Yanvarın
14-də Azərbaycan Respublikası Dövlət Neft
Şirkətində (ARDNŞ) ali təhsil müəssisələrinin
tələbələrinə təqaüdlər təqdim olunmuşdur.
AzərTAc
xəbər verir ki, tədbirdə ARDNŞ-ın prezidenti
Rövnəq Abdullayev, qurumun vitse-prezidenti
Xalik Məmmədov, təhsil nazirinin müavini Elmar
Qasımov, BDU-nun rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru, Milli
Məclisin elm və təhsil komitəsinin sədri,
professor Şəmsəddin Hacıyev və başqaları çıxış
etmişlər. Bildirilmişdir ki, 2009-2010-cu tədris
ilinin ikinci semestri üzrə 14 ali təhsil
müəssisəsindən təqaüd proqramına 940 tələbə
müraciət etmişdir. İki turdan ibarət müsabiqənin
birinci turu çərçivəsində Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən keçirilmiş test
imtahanında 696 namizəd iştirak etmiş, ikinci
tura buraxılmış 212 tələbə ARDNŞ-ın müsabiqə
komissiyası tərəfindən müsahibə edilmişdir.
Nəticədə 119 nəfər, o cümlədən ali təhsil
müəssisələrinin bakalavr təhsil pilləsi üzrə
II-IV kurslarının hər birindən 30 tələbə,
magistraturanın I kursundan 16, II kursundan isə
13 tələbə şirkətin təqaüdçüsü adına layiq
görülmüşdür.
Komissiyanın yekun qərarına əsasən, Azərbaycan
Dövlət Neft Akademiyasının 84, Bakı Dövlət
Universitetinin 17, Qafqaz Universitetinin 7,
Azərbaycan Dövlət İqtisad Universitetinin 7,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının 1 tələbəsi
ARDNŞ-ın təqaüdçüsü seçilmişdir. Təqaüdçülərdən
60 nəfəri əvvəlki müsabiqələrdə də şirkətin
təqaüdünü qazanmış tələbələrdir. Təqaüdün aylıq
məbləği 100 manatdır.
ARDNŞ-ın
təhsil sahəsindəki fəaliyyəti barədə
ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə
www.socar.az/tehsil.html bölməsi yaradılmışdır.
|
|