Bakıdakı 31
nömrəli orta məktəbdə "Uşaq hüquqları üzrə
pilləli tədris layihəsi"nə həsr olunan tədbir
keçirilib.
İnsan
hüquqları üzrə müvəkkil (ombudsman) Elmira
Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
Ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyev,
məsləhətçi Fəttah Quliyev və digər qonaqlar
tədbirdə iştirak ediblər. Öncə məktəbdə ənənə
halını almış istedadlı şagirdlərin əl
işlərindən ibarət sərgi nümayiş etdirilib.
Məktəbin direktoru Şükufə Məmmədsalahova
çıxışında "Uşaq hüquqları üzrə pilləli tədris"
layihəsinin məktəbdə uğurla həyata
keçirildiyini, şagirdlərin bu layihəyə böyük
maraq göstərdiklərini bildirib.
Sinif müəllimi
Sevinc Axundovanın rəhbərliyi ilə birinci
pillədə iştirak edən "Ombudsman elçiləri" uşaq
hüquqlarına həsr edilmiş bir neçə səhnəcik
nümayiş etdiriblər. Elmira Süleymanova
şagirdlərin çıxışlarını alqışlayıb və layihədə
pilot olaraq iştirak etmiş məktəblərin hər
birinə Təhsil Nazirliyi tərəfindən 11 ədəd
kompüter dəsti verildiyinə görə təhsil naziri
cənab Misir Mərdanova minnətdarlığını
bildirib. Qeyd edib ki, hər məktəbdə bir
kompüter otağı yaradılıb. Həmin otaqlar II
mərhələdə "İnsan hüquqları mərkəzi"nə
çevriləcək və layihədə iştirak edən şagirdlər
mərkəzlərin işinə cəlb olunmaqla trener kimi öz
yaşıdlarına dərs keçəcəklər. İnsan hüquqları
mərkəzləri arasında əlaqə yaradılacaq və
onların bu layihənin yeni mərhələsinə seçilmiş
məktəblərdə uşaq hüquqlarının tədrisində
iştirak etmələri təmin ediləcək.
BŞTİ-nin
Ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyev
tədbir iştirakçılarına öz təşəkkürünü bildirib
və məktəblərdə bu layihənin həyata
keçirilməsinin müsbət hal olduğunu vurğulayıb.
"Ombudsman
elçisi" XI "B" sinif şagirdi Selcan
Şaməmmədova məktəbin direktoruna, bu layihədə
iştirak edən müəllimlərə və layihəni həyata
keçirən ombudsman təsisatının gənc
hüquqşünaslarına minnətdarlığını bildirib.
Sifai SƏFƏROVA |