Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

Böyük Britaniyada akkreditasiya

 

6-10 dekabr tarixlərində Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri professor Həbib Zərbəliyev, Strateji planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, həmin şöbənin Əlavə təhsil sektorunun müdiri Zöhrab Kəlbəliyev, Təhsil sektorunun inkişafı üzrə II layihənin əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmov, həmin layihədə Əlavə təhsil üzrə milli məsləhətçi, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının müdiri, professor Aydın Kazımzadə, Akkreditasiya şöbəsinin əməkdaşları Murad İmanov, Zakir Məmmədov və Aysel Ağayevadan ibarət nümayəndə heyəti Birləşmiş Krallıqda təhsil müəssisələrinin akkreditasiyası təcrübəsini öyrənmək üçün İngiltərədə səfərdə olmuşdur. Yanvarın 5-də nazirlikdə səfərin nəticələrini əks etdirən təqdimat keçirilmişdir. Təqdimatda Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev nümayəndə heyətinin Birləşmiş Krallığın Təhsildə standartların idarə edilməsi (Ofsted), Müstəqil Məktəblər Müfəttişliyi (İSİ), Keyfiyyətin Təminatı Agentliyi (QAA) və Britaniya Akkreditasiya Şurası (BAC) təşkilatları, bu təşkilatlarda keçirdiyi görüşlər və bu görüşlərdən əldə edilmiş təcrübə barədə ətraflı məlumat vermişdir. Həmin məlumatları oxuculara təqdim edirik. 

İngiltərənin məktəb sistemi haqqında qısa məlumat. İngiltərədə 17000 ibtidai məktəbdə 4 milyon şagird, 3200 orta məktəbdə 3,3 milyon şagird, 1000 xüsusi məktəbdə 86000 şagird və 2400 özəl məktəbdə 580000 şagird təhsil alır. Bu məktəblərin təftişi və ya akkreditasiyasını bir neçə təşkilat həyata keçirir.

Təhsildə Standartların İdarə Edilməsi Təşkilatı (Ofsted). Ofsted təhsilalanların bilik və bacarıqlarının standartlarını müəyyən edən bir təşkilatdır. Bu təşkilat uşaqların və gənclərin yüksək səviyyədə himayə olunması üçün çalışır, istənilən yaş qrupunun nümayəndələri üçün fasiləsiz təhsili inkişaf etdirir. Onun əsas məqsədi təhsil müəssisəsi barədə ədalətli qərar qəbul etmək və ictimaiyyəti həqiqətə uyğun məlumatla təmin etməkdir. Ofstedin xidmətlərindən faydalanan bütün müəssisələr, eləcə də digər istifadəçilər və təchizatçılar öz fikirlərini onunla sərbəst şəkildə paylaşa və hər hansı məsələyə dair ona öz şərhlərini bildirə bilərlər.

Ofsted öz hesabatları və gördüyü bütün işlərin nəticələri barədə dövlət orqanlarına deyil, bilavasitə parlamentə məlumat verir. Bu təşkilatda yeni hazırlanmış Təhsil və müfəttişlik barədə aktlardan görünür ki, onun fəaliyyətində aşağıdakılar mütləq öz əksini tapmalıdır: xidmət sahələrinin təkmilləşdirilməsinin təmin edilməsi, xidmətlərin onların istifadəçilərinin maraqlarına uyğun tərtibi, bütün növ xidmətlərin səmərəliliyinin, keyfiyyətinin və ödənilən məbləğə uyğunluğunun təmin edilməsi.

Təftişlər çərçivəsində Ofsted nəticələri nəşr etdirməklə yanaşı, onları öz elektron səhifəsində yerləşdirir. Təftişlərin nəticələri, hesabatlar, statistik göstəricilər və müvafiq tövsiyələr bu sənədlərdə öz əksini tapır.

Ofsted qeyri-hökumət təşkilatıdır və heç kimə üstünlük vermədən şəffaf və ədalətli hesabatlar hazırlayaraq nəticələri Təhsil Departamentinə, Parlament Komissiyasına və ictimaiyyətə təqdim edir. Təşkilatın işçi heyəti 2000 nəfərdən artıqdır. Onların 355 nəfəri ali müfəttişlər, 785 nəfəri isə digər müfəttişlərdir. Ali müfəttişlər Ofstedin ümumi müfəttiş sisteminin müəyyən qismini təşkil edir və işə birbaşa bu təşkilatın özü tərəfindən qəbul edilirlər, təhsil, sosial rifah, uşaqlara qayğı və yaşlıların təhsili məsələsində əsaslı təcrübəyə malikdirlər, Ofstedin bütün yoxlamalarında iştirak edirlər, Ofsted daxilində müxtəlif xarakterli işləri (menecerlik, keyfiyyət təminatçılığı, mütəxəssis məsləhətçiliyi, təhsilin müxtəlif sahələri üzrə məsləhətçilik) həyata keçirirlər, Təftiş Xidməti Təchizatçılarının işinə nəzarət edirlər. Əlavə müfəttişlər işə Təftiş Xidməti Təchizatçıları tərəfindən qəbul edilirlər, yarım ştat, bir ştat və ya ştatdankənar çalışa bilərlər, təftişləri həyata keçirirlər və istənilən təftiş qruplarına üzv ola bilərlər, ali və orta məktəblərdə, müəllimlərin ilkin hazırlığı sahəsində təcrübəyə malik olurlar, kurikulum haqqında müasir biliklərə, ən son yeniliklərə və qanunvericilik sahəsində yeniliklərə bələd olmalıdırlar.

Ofstedin işinə 2000 nəfərdən artıq əlavə müfəttiş də cəlb olunur. 2009-2010-cu illərdə o,  32000 təftiş aparmışdır. Təşkilatın illik büdcəsi təxminən 214 milyon funt-sterlinq təşkil edir.

Ofsted aşağıdakı xidmətləri təftiş edir və ya tənzimləyir: ailə tipli məktəblər, mərkəzlər və uşaq evləri, dövlət məktəbləri, bəzi özəl məktəblər, uşaqlar və ailələr üçün Məsləhət Mərkəzi, uşaq və gənclərə göstərilən xidmətlər, övladlığa qəbul və himayədarlıqla məşğul olan təşkilatlar, əlavə təhsil, ilkin müəllim hazırlığı, dövlətin maliyyələşdirdiyi yaşlılar üçün təlimlər və həbsxanalarda təlim.

Təftişin məqsədi. Məktəblərin təftişi onların fəaliyyətinin səmərəliliyinin və məqsədyönlü işinin xarici qiymətləndirilməsi deməkdir. Ofstedin təftişi 3 əsas funksiya yerinə yetirir: valideynləri/himayədarları məlumatlandırır; dövlət katibliyini (Parlamenti) məktəblərin işi barədə məlumatlandırır, minimum standartların gözlənməsini təmin edir, maliyyənin səmərəli istifadəsinə əminlik yaradır; özəl məktəblərin və bütövlükdə təhsil sahəsinin inkişafına dəstək verir.

Təftişin nəticələri. Müfəttişlər məktəblərin başlıca xüsusiyyətlərini nəzərə alaraq dördpilləli qiymətləndirmə tətbiq edirlər: 1-ci dərəcə - əla, 2-ci dərəcə - yaxşı, 3-cü dərəcə - qənaətbəxş, 4-cü dərəcə - qeyri-qənaətbəxş.

Aşağıdakı hallardan hər hansı biri olduqda məktəbin fəaliyyəti qeyri-qənaətbəxş hesab edilir: şagirdlərin nəticələri qeyri-qənaətbəxş olarsa, məktəbin davamlı inkişaf imkanları qeyri-qənaətbəxş olarsa, məktəbin bərabər imkanların yaradılması və diskriminasiyanın aradan qaldırılması istiqamətində səyləri qeyri-qənaətbəxş olarsa, təhlükəsizlik prosedurları səmərəsiz olarsa, təchizatın əsas aspektləri qeyri-qənaətbəxş olarsa.

Müstəqil Məktəblər Müfəttişliyi (İSİ). Bu təşkilat özəl məktəblərdə və kolleclərdə təhsilin keyfiyyətini qiymətləndirir. Onun büdcəsi özəl məktəblərin ödədikləri rüsumlar hesabına maliyyələşir. Təşkilat Birləşmiş Krallıqdakı 2500 özəl məktəbdən 200-nü təftiş edir. O, təftiş barədə xəbərdarlığı məktəbə beş gün əvvəl edir. Sonra baş müfəttiş təftişə başlayaraq məktəbin hüquqi fəaliyyətini araşdırır. Bundan bir ay sonra təftiş komissiyası işə başlayır. Komissiya öz işində məktəbin təqdim etdiyi özünütəhlil hesabatından istifadə edir. Təftişin son üç günü ərzində  Komissiya müvafiq hesabat hazırlayır. Üç həftə ərzində isə o, təftişin nəticəsi barədə məktəbə və Təhsil Departamentinə  məlumat verir. Təftişin nəticəsi çox pis olduqda məktəbin lisenziyası ləğv oluna və ya onun idarə heyəti dəyişdirilə bilər.

Təftiş aşağıdakı prinsiplərə əsaslanır: məktəbin öz məqsədlərinə nail olması barədə hesabat verilməsi; normativ-hüquqi sənədlərə riayət olunması; məktəbin şagirdlərinin sağlamlığının, təhlükəsizliyinin qorunması, cəmiyyətdə layiqli yer tutması, istedad və bacarıqlarının inkişaf etdirilməsi barədə hesabat təqdim edilməsi; məktəblərin təkmilləşdirilməsi və inkişafına dəstək verilməsi; valideynlərin, məktəblərin və Müstəqil Məktəblər Assosiasiyasının müstəqil və obyektiv hesabatlarla təmin edilməsi; mümkün olduğu hallarda digər təftiş təşkilatları ilə əməkdaşlıq edilməsi; təftiş zamanı məktəblərin özünütəhlil hesabatlarının nəzərə alınması; təftişlərin ixtisaslaşmış və yüksək təcrübəli müfəttişlər tərəfindən aparılması; təftiş zamanı müstəqil rəylərin nəzərə alınması.

Təftişlə əlaqədar məktəb üçün təlimat hazırlanır. Təlimatda aşağıdakılar əks etdirilir: müfəttişlərin işinin yüksək səviyyədə təşkil edilməsi, onların məktəbdə işinin asanlaşdırılması, o cümlədən müşahidə və müsahibələr aparması üçün onlara lazımi yardım göstərilməsi; məktəb haqqında şəffaf və obyektiv məlumatlar verilməsi,  sualların aydın cavablandırılması; müfəttişlər və təftiş prosesi haqqında məlumatların məxfiliyinin təmin olunması.

Təftiş və hesabatların keyfiyyətinin təminatı üçün aşağıdakı prinsiplərə istinad edilir: müəllim heyətinin və şagirdlərin işinin obyektiv müşahidəsi, təftiş rəylərinin faktlarla əsaslandırılması, hesabatların əhatəli və hərtərəfli tərtibi, hesabatda bütün müfəttiş heyətinin rəyinin əks etdirilməsi, faktların bir-biri ilə ziddiyyət təşkil etməməsi, təlimatlara riayət olunması, üstün cəhətlərin və təkmilləşdirilməsinə ehtiyac olan sahələrin aydın şəkildə əks etdirilməsi.

Təftiş prosesində müxtəlif faktlardan istifadə edilir: dərslərin müşahidə edilməsi, şagirdlərlə ünsiyyət, məktəb direktoru və onun müavinləri ilə söhbət, sənədlərin və özünütəhlil hesabatlarının təhlili, son təftişin qərarının məktəbin gələcək fəaliyyətinə təsiri.

Məktəbin uğur göstəriciləri şagirdlərin təhsil, istedad və bacarıqlarının keyfiyyəti, şagirdlərin şəxsi inkişafının keyfiyyəti və idarəetmənin keyfiyyəti ilə müəyyənləşdirilir.

Təftiş aşağıdakı sahələri əhatə edir: təhsilin keyfiyyəti (kurikulum, təlim), şagirdlərin mənəvi, sosial, mədəni, əxlaqi inkişafı, şagirdlərin rifahı, təhlükəsizliyi və sağlamlığı, işçi heyətin uyğunluğu və təminatı, yaşayış şəraiti və məskunlaşma, informasiya təminatı, şikayətlərin nəzərə alınması.

İtn (Eton) Kollecində aparılmış təftişin nəticələrinə əsasən hazırlanmış hesabatdan çıxarışlar:

          Kollecin bütöv adı - İtn Kolleci,

          Qeydiyyat nömrəsi - 868/6016,

          Direktor - Arm Litl,

          Rektor - Lord Valderqreyv,

          Şagirdlərin yaş həddi - 13-18,

          Şagirdlərin ümumi sayı - 1300,

          Təftiş tarixi - 16-17 mart 2010-cu il,

          Son (kollegial) səfər - 26-28 aprel 2010-cu il.

          Kollecin tarixi: Kollecin əsası 1440-cı ildə VI Kral Henri tərəfindən qoyulmuşdur. Əvvəllər Kilsə məktəbi kimi fəaliyyət göstərmişdir. 1440-cı ildən məktəb fasiləsiz fəaliyyət göstərir.

          Kollecin məqsədi: Təhsilalanlara dünyəvi, hərtərəfli təhsil verməklə onların yalnız İtn Kolleci daxilində deyil, həm də dünya səviyyəsində biliklərini nümayiş etdirmələrini təmin etməkdir.

          Kollecin vəzifəsi: Təhsilalanlara müstəqil düşünmə vərdişləri öyrətmək, onları mənəvi zənginliyə, yüksək əxlaq göstəricilərinə yiyələndirməkdir.

          İdarəetmə:

          Kollecin idarəetmə sistemi ən yüksək standartlara cavab verir və onun üstünlüyü hesab olunur.

          Əsas diqqətin ozünütəhlilə yönəlməsi Kollecdə idarəetmənin ən yüksək göstəricilərindən xəbər verir.

          Kollecin rəhbərliyi tərəfindən səmərəli idarəetmə həyata keçirilir.

          Məktəbin idarəetmə sistemində heç bir nöqsan aşkar edilməmişdir.

          Şagirdlərin təhsil, təlim, istedad və xüsusi qabiliyyətlərinin keyfiyyəti:

          Şagirdlərin əldə etdiyi bilik göstəriciləri yüksəkdir.

          Son təftişdən sonra şagirdlərin təhsil və qabiliyyət göstəriciləri müstəsna səviyyədə inkişaf etmişdir.

          Şagirdlərin təlim və tərbiyə göstəriciləri yüksəkdir.

          Bütün mərhələlərdə təhsilalanların təhsilə olan marağı artır, yüksək axtarış və tədqiqat bacarıqları özünü büruzə verir.

          Təhsilalanlar milli və beynəlxalq olimpiadalarda yüksək göstəricilər nümayiş etdirirlər.

          Şagirdlərin mənəvi, əxlaqi və mədəni səviyyəsi çox yüksəkdir.

          Onlar kollektivə asanlıqla uyğunlaşa bilir, həmçinin istənilən mövzuda asanlıqla müsahibələr təşkil edirlər.

          Maddi-texniki baza. Kollecin maddi-texniki bazası müasir standartlara cavab verir. İnformasiya və kommunikasiya texnologiyalarından fasiləsiz istifadə şagirdlərin bu sahədə olan bilik və bacarıqlarını daha da artırır. Kollecin kitabxanası nümunəvidir. Musiqi sahəsində təhsil alan şagirdlər üçün Kollec bütün müasir musiqi alətləri ilə təchiz olunmuşdur.

Kollecə verilmiş tövsiyələr: müstəqil düşünmə və təlimin inkişafını davam etdirmək, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərini tətbiq etmək, işçilərin qiymətləndirilməsi sistemini yaratmaq.

Keyfiyyətin Təminatı Agentliyi (QAA). Bu qurum 1997-ci ildə yaradılmışdır. Qurumun idarəetmə şurası vardır. Şuranın tərkibinə direktorlar, tələbələr və müxtəlif təşkilatların nümayəndələri daxildir. Onun idarəetmə heyəti 1500 nəfərdən ibarətdir. Büdcəsi 11 milyon funt-sterlinq təşkil edən bu agentlik universitet və kolleclərin üzvlük haqqı, eləcə də ali təhsil müəssisələrinə maliyyə dəstəyi göstərən xüsusi təşkilatlarla müqavilələr əsasında maliyyələşir. Keyfiyyətin Təminatı Agentliyi həm də dövlətdən maliyyə alan, lakin müstəqil fəaliyyət göstərən qurumdur. O, dövlət ali təhsil müəssisələrinin və 6 özəl universitetin öz üzərinə götürdükləri vəzifələri necə yerinə yetirdiklərini və həmin təhsil müəssisələrində təhsilin keyfiyyətini qiymətləndirir. Bundan başqa, Agentlik dövlətdən maliyyə alan digər ali təhsil müəssisələrində də keyfiyyətin qiymətləndirilməsi ilə məşğul olur. Dövlətin sifarişi ilə onun apardığı qiymətləndirmənin nəticələri əsasında ali təhsil müəssisələrinə bakalavr, magistr və fəlsəfə doktoru dərəcələri üzrə kadr hazırlığı səlahiyyəti verilir. Mütəxəssis hazırlığı aparılan ixtisaslar isə universitetlərin özləri tərəfindən müəyyənləşdirilir.

Keyfiyyətin qiymətləndirilməsinə aşağıdakı prosedurlar daxildir: təhsil müəssisəsinin şəraitinin (maddi-texniki bazasının)  qiymətləndirilməsi, kadr potensialının  qiymətləndirilməsi, təhsil müəssisəsinin statistik göstəricilərinin öyrənilməsi, tələbələrin biliyinin qiymətləndirilməsinin nəticələrinin öyrənilməsi, təhsil müəssisəsinin özünütəhlil hesabatının təhlili, təhsil müəssisəsinin daxili meyarlarının və onların yerinə yetirilməsi vəziyyətinin öyrənilməsi, Keyfiyyətin Təminatı Agentliyinin müəyyənləşdirdiyi meyarların yerinə yetirilməsi vəziyyətinin öyrənilməsi.

Ali təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi prosesi altı ildən bir həyata keçirilir. Təhsil müəssisəsinin hər bir sahəsi ayrılıqda qiymətləndirilir. Qiymətləndirilmənin nəticələri ilə bağlı bu qurum tərəfindən geniş hesabat hazırlanır və hesabatda nöqsanların aradan qaldırılması ilə baglı tövsiyələr də öz əksini tapır. Hesabat təhsil müəssisəsinə təqdim olunur və ictimaiyyətə açıqlanır. Təhsil müəssisəsi qiymətləndirmənin nəticəsindən razı olmadıqda  məhkəməyə müraciət edə bilər.

Qiymətləndirmənin nəticəsi mənfi olduqda təhsil müəssisəsi çatışmazlıqların aradan qaldırılması ilə bağlı Keyfiyyətin Təminatı Agentliyinə xüsusi proqram təqdim edir. Agentlik bir ildən sonra yenidən həmin məsələyə baxır. Əgər çatışmazlıqlar aradan qaldırılmazsa, Agentlik təhsil müəssisəsini maliyyələşdirən quruma müvafiq şikayət məktubu göndərir.

Keyfiyyətin Təminatı Agentliyi ali təhsil müəssisələrinin öz öhdəliklərini nə dərəcədə yerinə yetirmələrini müəyyən edir, eyni zamanda onların inkişafını təmin etmək üçün müxtəlif təcrübələr təklif edir. Təşkilat həmçinin məlumat kitabçaları nəşr etdirərək təhsil müəssisələrində ali təhsil sistemlərinin səmərəli inkişafını təmin edir, tələbələrin yüksək keyfiyyətli təhsil əldə etmələri üçün şərait yaradır.

Keyfiyyətin Təminatı Agentliyinin fəaliyyət dairəsinə aşağıdakılar daxildir: universitetlərdə təhsilin keyfiyyətinin qiymətləndirilməsinin təşkili, ali təhsil müəssisələrinin standartlara cavab verməsini əks etdirən hesabatların dərci, akademik infrastrukturla yanaşı, universitetlərin öz standartlarına cavab verməsi və keyfiyyət səviyyəsini qoruyub-saxlaması barədə kitabçaların nəşri, akademik standartlar və keyfiyyətin təminatı üçün mövcud maraq dairələrinin araşdırılması, universitetlərə müxtəlif dərəcələrin verilməsi ilə bağlı məsləhətçi xidmətinin göstərilməsi, Avropa məkanı və daha geniş beynəlxalq aləmlə iş aparılması.

Keyfiyyətin Təminatı Agentliyinin Oksford Universitetində 2009-cu ildə apardığı qiymətləndirmənin nəticələrinə əsasən hazırladığı hesabatdan çıxarışlar:

          Universitetin  təklif etdiyi diplomların indi və gələcəkdə də akademik standartlara uyğunluğuna əminlik vardır.

          Universitetin təlim imkanlarının keyfiyyətinə əminlik vardır.

          Ötən qiymətləndirmədən indiyədək olan dövrdə keyfiyyətin idarə edilməsi sahəsində ciddi irəliləyiş olmuşdur.

          Doktorantlar üçün yaxşı infrastruktur yaradılmışdır.

          Universitetin verdiyi təhsilin keyfiyyəti və diplomların standartları barədə açıqladığı məlumatlar tamdır və həqiqətə uyğundur.

Oksford Universitetinə verilmiş tövsiyələr: universitetdə təhsil alan bütün şəxslər üçün bərabər imkanlar yaradılmasına səmərəli nəzarət mexanizmi tətbiq etmək, təhsilalanların ərizə və şikayətlərinə baxılması işini təkmilləşdirmək və məlumatların onlar üçün əlçatan olmasına nail olmaq, tələbələrin göstəricilərinin monitorinqi və aşağı göstəricilərin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə tələbə informasiya sistemini inkişaf etdirmək, imtahanların nəticələrinə əsasən gender sahəsindəki problemləri araşdırmaq, imtahanlara kənardan cəlb olunmuş imtahangötürənlərin hesabatları üçün vahid format  tətbiq etmək, qiymətləndirilmiş kurs işlərinin müəllimlər tərəfindən gec təqdim olunmasına görə cəza mexanizmi müəyyən etmək.

Britaniya Akkreditasiya Şurası (BAŞ). Şura 1984-cü ildə yaradılmışdır. 27 ilə yaxın bir müddət ərzində fəaliyyət göstərən bu şura özəl məktəblərin ödədikləri rüsumlar hesabına maliyyələşir. Şuranın tərkibində ekspertlərdən ibarət qurum fəaliyyət göstərir. Qurumun baş idarəetmə orqanı və müşahidəçilərdən ibarət qrupu vardır.

Britaniya Akkreditasiya Şurasının vəzifələri. Şuranın keçirdiyi akkreditasiya özəl ali və əlavə təhsil müəssisələrinə təklif edilən könüllü keyfiyyətin təminatı sistemidir. O, hər 3 ildən bir özəl təhsil müəssisələrini akkreditə edir. Şura Birləşmiş Krallığın təhsilalanları 16 yaşından yuxarı olan 500-ə qədər təhsil müəssisəsini akkreditə edir. Qeyri-hökumət təşkilatı kimi onun əsas məqsədlərindən biri ölkədə akkreditasiya sistemini yaratmaqla yanaşı, həm də müstəqil ali və əlavə təhsil müəssisələrinin standartlarını təkmilləşdirmək və yeniləşdirməkdir.

Britaniya Akkreditasiya Şurasının müstəqil ali təhsil və əlavə təhsil sektorları ilə bağlı uzunmüddətli təcrübəsi göstərir ki, onun yoxlamaları yalnız təhsil müəssisələrinin fəaliyyətində sadəcə çatışmazlıqları müəyyənləşdirməkdən ibarət deyil, həm də bu fəaliyyətin müəssisənin Nizamnaməsinin tələblərinə uyğunluğuna təminat verməkdən ibarətdir.

Şuranın müfəttişləri səfər etdikləri təhsil müəssisələrinin inkişafı və fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr hazırlayırlar.

Britaniya Akkreditasiya Şurasının təlimatları həm də təhsil müəssisələrinə keyfiyyətli təhsil standartlarının yaradılması və tətbiqinə dair müəyyən kömək göstərmək üçün nəzərdə tutulmuşdur. Onun keçirdiyi akkreditasiya təhsil müəssisələrində aşağıdakı sahələrdə aparılan ciddi təftişdir: binaların sağlamlıq və təhlükəsizlik baxımından münasibliyi; idarəetmə, kadrlar və administrasiya; tələbələrin rifahı; təlim, öyrənmə və qiymətləndirmə; keyfiyyətin idarə olunması.

İngiltərə səfərindən əldə olunmuş təcrübədən aşağıdakı  məqamların nəzərə alınması faydalı olardı:

          İngiltərədə təhsil müəssisələrinin akkreditasiyası əslində təhsilin keyfiyyətinin qiymətləndirilməsi prosedurudur.

          Özəl təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi bu müəssisələrin  ödədikləri rüsum hesabına maliyyələşir.

          Dövlət və özəl təhsil müəssisələrində qiymətləndirmə müstəqil qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.

          Təhsilin keyfiyyətinin qiymətləndirilməsi meyarı kimi əsasən hər bir təhsil müəssisəsinin  inkişaf planında nəzərdə tutulmuş məsələlərin nə dərəcədə yerinə yetiriməsi vəziyyəti götürülür.

          Ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi təcrübəsi Azərbaycan üçün də yararlıdır. 

Həbib ZƏRBƏLİYEV,
Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov