Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Yanvar 2011 - 01

 

İbtidai təhsil səviyyəsində riyaziyyat və informatikadan məktəbdaxili qiymətləndirmədə istifadə olunan
qiymətləndirmə vasitələri barədə

 

Ölkəmizin ümumi orta təhsil müəssisələrində həyata keçirilən təhsil islahatının əsas məqsədi gənc nəslə yaşamaq üçün öyrənməyi öyrətməkdən, öyrəndiklərindən həyatda istifadə etmək bacarığı aşılamaqdan, bu baxımdan şagirdlərə keyfiyyətli təlim vermək və onları gələcək həyata hazırlamaqdan ibarətdir. Bu isə şagirdlərə əvvəlcədən müəyyən olunmuş milli standartlara uyğun bilik verməyi, onlarda müvafiq bacarıqlar formalaşdırmağı və vərdişlərə yiyələnməyi, həmçinin nailiyyətlərinin əsaslandırılmış, açıq-aydın, obyektiv və şəffaf şəkildə qiymətləndirilməsini həyata keçirməyi tələb edir.

Qiymətləndirmənin həyata keçirilməsi üçün ən yaxşı vasitə dünyanın əksər ölkələrində son illər daha geniş tətbiq edilən testlərdən istifadə olunmasıdır.

Test (ingiliscə - nümunə, sınaq, yoxlama) əsasən psixoloqların diaqnostik məsələləri həll etmək üçün istifadə etdiyi bir vasitə olub məhdud vaxt ərzində cavablandırılan və nəticələrindən şəxsiyyətin özünəməxsus psixo-fizioloji xüsusiyyətlərini, bilik, bacarıq və vərdişlərini, həmçinin fəallıq dərəcəsini kəmiyyət və keyfiyyət baxımından qiymətləndirmək üçün tətbiq olunan standartlaşdırılmış tapşırıqlardır.

Testdən ilk dəfə 1864-cü ildə Böyük Britaniyada şagirdlərin biliyinin yoxlanması üçün istifadə edilmişdir. XX əsrin əvvəllərində psixoloji və pedaqoji istiqamətli testlərdən istifadə olunmağa başlanmış, standartlaşdırılmış pedaqoji testlər ilk dəfə amerikalı psixoloq E.Torndayk tərəfindən tərtib edilmiş, K.Spirmen isə testlərin standartlaşdırılması və testoloji tədqiqatların obyektiv ölçülməsi üçün korrelyasiyon analizin əsas metodlarını və testləşdirmənin inkişafında mühüm rol oynayan statistik üsulu işləyib hazırlamışdır.

Qeyd edək ki, testin hazırlanması zamanı əsas diqqət onun gələcəkdə nəyi (hansı psixoloji xassəni) ölçməsinin dəqiq müəyyən edilməsinə yönəlir və onların sayı ölçəcəyi məzmunla bağlı təyin edilir. Müəyyən psixoloji xassənin az sayda testdən istifadə olunmaqla ölçülməsi isə əsas məsələdir. Test tapşırığının ölçdüyü məqsədlərə uyğun gəlməsi və tətbiq olunduğu ölkənin digər dilli qrupları arasında keçirildikdə uyğunlaşdırılması (adaptə edilməsi) zəruridir. Həmçinin testin standartlaşdırılması, onun eyni şəraitdə müxtəlif qruplar arasında aparılmasından alınan nəticələrin müqayisə edilməsinə imkan verməsi çox vacibdir. Testin standartlaşdırılması onun etibarlılıq və validlik xassələri ilə yoxlanılır.

Testin etibarlılığı - testin eyni şəraitdə dəfələrlə keçirilməsindən alınan balların təxminən eyni olması, aparılan ölçmələrin nəticələrinin bir-birindən çox az fərqlənməsi ilə təyin olunub Mənim ölçmələrim nə dərəcədə dəqiqdir sualına cavab verir. Mütləq etibarlılıqlı test yaradılması isə xeyli çətindir.

Testin validliyi (həqiqi, yararlı) - testin nəyisə ölçmək vəzifəsinə uyğunluq səviyyəsini (dərəcəsini) təyin edir. Testin validliyi Test nəyi ölçürTətbiq olunduğu məqsədə uyğundurmu suallarına cavab verir. Çox sadə şəkildə, testlə valid ölçmə - nəyin ölçülməsi lazımdırsa, test elə onun da ölçüsünü tapır kimi başa düşülür.

Çox zaman testin valid olmaması həyata keçirilən testləşdirmə zamanı nəyin və nə üçün ölçdüyünü bilməmək, qiymətləndirmə məqsədlərinin aydın olmaması ilə bağlı olur.

Testin validliyi və etibarlılığı bir-biri ilə qarşılıqlı vəhdətdə olmaqla, etibarlılığı tədqiqatın nəticələrinin nə dərəcədə həqiqətə yaxın olduğunu, validliyi isə nəticələrin həqiqətən tədqiq edilən hadisəyə aid olduğunu göstərir. Kifayət qədər validliyə malik test etibarlı hesab edilir.

Tərtib edilmiş hər bir testin obyektivlik, reprezentativlik və elmilik kimi kriteriyalara da cavab verməsi zəruridir.

Testin obyektivliyi - testin nəticələrinin onun kim tərəfindən keçirilməsindən asılı olmamasını bildirir. Başqa sözlə, testlə yoxlamalar müxtəlif adamlar (və ya qruplar) tərəfindən keçirildiyi halda belə, yenə eyni (çox az fərqlənən) nəticələr alınır.

Ona görə də test yoxlamalarının fənn müəllimləri və ya xüsusi mütəxəssislər tərəfindən aparılmasına ehtiyac duyulmur.

Testin reprezentativliyi (testləşdirmə normalarına uyğunluq, təmsiledicilik) - testin yoxlanılan tədris materialını tam əhatə etdiyini müəyyən edir. Yekun testləşdirmə zamanı bütün kursun, əsasən onun çox mühüm əhəmiyyət kəsb edən standartlarının (mövzuların) qiymətləndirilməsini həyata keçirən təmsiledici testlərdən istifadə olunur. Testin təmsiledicilik səviyyəsi keçirilən pre-testlərin nəticələrinin dəyərləndirilməsi ilə təyin edilir.  

Testin elmiliyi - testin fundamental tədqiqatlarla əsaslandırılması və onun təlim məqsədlərini düzgün ölçməsinin müəyyən olunmasıdır.

Testin relevantlığı - testin üzərinə qoyulmuş məqsədin (mövzunu tam açmasının) başa düşülən olmasının məna və stilistik baxımdan uyğunluğunu müəyyən edir. Başqa sözlə, test tapşırıqlarının məzmunu yoxlama məqsədlərinə uyğun olmalıdır.

Göstərilənlərlə yanaşı, test aşağıda verilən özünəməxsus xüsusiyyətlərə malikdir:

1. Test standartlar baxımından müəyyən məzmunu (tədris materialını) yoxlamaq üçün bir vasitədir. Testlə öyrənilən bütün məzmunu əhatə etmək və qiymətləndirmək mümkündür.

2. Test mühüm anlayışların, tədris materialının (məzmunun) mənimsənilmə səviyyəsini (dəqiq ölçüsünü) təyin edir.

3. Test şagirdin nailiyyətlərinin şəffaf və obyektiv qiymətləndirilməsinin həyata keçirilməsini təmin edir. Bu məqsədlə testin qiymətləndirilməsi üçün əvvəlcədən müəyyən edilən şkala şagirdlərə bildirilir. Şkalanın təyin edilməsi çox böyük məsuliyyət tələb edən ciddi iş olduğu üçün müəllimlərin şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsində istifadə olunan test tapşırıqlarının tərtib edilməsi və onların qiymətləndirilməsi şkalası ilə yaxından tanış olmalarını, həmçinin məktəbdaxili qiymətləndirmə vasitələrinin və onların çoxseçimli cavablarının səviyyələrə uyğun tərtib edilməsini vacib hesab edirik.

4. Test aparılma məqsədlərindən asılı olaraq standartlaşdırılmış bir vasitə olub müəyyən standart üzrə şagirdin nailiyyətlərinin ölçülməsini həyata keçirir. Testlər bir-birindən səviyyəcə fərqlənməklə 4 (dörd) səviyyə üzrə - asan, orta, çətin və (istedadlı şagirdlər üçün) nisbətən çətin səviyyələrdə tərtib edilir.

Qeyd edək ki, şagird:

1-ci (asan)2-ci (orta) səviyyəli testlərə tədris materialını yada salmaqla (hafizəyə əsaslanaraq) cavab verir;

3-cü (çətin) səviyyəli testlərə cavab vermək üçün əldə etdiyi biliklərdən situasiyaya uyğun istifadə edir, müəyyən məntiqi təfəkkür əməliyyatlarını yerinə yetirir;

4-cü (nisbətən çətin) səviyyəli testlərə cavab vermək üçün bilik və bacarıqlarından ona tanış olmayan situasiyada, nisbətən qeyri-standart düşüncə tərzi, yaradıcılıq tələb edən yeni tipli çalışmaların həllində istifadə edir.

Testin yuxarıda sadalanan xüsusiyyətləri ondan istifadə etməklə dərs ili ərzində şagirdin inkişaf dinamikasını izləməyə, ölkə səviyyəsində monitorinqlər aparmağa, təlimin keyfiyyəti barədə operativ informasiyalar toplamağa və nəticələrin çox az vaxt ərzində təhlil edilməsinə imkan verir. Çoxseçimli test tapşırıqlarından istifadə olunması isə nəticələrin avtomatlaşdırılmış vasitələrin tətbiqi ilə qiymətləndirilməsinə şərait yaradır.

Beləliklə, şagird nailiyyətlərinin çoxseçimli testlərdən istifadə olunmaqla texniki qurğu ilə qiymətləndirilməsi nəticəsində yoxlayan subyektin rolu minimuma endirilir və bu qiymətləndirmə zamanı:

  • şagirdin şəxsiyyəti deyil, ancaq onun yerinə yetirdiyi yoxlama işi qiymətləndirilir;

  • şagirdin yoxlama işi digər şagirdlərin işi ilə deyil, standartla müqayisə əsasında qiymətləndirilir;

  • qiymətləndirmə standartları şagirdə əvvəlcədən bildirilir;

  • qiymətlərin verilməsi alqoritmi birqiymətli təyin olunur və şagird yerinə yetirdiyi işi qiymətləndirməklə, özünün nailiyyət səviyyəsini təyin edə bilir;

  • qiymətləndirmə konkret təlim nəticələri əsasında aparılır;

  • fənn üzrə təlim nəticələri şagird nailiyyətlərinin qiymətləndirilməsi kriteriyalarını təşkil edir.

Bunlar şagird nailiyyətlərinin qiymətləndirilməsində bir vasitə olaraq testlərdən istifadə olunmasının əhəmiyyətini bildirir.

Qeyd edək ki, şagirdin nailiyyətlərinin qiymətləndirilməsində ancaq çoxseçimli test tapşırıqlarından istifadə edilməsi heç də həmişə müsbət nəticələrə gətirmir (çoxseçimli testlərdən əsasən şagirdlərin müəyyən faktlar, prosedurlar üzrə qısa müddət ərzində bilikləri, fərdi qabiliyyətləri qiymətləndirilərkən, qiymətləndirmə standartlarının sayı çox olduqda, həmçinin obyektiv və etibarlı qiymətləndirmə vacib olduğu zaman, əksər hallarda buraxılış imtahanları apararkən istifadə edilməsi məqsədəuyğun hesab olunur). Belə ki, müntəzəm olaraq çoxseçimli test tapşırıqlarına cavab verən şagird artıq yeni metodları öyrənmək istəmir və hafizəyə əsaslanmağı daha üstün hesab edir.

Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi zamanı çoxseçimli, qapalı test tapşırıqları ilə yanaşı açıq test tapşırıqlarından, fəaliyyət test çalışmalarından istifadə edilməsi məqsədəuyğun hesab olunur. Lakin fəaliyyət test tapşırıqlarının hazırlanması müəllimdən xüsusi yaradıcılıq tələb edir. Bunun üçün müəllim əvvəlcə təlim məqsədlərini müəyyən edir, sonra isə onların qiymətləndirilməsini təmin edəcək yazılı tapşırıq hazırlayır. Tapşırığın stili, məzmunu şagirdin anlam səviyyəsinə uyğun gəlməklə, eyni zamanda reallığı və həqiqəti əks etdirməli, müasir həyatla uzlaşmalı, mənalı və stimulverici olmalı, onlarda müəyyən bacarıqların formalaşmasına, yaradıcı təfəkkürün inkişafına xidmət etməlidir. Hazırlanması xeyli əmək və vaxt tələb edən fəaliyyət testlərinin qiymətləndirilməsi müəllim tərəfindən həyata keçirilir.

Aşağıda ibtidai təhsil səviyyəsinin kurikulum tətbiq olunan siniflərində şagird nailiyyətlərinin diaqnostik və formativ qiymətləndirilməsi üçün riyaziyyat və informatika fənlərinə aid nümunələr veririk: 

I sinif - riyaziyyat fənni üzrə

a) Diaqnostik qiymətləndirməyə aid nümunə

Mövzu: 1 ədədi.

Qiymətləndirmə standartları: 1.1.3.Q1 - şagird 20 dairəsində ədədləri oxuyur və yazır.  1.1.4.Q2 - şagird hər bir ədədə uyğun əşya qrupunu müəyyən edir. 1.1.5.Q1 - şagird əşyalar çoxluğundan tələb olunan sayda əşya ayırır.

"1 ədədinin yazılması və oxunmasının öyrədilməsi"nə aid  dərsdə diaqnostik qiymətləndirmənin aparılması üçün:

1) dərsliyin 14-cü səhifəsinin 1-ci çalışmasında verilən şəkil sinif otağında ya böyüdülmüş halda münasib yerdən asılır, ya da multimedia proyektorunun köməyi ilə göstərilir:

2) Müəllim şagirdlərin diqqətini dərsə yönəltmək məqsədilə "Şəkildə nə görürsünüz?" deyə soruşur və yaxşı (aydın, məqsədli, yığcam, təbii və sinfin səviyyəsinə uyğun, bir-biri ilə əlaqəli, düşündürücü) suallarla onlara müraciət edir:

Müəllim: sürüşkəndə neçə uşaq sürüşür?

Şagird: 1.

Müəllim: havada neçə çərpələng uçur?

Şagird: 1.

Müəllim: oyun meydançasında neçə it (şəkli) görünür?

Şagird: 1.

Müəllim: qız əlində neçə qırmızı rəngli şar tutub?

Şagird: 1.

Müəllim: skamyada (oturacaqda) neçə baba əyləşib?

Şagird: 1.

Müəllim: yelləncəkdə neçə qız yellənir?

Şagird: 1.

Bu suallarla yanaşı aşağıdakı kimi suallar da verilə bilər:

Müəllim: sənin neçə çantan var?

Şagird: 1.

Müəllim: sənin neçə riyaziyyat kitabın var?

Şagird: 1.

Müəllim: sənin yanında neçə nəfər oturub?

Şagird: 1.

Müəllim: sinifdə neçə müəllim var?

Şagird: 1.

Müəllim: sinifdə sayı bir olan hansı əşyaları görürsünüz? 

Şagirdlər sinfin tərtibatından asılı olaraq cavablar verirlər.

Müəllim: sayı bir olan hansı canlı və cansız əşyaları tanıyırsınız?

Şagirdlər müxtəlif cavablar verirlər (ata, ana, Günəş, Ay və s.).

Müəllim: biz bu gün nə öyrəndik?

Şagirdlərin müxtəlif cavabları dinlənilir.

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, bir elementli çoxluqların, sayı bir olan əşyaların riyazi olaraq "1" şəklində işarə edildiyini və bu simvolun "bir" kimi oxunduğunu söyləyir.

Qeyd edək ki, müəllim dərsdə istifadə etdiyi əyani vəsaitlərdən asılı olaraq sualların məzmununda dəyişiklik edə bilər.

b) Formativ qiymətləndirməyə aid nümunə

 

1. Holistik rubrik əsasında:

Mövzu: 1 ədədi.

Qiymətləndirmə standartı: 1.1.4.Q2.

Aşağıda şagirdin nailiyyət səviyyəsinin 1.1.4.Q2 standartı üzrə formativ qiymətləndirilməsinə dair holistik rubrik verilir: 

 

Qiymətləndirmə şkalası

Qiymətləndirmə səviyyələri

4

Şəkildə sayı 1-lə ifadə edilən əşyaların və əlavə olaraq çoxlu sayda əşyanın adını deyir, onları sayına, təbiətinə və əlamətinə görə fərqləndirir, həyatla əlaqələndirir, nümunələr söyləyir.

3 Şəkildə sayı 1-lə ifadə edilən əşyaların və əlavə bir-iki əşyanın adını deyir, onları sayına və təbiətinə görə fərqləndirir, lakin əlamətinə görə fərqləndirməkdə çətinlik çəkir.
2 Şəkildə sayı 1-lə ifadə edilən əşyaların adını deyir, onları sayına görə fərqləndirir, lakin təbiətinə görə fərqləndirməkdə çətinlik çəkir.
1 Şəkildə verilən əşyaların adını deyir, onları sayına görə fərqləndirməkdə çətinlik çəkir.
 

2. Analitik rubrik əsasında:

Mövzu: 1 ədədi.

Qiymətləndirmə standartları: 1.1.3.Q1 və 1.1.4.Q2.

Aşağıda şagirdin nailiyyət səviyyəsinin aspektlər üzrə formativ qiymətləndirilməsinə dair analitik rubrik verilir:

 

Qiymətləndir-mə şkalası

Aspektlər

  1.1.4.Q2 standartı: şagird hər bir ədədə uyğun əşya qrupunu müəyyən edir. 1.1.3.Q1 standartı: şagird 20 dairəsində ədədləri oxuyur və yazır.
 

Qiymətləndirmə səviyyələri

4 Şəkildə sayı 1-lə ifadə edilən əşyaların və əlavə olaraq çoxlu sayda əşyanın adını deyir, onları sayına, təbiətinə və əlamətinə görə fərqləndirir, həyatla əlaqələndirir, nümunələr söyləyir. 1 elementli çoxluqların elementləri sayının riyazi olaraq 1-lə işarə edildiyini və bir kimi oxunduğunu deyir.
3 Şəkildə sayı 1-lə ifadə edilən əşyaların və əlavə bir-iki əşyanın adını deyir, onları sayına və təbiətinə görə fərqləndirir, lakin əlamətinə görə fərqləndirməkdə çətinlik çəkir. 1 elementli çoxluqların elementləri sayının riyazi olaraq 1-lə işarə olunduğunu deyir.
2 Şəkildə sayı 1-lə ifadə edilən əşyaların adını deyir, onları sayına görə fərqləndirir, lakin təbiətinə görə fərqləndirməkdə çətinlik çəkir. 1 elementli çoxluqların elementləri sayının 1 olduğunu deyir.
1 Şəkildə verilən əşyaların adını deyir, onları sayına görə fərqləndirməkdə çətinlik çəkir. 1 elementli çoxluqların elementləri sayının 1-lə işarə olunduğunu deməkdə çətinlik çəkir.
 

Qeyd. Müəllim holistik rubrik hazırlayarkən nisbətən yaxın (məsələn, 1.1.4.Q2 və 1.1.5.Q1) alt standartları birləşdirə bilər.

Hazırda məktəbdaxili qiymətləndirmənin aparılması üçün hazır qiymətləndirmə vasitələrindən istifadə olunduğunu nəzərə alaraq, burada summativ qiymətləndirmə tapşırıqları vermirik.

 

I sinif - informatika fənni üzrə

a) Diaqnostik qiymətləndirməyə aid nümunə

Mövzu: Azdır - çoxdur.

Qiymətləndirmə standartı: Mövzu ilə bağlı 1.2.3.Q4 qiymətləndirmə standartının alt standartlarını: "1.2.3.Q1* - şagird iki və daha çox sayda əşya qrupları arasında az, çox münasibətlərini müəyyən edir" və "1.2.3.Q2* - şagird iki və daha çox sayda əşya qrupları arasında kəmiyyət (böyük, kiçik) münasibətlərini müəyyən edir" - şəklində təyin edək.

Əşyalar arasında "azdır - çoxdur" münasibətlərinin öyrədilməsi zamanı diaqnostik qiymətləndirmənin aparılması məqsədi ilə əvvəlcə dərslikdə verilmiş şəkil multimedia proyektoru ilə göstərilir:

Sonra isə müəllim şagirdlərə aşağıdakı suallarla müraciət edir:

Müəllim: şəkildə neçə boşqab (boş qab) görünur?

Şagird: 4.

Müəllim: şəkildə neçə armud görünür?

Şagird: 3.

Müəllim: hər boşqaba bir armud qoysaq, neçə boşqab boş qalar?

Şagird: 1.

Müəllim: boşqabların sayı çoxdur, yoxsa armudların?

Şagird: boşqabların.

Müəllim: nə üçün boşqabların sayı çoxdur?

Şagird 1: bir boşqab boş qaldığı üçün.

Şagird 2: boşqabların sayı (4) armudların sayından (3-dən) çox olduğu üçün.

Şagird 3: armudların sayı (3) boşqabların sayından (4-dən) az olduğu üçün.

Müəllim şagirdlərə riyaziyyat kursundan 1.1.6.Q3 (şagird böyük ədədə çox sayda əşya qrupunun, çox sayda əşya qrupunun böyük ədədə uyğun olduğunu nümayiş etdirir) standartı üzrə öyrəndiklərini (fənlərarası əlaqə) xatırladır, onların fikirlərini ümumiləşdirir, boşqabların sayının armudların sayından çox, armudların sayının isə boşqabların sayından az olduğunu deyir və nəticəni riyaziyyat kursunun 1.1.7.Q2 (şagird 20 dairəsində ədədləri müqayisə edərək nəticəni <, = və > işarələrinin köməyi ilə ifadə edir) standartına əsasən riyazi şəkildə yazır.

b) Formativ qiymətləndirməyə aid nümunə

 

1. Holistik rubrik əsasında:

Mövzu: Azdır - çoxdur.

Qiymətləndirmə standartı: 1.2.3.Q1*.

Aşağıda "Azdır - çoxdur" münasibətlərinin öyrədilməsi prosesində şagirdin nailiyyət səviyyəsinin standarta uyğun 4-5 səviyyə üzrə qiymətləndirilməsi üçün holistik rubrik verilir:

 

 

Qiymətləndirmə şkalası

Qiymətləndirmə səviyyələri

4 Boşqabları və armudları sayır, hər boşqaba bir armud qoyur, bir boşqabın boş qaldığını (bir armudun çatışmadığını), boşqabların sayının armudların sayından çox, armudların sayının boşqabların sayından az olduğunu (bir boşqabın boş qaldığını) deyir.
3 Boşqabları və armudları sayır, hər boşqaba bir armud qoyur, bir boşqabın boş qaldığını (bir armudun çatışmadığını), boşqabların sayının armudların sayından çox olduğunu deyir.
2 Boşqabları və armudları sayır, hər boşqaba bir armud qoyur, bir boşqabın boş qaldığını deyir.
1 Boşqabları və armudları sayır, hər boşqaba bir armud qoyur.
 

2. Analitik rubrik əsasında:

Mövzu: Azdır - çoxdur.

Qiymətləndirmə standartı: 1.2.3.Q1* və 1.2.3.Q2*.

Şagirdin nailiyyət səviyyəsinin aspektlər əsasında 4-5 səviyyə üzrə formativ qiymətləndirilməsinə dair analitik rubrik verilir: 

 

Qiymətləndir-mə şkalası

Aspektlər

  1.2.3.Q1* standartı: şagird iki və daha çox sayda əşya qrupları arasında az, çox münasibətlərini müəyyən edir. 1.2.3.Q2* standartı: şagird iki və daha çox sayda əşya qrupları arasında kəmiyyət (böyük, kiçik) münasibətlərini müəyyən edir.
  Qiymətləndirmə səviyyələri
4 Boşqabları və armudları sayır, hər boşqaba bir armud qoyur, bir boşqabın boş qaldığını (bir armudun çatışmadığını), boşqabların sayının armudların sayından çox, armudların sayının boşqabların sayından az olduğunu (bir boşqabın boş qaldığını) deyir. Boşqabların sayının 4, armudların sayının 3, boşqabların sayının armudların sayından çox olduğunu 4>3 və armudların sayının boşqabların sayından az olduğunu 3<4 riyazi bərabərsizliyi ilə ifadə edir.
3 Boşqabları və armudları sayır, hər boşqaba bir armud qoyur, bir boşqabın boş qaldığını (bir armudun çatışmadığını), boşqabların sayının armudların sayından çox olduğunu deyir. Boşqabların sayının 4, armudların sayının 3 və boşqabların sayının armudların sayından çox olduğunu 4>3 riyazi bərabərsizliyi ilə ifadə edir.
2 Boşqabları və armudları sayır, hər boşqaba bir armud qoyur, bir boşqabın boş qaldığını deyir. Boşqabların sayının 4, armudların sayının 3 və boşqabların sayının çox olduğunu deyir.
1 Boşqabları və armudları sayır, hər boşqaba bir armud qoyur. Boşqabların sayının 4, armudların sayının 3 olduğunu deyir.
 

Qiymətləndirmə prosedurunda qiymətləndirmə vasitələrinin qiymətləndirilməsi çox böyük diqqət tələb edən vacib məsələlərdən hesab edilir. Bunu nümunə misal əsasında izah edək:

Nümunə. 2 - 2 : 2 ifadəsinin qiymətini tapın.

A) 1                        B) 2                        C) 0

Şagirdin seçdiyi cavaba əsasən onun səviyyəsini müəyyən edək:

1-ci hal - şagird A) doğru cavabını seçib. Bu zaman şagirdin: a) əməllərin yerinə yetirilmə ardıcıllığını və b) ədədi özünə böldükdə 1 alındığını bildiyi, c) onlardan istifadə etməyi bacardığı başa düşülür.

2-ci hal - şagird B) orta (yarımdoğru) cavabını seçib. Bu zaman şagirdin: a) əməllərin yerinə yetirilmə ardıcıllığını bilib-bilmədiyi - bilirsə, b) 2-ni 2-yə böldükdə 0, yoxsa 1 aldığı müəyyən edilir.

3-cü hal - şagird C) səhv cavabını seçmiş və ya heç bir cavabı qeyd etməmişdir. Bu zaman şagirdin: a) əməllərin yerinə yetirilmə ardıcıllığını və b) 2-ni 2-yə böldükdə 0, yoxsa 1 alındığını bilib-bilməməsi müəyyən edilir.

Qiymətləndirmənin bu şəkildə aparılması nəticəsində müəllim şagirdlərin səviyyəsini düzgün təyin edir və onlara fərdi yanaşmaya nail olur, digər maraqlı tərəflərə vaxtında dəqiq məlumatlar verə bilir. Şagirdlər isə nəyi hansı səviyyədə bildiklərini, bacardıqlarını və nə etməli olduqlarını başa düşürlər.

Qeyd edək ki, şagirdin həm nəzəri sualı cavablandırma, həm də praktik tapşırığı yerinə yetirmə səviyyəsinin müəllim tərəfindən düzgün təyin edilməsi və nəticələrinə əsasən (nəyi hansı səviyyədə bildiyi və ya nə üçün bilmədiyi, nəzəri biliklərdən nə üçün istifadə etmək bacarığına göstərilən səviyyədə malik olduğu nəzərə alınmaqla) ona fərdi yanaşılması mühüm əhəmiyyət kəsb edir və bu nəticə etibarı ilə şagirdin inkişafının təmin olunmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır. 

Nəbi MAHMUDOV,
Təhsil Nazirliyi Monitorinq və
qiymətləndirmə şöbəsinin baş məsləhətçisi,
fizika-riyaziyyat elmləri namizədi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov