Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Ali təhsilin İKT əsaslı innovativ inkişafı

 

(Əvvəli qəzetimizin 14 yanvar tarixli nömrəsində) 

2. Ali təhsilin innovativ inkişafi

Məlum olduğu kimi, müasir ali təhsilin  müxtəlif istiqamətləri var: ali iqtisadi təhsil, ali texniki təhsil, ali tibbi təhsil, ali aqrar təhsil, ali hüquqi təhsil, ali pedaqoji təhsil və s. Bu təhsil istiqamətlərinin  ümumi cəhətləri olduğu kimi, xeyli fərqli, spesifik  cəhətləri də var. Bir məqalə çərçivəsində  bu istiqamətlərin hamısının  innovativ inkişaf problemlərini, informatlaşma  məsələlərini əhatə  etmək, təbii ki, mümkün deyil,  bu iş bəlkə  də  yüzlərlə mütəxəssisin illərlə  tədqiq etməli olduğu problemlərdir. İnkişaf etmiş ölkələrdə  bu problemlər  xeyli müddətdir ki,  ciddi tədqiq edilir,  bu  sahədə təhsil tədqiqatlarına güclü investisiya qoyulur. Bu mənada ali  təhsilin yalnız bir istiqaməti - ali pedaqoji təhsilin  İKT əsaslı  innovativ inkişaf problemləri  barədə  fikrimizi bildirəcəyik.  Bu seçim həm də  bizim uzun müddət ərzində pedaqoji təhsil müəssisəsində fəaliyyətimizlə bağlıdır.

 Müasir informasiya cəmiyyətində tələbə lazımi məlumatı axtarmaq, seçmək, təhlil etmək, yeni informasiya yaratmaq, bu əsasda mövqe formalaşdırmaq, qərar qəbul etmək və qərarı həyata keçirmək kimi səriştələrə yiyələnməlidir. Müasir müəllimin əsas funksiyası şagirdlərə öyrənməyi öyrətməkdir.  Bunun üçün müəllim özü daima inkişafda olmalıdır.

Elmi biliklərin həcmi  bu gün sürətlə artır,  təhsilin məzmunu fasiləsiz  təkmilləşir, yaranan yeni  biliklər  davamlı olaraq  universitet proqramlarına daxil edilir. Lakin universitetdə tədris materialının öyrənilməsinə ayrılmış vaxt məhduddur. Belə vəziyyət tədris prosesində müasir texnologiyalardan,  innovativ təhsil metodlarından istifadəni  tələb  edir. Əgər əvvəllər müəllim əsas informasiya mənbəyi idisə, indi vəziyyət dəyişmişdir. İndi müəllim informasiya mənbələri ilə tələbə arasında  vasitəçi funksiyasını yerinə yetirir. O, tələbəyə müxtəlif təyinatlı informasiya mənbələri ilə səmərəli iş metodlarını, informasiya proseslərini öyrətməlidir.  Bütün bu xüsusiyyətlər ali  təhsilin,  o cümlədən  pedaqoji təhsilin məzmun və texnologiyasını təkmilləşdirməyi tələb edir.  Müasir pedaqoji təhsilin məqsədi informasiya cəmiyyətinin, innovasiya cəmiyyətinin  tələblərinə  uyğun  yeni formatlı müəllim kadrları hazırlamaqdır.  Bu gün universitetlərimizdə  Avropa və  dünya təhsil sisteminə inteqrasiya  istiqamətində  "2009-2013- cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı",  təhsilin informatlaşması  istiqamətində  "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" icra edilir.  Digər universitetlər  kimi,  ali pedaqoji təhsil müəssisələri  də  Avropa təhsil məkanına inteqrasiyaya  cəhd edir, tədris prosesi informatlaşır. Bu dövlət proqramlarının qəbulundan iki  il  əvvəl  isə "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil, müəllim hazırlığının konsepsiya və strategiyası", 2008-2015-ci illər üçün bu strategiyanın icrası ilə əlaqədar müvafiq tədbirlər planı hazırlanmış, 2007-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Strategiya və tədbirlər planına uyğun olaraq  pedaqoji təhsilin informatlaşması istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

1. Müəllim hazırlığında İKT-nin, yeni təlim üsulları və texnologiyaların tətbiqi.

2. Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin biliyinin  cari və yekun qiymətləndirilməsi üzrə yeni üsulların, texnologiyaların,  İKT vasitələrinin tətbiqi.

3. Pedaqoji təhsil müəssisələrində distant təhsil formasının tətbiqi.

4. Pedaqoji təhsil müəssisələrinin kompüterləşdirilməsi, elektron təhsilin həyata keçirilməsi.

Göründüyü kimi, "Fasiləsiz pedaqoji təhsil, müəllim hazırlığının konsepsiya və strategiyası"nın  tədbirlər  planında  pedaqoji təhsilin informatlaşması  istiqamətində əhəmiyyətli  layihələr nəzərdə tutulmuşdur. Hesab edirik ki,  bu layihələr çərçivəsində "Pedaqoji təhsilin informatlaşması strategiyasi" və strategiyanın yaxın  5 il ərzində reallaşması üçün tədbirlər planı hazırlanmalı, onun  reallaşması üçün lazımi maliyyə dəstəyi verilməlidir.  Müqayisə üçün bildirək ki,  qonşu Rusiya və Türkiyədə  analoji  innovativ layihələr  üçün  hər  bir  universitetə  ildə  2-8  milyon  ABŞ dolları həcmində investisiya qoyulur, həmin universitetlərin inkişafının əsas  səbəblərindən biri məhz  mükəmməl investisiya  siyasətidir. Bu amil universitetlərin inkişafı üçün zəruri şərtdir (son 20 ildə bu, bir daha hiss edildi). Bazar  münasibətləri şəraitində   təhsil  siyasətinin mühüm hissəsi səmərəli investisiya siyasətinə  bağlıdır, əgər investisiya təhsilin keyfiyyətini yüksəltmirsə, deməli, səmərəsızdır. İnformasiya cəmiyyəti şəraitində təhsilə qoyulan investisiya əsasən innovasiyalara,  nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəlməsinə  xidmət etməlidir (yəni investisiyalar maddi  obyektlərə yox,  qeyri-maddi obyektlərə, elmtutumlu məhsullara  yönəlməlidir).

Pedaqoji  təhsilin İKT  əsasında  innovativ  inkişaf   layihələrinin  hazırlanması və icrası zəruri  maliyyə dəstəyi olmasa mümkünsüzdür.  Bu, müasir tələblərə cavab verən müəllim kadrlarının hazırlanması üçün zəruridir. 

Eyni  zamanda qeyd etməliyik ki, bəzi pedaqoji profilli universitetlərdə dövlət proqramlarından asılı olmadan daxili imkanlar hesabına  müəyyən işlər görülür, məsələn, ADPU-da  belə təşəbbüslər var. 2007-ci ildə Kompüter Mərkəzi yenidən təşkil edildi, məqsəd   pedaqoji  təhsilin  informasiya-təhsil məkanının formalaşması, bu əsasda  pedaqoji təhsilin keyfiyyətinin və əlyetərliyin təmin edilməsi idi. Pedaqoji   təhsilin informasiya-təhsil məkanının formalaşması məqsədi ilə  Kompüter Mərkəzinin 5 illik iş planı və onun  icrası üçün zəruri layihələr sistemi müəyyənləşdirildi. Tələbələrin biliklərinin qiymətləndirilməsində  bir çox qabaqcıl dünya universitetlərində uğurla tətbiq edilən "Elektron-test sistemi"  layihəsi   hazırlanıb  müvəffəqiyyətlə sınaqdan çıxarılıb və  bu  gün uğurla  tətbiq  edilir. Lakin hər  bir yeniliyin  tətbiqi  təbii  olaraq əlavə  problemlər də yaradır, onları  həll etmədən inkişaf mümkün olmur.  

Son  vaxtlar respublikanın pedaqoji  ictimaiyyəti  qiyabi  təhsildə distant  texnologiyalarının tətbiqi  zərurəti  barədə  müzakirələr  aparır.  Nəhayət  gec  də olsa,  XXI əsrin ən böyük  təhsil  innovasiyası olan  distant təhsilin   respublikamızda  da  reallaşması, deyəsən, yaxınlaşır.  "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası"nın müvafiq tədbirlər planına uyğun olaraq respublikamızda distant pedaqoji təhsil sisteminin yaradılması və inkişafına ciddi ehtiyac var. Bu gün əksər ölkələrdə,  o cümlədən bir çox MDB ölkələrində müəllimlərin ilkin hazırlığı, yenidənhazırlığı, ixtisasartırılması distant təhsil texnologiyaları vasitəsilə reallaşır. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və s. ölkələrdə 10 ildən artıqdır ki, bu sahədə sistemli iş aparılır, xeyli təcrübə toplanmışdır.  Hesab edirik ki, respublikada belə bir pilot layihəni də ADPU-da   başlamaq mümkündür. Bu, virtual  pedaqoji təhsilin  inkişafına səbəb olmaqla yanaşı,  müəllimlərin fasiləsiz əlavə təhsili üçün imkanlar verə bilər.   Digər mühüm  məsələ  pedaqoji təhsil üçün  elektron tədris  resurslarının   hazırlanmasıdır. Pedaqoji ixtisasların spektri və tədris planında olan  fənlərin  müxtəlifliyi, Boloniya prosesinə  keçidlə əlaqədar  tələbələrin müstəqil işlərinin xüsusi çəkisinin artması bunu tələb edir. İnternetdə pedaqoji təhsillə əlaqədar milli resurslar demək olar ki, yoxdur. Bu istiqamətdə  də sistemli  iş aparmaq  lazımdır.

 Respublikada  pedaqoji təhsil portalının yaradılması  əhəmiyyətli ola bilər. Portal vasitəsi ilə pedaqoji təhsil müəssisələri bir-birləri  ilə  daha sıx əlaqələr yarada  bilər, virtual əməkdaşlıq edər, pedaqoji təhsil problemlərinə  dair müəyyən forumlar təşkil edər, elektron  nəşrlər hazırlaya bilərlər. Portal tələbə, magistr, doktorantlar, alimlər  və  gənc müəllimlər üçün faydalı ola bilər.   Portalda pedaqoji təhsil üzrə zəruri elektron resurslar,  beynəlxalq təcrübəyə dair materiallar verilə bilər. Portal  vasitəsi ilə peşəyönümü işi aparmaqla abituriyentləri, istedadlı  gəncləri pedaqoji sahəyə yönəltmək  mümkündür. Bu, ali pedaqoji məktəblərin adambaşına maliyyələşmə prinsipinə  keçdiyi ərəfədə  əhəmiyyətli ola  bilər.

Təhsilin informatlaşması elə bir  prosesdir ki, burada  beynəlxalq  təcrübə çox  fayda  verə bilər. Lakin bu təcrübəni olduğu kimi  respublikada tətbiq etmək mümkün deyil, burada zaman, məkan və  imkan  amilləri nəzərə alınmalıdır.  Rusiya Federasiyasında  ümumtəhsil məktəblərinin informatlaşması prosesində  ali pedaqoji  təhsil müəssisələri mühüm rol oynayır.  Respublikamızda  da orta təhsilin ( eləcə də orta ixtisas, ali və  ilk - peşə təhsilinin ) informatlaşması istiqamətində pedaqoji təhsil müəssisələrinin böyük perspektivləri var.    Məlum olduğu  kimi,  bu təhsil pillələrinin hər birinin  inkişafı üçün xüsusi dövlət  proqramları təsdiq edilmiş, icrasına  maliyyə vəsaiti ayrılmışdır. Bu inkişaf proqramların mühüm  tərkib  hissəsi təhsilin informatlaşmasına xidmət edir. Milli  təhsilin  informatlaşması prosesinin strateji-konseptual, elmi-metodiki,  resurs, kadr təminatı problemlərinin həllində pedaqoji  institutların potensialını  yüksəltməklə bu  sahədəki  problemləri  həll  etmək olar. Respublikada  pedaqoji elmlər üzrə olan alimlərin  böyük  qismi ali pedaqoji təhsil  müəssisələrində çalışır (pedaqogika, psixologiya, ayrı-ayrı fənlərin  tədrisi metodikaları kafedralarında).  Bu alimlərin elmi  tədqiqat işlərini  təhsilin  informatlaşmasının pedaqoji, psixoloji  və metodik  təminatı  problemlərinin həllinə yönəltmək lazımdır. Bu  problemlər  tələbələrin, magistrlərin, doktorantların tədqiqat  obyekti olmalıdır.  Artıq klassik pedaqogikadan elektron pedaqogikaya,  real  pedaqogikadan  virtual pedaqogikaya keçidin,  kagız üzərində olan  dərslik və testlərdən elektron  dərslik və testlərə  keçidin pedaqoji  problemlərini  tədqiq etmək vaxtıdır. Bu prosesdə təcrübəli pedaqoqlarla  gənc tədqiqatçıların birgə  fəaliyyətinə, elmi ənənələrlə  innovasiyaların  sintezinə ehtiyac  var. Kafedraların 5  illik elmi-tədqiqat  işlərinin planlaşdırılmasında bu amillər nəzərə alınmalıdır. Gələcəkdə bu imkanlardan səmərəli istifadə etmək üçün bu gün pedaqoji universitetlərə ciddi investisiya qoyulmalı, islahatlar aparılmalı, yeni strukturlar,  beynəlxalq əlaqələr yaradılmalı,  bu  sahədə olan zəngin beynəlxalq təcrübə (heç  olmasa  MDB və Türkiyə səviyyəsində) təhlil edilərək öyrənilməlidir.  

Digər mühüm  problem təhsilin informatlaşması üzrə müasir kadr hazırlığı məsələsidir. Təhsilin   informatlaşması kimi yüksək texnoloji və elmtutumlu  problemin həlli, ilk növbədə, kadr təminatından asılıdır. İnkişaf   etmiş  ölkələrdə  təhsilin informatlaşması   prioritet  məsələ  kimi qiymətləndirilir, təhsil sisteminin gələcəyi onun informatlaşma səviyyəsindən asılıdır. Artıq 25  ildir ki,  bir  çox  ölkələrdə  təhsilin informatlaşması üzrə  müxtəlif səviyyələrdə   ixtisaslı kadr  hazırlığı həyata keçirilir. Bakalavr, magistr, əlavə təhsil,  aspirantura, doktorantura pillələrində  fasiləsiz olaraq təhsilin informatlaşması üzrə kadrlar hazırlanır.  Bizim respublikada da  bu istiqamətdə pedaqoji universitetlərdə "Təhsilin informatlaşması" ixtisası üzrə  sistemli  şəkildə kadr hazırlanmasına ehtiyac var.  Müvəqqəti olaraq  vəziyyətdən çıxmaq üçün  1 illik tədris  proqramı  əsasında  informatika müəllimləri  üçün  "Təhsilin informatlaşması"  ixtisası üzrə  yenidənhazırlanma  və magistr kursları, gələcəkdə  isə bakalavr   hazırlıq  proqramları  yaratmaq  lazımdır. 

Hələlik isə  bu istiqamətdə  gələcək müəllimlərə pedaqoji universitetlərdə  yeni təhsil  standartları əsasında 45  saat  həcmində "Təhsildə İKT" adlı xüsusi fənn tədris olunur. Bu gün "Təhsildə İKT" fənni eyni zamanda  bir neçə kafedra  tərəfindən tədris olunur. Hesab edirik ki, bu  fənn bir kafedra  tərəfindən tədris olunsa, daha səmərəli olar, gələcəkdə isə "Təhsildə İKT" adda yeni kafedraların  yaradılması məqsədəuyğundur.

Pedaqoji  ali  təhsil müəssisələrində  informatika müəllimləri hazırlanmasının  da xeyli   problemləri var. İnformatika müəllimlərinin hazırlığı  üzrə təhsil standartlarının  daim təkmilləşdirilməsi, tədris-metodik və proqram-texniki  təminat problemlərinin həlli aktualdır. Pedaqoji  ali  təhsil müəssisələrində  informatika  kafedralarında çalışan müəllimlərin sistematik ixtisasartırma kurslarına cəlb edilməsi zəruridir. Çünki  bu sahənin inkişaf  tempi çox  yüksəkdir.  Bu işdə  yerli  İT şirkətlərinin, Rusiya və Türkiyənin distant İT kurslarının, beynəlxalq İT akademiyalarının imkanlarından istifadə etmək  olar.    

Cəmiyyətin,  təhsil  sisteminin   inkişafında   pedaqoji  təhsilin əhəmiyyəti  və məsuliyyəti böyükdür,  problemlər  də gördüyümüz kimi  az  deyil.  Bu  problemlər əsasən keçid  dövrünün çətinlikləri,  texnologiyaların sürətlə  dəyişməsi və  insan amilinə  bağlıdır. Pedaqoji təhsilin mövcud  problemlərini həll edərək, ümumtəhsil  məktəblərimizi  gələcəkdə daha keyfiyyətli  müəllim kadrları ilə təmin edə bilərik, nəticədə elm-təhsil səviyyəmiz daha da yüksələr.  İnformasiya  və innovasiyalar cəmiyyətində bu, çox mühümdür,  çünki  məşhur filosof Konfutsinin  təbirincə desək, elm  və təhsildən faydalanmağı  bacaran  xalq  firavan yaşayar.  

İlham  ƏHMƏDOV,
dosent, ADPU-nun Kompüter  Mərkəzinin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov