Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - 03

 

Dünya universitetlər

 

Viskonsin-Medison Universiteti

 
  Yerləşir:  ABŞ, Viskonsin ştatı,  Medison şəhəri  
Yaranma tarixi: 1848-ci il
Tipi: Dövlət  
İşçi heyətinin ümumi sayı: 16000 nəfər
Tələbələrin ümumi sayı: 42099 nəfər
İllik büdcəsi: 2448400000 ABŞ dolları
İanə fondunun gəlirləri:   1373000000 ABŞ dolları 
Rəsmi saytı: www.wisc.edu
 

 Viskonsin-Medison Universiteti (University of Wisconsin-Madison) ABŞ-da Viskonsin ştatının Medison şəhərində yerləşir və ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Viskonsin-Medison Universiteti 100 ən yaxşı ali məktəb arasında Oklənd Universiteti ilə birgə 61-ci yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Viskonsin-Medison Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 43-cü, "QS World University Rankings"in açıqlamasına görə isə 48-ci yerdə qərarlaşıb. 

Tarixi 

Viskonsin-Medison Universitetinin kampusuViskonsin-Medison Universitetinin yaranma tarixi 1848-ci ildə Viskonsin ərazisinin ştat statusu almasına təsadüf edir. Viskonsin ştatı Konstitusiyası universitet yaradılması haqqında qanun qəbul edir. Universitetin ilk kansleri 1849-cu ildə Con Latrop təyin edilir. Viskonsin-Medison Universitetində ilk dərslər həmin ilin 5 fevralında 17 tələbə ilə Medison Qadın Akademiyasının binasında keçilir. Şimaldan "Dörd göl", cənubdan Mineral Poynt Roud (sonralar Universitet avenyu) ərazi, şərqdən Kral küçəsi (sonradan Steyt) ilə əhatə olunan 200000 m2-lik ərazi tezliklə universitet kampusunun yaradılacağı yer kimi müəyyən edilir.

1859-cu ildə həmin ərazidə hazırda Baskom Holl adlanan universitet binasının inşası tamamlanır, lakin 1916-cı il oktyabrın 16-da baş vermiş yanğın nəticəsində binanın günbəzi yararsız hala düşür və bir daha bərpa edilmir. Universitetin ilk binası faktiki olaraq 1851-ci ildə tikilmiş Nort Holl hesab edilir. 1863-cü ildən Viskonsin-Medison Universitetinə qız tələbələr qəbul olunurlar. 1892-ci ildə ali məktəb ilk elmi dərəcələrini verir və "The Daily Cardinal" tələbə qəzeti nəşr edilir, universitetin tədricən yeni kampuslarının tikilməsi başlanır. 

Baskom Holl - universitetin əsas binası1904-1905-ci illərdə universitetin ali məktəbi, 1907-ci ildə Viskonsin təşkilatı  yaradılır.  1907-1911-ci illərdə universitetin professorları Stiven Molton Bebkop və Edvin Hart tərəfindən 1 buğda üzərində aparılmış  eksperiment nəticəsində müasir qida elmi yaranır. 1913-cü ildə universitetin alimi Elmer MakKollum A vitaminini, 3 il sonra isə B vitaminini aşkarlayır. 1919-cu ildə universitetin kampusunda ABŞ-da ilk olaraq fasiləsiz işləyən 9XM (hazırda WHA 970 AM) radiostansiyası istifadəyə verilir. 1934-cü ildə Viskonsin-Medison Universiteti Dendarisi açılır.

1960-1970-ci illərdə universitetin kampusunda Vyetnam müharibəsində istifadə etmək üçün "Dow Chemical" şirkətinin napalm (damcı şəklində partlayıcı maddə) istehsalı əleyhinə böyük tələbə aksiyaları keçirilir. 1969-cu ildə "The Badger Herald" konservativ tələbə qəzeti fəaliyyətə başlayır. İki il sonra universitetin Sterlinq Holl binasına bomba atılır. 1984-cü ildə universitetin elmi-tədqiqat parkı istifadəyə verilir. Daha sonra universitetin tələbələri Tim Kek və Kristofer Conson "The onion" satirik qəzetini yaradırlar. 1998-ci ildə universitetin hüceyrə bioloqu Ceyms Tomson ilk dəfə olaraq insan embrional gövdə hüceyrələrini ayırır və yetişdirir.  

Büdcəsi və təhsil haqqı 

Universitetin silah anbarı və gimnaziyası (tarixi abidə kimi qorunur)2009-2010-cu tədris ilində Viskonsin-Medison Universitetinin illik büdcəsi 2448400000 ABŞ dolları olub. Universitetin ianə fondunun gəlirləri 1373000000 dollar təşkil edib.

2010-2011-ci tədris ilində Viskonsin-Medison Universitetində təhsil haqqı yerli tələbələr üçün bakalavr pilləsində 4156, magistr və doktorantlar üçün 5258, Hüquq Məktəbində 8212, Tibb və Səhiyyə Məktəbində 11798, Əczaçılıq Məktəbində 6963, Baytarlıq Məktəbində 8857, biznes üzrə (magistratura) 5986 ABŞ dollarıdır. Əcnəbi tələbələrin təhsil haqqı isə bu universitetdə bakalavr pilləsində 11531, magistrant və doktorantlar üçün 12536, Hüquq Məktəbində 18174, Tibb və Səhiyyə Məktəbində 19160, Əczaçılıq Məktəbində 13191, Baytarlıq Məktəbində 14405, Biznes Məktəbində (magistratura) isə 13348 ABŞ dolları təşkil edir.

Universitetdə ümumilikdə 1 tədris ili üçün yerli tələbələrə 21617, ABŞ-ın digər ştatlarından olanlara 23878, əcnəbilərə isə 37757-43000 ABŞ dolları lazım gəlir (bu məbləğ ildən ilə artır). Dəftər və kitab ləvazimatları üçün tələbələr ildə təqribən 1100, yataqxana üçün 7690, nəqliyyat və şəxsi xərclər üçün 3840-4730 dollar pul xərcləyirlər. 

Viskonsin-Medison Universitetində tələbələrə təhsil, idman və digər bacarıqlar üzrə yüksək göstəricilər nümayiş etdirdikləri üçün təqaüd verilir. ABŞ-ın və bütün dünyanın nüfuzlu ali məktəblərində olduğu kimi, burada da bir neçə təqaüd təklif olunur. Təqaüdün məbləği 400-6000 ABŞ dolları arasında dəyişir. Təqaüdlə yanaşı, təhsil haqqını ödəyə bilməyən tələbələrə universitetdə 3 növ maliyyə yardımı mövcuddur - hədiyyə, kredit və işlə təminat. Tələbələrə verilən hədiyyə, maliyyə yardımı geri alınmır, kreditlər isə üstünə faiz gəlmək şərti ilə ödənilməlidir. Tələbə krediti universiteti bitirib işlədikdən sonra ödəyə bilər.   

Universitet bu gün 

Viskonsin Tarixi Cəmiyyət binasıViskonsin-Medison Universitetinin kampusları bütün ştat üzrə 42,9 km² ərazini əhatə edir. Ali məktəbin əsas kampusu Medison şəhərində Mendota və Monona göllərinin arasında 3,77 km² ərazidə yerləşir. Təbii ekosistemə malik Viskonsin-Medison Universiteti Dendarisi Medison şəhərinin şimalında yerləşir. Əsas kampusda memar Cenninqs və Artur Pibodi tərəfindən inşa edilmiş bir çox bina mövcuddur. Kampusun xüsusi polis xidməti, xəstəxanaları, istirahət mərkəzləri, botanika bağları, enerji müəssisələri və s. mövcuddur. Kampus ərazisində yerləşən Baskom Holl universitetin "ürəyi" hesab edilir və tarixi abidə kimi qorunur. Bina hazırda kansler və vitse-kanslerin iqamətgahı kimi fəaliyyət göstərir. Kampus ərazisindəki qotik üsluba aid Müzik Holl 1878-ci ildə tikilib. Binaya 800 nəfər tutumlu auditoriya, kitabxana, saat qülləsi aiddir. Müzik Holl, həmçinin universitetin opera və musiqi mərkəzi, Şəhər və Regional Planlaşdırma departamentinin binası kimi fəaliyyət göstərir.

Corc Moss humanitar korpusu 1960-cı illərdə Brutalist (1950-70-ci illərin memarlıq üslubu) üslubunda tikilib. Korpusda tarix, incəsənət, musiqi və digər departamentlər fəaliyyət göstərir. Viskonsin Biznes Məktəbinin yerləşdiyi Qreyncer Holl 1933-cü ildə tikilib.

Viskonsin-Medison Universitetində 133 bakalavr, 150 magistr və 108 doktorluq proqramı təklif edən kollec, məktəb və fakültələr fəaliyyət göstərir. Bunlar Kənd Təsərrüfatı və Biologiya Elmləri, Mühəndislik, Yazı və Elm (Filologiya) kollecləri, Viskonsin Biznes, Pedaqogika, Təhsilin Davametdirilməsi,  Ali, İnsan Ekologiyası, Jurnalistika və Kütləvi İnformasiya Vasitələri, Robert La Follet adına İctimaiyyətlə Viskonsin Enerji əsas institutuƏlaqə, İctimai Fəaliyyət, Hüquq, Musiqi, Kitabxana və İnformasiya Tədqiqatları, Tibb və İctimai Səhiyyə, Tibb bacısı, Əczaçılıq, Baytarlıq Tibbi məktəbləri, Beynəlxalq Tədqiqatlar Bölməsi, Nelson Ekologiya Tədqiqatları İnstitutu, eləcə də Mühasibatlıq və informasiya sistemləri, Aktuar elmlər, risk idarəetməsi və sığorta, Aerokosmik tədqiqatlar, ingilis, alman dili, fransız və italyan dilləri, ispan, portuqal, Avropa, Skandinav tədqiqatları, Yəhudi və Semit tədqiqatları, Afrika tədqiqatları, Afrika dilləri və ədəbiyyatı, slavyan dilləri və ədəbiyyatı, Müqayisəli ədəbiyyat, Linqvistika, Afro-Amerikan tədqiqatları, Asiya-Amerika, Şərqi Asiya, Şərqi Asiya dilləri və ədəbiyyatı, Cənubi Asiya tədqiqatları, Hindu-Amerika tədqiqatları, Kənd təsərrüfatı və tətbiqi iqtisadiyyat, İqtisadiyyat, Aqroekologiya, Aqronomluq, Maliyyə, investisiya və bank işi, Marketinq, Menecment və insan resursları, Anatomiya, Anesteziologiya, Onkologiya, Oftalmologiya, Nevrologiya, Kliniki laboratoriya elmləri, Tibb, cərrahiyyə, Ailə tibbi, Tibb bacısı, Mamalıq və ginekologiya, Pediatriya, Əczaçılıq, Ortopediya və reabilitasiya, Fizioterapiya, Fiziologiya, Urologiya, Xəstəliyin tarixi və bioetika, Qida elmləri, Gender və qadın problemləri, Genetika, Heyvanların sağlamlığı və biotibbi elmlər, Tibbi mikrobiologiya və immunologiya, Psixiatriya, Psixologiya, Heyvanlar elmləri, Zoologiya, Botanika, Bakteriologiya, Biokimya, Bioloji mühəndislik sistemləri, Biotibbi mühəndislik, Bağçılıq, Biomolekulyar kimya, Biostatistika və tibbi informatika, Müqayisəli bioelmlər, Radiologiya, Kimya və biologiya mühəndisliyi, Kimya, Kelt tədqiqatları, Antropologiya, Etnomologiya, Dəqiq elmlər, Riyaziyyat, Tətbiqi riyaziyyat,  mühəndislik və fizika, Kompüter elmləri, Elektrotexnika və kompüter mühəndisliyi, Maşınqayırma mexanikası və astronavtika, Mühəndislik fizikası, Mühəndislik professional inkişafı, Mühəndislik geologiyası, Musiqi, Rəqs, Klassika, Teatr və dramaturgiya, Folklor, İncəsənət, İncəsənət təhsili, İncəsənətin tarixi, İncəsənət əlaqələri, Qlobal mədəniyyət, Dermatologiya, Dizayn tədqiqatları, Qarışıq ünsiyyət, Cəmiyyət və ekoloji sosiologiya, Astronomiya, Atmosfer və okean elmləri, Vətəndaş və ekologiya mühəndisliyi, Meşə və vəhşi təbiət ekologiyası, Coğrafiya, Yer, Landşaft elmləri, İstehlak elmləri, İnkişaf tədqiqatları, Psixoloji xidmət, Kurikulum və təlimat, Liderlik təhsili və siyasi analiz, Təhsilin siyasi tədqiqatları, Təhsilin psixologiyası, Sosiologiya, Statistika, Şəhər və regional planlaşdırma, Tarix, Elm, tibb və texnologiyanın tarixi, Orta əsr tədqiqatları, Hüquqi tədqiqatlar, Kitabxana və informasiya tədqiqatları, İlahiyyat, Siyasi elmlər, Hərbi, Hərbi-dəniz elmləri, Nüvə texnikası və s. fakültələridir.

Kamp Rendal stadionu Viskonsin-Medison Universitetinin kitabxana sistemi Tədqiqat Kitabxanaları Assosiasiyası tərəfindən 13-cü yerə layiq görülüb. Memorial kitabxana ilə yanaşı, universitetdə 40-dan çox peşə və xüsusi kitabxana mövcuddur. Kitabxana sisteminə ümumilikdə 8 milyondan çox kitab, 7 milyon sənəd, xəritə, musiqi partituraları, audiovizual material, 6,4 milyon mikrofilm, 76000 dövri nəşr və s. daxildir. Memorial kitabxana humanitar və sosial elmlər üzrə kampusda əsas tədqiqat müəssisəsi hesab edilir. 3,5 milyondan çox materiala malik kitabxana həmin sahələr üzrə Viskonsin ştatının ən böyük kolleksiyasıdır. Həmçinin kitabxanada Universitet arxivi, Mills diskoqrafiyası, Çap muzeyi, Rəqəmsal Kolleksiya Mərkəzi fəaliyyət göstərir. Tələbələr Helen Uatyt Holl kolleci kitabxanasında bir çox material əldə edə bilərlər. Kitabxananın xüsusi kolleksiyasına etnik tədqiqatlar, qadınlar, karyera və s., Açıq Kitab kolleksiyasına DVD disklər, audiokitablar, videooyunlar və s. daxildir. Kurt Vendt kitabxanasında mühəndislik, kompüter elmləri, statistika, atmosfer və okean elmlərinə aid materiallar toplanıb. Kitab və jurnallardan əlavə burada 1,5 milyon çap edilmiş texniki məruzə və mikrofişlər saxlanılır. Patent və ticarət nişanı depozit kitabxanasında ABŞ kommunal dizayn və patent,  geniş ictimaiyyət üçün soraq materialları mövcuddur. Eblinq sağlamlıq elmləri kitabxanası Sağlamlıq elmləri Tədris Mərkəzində yerləşir və 2004-cü ildə Middlton, Veson və Pauer əczaçılıq kitabxanalarının birləşməsindən sonra yaradılıb. Kitabxana sisteminin MadCat interaktiv kataloqu mövcuddur. Kataloqa universitetin bütün kitabxanalarına aid biblioqrafik qeydlər, dövri nəşr, audiovizual material, xəritə, not, mikroforma, verilənlər bazası daxildir. Kitabxananın vebsaytından istifadəçilər istənilən materialı asanlıqla əldə edə bilərlər.

Universitetin muzeyləri arasında müxtəlif ölkələrdən gətirilmiş süxur, mineral və daşlaşmaların, Barringer meteoriti, ilk dinozavr (edmontosaurus), akula (squalicorax) skeletlərinin və üzən dəniz zanbağı koloniyalarının (uintacrsinus), Kanzas tabaşirinin saxlandığı geologiya, rəsm, heykəltəraşlıq, qravüra və fotoşəkillərin toplandığı Çazen incəsənət,  500000-dən çox zoologiya nümunəsinə, müxtəlif skelet, artefakt, Qalapaqoss adaları ilə bağlı elmi-tədqiqat işlərinin yerləşdiyi Xüsusi kolleksiyaya malik zoologiya, klassik və müasir fizika eksponatlarının nümayiş olunduğu LR Igersoll muzeylərini qeyd etmək olar.

2008-ci ilin sentyabrından Viskonsin-Medison Universitetinin kansleri xanım Karolin Biddi Martindir. Kansler universitetin Regentlər Şurası tərəfindən təyin edilir. Ali məktəbin vitse-kansleri isə Pol Delucadır. Büdcə və biznes, hüquq, təhsil və məzunlar məsələləri üzrə də vitse-kanslerlər mövcuddur. Universitet dekanlar tərəfindən idarə olunan məktəb və kolleclərdən ibarətdir. Burada ümumilikdə 16000-dən çox işçi çalışır. İşçilərin 2022 nəfərini inzibati (rəhbərlik), 6072 nəfərini professor-müəllim, qalanlarını isə digər xidmətlərdə çalışan əməkdaşlar təşkil edirlər.

Viskonsin-Medison Universitetində ümumilikdə 42099 nəfər tələbə təhsil alır. Tələbələrin 28690 nəfərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edirlər. Tələbələrin 51,8%-i qızlar, 48,2%-i isə oğlanlardır. Universitetdə dünyanın müxtəlif ölkələrindən 5074 nəfər əcnəbi tələbə təhsil alır.

Viskonsin-Medison Universitetinin tələbələri yaşayış yeri tapmaqda çətinlik çəkmirlər. Xüsusilə universitet I və II kurs tələbələrinin məskunlaşmaları ilə ciddi məşğul olur. Universitetdə 15 tələbə yataqxanası mövcuddur və onlar kampusun mərkəzində mağaza, qalereya, restoran və tarixi abidələrin yaxınlığında yerləşir. Ümumiyyətlə, yataqxana kompleksi iki yerə bölünüb - kompleksin bir hissəsi Mendota gölünün sahilində, təbiət qoynunda və kitabxanaların yaxınlığında, digər hissəsi isə Medison şəhər mərkəzinin, universitetin akademik binalarının yanındadır. Yataqxanaların otaqları mebel, kabel televiziyası, telefon, İnternet, kondisioner və s. avadanlıqlarla təchiz olunub.

274 yerlik Adams Holl yataqxanası Mendota gölünün sahilində yerləşir və əsasən bir nəfərlik otaqlardan ibarətdir. Yataqxana 2011-ci ilin yayınadək fəaliyyət göstərməyəcək. Bernard Holl yataqxanası 246 nəfər üçün nəzərdə tutulub və Universitet-avenyu və Park-stritdə yerləşir. Bredli Holl yataqxanası 246, Çadborn  580, Koul 242, Elizabet Uoters Holl 473, Friderik Holl 147, Kronşeyc Holl 624, Oqq Holl 600, Selleri Holl 1148, Slixter Holl 200, Smit Holl 415, Sallivan Holl 257, Tripp Holl 279, Vitte Holl isə 1150 tələbə tutumuna malikdir. Burada otaqların illik qiyməti 7690-8339 ABŞ dolları təşkil edir. Əlil tələbələr üçün yataqxanalarda lazımi şərait mövcuddur. Universitetə konfrans, müxtəlif tədbir və s. məqsədlərlə gələn şəxslər üçün Louel İnn, CALS, Fluno, yay korpusu və s. yataqxanalar fəaliyyət göstərir. Yataqxana otaqları ən müasir şəraitə malikdir və qalma müddətindən asılı olaraq qiymətlər 1 nəfərə 18-144 ABŞ dollarına başa gəlir.

Viskonsin-Medison Universitetində tələbə həyatı çox fəal və maraqlı keçir. Universitetdə tələbələr aparıcı vəzifələri tutmağa can atır, müxtəlif gənclər təşkilatına qoşulur, mədəniyyət və idman tədbirlərində iştirak edir, bir sözlə, tələbə həyatından maksimum zövq almağa çalışırlar. Universitetdə tələbə qəzetləri nəşr edilir, WSUM 91,7 FM kampus radiosu fəaliyyət göstərir.

Viskonsin-Medison Universitetində 1904-cü ildən məşhur "Viskonsin ideyası" mövcuddur. Universitetin sabiq prezidenti Çarlz Van Hayz tərəfindən yaradılmış bu prinsipə əsasən, təhsil universitet auditoriyalarından kənarda  insanların həyat  səviyyəsinin yüksəlməsinə xidmət etməlidir. 100 ildən artıqdır ki, universitet bu ideyaya əməl edir və bəşəriyyətin inkişafına layiqincə xidmət göstərir.

Universitetin məşhur məzunları 

  Ellen Conson-Serliff Liberiyanın prezidenti  
  Enci Bruks   BMT Baş Assambleyasının sabiq prezidenti  
  Dik Çeyni ABŞ-ın sabiq vitse-prezidenti  
  Əhməd Yauddin Banqladeşin sabiq prezidenti  
  Kamel Morjani    Tunisin xarici işlər naziri  
  Alexandro Foksli  Çilinin sabiq xarici işlər naziri  
  Filipp Qunavardena  Şri-Lanka inqilabçısı, Şri-Lanka "sosializminin atası"  
  Con Bardin tarixdə yeganə fizika üzrə 2 dəfə Nobel mükafatı laureatı  
  Con Van Flek fizika üzrə Nobel mükafatı laureatı  
  Saul Bellou ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Günter Blobel tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Herbert Spenser Gasser tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Ervin Neher tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Eduard Lori Tatum  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Pol Boyer kimya üzrə Nobel mükafatı laureatı  
  Alan MakDiarmid kimya üzrə Nobel mükafatı laureatı  
  Stenford Mur kimya üzrə Nobel mükafatı laureatı  
  Teodor Şuls iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

                                                                                Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov