını yerinə yetirmişdir. Gözünü
dünyaya açan körpəni ananın oxşamaları,
laylaları qarşılayır, dil açıb yeriməyə
başlayanda sanamalar, düzgülər, tapmacalar,
yanıltmaclar, uşaq nağılları onun nitqini,
təfəkkürünü inkişaf etdirir, həyat üçün zəruri
olan ilkin bacarıqlar formalaşdırır.
Ədəbi əsərlərin öyrədilməsi zamanı şagirdlərin
şifahi və yazılı nitqi tədricən cilalanır.
Şagirdlər ana dilimizdə yazılmış əsərlərdə dilin
gözəlliyini, dərin fikir və ifadə zənginliyini
görüb-götürür. Təlim prosesində sənətkarın
sözdən istifadə məharəti, nitqin bədiiliyi,
ifadəliliyi, obrazlı sözün doğurduğu
emosionallıq və fikir tutumu haqqında aydın
təsəvvür yaradılır, bu əsasda şagirdlərin özünün
nitqinin zənginləşməsi təmin edilir.
Ədəbiyyat dərslərində nitq inkişafı üzrə
aparılan işlər məktəblilərdə bədii sözə həssas
münasibətin yaradılmasına, sözün, fikrin məna
incəliklərini duymaq, ifadə etmək bacarığının
formalaşdırılmasına imkan yaradır.
Ədəbiyyatın məktəbdə öyrədilməsi zamanı bədii
zövqün formalaşdırılması diqqət mərkəzində
saxlanılır, şagirdlərin həyatda, insanda olan
gözəlliyi duymaq, qiymətləndirmək bacarığı
inkişaf etdirilir.
Ümumtəhsil məktəblərində ədəbiyyat təliminin
məqsədi bədii ədəbiyyat nümunələrini,
tarixi-ədəbi prosesi öyrənmək, təhlil etmək,
qiymətləndirmək bacarığını formalaşdırmaqla
şagirdlərin dünyagörüşünü zənginləşdirmək,
mənəvi-estetik inkişafını təmin etmək, nitq
mədəniyyətinə yiyələnmələrinə nail olmaqdır. Bu
məqsədlə aşağıdakı vəzifələrin həyata
keçirilməsi təmin edilir.
Ümumi orta təhsil səviyyəsində:
İncəsənətin bir növü kimi söz sənətinin - şifahi
və yazılı ədəbiyyatın xalqın mənəvi sərvəti
olması, həyatı, taleyüklü məsələləri özünəməxsus
bədii vasitələrlə əks etdirməsi barədə
şagirdlərdə dolğun təsəvvür yaradılır.
Milli və dünya ədəbiyyatından seçilmiş kamil
sənət nümunələri vasitəsilə məktəblilərdə sözə,
söz sənətinə həssas, bədii-emosional münasibət
formalaşdırılır, təhlil, dəyərləndirmə,
fikirlərini şifahi və yazılı çatdırmaq bacarığı
inkişaf etdirilir.
Ədəbiyyat nəzəriyyəsi üzrə zəruri biliklərə və
mütaliə mədəniyyətinə yiyələnən şagirdlərdə
konfliktlərə, problemlərə, ədəbi nailiyyətlərə
əsaslandırılmış münasibətin formalaşması təmin
edilir.
Tam orta təhsil səviyyəsində:
Şagirdlərin ümumi orta təhsil səviyyəsində
qazandıqları bacarıq və vərdişləri
təkmilləşdirilməklə, tarixi-xronoloji
ardıcıllıqla Azərbaycan ədəbiyyatının
çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və
əlaqələri, Azərbaycan və dünya ədəbiyyatının
görkəmli ədəbi simalarının yaradıcılığından
nümunələr öyrədilir, ədəbiyyat nəzəriyyəsinə
dair məlumatlar genişləndirilir, şagirdlərin
ədəbi-bədii, tənqidi təfəkkürünün formalaşması
təmin olunur.
Ümumtəhsil məktəblərində ədəbiyyatın təlim
fənni kimi məzmununun əsasını Azərbaycan
ədəbiyyatının kamil nümunələrinin, eləcə də
dünya ədəbiyyatından seçmələrin oxusu və
öyrənilməsi təşkil edir. Ədəbi əsərlərin
qavranılması, təhlili tarixi və ədəbi-nəzəri
biliklərə, bacarıqlara əsaslanmaqla həyata
keçirilir.
Ədəbiyyat təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
"Ümumi təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumları)"nda ədəbiyyat fənni
üzrə ümumi orta və tam orta təhsil səviyyələri
üçün aşağıdakı ümumi təlim nəticələri müəyyən
edilmişdir:
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə
şagird:
- ədəbi-bədii nümunələri onların məzmunundan
irəli gələn məna çalarlarına uyğun ifadəli
oxuyur, mətni bədii-emosional cəhətdən
qüvvətləndirən sözlərin mahiyyətini izah edir;
- yazılı nitqində məzmuna uyğun üslub
müəyyənləşdirir, orfoqrafiya və orfoepiya
qaydalarına əməl edir, söz ehtiyatından səmərəli
istifadə edir, fikirlərini ardıcıl və məntiqi
ifadə edir, ümumiləşdirmələr aparır;
- ədəbi nümunələrlə bağlı fikirlərini aydın,
ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə
bədii təsvir vasitələrindən istifadə etməklə
şərh edir;
- müxtəlif janrlarda yazılmış mətnlər üzərində
sərbəst işləyir, onlarda ifadə olunmuş əsas
ideyanı şərh edir, mətni məzmununa uyğun
hissələrə ayırır və müvafiq plan tərtib edir;
- şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli
cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret
nümunələrlə izah edir, öz fikirlərini
müqayisələr aparmaqla əsaslandırır;
- ədəbi əsərləri məzmun və ideya istiqamətinə,
sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə
görə təhlil edir, öz şəxsi münasibətini,
mülahizələrini bildirir;
- ədəbi əsərlərin müzakirəsi zamanı tolerantlıq,
obyektivlik, ədalətlilik, əsaslandırma və ümumi
rəyə gələ bilmək bacarıqlarını nümayiş etdirir.
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə
şagird:
- oxuduğu ədəbi nümunələri bədii-emosional və
obrazlı qavradığını nümayiş etdirir;
- ayrı-ayrı mövzulara dair müvafiq üslublarda
yaradıcı xarakterli yazılar təqdim edir;
- mövzu, süjet, kompozisiya, bədii təsvir və
ifadə vasitələrinin müəyyənləşdirilməsi
baxımından ədəbi nümunələr üzərində araşdırmalar
aparır;
- ədəbi nümunələri mövzu, janr, problem
baxımından müqayisə edir, əsaslandırılmış rəy
bildirir;
- ədəbi əsərin məzmununa və ideyasına onun
yarandığı dövrdə mövcud olan ictimai-siyasi və
əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;
- ədəbi mövzulara aid tədbirlərin təşkilində
iştirak edir, ədəbi nailiyyətlərə münasibət
bildirir;
- mənbələr üzərində işləyir, görkəmli ədəbi
şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət
sahəsindəki nailiyyətlər barədə materiallar
toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar
hazırlayır.
1.2. Məzmun xətlərinin əsaslandırılması və
səviyyələr üzrə gözlənilən nəticələr
Ədəbiyyat fənninin məqsədinə və gözlənilən
nəticələrə uyğun olaraq məzmun xətləri aşağıdakı
şəkildə müəyyənləşdirilir:
- ədəbiyyat və həyat həqiqətləri;
- şifahi nitq;
- yazılı nitq.
Ümumi orta təhsil səviyyəsi üzrə əsaslandırma və
gözlənilən nəticələr:
1. Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti
bədii ədəbiyyatda əksini tapan milli-bəşəri
dəyərlərin, mənəvi-estetik problemlərin
qavranılması, təhlili, onlara əsaslandırılmış
münasibətin formalaşdırılması, mürəkkəb həyat
hadisələrinin, ziddiyyətli situasiyaların dərk
edilməsinə və qiymətləndirilməsinə zəmin
yaradır.
Bədii həqiqətlə həyat həqiqətlərinin müqayisəsi,
əlaqələrin açıqlanması söz sənətinin
mahiyyətinin başa düşülməsinə, eləcə də insan
həyatında, cəmiyyətdə müşahidə edilən mühüm
hadisələrin dərk edilib dəyərləndirilməsinə
səbəb olur.
Söz sənəti olmaqla ədəbiyyatın incəliklərinin,
obrazların, bədii təsvir və ifadə vasitələrinin
mənimsənilməsi müxtəlif ədəbi növdə və janrda
olan əsərlərin mütaliəsinə maraq oyadır, mətnin
ifadəli oxusu ilə bağlı bacarıqları inkişaf
etdirir, şifahi və yazılı nitq üçün zəruri olan
lüğət ehtiyatını zənginləşdirir.
Şagird:
- ədəbi-bədii nümunələri ideya-məzmununa uyğun
ifadəli oxuyur;
- müxtəlif janrlarda yazılmış mətnləri uyğun
hissələrə ayırır, müvafiq plan tərtib edir;
- şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli
cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret
nümunələr əsasında izah edir;
- ədəbi əsərləri məzmun və ideya istiqamətinə,
obrazların səciyyəsinə, sənətkarlıq
xüsusiyyətlərinə görə təhlil edir.
2. Şifahi nitq məzmun xətti ədəbi nümunələrlə
bağlı fikirlərin obrazlı sözlərdən, bədii
təsvir və ifadə vasitələrindən istifadə etməklə
aydın, ardıcıl, məqsədyönlü və yığcam ifadə
edilməsinə imkan yaradır.
Şagird:
- nitqində düzgün tələffüz qaydalarına əməl
edir, söz ehtiyatından səmərəli istifadə edir;
- ədəbi nümunələrlə bağlı fikirlərini aydın,
ardıcıl, məqsədyönlü, yığcam, bədii təsvir və
ifadə vasitələrindən istifadə etməklə şərh
edir;
- ədəbi əsərlərin kollektiv müzakirəsi zamanı
fikirlərə tolerant, obyektiv və ədalətli
münasibət bildirir, ümumi rəyə gəlməyi bacarır.
3. Yazılı nitq məzmun xətti mövzu, problemlə
bağlı müxtəlif mənbələrdən informasiyaların,
fakt və dəlillərin seçilməsini,
ümumiləşdirilməsini, fikrin aydın, dəqiq
çatdırılmasında onlardan istifadə olunmasını
təmin edir. Müxtəlif tipli (nəqli, təsviri,
mühakimə) və formalı (inşa, esse, hekayə)
yazılara dair bacarıqların formalaşmasına imkan
yaradır.
Şagird:
- yazılı nitqində məzmuna uyğun üslub
müəyyənləşdirir, orfoqrafiya qaydalarına əməl
edir;
- topladığı materialları ümumiləşdirir,
fikirlərini ardıcıl və məntiqi ifadə etməklə
müxtəlif formalı (inşa, esse, hekayə) yazılar
yazır.
Tam orta təhsil səviyyəsi üzrə əsaslandırma və
gözlənilən nəticələr:
1. Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti
ədəbiyyat nümunələrinin öyrənilməsi, müxtəlif
informasiya mənbələrindən seçilmiş materialların
mövzu, ideya, dil və üslub xüsusiyyətləri
baxımından dəyərləndirilməsinə imkan yaradır,
informasiyaların faktlara əsaslanmaqla tənqidi
araşdırılmasını təmin edir, müxtəlif ədəbi
növlərdə və janrlarda olan ədəbi əsərlərdəki
problem və konfliktlərin, ictimai-siyasi
həyatdakı mühüm hadisələrin ümumbəşəri və milli
mənəvi dəyərlər baxımından qiymətləndirilməsi
üçün əsas olur.
Şagird:
- oxuduğu ədəbi nümunələri bədii-emosional və
obrazlı qavradığını nümayiş etdirir;
- ədəbi nümunələrin mövzu, süjet, kompozisiya,
bədii təsvir və ifadə vasitələrini
müəyyənləşdirir və təqdim edir;
- ədəbi nümunələri mövzu, janr, problem
baxımından müqayisə edir;
- ədəbi əsərin məzmununa və ideyasına yarandığı
dövrün ictimai-siyasi və əxlaqi-etik dəyərləri
kontekstində qiymət verir.
2. Şifahi nitq məzmun xətti ədəbi əsərlərin
məzmun və ideyası ilə bağlı fakt və hadisələrə
əsaslandırılmış münasibət bildirilməsini,
bədii-obrazlı ifadələrdən istifadə olunmasını
təmin edir, müxtəlif mənbələrdən toplanmış
materiallara əsaslanmaqla müzakirələrdə ədəbi
nailiyyətlərə müstəqil münasibət bildirilməsinə
imkan yaradır.
Şagird:
- nitqində emosional-obrazlı ifadələrdən
istifadə edir;
- ədəbi əsərlərin məzmun və ideyası ilə bağlı
fikirlərini əsaslandırmaqla şərh edir;
- ədəbi mövzulara aid tədbirlərin təşkilində
iştirak edir, ədəbi nailiyyətlərə münasibət
bildirir.
3. Yazılı nitq məzmun xətti müxtəlif üslublarda
yazıların yazılmasını, görkəmli ədəbi
şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət
sahəsindəki nailiyyətlər barədə təqdimatların
hazırlanmasını təmin edir.
Şagird:
- ayrı-ayrı mövzulara dair müvafiq üslublarda
yaradıcı xarakterli yazılar yazır;
- mənbələr üzərində işləyir, topladığı
materiallar əsasında görkəmli ədəbi
şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət
sahəsindəki nailiyyətlər barədə müxtəlif
mövzularda təqdimatlar hazırlayır.
1.3. Fəaliyyət xətləri
Ədəbiyyat üzrə məzmun standartları
müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət
istiqamətləri əsas götürülmüşdür:
- problemin həlli;
- mühakimə yürütmə və əsaslandırma;
- ünsiyyət;
- tədqiqetmə;
- tətbiqetmə;
- təqdimetmə.
Siniflər üzrə məzmun standartları
V SİNİF
V sinfin sonunda şagird:
- ədəbi nümunələri nitq texnikasına uyğun
oxuyur, hissələrə ayırır, plan tərtib edir;
- şifahi və yazılı ədəbiyyat nümunələrini, bədii
təsvir vasitələrini fərqləndirir, müqayisə edir;
- öyrəndiyi yeni söz və bədii təsvir
vasitələrindən istifadə etməklə ədəbi
nümunələrlə bağlı fikirlərini bildirir;
- müzakirələrdə söylənilən fikirlərə öz
münasibətini bildirir;
- topladığı materiallar əsasında plan tutur və
ədəbi nümunələrin məzmununu yazır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini
nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli şeirlərdə və sadə süjetli
ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə) tanış
olmayan sözlərin mənalarını lüğətdən istifadə
etməklə izah edir.
1.1.2. Müxtəlif vəznli şeirləri, sadə süjetli
ədəbi nümunələri (nağıl, təmsil, hekayə) nitq
texnikasına uyğun oxuyur.
1.1.3. Sadə süjetli ədəbi nümunələri (nağıl,
təmsil, hekayə) hissələrə ayırır, plan tərtib
edir.
1.1.4. Şifahi və yazılı ədəbiyyat nümunələrini
fərqləndirir.
1.1.5. Müxtəlif vəznli şeirlərdə, sadə süjetli
ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə) bədii
təsvir vasitələrini (epitet, təşbeh)
müəyyənləşdirir.
1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar
nümayiş etdirir.
1.2.1. Şifahi və yazılı ədəbiyyat nümunələrini
müqayisə edir.
1.2.2. Ədəbi nümunələrdəki surətləri xarakterik
xüsusiyyətlərinə görə müqayisə edir.
1.2.3. Şifahi və yazılı ədəbiyyat nümunələrinə
bədii təsvir vasitələri (epitet, təşbeh)
baxımından münasibət bildirir.
1.2.4. Ədəbi nümunələrin (nağıl, təmsil, hekayə)
mövzu və ideyasını izah edir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif vəznli şeirlərdən, sadə süjetli
ədəbi nümunələrdən (nağıl, təmsil, hekayə)
öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.
2.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini bədii
təsvir vasitələrindən (epitet, təşbeh) istifadə
etməklə şərh edir.
2.1.3. Ədəbi nümunələrlə bağlı fikirlərini
bildirir.
2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət
mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə söylənilən fikirlərə öz
münasibətini bildirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Ədəbi nümunələrin məzmununu yazır.
3.1.2. Mövzuya uyğun topladığı materialları
sistemləşdirir, plan tutur.
3.1.3. 0,5-1 səhifə həcmində nəqli xarakterli
mətnlər (inşa, esse, hekayə) yazır.
VI SİNİF
VI sinfin sonunda şagird:
- ədəbi nümunələri məzmununa müvafiq intonasiya
ilə oxuyur, hissələrə ayırır, plan tərtib edir;
- ədəbi nümunələrin növünü, bədii təsvir və
ifadə vasitələrini müəyyənləşdirir, onlara
növlərin xüsusiyyətləri baxımından münasibət
bildirir;
- öyrəndiyi yeni söz, təsvir və ifadə
vasitələrindən istifadə etməklə ədəbi
nümunələrlə bağlı fikirlərini aydın və ardıcıl
şərh edir;
- müzakirələrdə ümumi rəyə gəlmək bacarığı
nümayiş etdirir;
- ədəbi nümunələrlə bağlı fikirlərini
sitatlarla, topladığı materiallarla
əsaslandırır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini
nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli şeirlərdə və süjetli
ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə,
əfsanə, rəvayət, dastan) tanış olmayan sözlərin
mənalarını lüğətdən, sorğu kitablarından
istifadə etməklə izah edir.
1.1.2. Müxtəlif vəznli şeirləri, süjetli ədəbi
nümunələri (nağıl, təmsil, hekayə, əfsanə,
rəvayət, dastan) məzmununa müvafiq intonasiya
ilə oxuyur.
1.1.3. Süjetli ədəbi nümunələri (nağıl, təmsil,
hekayə, əfsanə, rəvayət, dastan) hissələrə
ayırır, plan tərtib edir.
1.1.4. Ədəbi nümunələrin (nağıl, təmsil,
hekayə, əfsanə, rəvayət, dastan) hansı ədəbi
növə aid olduğunu müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli şeirlərdə, süjetli ədəbi
nümunələrdə (nağıl, təmsil, hekayə, əfsanə,
rəvayət, dastan) bədii təsvir və ifadə
vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii
sual) müəyyənləşdirir.
1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar
nümayiş etdirir.
1.2.1. Ədəbi nümunələrə (nağıl, təmsil, hekayə,
əfsanə, rəvayət, dastan) ədəbi növlərin
xüsusiyyətləri baxımından münasibət bildirir.
1.2.2. Ədəbi nümunələrdəki əsas və köməkçi
surətləri müqayisə etməklə fikirlərini
əsaslandırır.
1.2.3. Ədəbi nümunələrə (nağıl, təmsil, hekayə,
əfsanə, rəvayət, dastan) bədii təsvir və ifadə
vasitələri (epitet, təşbeh, mübaliğə, bədii
sual) baxımından münasibət bildirir.
1.2.4. Ədəbi nümunələrin (nağıl, təmsil, hekayə,
əfsanə, rəvayət, dastan) mövzu və ideyasını şərh
edir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif vəznli şeirlərdən, süjetli ədəbi
nümunələrdən (nağıl, təmsil, hekayə, əfsanə,
rəvayət, dastan) öyrəndiyi yeni sözlərdən
nitqində istifadə edir.
2.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini bədii
təsvir və ifadə vasitələrindən (epitet, təşbeh,
mübaliğə, bədii sual) istifadə etməklə şərh
edir.
2.1.3. Ədəbi nümunələrlə bağlı fikirlərini aydın
və ardıcıl şərh edir.
2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət
mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə ümumi rəyə gəlmək bacarığı
nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Mətni əsərdən götürülmüş sitatlarla
genişləndirir.
3.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini
topladığı materiallarla əsaslandırır.
3.1.3. 1-1,5 səhifə həcmində nəqli və təsviri
xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.
VII SİNİF
VII sinfin sonunda şagird:
- ədəbi nümunələri obrazların, hadisələrin
xarakterinə uyğun oxuyur, hissələrə ayırır, plan
tərtib edir;
- ədəbi nümunələrin janrını, bədii təsvir və
ifadə vasitələrini müəyyənləşdirir,
əsaslandırılmış münasibət bildirir;
- öyrəndiyi yeni söz, təsvir və ifadə
vasitələrindən istifadə etməklə ədəbi
nümunələrlə bağlı fikirlərini məntiqi
ardıcıllıqla, geniş şərh edir;
- müzakirələrdə özünütənqid bacarığı nümayiş
etdirir;
- mətnə əlavələr etməklə onu zənginləşdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini
nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli şeirlərdə və süjetli
ədəbi nümunələrdə (hekayə, mənzum hekayə,
dastan) tanış olmayan sözlərin mənalarını
lüğətdən, sorğu kitablarından, elektron
lüğətlərdən istifadə etməklə izah edir.
1.1.2. Müxtəlif vəznli şeirləri, süjetli ədəbi
nümunələri (hekayə, mənzum hekayə, dastan)
obrazların, hadisələrin xarakterinə uyğun
oxuyur.
1.1.3. Süjetli ədəbi nümunələri (hekayə, mənzum
hekayə, dastan) hissələrə ayırır, plan tərtib
edir.
1.1.4. Ədəbi nümunələrin (hekayə, mənzum
hekayə, dastan) janrını müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli şeirlərdə və süjetli
ədəbi nümunələrdə (hekayə, mənzum hekayə,
dastan) bədii təsvir və ifadə vasitələrini
(epitet, təşbeh, bədii sual, təkrir, mübaliğə,
litota) müəyyənləşdirir.
1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar
nümayiş etdirir.
1.2.1. Ədəbi nümunələrə (hekayə, mənzum hekayə,
dastan) janr xüsusiyyətləri baxımından münasibət
bildirir.
1.2.2. Ədəbi nümunələrdəki obrazların xarakterik
cəhətlərinə əsaslandırılmış münasibət bildirir.
1.2.3. Ədəbi nümunələrə (hekayə, mənzum hekayə,
dastan) bədii təsvir və ifadə vasitələri
(epitet, təşbeh, bədii sual, təkrir, mübaliğə,
litota) baxımından münasibət bildirir.
1.2.4. Ədəbi nümunələrin (hekayə, mənzum hekayə,
dastan) mövzu və ideyasını şərh edir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif vəznli şeirlərdən, süjetli ədəbi
nümunələrdən (hekayə, mənzum hekayə, dastan)
öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.
2.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini bədii
təsvir və ifadə vasitələrindən (epitet, təşbeh,
bədii sual, təkrir, mübaliğə, litota) istifadə
etməklə şərh edir.
2.1.3. Ədəbi nümunələrlə bağlı fikirlərini geniş
şərh edir.
2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət
mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə özünütənqid bacarığı
nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Mətnə öz fikirlərini əlavə etməklə onu
zənginləşdirir.
3.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini
məntiqi ardıcıllıqla ifadə edir.
3.1.3. 1,5-2 səhifə həcmində nəqli, təsviri,
mühakimə xarakterli mətnlər (inşa, esse, hekayə)
yazır.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
- ədəbi nümunələri intonasiya və vurğunun
tələblərinə uyğun oxuyur, hissələrə ayırır, plan
tərtib edir;
- ədəbi təsvir və ifadə vasitələrini
müəyyənləşdirir, ədəbi nümunələri süjet
baxımından təhlil edir;
- öyrəndiyi yeni söz, təsvir və ifadə
vasitələrindən istifadə etməklə ədəbi
nümunələrlə bağlı fikirlərini yığcam şərh edir;
- müzakirələrdə ədalətlilik və obyektivlik
nümayiş etdirir;
- ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif
üslub və formalarda ifadə edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini
nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli şeirlərdə və süjetli
ədəbi nümunələrdə (novella, poema, hekayə,
mənzum hekayə) tanış olmayan sözlərin mənalarını
lüğətdən, elektron lüğətlərdən,
ensiklopediyalardan istifadə etməklə izah edir.
1.1.2. Müxtəlif vəznli şeirləri, süjetli ədəbi
nümunələri (novella, poema, hekayə, mənzum
hekayə) intonasiya və vurğunun tələblərinə uyğun
oxuyur.
1.1.3. Süjetli ədəbi nümunələri (novella, poema,
hekayə, mənzum hekayə) hissələrə ayırır, plan
tərtib edir.
1.1.4. Ədəbi nümunələrin (novella, poema,
hekayə, mənzum hekayə) süjetini
müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli şeirlərdə və süjetli
ədəbi nümunələrdə (novella, poema, hekayə,
mənzum hekayə) bədii təsvir və ifadə
vasitələrini (metafora, bədii təzad, kinayə,
litota) müəyyənləşdirir.
1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar
nümayiş etdirir.
1.2.1. Ədəbi nümunələri (novella, poema, hekayə,
mənzum hekayə) süjet baxımından təhlil edir.
1.2.2. Ədəbi nümunələrdəki obrazları dil
xüsusiyyətlərinə görə səciyyələndirir.
1.2.3. Ədəbi nümunələrin (novella, poema,
hekayə, mənzum hekayə) sənətkarlıq
xüsusiyyətlərini oradakı bədii təsvir və ifadə
vasitələrinə (metafora, bədii təzad, kinayə,
litota) istinad etməklə təhlil edir.
1.2.4. Ədəbi nümunələrin (novella, poema,
hekayə, mənzum hekayə) mövzu və ideyası ilə
bağlı fikirlərini əsaslandırır.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif vəznli şeirlərdən və süjetli
ədəbi nümunələrdən (novella, poema, hekayə,
mənzum hekayə) öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
2.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini bədii
təsvir və ifadə vasitələrindən (metafora, bədii
təzad, kinayə, litota) istifadə etməklə şərh
edir.
2.1.3. Ədəbi nümunələrlə bağlı fikirlərini
yığcam şərh edir.
2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət
mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə ədalətlilik və obyektivlik
nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Ədəbi nümunələrlə bağlı fikirlərini
müxtəlif üslublarda yazır.
3.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini
müxtəlif formalı yazılarda ifadə edir.
3.1.3. 2-2,5 səhifə həcmində təsviri, mühakimə
xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.
IX SİNİF
IX sinfin sonunda şagird:
- ədəbi nümunələri ifadəli oxuyur, hissələrə
ayırır, plan tərtib edir;
- bədii təsvir və ifadə vasitələrini
müəyyənləşdirir, ədəbi nümunələri süjet,
kompozisiya baxımından təhlil edir;
- öyrəndiyi yeni söz, təsvir və ifadə
vasitələrindən istifadə etməklə ədəbi
nümunələrlə bağlı fikirlərini məqsədyönlü şərh
edir;
- müzakirələrdə tolerantlıq nümayiş etdirir;
- yazacağı mətnin məzmununa uyğun üslub
müəyyənləşdirir və müvafiq yazı forması seçir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini
nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli şeirlərdə və süjetli
ədəbi nümunələrdə (novella, poema, hekayə,
mənzum hekayə, povest, dram, mənzum dram) tanış
olmayan sözlərin mənalarını lüğətdən, elektron
lüğətlərdən, İnternet məlumatlarından istifadə
etməklə izah edir.
1.1.2. Müxtəlif vəznli şeirləri, süjetli ədəbi
nümunələri (novella, poema, hekayə, mənzum
hekayə, povest, dram, mənzum dram) ifadəli
oxuyur.
1.1.3. Süjetli ədəbi nümunələri (novella, poema,
hekayə, mənzum hekayə, povest, dram, mənzum
dram) hissələrə ayırır, plan tərtib edir.
1.1.4. Ədəbi nümunələrin (novella, poema,
hekayə, mənzum hekayə, povest, dram, mənzum
dram) süjetini, kompozisiyasını müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli şeirlərdə, süjetli ədəbi
nümunələrdə (novella, poema, hekayə, mənzum
hekayə, povest, dram, mənzum dram) bədii təsvir
və ifadə vasitələrini (metonimiya, simvol,
inversiya) müəyyənləşdirir.
1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar
nümayiş etdirir.
1.2.1. Ədəbi nümunələri (novella, poema, hekayə,
mənzum hekayə, povest, dram, mənzum dram) süjet
və kompozisiyanın elementləri baxımından təhlil
edir.
1.2.2. Ədəbi nümunələrdəki obrazları onların
mühakimələrinə əsasən səciyyələndirir.
1.2.3. Ədəbi nümunələri (novella, poema, hekayə,
mənzum hekayə, povest, dram, mənzum dram)
oradakı bədii təsvir və ifadə vasitələrinə
(metonimiya, simvol, inversiya) istinad etməklə
təhlil edir.
1.2.4. Ədəbi nümunələrin (novella, poema,
hekayə, mənzum hekayə, povest, dram, mənzum
dram) mövzusunu, ideyasını, konfliktini şərh
edir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif vəznli şeirlərdən, süjetli
ədəbi nümunələrdən (novella, poema, hekayə,
mənzum hekayə, povest, dram, mənzum dram)
öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.
2.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini bədii
təsvir və ifadə vasitələrindən (metonimiya,
simvol, inversiya) istifadə etməklə şərh edir.
2.1.3. Ədəbi nümunələrlə bağlı fikirlərini
məqsədyönlü şərh edir.
2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət
mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə tolerantlıq nümayiş
etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Yazacağı mətnin məzmununa uyğun üslub
müəyyənləşdirir.
3.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini ifadə
etmək üçün müvafiq yazı forması seçir.
3.1.3. 2,5-3 səhifə həcmində təsviri, mühakimə
xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.
X SİNİF
X sinfin sonunda şagird:
- ədəbi nümunələrin oxusunda emosionallıq
nümayiş etdirir;
- obrazların xüsusiyyətlərini müəyyənləşdirir,
ədəbi nümunələri əxlaqi-etik baxımdan
dəyərləndirir;
- obrazların nitqinə istinad edərək əsərdəki
hadisələrə münasibət bildirir;
- mövzu ilə bağlı topladığı materiallar
əsasında müzakirələrdə çıxışlar edir;
- ədəbiyyat və mədəniyyət sahəsindəki
nailiyyətlər barədə rəy, məruzə hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini
nümayiş etdirir.
1.1.1. Ədəbi nümunələrdə (dastan, poema,
komediya, dram, povest, faciə) tanış olmayan
sözlərin mənalarını mənşəyinə və işlənmə
məqamına görə izah edir.
1.1.2. Ədəbi nümunələrin oxusunda emosionallıq
nümayiş etdirir.
1.1.3. Ədəbi nümunələri (dastan, poema,
komediya, dram, povest, faciə) hissələrə ayırır
və plan tərtib edir.
1.1.4. Ədəbi nümunələrdə (dastan, poema,
komediya, dram, povest, faciə) əxlaqi-etik
dəyərləri müəyyənləşdirir və təqdim edir.
1.1.5. Ədəbi nümunələrdə (dastan, poema,
komediya, dram, povest, faciə) obrazların
xüsusiyyətlərini (tip, xarakter, tipiklik,
fərdiləşdirmə, ümumiləşdirmə) müəyyənləşdirir və
təqdim edir.
1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar
nümayiş etdirir.
1.2.1. Ədəbi nümunələri (dastan, poema,
komediya, dram, povest, faciə) əxlaqi-etik
cəhətdən dəyərləndirir.
1.2.2. Ədəbi nümunələrdəki obrazları əxlaqi-etik
cəhətdən qiymətləndirir.
1.2.3. Ədəbi nümunələri (dastan, poema,
komediya, dram, povest, faciə) obrazların
xüsusiyyətləri baxımından qiymətləndirir.
1.2.4. Ədəbi nümunələrin (dastan, poema,
komediya, dram, povest, faciə) mövzusunu,
ideyasını, konfliktini, problemini şərh edir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Nitqində obrazlı ifadələrdən istifadə
edir.
2.1.2. Obrazların nitqinə istinad edərək əsərin
ideyası ilə bağlı fikirlərini əsaslandırır.
2.1.3. Ədəbi əsərdəki hadisələrə münasibət
bildirir.
2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət
mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzu ilə bağlı topladığı
materiallar əsasında çıxış edir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Ədəbi nümunələri əxlaqi-etik dəyərlər və
obrazların xüsusiyyətləri baxımından təhlil
edir.
3.1.2. Görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və
mədəniyyət sahəsindəki nailiyyətlər barədə rəy,
məruzə hazırlayır.
3.1.3. 3-4 səhifə həcmində təsviri, mühakimə
xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.
XI SİNİF
XI sinfin sonunda şagird:
- ədəbi nümunələrin oxusunda emosionallıq və
obrazlılıq nümayiş etdirir;
- ədəbi nümunələri yarandığı dövrü
n ictimai-siyasi xüsusiyyətləri, dil və üslubu
baxımından qiymətləndirir;
- ədəbi əsərlərdəki fakt və hadisələrə
əsaslandırılmış münasibət bildirir;
- müzakirələrdə ədəbi nailiyyətlərə münasibət
bildirir;
- yaradıcı yazılar yazır, müxtəlif ədəbi
mövzularda referat və təqdimatlar hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini
nümayiş etdirir.
1.1.1. Ədəbi nümunələrdə (poema, mənzum dram,
povest, roman) tanış olmayan sözlərin
mənalarını müvafiq qarşılığına əsasən izah edir.
1.1.2. Ədəbi nümunələrin oxusunda emosionallıq
və obrazlılıq nümayiş etdirir.
1.1.3. Ədəbi nümunələri (poema, mənzum dram,
povest, roman) hissələrə ayırır və plan tərtib
edir.
1.1.4. Ədəbi nümunələrdə (poema, mənzum dram,
povest, roman) müasirliyi, yarandığı dövrün
ictimai-siyasi xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Ədəbi nümunələrin (poema, mənzum dram,
povest, roman) dil və üslub xüsusiyyətlərini
(fərdi üslub, müəllifin dili, surətin dili)
müəyyənləşdirir və təqdim edir.
1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar
nümayiş etdirir.
1.2.1. Ədəbi nümunələri (poema, mənzum dram,
povest, roman) yarandığı dövrün ictimai-siyasi
xüsusiyyətləri baxımından qiymətləndirir.
1.2.2. Ədəbi nümunələrdəki obrazları dövrün
ictimai-siyasi xüsusiyyətləri baxımından
qiymətləndirir.
1.2.3. Ədəbi nümunələri (poema, mənzum dram,
povest, roman) dil və üslub xüsusiyyətləri
baxımından qiymətləndirir.
1.2.4. Ədəbi nümunələrin (poema, mənzum dram,
povest, roman) mövzusunu, ideyasını,
konfliktini, problemini şərh edir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Nitqində bədii-emosional və obrazlı
ifadələrdən istifadə edir.
2.1.2. Dil və üslub xüsusiyyətlərinə istinad
edərək ədəbi əsərlərin ideyasını əsaslandırır.
2.1.3. Ədəbi əsərdəki fakt və hadisələrə
əsaslandırılmış münasibət bildirir.
2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət
mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə ədəbi nailiyyətlərə
münasibət bildirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
3.1.1. Ayrı-ayrı mövzularda yaradıcı yazılar
yazır.
3.1.2. Müxtəlif ədəbi mövzularda referatlar,
təqdimatlar hazırlayır.
3.1.3. 4-5 səhifə həcmində təsviri, mühakimə
xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.
(Ardı var) |