Yanvarın
18-də Təhsil Nazirliyində Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin illik hesabatı dinlənildi.
Hesabatı
təqdim edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva öncə
rəhbərlik etdiyi idarənin yaranması tarixi və
strukturu haqqında məlumat verdi. Qeyd etdi ki,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
31 mart 2006-cı il tarixli sərəncamına müvafiq
olaraq Nazirlər Kabinetinin 28 iyul 2006-cı il
tarixli, 189 nömrəli qərarı ilə yaradılmışdır.
Təhsil İdarəsi hazırda 13 sektor, Metodik mərkəz
və onun beş bölgə üzrə metodik bölmələri,
həmçinin Mərkəzləşmiş mühasibat sektorunun 5
xidmət bölməsi ilə fəaliyyət göstərir.
İdarənin
fəaliyyətə başlamasından ötən dörd ildən çox
vaxt ərzində qarşıya qoyulan vəzifələrin yerinə
yetirilməsi sahəsində müəyyən nəticələrə nail
olunub. Nəticədə cəmiyyət tərəfindən birmənalı
şəkildə qəbul edilən qurumun formalaşması və
özünütəsdiq mərhələsi başa çatıb, yeni fəaliyyət
istiqamətləri və strategiya müəyyən olunub.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin hazırda öz fəaliyyətini
dəyərləndirmək və təhlil etmək yolu ilə strateji
məqsədlərini müəyyən etdiyini deyən
N.Rzaquliyeva həmin məqsədlərin, ilk növbədə,
yüksək keyfiyyətli təhsilə və milli dəyərlərə
əsaslanan tərbiyə sisteminə yönəldiyini söylədi.
Diqqətə çatdırdı ki, Təhsil İdarəsinin
fəaliyyətində prioritet elan edilən sahələrdə
demokratik idarəetmənin dərinləşdirilməsi
prosesi diqqət mərkəzində saxlanılıb, bu sahədə
əldə olunan təcrübə ümumiləşdirilməklə, yeni
mexanizmlər tətbiq edilib.
Şəhərin
təlim-tərbiyə müəssisələrində çalışan pedaqoji
heyətin keyfiyyət tərkibi müəyyənləşdirilməklə
məktəblərdə işə qəbulun vahid normativ tələblər
əsasında aparılmasına nail olunub.
Aparılmış
təhlil və görülmüş tədbirlər nəticəsində yol
verilən nöqsanlar aradan qaldırılıb, əsassız və
subyektiv mülahizələr əsasında yeni kadrların
işə götürülməsinə son qoyulub. Nəticədə Bakı
şəhərinin ümumtəhsil müəssisələrində
şagird-müəllim nisbətinin sabit saxlanılması
təmin edilib.
N.Rzaquliyeva bildirdi ki, həmin tədbirlər
nəticəsində son dörd ildə Bakı şəhərində 22
məktəbin istifadəyə verilməsinə baxmayaraq,
müəllimlərin sayında ciddi azalma baş verib.
Həmin azalmanı göstərən cədvəlin nümayişindən
aydın oldu ki, məktəblərin və müəllimlərin sayı
2006-2007-ci tədris ilində müvafiq olaraq 298 və
33491, 2007-2008-ci tədris ilində 315 və 33689,
2008-2009-cu tədris ilində 315 və 33603 olduğu
halda 2009-2010-cu tədris ilində məktəblərin
sayı 314, müəllimlərin sayı isə azalaraq 32968
olub. Cari dərs ilində isə məktəblərin sayı 3
vahid azaldığı halda (311) müəllimlərin sayı 700
nəfərə qədər azalaraq 32270 nəfər təşkil edib.
Bakı
şəhərində pedaqoji kadrların işə qəbulunun vahid
mexanizminin tətbiq edilməsi və bu mexanizmin
daim təkmilləşdirilməsinin məktəblərin
keyfiyyətli kadr təminatında mühüm rol
oynadığını deyən N.Rzaquliyeva təhsil
müəssisələrini rəhbər pedaqoji kadrlarla təmin
etmək məqsədilə "Təhsil işçiləri bankı"
yaradıldığını, gənc müəllimlərlə işin daha
səmərəli təşkili, onlara metodik köməkliklərin
göstərilməsi üçün qabaqcıl müəllimlərin
köməyindən istifadə olunması işini fasiləsiz və
səmərəli şəkildə təşkil etmək məqsədi ilə "Gənc
müəllimlərlə iş üzrə koordinasiya şurası"nın
fəaliyyətə başladığını bildirdi.
Qeyd etdi
ki, Bakı şəhəri üzrə vahid idarəetmə
mexanizminin təkmilləşdirilməsi məqsədilə rəhbər
pedaqoji kadrlar üçün müntəzəm olaraq bölgələr
üzrə "İdarəetmə funksiyalarının yeni məzmun və
formaları", "Məktəbdaxili rəhbərlik və nəzarətin
səmərəli təşkili", "Məktəb pedaqoji şurasının
funksiyaları və onun işinin təşkili", "Məktəb
şəbəkəsinin tərtibi" və "Məktəb sənədlərinin
aparılması" mövzularında seminarlar,
məktəbəqədər və məktəbdənkənar təhsil
müəssisələrinin rəhbərləri üçün "Əmək
qanunvericiliyinin yerinə yetirilməsi sahəsində
təhsil müəssisəsi rəhbərlərinin vəzifələri"
mövzusunda treninqlər keçirilib.
Təqdimatda
qeyd olundu ki, ötən illərdə məktəbəqədər təhsil
müəssisələrində də pedaqoji kadrların işə qəbulu
sahəsində əsaslı dönüş yaradılmış, özünü
doğrultmayan, işdə ciddi nöqsanlara yol vermiş
müəssisə rəhbərləri dəyişdirilmiş və əsasən ali
pedaqoji ixtisas təhsilli mütəxəssislərlə əvəz
edilmişlər.
N.Rzaquliyeva daha sonra paytaxtın məktəbəqədər
təhsil müəssisələri haqqında bəzi statistik
göstəricilərə diqqəti yönəldərək bildirdi ki,
hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyində olan 307 məktəbəqədər təhsil
müəssisəsindən 7 müəssisə istisna olmaqla 300
məktəbəqədər təhsil müəssisəsi 1387 qrupla
fəaliyyət göstərir. Bu qrupların 1204-də
təlim-tərbiyə Azərbaycan dilində, 183-ündə isə
rus dilində aparılır.
300
müəssisədən 186-sı birtipli layihə əsasında
tikilib, 114 müəssisə uyğunlaşdırılmış
binalarda fəaliyyət göstərir.
Təhsilin
ilkin pilləsi və bünövrəsini təşkil edən
məktəbəqədər təhsilin inkişafına daha çox diqqət
yetirildiyini vurğulayan N.Rzaquliyeva sahənin
inkişafı üçün proqram sənəd olan "Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin
yeniləşdirilməsi üzrə Dövlət Proqramı
(2007-2010-cu illər)"nın icrası istiqamətində
görülmüş işlərdən də söz açdı. Bildirdi ki,
həmin proqrama uyğun olaraq Bakı şəhərində
məktəbəqədər təhsil müəssisələrinin yenidən
qurulması, təmir edilməsi və şəbəkənin
optimallaşdırılması sahəsində kifayət qədər
işlər görülüb. 29 bağçada əsaslı, 55 müəssisədə
isə cari təmir işləri aparılıb, bir sıra
müəssisələrin istilik sistemləri, dam örtükləri,
hasarı, mətbəxləri, sanitar qovşaqları təmir
edilib, məktəbəqədər müəssisələrin bərk və
yumşaq inventara olan ehtiyacı qismən ödənilib.
"Bakı şəhəri kənd və qəsəbələrinin
sosial-iqtisadi İnkişaf Proqramı"na müvafiq
tikilmiş 11 müəssisə artıq fəaliyyət göstərir.
Məktəbəqədər təhsilin əhatə dairəsinin
genişləndirilməsi istiqamətində Təhsil
Nazirliyinin müvafiq əmrinə əsasən 2008-ci ildə
eksperiment olaraq Xətai rayonunda 8
məktəbəqədər müəssisədə (8, 170, 181, 207, 217,
250, 237, 241) qısamüddətli və çevik vaxt
cədvəli ilə işləyən qruplar yaradılıb. Çevik
qruplarda işləyən tərbiyəçilərlə müntəzəm
treninqlər və seminarlar keçirilməsi həmin
qruplarda işin müsbət nəticə verməsinə səbəb
olub.
Təqdimatda
qeyd olundu ki, hesabat ilində "Təhsil haqqında"
Azərbaycan Respublikasının Qanununa müvafiq
olaraq 5 yaşlı uşaqların məktəbəqədər təhsilə
cəlb olunması işi də yaxşılaşıb. Belə ki,
2006-2007-ci tədris ilində 4380, 2007-2008-ci
tədris ilində 4480, 2008-2009-cu tədris ilində
5600, 2009-2010-cu tədris ilində 6700,
2010-2011-ci tədris ilində isə 9646 uşaq cəlb
olunub.
Təqdimatda
ötən il paytaxtın ümumitəhsil sistemində görülən
işlər də təhlil olundu. Bildirildi ki, təhsilin
keyfiyyətinin yüksəldilməsi məqsədi əsas
götürülərək, ilk növbədə, təhsil müəssisələrində
əlverişli təlim şəraitinin yaradılması,
təhsilalan və təhsilverən arasında səmimi və
şəffaf münasibətin qurulması, maddi-texniki
bazanın möhkəmləndirilməsi sahəsində kifayət
qədər iş görülüb.
N.Rzaquliyeva bu baxımdan 2006-2008-ci illərdə
Bakı şəhərində 22 yeni məktəbin, 28 tədris
korpusunun istifadəyə verilməsini dövlətin
təhsilə, onun inkişafına qayğısının bariz
nümunəsi kimi dəyərləndirdi. O, Məktəblərin
informasiya-kommunikasiya texnologiyaları ilə
təminatına dair Dövlət Proqramının icrası
yönündə görülən işlərdən də söz açaraq həmin
proqram əsasında Bakı şəhərinin ümumtəhsil
məktəblərinə 9550 ədəd kompüter verildiyini,
V-XI siniflərdə 22 şagirdə bir kompüter
nisbətinin təmin edildiyini vurğuladı.
Qeyd olundu
ki, Dövlət Proqramı çərçivəsində məktəblərin
genişzolaqlı İnternet şəbəkəsinə qoşulması
sahəsində də səmərəli iş aparılıb.Təhsil
İdarəsinin tabeliyində olan məktəblərin 264-ü
bu şəbəkəyə, bütün məktəblər isə lokal şəbəkəyə
qoşulub. 23 nömrəli məktəbdə uğurla sınaqdan
çıxan "Elektron məktəb" layihəsində indi 20 və
220 nömrəli məktəb-liseylər, 7, 8, 60, 160, 245
nömrəli məktəblər də iştirak edir.
Təqdimatda
ötən dərs ilində Bakı şəhəri məktəblərinin IX və
XI siniflərində aparılan buraxılış
imtahanlarının nəticələrindən də bəhs olundu.
Bildirildi ki, imtahanlara buraxılan 22 min 353
nəfərdən 142-si imtahanlarda iştirak etməyib,
1534 nəfər isə "qeyri-kafi" qiymət alıb.
İmtahanların yekunlarına əsasən 20 min 677 nəfər
həmin ilin məzununa və əvvəlki illərdə attestat
ala bilməyən 709 nəfərə orta təhsil haqqında
sənəd verilib.
Ötən
illərlə müqayisədə 2010-2011-ci dərs ili üçün
ali məktəblərə tələbə qəbulunda Bakı
məktəblərinin xüsusi çəkisi artıb,
abituriyentlərin 44,83 faizi tələbə adını
qazanıb.Son bir ildə abituriyentlərin orta balı
241-dən 264-ə qalxıb, başqa sözlə, 9 faiz artıb.
Təhsilin
keyfiyyət göstəricisi kimi 500 və 600-dən çox
bal toplayanların sayını göstərən rəqəmlər də
ürəkaçandır. Belə ki, 2010-cu ildə 2009-cu ilə
nisbətən 500 baldan yuxarı nəticə göstərənlərin
sayının 1727-dən 2062-yə yüksəlməsi (artım 20
faiz), 600-dən yuxarı bal toplayanların sayının
159 nəfər, yaxud 40 faiz artması sevindirici
haldır.
2010-cu
ildə ali məktəblərə qəbul olunanlardan 2 nəfəri
maksimum - 700 bal toplamışdır; hər 15 nəfərdən
biri 600-dən yuxarı, hər 4 nəfərdən biri isə
500-dən yuxarı balla tələbə adını qazanıb.
Respublika
fənn olimpiadalarında paytaxt məktəblərinin
uğurlarını əks etdirən rəqəmləri də diqqətə
çatdıran N.Rzaquliyeva bildirdi ki, bu bilik
yarışında qalib şagirdlərin sayı 2006-cı ildə
48, 2007-ci ildə 69, 2008-ci ildə 92, 2009-cu
ildə 105, 2010-cu ildə isə 106 nəfər olub.
Təqdimatda
qeyd olundu ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
ölkəmizdə artıq üçüncü ildir ki, "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələri keçirilir.
"Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin nəticələrinə
görə, 2008-ci ildə Bakı şəhərinin 14, 2009-cu
ildə 24, 2010-cu ildə isə 28 məktəbi qalib olub.
2008-ci ildə 42, 2009-cu ildə 41, 2010-cu ildə
isə 50 müəllim "Ən yaxşı müəllim" adına layiq
görülüb.
Hesabat
ilində müxtəlif bilik yarışları, konkret
mövzularda olimpiadalar, inşa yazı, rəsm, plakat
müsabiqələri, baxış-sərgilər, idman yarışları
keçirilib. Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi ilə əməkdaşlıq bu
tədbirlərin yüksək səviyyədə keçirilməsinə imkan
verib.
N.Rzaquliyeva bildirdi ki, 2009-2010-cu tədris
ilinin onlar üçün ən əlamətdar hadisələrdən biri
Bakı təhsilinin tarixində ilk dəfə təşkil
edilən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 4
illik fəaliyyətini əks etdirən "Təhsil, zaman
və biz" adlı baxış-sərginin keçirilməsi olub.
Təqdimatda
qeyd olundu ki, hesabat ili ərzində
məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi
sahəsində də uğurlar qazanılıb. Hər il olduğu
kimi, ötən il də Bakı məktəbliləri "Şahin"
hərbi-idman oyunlarında və "Cəsurlar" turizm
yarışında qalib olub. Sevindirici haldır ki,
"Şahin" hərbi-idman oyunlarının respublika
turunda 3 qalib yerin hamısını Bakı məktəbliləri
qazanıb. Onlar 138, 23 və 285 nömrəli
məktəblərin komandalarıdır. 257 nömrəli məktəbin
gənc turizm həvəskarları isə "Cəsurlar" turizm
yarışının qalibi olub.
Təqdimat
zamanı hesabat ilində Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin və tabeliyindəki təhsil
müəssisələrinin təşkilatçısı olduğu, dəstək
verdiyi və bilavasitə iştirak etdiyi layihələr
haqqında da məlumat verildi. Nümayiş etdirilən
slaydlardan məlum oldu ki, BŞTİ və paytaxt
məktəbləri İnsan Hüquqları üzrə müvəkkilin
təşəbbüsü ilə 18 may - 18 iyun 2010-cu il
tarixlərində keçirilən insan hüquqları
aylığında, Amerika Hüquqşünaslar Assosiasiyası
Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü
Təşkilatının Təhsil Nazirliyi ilə birgə həyata
keçirdiyi "Canlı hüquq" layihəsi çərçivəsində
20 oktyabr - 20 noyabr 2010-cu il tarixlərində
təşkil olunmuş "Uşaq hüquqları aylığı"nda,
"Futbol həyatdır" pilot layihəsində, kimsəsiz,
valideyn himayəsindən məhrum olan uşaqlar üçün
SOS-Uşaq kəndləri Assosiasiyasının həyata
keçirdiyi "Şən avtobus" layihəsində, "Azərpoçt"
Dövlət müəssisəsinin Ümumdünya Poçt İttifaqı
xətti ilə məktəblilər arasında təşkil etdiyi
ənənəvi inşa müsabiqəsində, Təhsil Nazirliyi ilə
"Ümidli gələcək" Gənclər Təşkilatının birgə
əməkdaşlığı çərçivəsində həyata keçirilən
"Sosial və maliyyə təhsili" proqramında,
"Yerli İdarəetməyə Yardım Təşkilatı" ilə
YUNİSEF-in birgə müqaviləsi çərçivəsində
həyata keçirilən "Məktəb uşağın dostudur"
layihəsində, Ombudsman aparatı ilə birgə həyata
keçirilən "Uşaq hüquqları üzrə pilləli
tədris" layihəsində fəal iştirak ediblər.
N.Rzaquliyeva təqdimatında daha sonra qeyd etdi
ki, pedaqoji kadrların ixtisaslarının
artırılması istiqamətində Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu və Azərbaycan Müəllimlər İnstitutu
ilə əməkdaşlıq davam etdirilib, dərs ili ərzində
5867 müəllim ixtisasartırma kurslarını, 2014
müəllim müxtəlif tematik kursları, I-III
siniflərdə dərs deyəcək 1681 müəllim isə
kurikulum kurslarını bitirib.
Təhsil
Nazirliyinin "Rus dilinin intensiv tədrisi üzrə
layihənin tətbiqi barədə" 20 noyabr 2009-cu il
tarixli, 1295 nömrəli əmrinin icrası ilə
əlaqədar I və V siniflərdə rus dili intensiv
tədris edilən 35 ümumtəhsil məktəbinin
metodbirləşmə sədri və təcrübəli müəllimləri ilə
seminar-müşavirə, I-III siniflərdə dərs deyən
müəllimlərlə "Ümumtəhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin aparılması
Qaydaları"nın I-III siniflərdə tətbiqi
mexanizmi", məktəbəqədər müəssisə tərbiyəçiləri
üçün "Beşyaşlıların məktəb təliminə hazırlığının
səmərəli yolları" mövzularında seminarlar
keçirilib.
İl ərzində
232 təhsil müəssisəsində, o cümlədən 182
məktəbdə metodiki işlərin təşkili, fənlərin
tədrisi, elektron dərsliklərdən istifadə və
illik proqram materialları, yoxlama yazı,
laborator və praktik iş normalarının yerinə
yetirilməsi vəziyyəti öyrənilib, müzakirə
edilərək nəticələrə əsasən müvafiq metodik
köməklik göstərilib.
Məktəblərin
dərsliklərlə təminatı sahəsində də Təhsil
İdarəsi öz üzərinə düşən vəzifələri yerinə
yetirib. Belə ki, 2007-2008-ci tədris ilində
155 adda 1 milyon 254 min 127 ədəd, 2008-2009-cu
tədris ilində 84 adda 923 min 166 ədəd,
2009-2010-cu tədris ilində 60 adda 986572 ədəd,
2010-2011-ci tədris ilində 91 adda 1 milyon 109
min 522 ədəd dərsliyin məktəblərə
çatdırılmasına, şagirdlərə paylanmasına və
saxlanılmasına nəzarət təmin olunub.
Təqdim
olunan hesabatda il ərzində məktəbdənkənar
təhsil müəssisələrinin fəaliyyətinə də diqqət və
qayğı göstərildiyi qeyd olundu. Bildirildi ki,
məktəbdənkənar təhsil müəssisələrinin tərbiyə
sahəsində mühüm rolunu nəzərə alan Təhsil
İdarəsi bu sahənin inkişafına yönəlmiş tədbirlər
həyata keçirib. Həmin müəssisələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
idman avadanlıqları və inventarla təchizatı
yaxşılaşdırılıb.
Hazırda
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində
47 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət
göstərir ki, həmin müəssisələrdəki 3508 dərnək
və bölmədə 43 min 132 uşaq məşğul olur.
Məktəbli
idmançılar ötən il idmanın 23 növü üzrə
keçirilən respublika və beynəlxalq miqyaslı
yarış və turnirlərdə, Avropa və dünya
çempionatlarında ümumilikdə 648 medal (189
qızıl, 187 gümüş və 272 bürünc) qazanıblar. Gənc
şahmatçıların nəticələri daha yüksək olub. Onlar
Avropa və dünya çempionatlarında üç I, bir II və
iki III yeri tutaraq yaxşı nəticələr
göstəriblər.
Lakin
məktəbdənkənar təhsil müəssisələrinin də həllini
gözləyən problemlərinin olduğunu deyən
N.Rzaquliyeva diqqəti onların bəzisinə yönəltdi,
həmin problemlərin həllinə çalışacaqlarını
bildirdi.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri təqdimatının
sonunda il ərzində idarəyə daxil olmuş ərizə və
şikayətlər, müraciətlər, onların araşdırılması
və tədbir görülməsi ilə bağlı fəaliyyətlər
barədə də məlumat verdi, hesabatda qeyd olunan
bəzi problemlərin həlli üçün təkliflərini
bildirdi, idarənin gələcək fəaliyyəti ilə
əlaqədar qarşıda duran vəzifələrdən söz açdı.
H.ƏKBƏROVA,
Y.ƏLİYEV |