Yanvarın 24-də
Təhsil Nazirliyində Qabaqcıl Texnologiyalar üzrə
Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin
müzakirəsinə dair iclas keçirilib.
İclas
iştirakçılarını salamlayan təhsil naziri Misir
Mərdanov Azərbaycanda texniki peşə təhsilinin
inkişafı istiqamətində həyata keçirilən
tədbirlərə Maliyyə, İqtisadi İnkişaf, Əmək və
Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və
digər dövlət qurumlarının verdikləri dəstəkdən
söz açıb. Nazir bildirib ki, 2007-ci ildə Cənubi
Koreya tərəfinin təklifi ilə respublikamızda
Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin
reallaşdırılması üzrə razılığa gəlinib, bununla
bağlı mütəxəssislərin qarşılıqlı səfərləri
təşkil olunub və bir sıra təşkilati məsələlər
həllini tapıb. Layihə haqqında məlumat verən
Misir Mərdanov Peşə Tədris Mərkəzinin
yaradılması üçün Cənubi Koreya hökumətinin 22
milyon dollar ayıracağını nəzərə çatdırıb və
qeyd edib ki, mərkəzdə 8 ixtisas üzrə il ərzində
800 nəfər peşə təlimi ala biləcək.
Təhsil naziri
4 nömrəli Bakı Peşə Liseyinin bazasında
yaradılması nəzərdə tutulan mərkəzdə 2 illik
ümumi və qısamüddətli kursların təşkil
ediləcəyini söyləyib. Ölkə Prezidenti İlham
Əliyevin texniki peşə təhsilinin inkişafına
prioritet məsələlərdən biri kimi yanaşdığını
vurğulayan nazir qarşıda duran işlərin uğurla
yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
Qabaqcıl
Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin
yaradılmasına dəstək göstərən hər kəsə
təşəkkürünü bildirən Cənubi Koreya İnsan
Resursları Departamentinin nümayəndəsi Can Cey
Mun çıxışında layihənin əsas məqsədləri barədə
məlumat verib. Layihə çərçivəsində əsas və orta,
eləcə də ali məktəbləri bitirmiş şəxslərin peşə
təhsili almasının mümkün olacağını söyləyən
qonaq mərkəzdə ən yüksək tələblər səviyyəsində
tədris şəraitinin yaradılacağını, şagirdlərin
yataqxana ilə təmin ediləcəyini nəzərə çatdırıb.
Cənubi
Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Li Ci-Ha Qabaqcıl Texnologiyalar üzrə
Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin
əhəmiyyətindən bəhs edib. Ölkəsinin Azərbaycanla
qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu
bildirən səfir bu layihənin də uğurla
reallaşdırılacağına inandığını söyləyib.
Sonda məsələ
ətrafında fikir mübadiləsi aparılıb, layihənin
həyata keçirilməsi istiqamətində görüləcək işlər
müzakirə edilib. |