Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - � 51

 

Elmini əməllərdə göstərən alim

Bookmark and Share

Mənim üçün dünyaya pəncərə olan, bir növ fəaliyyətimin salnaməsi hesab etdiyim "Azərbaycan müəllimi" qəzetində çalışdığım 38 il ərzində çoxunun ilk qələm məhsulunun çapına kömək etmişəm. Qonorarın maddi kömək olduğu dövrdə hər ay iki-üç məqaləsinin işıq üzü görməsinə çalışdığım alimlər içərisində yaxşılıq və xeyirxahlığı unutmayanlar üç-dörd nəfərdir. Onlardan biri professor Fərrux Abbas oğlu Rüstəmovdur.  Qubada direktor işləyəndə, sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) aspirant olanda, hazırda kafedra müdiri, fakültə dekanı kimi vəzifə sahibi olanda da eyni cür, sabit təbiətlidir: insanlara diqqətli, dostlara sədaqətli, böyüklərə mehriban münasibətlidir.

Həyat son mənzili - dayanacağı bəlli olmayan bir sürət qatarına bənzəyir; qəribə bir aləmdir; çoxsaylı dayanacaqlarda mənzil başına çatmış sərnişinlər bir daha o qatara qayıda bilmirlər. Bu qatarda azmı-çoxmu yol gedirik, kimlərəsə yol yoldaşı oluruq, ünsiyyət yaradırıq və bizdən sonra bu qatara kimlər əyləşmirlər?! Ömrün sürət qatarında gedənlərin izi qalmır, yaddaş dünyasında isə çox şey iz buraxır, nəsil-nəsil insanların bəhrələndikləri mənəvi-maddi sərvətlərsə qalır. Ömrünü bu sərvətlərin öyrənilməsinə sərf edənlər, dünya elmini araşdıranlar xoşbəxtdirlər, - fikrinin tərəfdarıyıq. Və qələm məhsulumuzda belə bir soydaş barədə söhbət açacağıq.

Bu gün, islahatlar aparılan bir zamanda Azərbaycan təhsilinin dünya, o cümlədən Avropa təhsilinə inteqrasiya olunduğu vurğulanır. Təbii ki, ortaya sual çıxır: Görəsən, Şərq elmi yaranması və inkişafı üçün Qərb elmindən qaynaqlanmışdır? Bu sualın cavabının axtarılması məsələyə geniş kontekstdə baxılmasını tələb edir. Məqsəd Şərqlə Qərbi qarşı-qarşıya qoymaq deyil. Məsələ Şərq və Qərb xalqları mənəvi mədəniyyətinin tarixini açıqlamaq, onların hər birinin ictimai fikir tarixinin, o cümlədən pedaqoji fikir salnaməsinin qədimliyi və zənginliyini obyektiv dəyərləndirməkdir. Sovet İttifaqı dağıldıqdan sonra siyasi və dövləti müstəqillik qazanmış xalqların öz soykökünə qayıdışı, tarixini və mədəniyyətini yeni rakursda öyrənmələri təbii və qanunauyğun sayılmalıdır.

Ümummilli liderimiz Heydər Əliyevin göstəriş və tövsiyələri ilə tarix və mədəniyyətimizin, ictimai şüurun ayrı-ayrı formaları ilə bağlı sərvətlərin milli-bəşəri dəyərlər yönümündən tədqiqi genişləndirildi. Bu baxımdan dünya xalqlarının pedaqoji fikir tarixinin tədqiqi, ali və orta ixtisas təhsili müəssisələrində öyrədilməsi dünya təhsilinə inteqrasiya olunduğu bir zamanda aktual və vacib bir məsələnin həllinin reallaşdırılmasıdır. Ölkə pedaqoqlarının bu istiqamətlərdə son illər gördükləri işlər təqdirəlayiqdir. Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun çapdan buraxdırdığı "Şərqdə pedaqogika tarixi" (2002), "Qərb pedaqogika tarixi" (2003) və "Yeni dövrün pedaqogika tarixi" ("2004), N.Kazımov və Ə.Həşimov, F.Sadıqov, Ə.Ağayev və başqalarının pedaqogika kitabları Azərbaycan pedaqogika tarixi elmini zənginləşdirən çox dəyərli əsərlərdir.

***

Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü (Moskva, 1998), akademik M.Mehdizadə və "Gənc alimlər" mükafatları laureatı Fərrux Abbas oğlu Rüstəmovun 50 yaşı tamam olur. Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində dünyaya gəlmiş F.Rüstəmov 42 yaşında pedaqoji elmlər doktoru alimlik dərəcəsi almış hələlik ilk pedaqoqumuzdur. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji fakültəsini bitirib. Qubada müəllim və məktəb direktoru işləyib, ordu sıralarında həqiqi hərbi xidmətdən sonra ADPU-nun aspiranturasında oxuyub.

Sələfləri - professor Ə.Seyidov, akademik M.Mehdizadə, professor M.Muradxanov, professor H.Əhmədov, professor A.Kərimov, professor Y.Talıbov, professor B.Əhmədov və başqalarının tədqiqat ənənələri və fəaliyyətlərinin layiqli davamçısı olan F.Abbas oğlu genişmiqyaslı araşdırmalar müəllifidir. Həmin araşdırmaların nəticəsi olan əsərlərin - monoqrafiyaların, kitab və kitabçanın sayı 35-dən çoxdur. 200-dən çox elmi məqalə və tezis, 200-ə qədər elmi-pedaqoji, publisistik yazısı işıq üzü görmüşdür.

Bu müxtəlif həcmli və problemli əsərlərin nəşri coğrafiyası çox genişdir: Moskva, Tbilisi, Təbriz, Səmərqənd, Çeboksarı...

Professor F.Rüstəmov həm də "Pedaqoji tədqiqatlar" elmi-pedaqoji jurnalının redaktoru, "Pedaqoji Universitet Xəbərləri" (pedaqoji-psixoloji elmlər seriyası) elmi məqalələr məcmuəsinin məsul katibidir. Hazırda ADPU-nun Ümumi pedaqogika kafedrasının professoru kimi fəaliyyət göstərən F.Abbas oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin dekanıdır.

Azərbaycanın pedaqoq alimləri sırasında özünəməxsus yeri və rolu olan Fərrux Rüstəmovun son dörd kitabı dünya pedaqoji fikir tarixini öyrənmək baxımından dəyərli əsərlərdir.

Ötən əsrin 70-ci illərinə qədər türk xalqlarının ən qədim abidələri Orxon-Yenisey abidələri sayılırdı. Qızıl şahzadənin tanınması özünü sivil elan edən xalqları fakt qarşısında qoydu: türklərin hələ b.e.ə. V əsrdə əlifbası olmuşdur. XIX əsrdə Fransada tapılmış marala bənzər iribuynuzlu keyik kitabəsi üzərindəki yazının 1993-cü ildə türk alimləri tərəfindən oxusu isə başqa bir faktı aşkara çıxardı: "Atəşə inanaraq tək Tanrını dərk etdilər" yazısının 4 min 500 il yaşı vardır!

Bu qəbildən olan faktlar, mövcud materiallar qədim Şərqin ilk elmi biliklərin vətəni olmasını təsdiqləyir. Fərrux Rüstəmov "Şərqdə pedaqogika tarixi" əsərində Babil, Hindistan, Çin, Fələstin ölkələri xalqlarının "bəşəriyyətə misli-bərabəri olmayan bir təcrübə qoyub" getdiklərini qeyd etmişdir. Mərhum filosof Z.Məmmədovun: "Orta əsrlərdə Qərb ölkələrində - xristian aləmində din ictimai şüurun digər formaları üzərində hakim kəsildiyi, fəlsəfənin "sxolastikanın kənizinə" çevrildiyi bir vaxtda müsəlman Şərqində yüksək səviyyəli elmi fəlsəfi təlimlər var idi" - fikrinə istinad edən müəllif yazır: Qərbdə dünyəvi elmlərin qadağan edildiyi, yalnız dini elmlərin öyrənildiyi bir dövrdə Şərq intibahı Qərbə təsir göstərmişdi. İngilis şərqşünas alimi U.M.Vott "Orta əsr Avropasına İslamın təsiri" kitabında yazırdı: "Şərq alimlərinin tədqiqatları olmasaydı, Avropada elm və fəlsəfə belə sürətlə inkişaf edə bilməzdi". 14 çap vərəqi həcmində olan kitabın girişində Fərrux müəllim N.Tusi, R.Vinter, C.Nehru kimi elmi təfəkkür sahibləri və ictimai xadimlərin fikir və mülahizələrinə əsaslanmaqla Yaxın, Orta və Uzaq Şərqdə yaşamış və yaşayan şumer, hind, çin, türk, ərəb, fars, tacik və b. xalqların "təlim-tərbiyə ilə bağlı min illər boyu yaratdığı nəzəriyyə və təcrübə ilə" tələbə, magistrant və pedaqogika tarixçilərini tanış etmək məqsədilə "Şərqdə pedaqogika tarixi" tədris vəsaitini araya-ərsəyə gətirmişdir.

Qədim Şumer məktəblərində təlimin əsas məqsədi sənət öyrətmək olmuş, həmçinin ilahiyyat, coğrafiya, nəbatat, zoologiya, mineralogiya, qrammatika ilə də bağlı savad verilmişdi. Ebubbaların (ilk məktəblərin) mirzələrinin ailələrində, sonralar məbəd və saraylarda yarandığını qeyd edən müəllif Şumer məktəblərində mövcud olmuş proqramlardan bəhs etmiş, məktəb təhsilinin tədricən genişlənərək aristokratlarla, ruhanilərlə yanaşı, sənətkarları və tacirləri də əhatə etdiyini göstərmiş, şumerlərin ailə tərbiyəsinə yüksək qiymət verdiyindən, əxlaq tərbiyəsi ilə bağlı fikirlərin əksini tapmış nəsihətlərdən, "Bilqamıs" dastanının pedaqoji dəyərlərindən bəhs etmişdir.

Qədim Misirdə ailə tərbiyəsi və təlimi qadınla kişi arasında qarşılıqlı münasibətlərin xarakterini əks etdirmiş, misirlilər daş, ağac, dəri, heyvan sümüklərində heroqliflərlə yazmışlar. F.Rüstəmov pedaqoji metod və vasitələrdən bəhs etmiş, təlimin peşələrə hazırlıq məqsədi daşıdığından, hakim qrupların inhisarında olan kahinlər və imtiyazlı adamlar (1) və xırda məmurlar hazırlayan (2) məktəblər haqqında söhbət açmışdır.  Bu baxımdan qədim türklərdə tərbiyə ilə bağlı paraqraf da özünün dərin məzmunu və üslub tərzi ilə seçilir.

Kitabın ən böyük fəsli "Orta əsrlərdə Şərqdə məktəb və pedaqoji fikir" adlanır.

Fərrux Rüstəmov dünya ictimai fikri və pedaqoji-əxlaqi dəyərlərinin formalaşmasında İslamın rolunu və yerini görkəmli alimlərin fikir və mülahizələrinə söykənməklə dəyərləndirmişdir. "Qurani-Kərim"də tərbiyə məsələləri çox köklü şəkildə qoyulmuşdur. Müəllif yazır ki, İslamda uşağın tərbiyəsi baxımından inkişafı iki dövrə bölünür. Və kitabda həmin dövrlər səciyyələndirilmişdir. İslamda tərbiyənin baş metodoloji prinsipi müəyyənləşdirildiyini vurğulayan müəllif bilavasitə tərbiyə ilə bağlı ayələri 2 qrupda təsnif etmiş, bunları oxuculara çatdırmış, elm sözünün 850 dəfə qeyd edildiyi Quranda tərbiyənin İlahi səciyyə daşıdığını, İslamda tərbiyənin insan fitrəti ilə bağlılığını, ümumi səciyyə daşıdığını, inandırıcı və qaneedici olmasını, İslamda tərbiyəyə fərdi və ictimai məsuliyyət kimi yanaşıldığını qeyd, şərh və təhlil etmişdir. Kitabın müqaviq hissəsində İslam müqəddəslərindən Məhəmməd Peyğəmbərin (s.ə.s.) ədəb, əxlaq, natiqlik məharəti, iş və cavanlıq, həya və namus, valideynlər, qadın, sədəqə, nəfs, qeybət haqqında fikirlərinin təqdim edilməsi onun dəyərini artırmışdır. Həmçinin Həzrəti Əlinin fikirləri, oğlu İmam Həsənə (ə) vəsiyyəti hissələri də öyrədici və məzmunludur.

Kitabda Qaraxanlı türklərində tərbiyə məsələlərinə işıq salınmışdır. M.Kaşqarlı, Yusif Xas Hacib, Əhməd Yüknəki, Əhməd Yasəvi kimi qüdrətli təfəkkür sahibləri türk tərbiyə sistemi haqqında bir-birini zənginləşdirib dərinləşdirən fikirlər qələmə almış, sufi və milli dəyərlərin vəhdəti kimi tarixləşən sətirlər irs qoymuşlar.

Professor F.Rüstəmov həm də Azərbaycanda pedaqoji elmin tarixini, onun ayrı-ayrı dövrlərinin inkişaf səviyyəsini dərindən öyrənmiş, "Azərbaycanda pedaqoji elmin inkişafı yolları" adlı sanballı bir əsər yazmışdır (2003).

Çoxlu sayda qəzet və jurnal məqalələri, ayrı-ayrı əsərlərə verilmiş rəylər, opponent çıxışları... Fərrux Rüstəmovun qələmindən çıxmışdır. Professor H.Əhmədovun əsərlərinin 5 cildliyinin tərtibində də onun böyük əməyi vardır.

F.Rüstəmovun "Qərb pedaqogika tarixi" kitabı bir növ "Şərqdə pedaqogika tarixi" kitabının davamı olan, Təhsil Nazirliyinin təsdiq etdiyi (23.08.1999) "Pedaqogika tarixi" proqramının tələblərinə uyğun yazılmış bir dərs vəsaitidir.

Ayrı-ayrı xalqların görkəmli tarixi-siyasi xadimlərinin, sənət adamları və pedaqoji fikir nümayəndələrinin təlimləri, əsərləri səbr və təmkinlə izlənilmiş, obyektivlik və elmilik prizmasından araşdırılmışdır.

Bir hikmətli kəlam var: Unutsaq unudularıq. Sən keçmişə güllə atsan, gələcək səni topa tutar.

Fərrux müəllimi həmyaşıdlarından, həmkarlarından fərqləndirən, eləcə də həmyaşıdlarına və həmkarlarına sevdirən cəhətlərdən biri onun yaxın keçmişdə yaşayıb yaratmış pedaqoqlar nəslinə olan dərin hörmət və ehtiramı, onların elmi-pedaqoji yaradıcılığına olan səmimi, xeyirxah və humanist münasibətidir. 1999-cu ildə onun çap etdirdiyi "Pedaqogika kafedrasının tarixi: sələflər və xələflər" kitabı təxminən 7 çap vərəqi həcmində olub, ADPU-nun Ümumi pedaqogika kafedrasının özül daşını qoyanlara, burada çalışaraq haqq dünyasına qovuşanlara, hazırda orada elmi-pedaqoji fəaliyyət göstərənlərə layiqli töhfədir.

***

Azərbaycanda pedaqoji və psixoloji elmlərin cəmiyyət həyatına daha geniş nüfuz etdiyi bir zamanda pedaqogika ilə bağlı dərslik və dərs vəsaitinə böyük ehtiyac yarandı. Bu sahədəki boşluğu doldurmaq baxımından Fərrux müəllimin Gürcüstan Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, professor Əmrulla Paşayevlə birlikdə hazırladıqları kitab-dərslik 2002-ci ildə nəşr olunmuşdur.

Hələ gənclik illərindən tədqiqatçı əməyi, şəxsi keyfiyyətləri, çoxsaylı əsərləri ilə müasiri olan tanınmış pedaqoq, psixoloq və metodist alimlər, geniş pedaqoji ictimaiyyət tərəfindən hörmət, sevgi və rəğbətlə qarşılanan professor Fərrux Rüstəmov, demək olar ki, hər gün işləyir: oxuyur, qeydlər aparır, səhifələri səhifələr üstünə yığıb əsərlər hazırlayır. Yorulmur, usanmır və burada Ş.Badler adlı bir əcnəbi müdrikin fikri yada düşür: Çox işlədikcə daha yaxşı işləyir və o qədər də həvəslə işləmək istəyirsən.

Uğurlar olsun, Fərrux müəllim.

***

Böyük Ömər Xəyyam demişdir:

Bir ucsuz-bucaqsız dairədə sən,

İki cür insanı xoşbəxt görərsən.

Bir qismi hər şeyi bilən, o biri

Xəbərsiz yaşayan dünya işindən.

Hər şeyi bilməklə, daha doğrusu, bilib öyrənməklə ömrü tarixə çevirmək ən böyük xoşbəxtlikdir.

Tarix çox şeyi unudur, çox adam əsrlərin qara pərdəsinə bürünüb yoxa çıxır. Təkcə torpağa, bu torpaqda yaşayan xalqa, xalqın adət-ənənələrinə, adət-ənənələrin müqəddəs və ülvi mahiyyətinə bağlananlar, halal əməyi, xeyirxah əməlləri ilə insanların mənəviyyatında iz qoyanlar yaşayırlar. Sağ ikən ürəklərdə özlərinə abidə ucaldır, xatirələrdə əbədiləşirlər. Belələri Allahın nuruna layiq görülənlərdir. S.Qəzvini yazmışdır:

Tanrı da düşməndir mənəm deyənə,

Elmini əməldə göstərməyənə.

Elmini əməldə göstərən Fərrux Rüstəmovun Azərbaycan pedaqoji elmini yeni əsərlərlə zənginləşdirəcəyinə ümid və inamla: 

Şamxəlil MƏMMƏDOV,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikasının əməkdar jurnalisti

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - � 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov