Perspektivli
gənc neftçi mütəxəssislərin hazırlanması,
tələbələrin neft-qaz sənayesi sahəsində müasir
elmi və təcrübi biliklərə yiyələnməyə
həvəsləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ)
həyata keçirilən təqaüd proqramı davam edir.
Proqram çərçivəsində vaxtaşırı müxtəlif
müsabiqələr təşkil edilir.
ARDNŞ-ın
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
şirkət bu proqram çərçivəsində ölkəmizin ali
təhsil müəssisələrinin tələbələrinə təqaüd
verilməsi üzrə növbəti müsabiqə elan etmişdir.
Müsabiqədə müəyyən edilmiş ixtisaslar üzrə
bakalavriaturanın I-IV kurslarında və
magistraturanın I-II kurslarında təhsil alan
tələbələr iştirak edə bilərlər. Müsabiqənin
şərtlərilə socar.az/tehsil.html İnternet
səhifəsində tanış olmaq mümkündür. Müsabiqəyə
müraciət həmin İnternet saytı vasitəsilə
"online" rejimdə həyata keçirilir. Sənədlər
fevralın 1-dən 21-dək təqdim oluna bilər. Təqaüd
2011-ci ilin fevral-iyun aylarını əhatə
edəcəkdir. Təqaüdün aylıq məbləği 100 manatdır.
ARDNŞ-ın təqaüdçüləri yay tətili müddətində
şirkətin idarə və müəssisələrində 1-2 aylıq
ödənişli təcrübə keçir, eləcə də təhsilini
təqaüdçü kimi başa vuran məzunlar şirkətdə işə
düzəlmək, mənzil növbəsinə dayanmaq, qurumun
maliyyə dəstəyi ilə təhsilini xaricdə davam
etdirmək hüququna malik olurlar. |