Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

Ziyalı sözü - vətəndaş mövqeyi

Keçmişi qaytarmağın uğursuz cəhdləri

 

Hicab mövzusu tarixən mübahisəli, müəyyən dövrlərdə isə hətta qalmaqallı məsələ olmuşdur. Hazırda islam ölkələrində ruhanilər, ilahiyyatçılar və fikir adamları arasında bu məsələyə radikal baxışlarla yanaşı, liberal yanaşmalar da mövcuddur. Ən əvvəl onu demək lazımdır ki, qadınların örtünməsi faktına islamdan çox-çox öncə müxtəlif dinlərdə və ölkələrdə rast gəlinir, yəni bu, islamın gətirdiyi və onun inhisarında olan bir məsələ deyildir. Məşhur tarixçi və filosof Uilyam Dürant "Sivilizasiya tarixi" adlı çoxcildlik kitabında yəhudilikdə hicabın tətbiq olunduğunu və "Talmud"da bunun qanun şəklinə salındığını göstərərək yazır: "Əgər hər hansı bir yəhudi qadın bu qanunu pozmaq fikrinə düşsəydi, məsələn, başına bir şey örtmədən camaatın arasına çıxsaydı... kişilərlə söhbət edib ucadan danışsaydı və onun səsini qonşular eşitsəydi, onda o qadını başlıq vermədən boşayardılar".

"Tövratda, daha konkret desək, "Yaradılış kitabı"nda İbrahim peyğəmbərin zamanında hicaba riayət olunduğuna dair aydın işarələr var: "Rivqa başını qaldırıb İshaqı görəndə dəvədən düşdü. O, nökərdən soruşdu: "Bizi qarşılamaq üçün çöllüyə gələn bu adam kimdir?" Nökər: "Ağamdır" - dedi. Rivqa rübəndini üzünə çəkib örtündü".

U.Dürant həmçinin qədim İranda Dariyuşun zamanından etibarən (e.ə. VI-V əsrlər) xüsusən varlı təbəqədən olan qadınlar arasında ciddi hicab qaydalarının hökm sürdüyünü göstərir: "Cəmiyyətin yüksək təbəqələrinə mənsub olan qadınlar məxsusi kəcavə və örtülü arabalardan başqa bir şeylə evdən çıxmağa cürət edə bilməzdilər. Onlara heç vaxt icazə verilmirdi ki, aşkar surətdə kişilərlə qaynayıb-qarışsınlar. Ərli qadınların heç bir kişini, hətta ata və qardaşını belə görməyə haqqı yox idi. Qədim İranın daş kitabələrində həkk olunmuş şəkillərdə bir nəfər də olsun üzüaçıq qadın görünmür və onların adı çəkilmir".

Qeyd etmək lazımdır ki, İran ərazisində qadının geyiminə və münasibətlərinə qoyulan məhdudiyyətlər Sasanilər dönəmində daha da sərtləşmiş və daha geniş sosial təbəqələri əhatə etmişdi. Tarixi qaynaqlar islamdan öncə Hindistanda və Bizansda da hicabın müxtəlif formalarının mövcud olduğunu göstərməkdədir.

Beləliklə, qadınların bədənini, başını və üzünü örtməsi bəşər cəmiyyətinin inkişafının müəyyən mərhələsində meydana gələn mədəni-ictimai hadisədir və onun tətbiqi din amili ilə bağlı olmaya da bilər. Tədqiqatçılar bu problemi çeşidli yönlərdən açıqlayaraq, hicabın tətbiqini müxtəlif səbəblərlə izah etmişlər. Həmin səbəblər aşağıdakı şəkildə qruplaşdırılır:

1. Guşənişinlik və tərkidünyalığa meyil (fəlsəfi səbəb);

2. Təhlükəsizlik və sosial ədalətin olmaması (ictimai səbəb);

3. Kişinin ailədə hökmranlığı və qadını öz mənafeləri üçün istismar etməsi (iqtisadi səbəb);

4. Kişinin qısqanclıq hissi və eqoizmi (əxlaqi səbəb);

5. Qadın orqanizmində hər ay təkrarlanan fizioloji prosesin onun yaradıcılışca kişi ilə müqayisədə nöqsanlı olması barədə təsəvvürlər və həmin proses dövründə onunla ünsiyyətdən çəkinilməsi (psixoloji səbəb).

Müsəlman müəllifləri islami hicabın qeyd olunan səbəblərin heç biri ilə əlaqədar olmadığını, tam fərqli və əlahiddə xarakter daşıdığını, ilahi hikmətin təzahürü kimi meydana çıxdığını sübut etməyə çalışsalar da, onun əvvəlki mədəniyyətlərin (xüsusən İran və Bizansın) təsirinə məruz qaldığını etiraf edirlər. Məsələn, müsəlman dünyasının, xüsusən şiələrin ən nüfuzlu din alimi və filosoflarından sayılan ayətullah Mürtəza Mütəhhəri "Hicab məsələsi" adlı kitabında yazır: "Qəbul etməliyik ki, sonralar ərəblərin təzə müsəlman olan qeyri-ərəb xalqları ilə qaynayıb-qarışması nəticəsində hicab və örpək məsələsi peyğəmbəri-Əkrəmin (s.) dövrü ilə müqayisədə daha da şiddətləndi". Təsadüfi deyil ki, bir çox müəlliflər hicri tarixin birinci əsrində hicaba o qədər də önəm verilmədiyini, qadın və kişilərin bir-birilə görüşdüyünü, küçədə birgə getdiyini, məsciddə birlikdə namaz qıldığını yazmış, yalnız xəlifə II Vəlidin dövründə (hicri 126-127-ci illərdə) hicabın qanun şəklində tətbiq olunduğunu vurğulamışlar.

Ümumiyyətlə, islamın yayıldığı geniş regionda hicaba baxış müxtəlif olmuş, yerli adət-ənənələrin təsiri ilə onun çeşidli formaları meydana gəlmişdir. Başqa tipli faktlar da olmuşdur: islamı X əsrdə qəbul etmiş Volqaboyu tatarlarında hicaba bütövlükdə riayət olunmamışdır. Hicabın tətbiqi Yaxın və Orta Şərqdə, Mərkəzi Asiyada daha sərt şəkildə həyata keçirilmişdir və burada təzyiq, məcburiyyət və zorakılıq faktoru az rol oynamamışdır. Təsadüfi deyil ki, dahi Nizami Gəncəvi "İskəndərnamə" əsərində hicabın "inzibati" yolla tətbiqinə münasibətini bildirmiş və çox maraqlı bir alternativ irəli sürmüşdür. Qıpçaq çölünə çatan İskəndər "ağappaq gözəllərin" örtüksüz və yaşmaqsız gəzdiyini və bu üzdən subay əsgərlərin idarəolunmaz hala gəldiyini görüb tayfa başçılarını yanına çağırır, onlara qadınlarını çarşaba bürüməyi əmr edir. Qıpçaq böyükləri hər bir məsələdə İskəndərə itaət göstərəcəklərini, lakin bu əmri yerinə yetirməyin mümkünsüzlüyünü bəyan edərək deyirlər: 

Üz örtmək doğru yol deyildir, ancaq

İtaət etməz bu ayinə qıpçaq.

Üz örtmək ayini qoy olsun sənin,

Bizə də göz örtmək olmuşdur ayin.

Baxmamaq gərəkdir naməhrəm üzə,

Nə suçu var üzün?! Cəza ver gözə!...

Örtü salmaqdansa xalqın üzünə

Özün bir örtü çək baxan gözünə. 

Vəziyyəti belə görən İskəndər müdrik məsləhətçilərindən kömək istəyir.

Bəlinas problemi həll edəcəyinə hökmdarı əmin edir. O, qara daşdan bir qadın heykəli düzəldir, üstünə ağ mərmərdən çarşab salır. Heykəl Qıpçaq çölünün ən görünən yerinə qoyulur. Heykəldən nümunə götürən qıpçaq qadınları bir-birinin ardınca çarşab örtür və beləcə həmin ərazidə hicaba riayət olunmağa başlayır...

Bu epizodla dahi mütəfəkkir iki fikri çatdırmaq istəyir. Qıpçaq böyüklərinin dilindən söylənən sözlərlə Nizami hicabın ictimai əxlaqın qorunmasında yeganə vəsilə olmadığını vurğulayır, "açıq üzlə" yanaşı "baxan göz"ün də məsuliyyəti məsələsini qoyur, yəni faktiki olaraq yalnız qadına günahkar qismində baxılmasının düzgün olmadığını vurğulayır. İkinci bir tərəfdən, hicabın tətbiqində əmr və göstərişin səmərəli olmadığını, qadının buna daxili inam və könüllülük əsasında gəlməsinin vacibliyini göstərməyə çalışır. Bu ideyaların günümüzdə də aktual olduğunu geniş şərh etməyə, fikrimizcə, lüzum yoxdur.

Nizaminin müasiri, bəşər, özəlliklə qadın azadlığının yorulmaz tərənnümçüsü Məhsəti Gəncəvi isə qadının zorla evin bir küncündə saxlanmasına daha kəskin formada etirazını bildirir: 

Olsan qoca, bir yerdə bizi kim saxlar?

Qəmlər dolu evlərdə bizi kim saxlar?

Zəncir kimidir zülfüm, özün bax, ey şeyx,

Burda daha zəncirdə bizi kim saxlar?! 

Yüzilliklər sonra əslən Azərbaycan türkü olan qəzvinli şairə Tahirə Qürrətüleyn (1818-1852) sanki Məhsətinin arzusunu gerçəkləşdirdi və müsəlman Şərqində çadrasını atmış ilk qadın oldu. Əlbəttə, odlu-alovlu şeirlər müəllifinin bu hərəkətini onun babilik əqidəsi ilə izah edənlər də var. Amma babiliyə qarşı amansız mübarizə aparan Qacar hökmdarı Nəsrəddin şahın da hicabın götürülməsi fikrinə düşməsi və öz sarayında həyata keçirməsi artıq bunun zamanın tələbi olduğunu söyləməyə əsas verir. Həmin tələb tədricən Azərbaycan və İran maarifçilərinin əsərlərində təzahürünü tapdı və Məşrutə inqilabı dövründə (1905-1911) var qüvvəsi ilə səslənməyə başladı. İranın mütərəqqi və yenilikçi ədibləri hicabdan qurtulmanı qadın azadlığının mühüm şərti kimi dəyərləndirirdilər. Mirzadə Eşqi, Arif Qəzvini, İrəc Mirza, Məliküşşüəra Bahar kimi şairlər açıq şəkildə hicabın götürülməsinin vacibliyini ifadə edən şeirlər yazırdılar. Çiçəklənmə dövrünə qədəm qoymuş mətbuatda bu məsələ başlıca mövzulardan birinə çevrildi, ilk qadın fəalları və cəmiyyətləri meydana gəldi.

Ötən əsrin 20-ci illəri Orta Şərqdə qadın azadlığı və bu kontekstdə hicabsızlıq uğrunda mübarizənin ən qızğın çağları olmuşdur. Türkiyədə Mustafa Kamal Atatürk, Əfqanıstanda Əmanulla xan, İranda Rza şah bu mübarizənin önündə gedirdilər. Maraqlıdır ki, həm Əmanulla xan, həm də Rza şah bu işə öz ailə üzvlərindən başlamaqla cəmiyyətə, bir növ, nümunə göstərmişlər. Digər düşündürücü məqam ondan ibarətdir ki, həmin dövrdə Sovet Azərbaycanında da qadınların çadradan xilas olması uğrunda analoji mübarizə gedirdi - bu onu göstərir ki, həmin mübarizə siyasi sistemlərdən və dövlət quruluşlarından asılı deyildi, obyektiv tarixi inkişafın özünün məntiqi ilə diktə olunurdu.

1928-ci ildə İran parlamenti hicabın qadağan edilməsi barədə qanun qəbul etdi. Bu, İran qadınlarının ictimai həyata sürətli inteqrasiyasına təkan verdi. Sonralar, ötən əsrin 40-cı illərində Məhəmmədrza Pəhləvi din xadimlərinin təzyiqi ilə həmin qanunu ləğv etdi. Bir neçə onillik ərzində ölkədə hicabı qadağan, yaxud məcburi edən hüquqi baza olmadı. Məsələ bir də 1979-cu il inqilabından sonra gündəmə gəldi. Radikal dini dairələr hicabın məcburi şəkildə tətbiq olunmasına dair çağırışlar səsləndirməyə başladılar. Həmin dövrdə - 1979-cu ilin martında rəsmi "Ettelaat" qəzetində ayətullah Mahmud Taleqani ilə hicabla bağlı geniş müsahibə dərc olundu. "Hicab məsələsində məcburiyyət yoxdur" başlığı ilə manşetə çıxarılan həmin müsahibə dövlət idarələrində hicabın məcburi tətbiqinə dair hökmə etiraz idi. Ayətullah Taleqani müsahibənin bir yerində deyirdi: "Hətta müsəlman qadınlara da hicabda məcburiyyət yoxdur, o da qalsın dini azlıqların nümayəndələrinə... Qadınlar bizim cəmiyyətin fəal üzvləridir... İslam, Quran və din xadimləri istəyirlər ki, qadının şəxsiyyəti qorunsun. Burada heç bir məcburiyyət ola bilməz. İslamın əvvəlindən indiyə qədər kəndlərimizdə qadınlarımız necə yaşayıblar? Məgər onlar çadra örtüblər?.. Kim bizim qadınları hicablı, ya hicabsız nümayişlərə gəlməyə məcbur edib? Onlar özləri məsuliyyət hiss ediblər. İndi də onların başını örtüb-örtməməsinə kimsə məcburiyyət qoymamışdır".

Lakin mütərəqqi düşüncəli ruhanilərin səsi tezliklə boğuldu və radikal dairələrin mövqeyi üstün gəldi. Ölkədə total hicablaşdırma prosesi başladıldı. Cəza qanununa "bədhicab" (hicaba riayət etməyən) qadınlara şallaq zərbəsi vurulması barədə bənd salındı, daha sonra bu, həbs və ya cərimə ilə əvəzləndi. Beləcə, bir vaxtlar hicabın inzibati üsullarla qadağasını pisləyənlər onu zorla tətbiq etməyə başladılar. Əlbəttə, müasir demokratik düşüncə hər iki yöndə zorakılığı qəbul etmir. Amma ictimai orqanizmin inkişafına mane olan xəstəliyə cərrahi müdaxilə ilə onu geriyə sürükləmək cəhdinin fərqini, hər halda, nəzərdən qaçırmamalıyıq.

Bu gün məhz həmin radikal dairələr Azərbaycan Respublikasında hicab probleminin mövcudluğu barədə hay-küy qoparmışlar. Qəribə burasıdır ki, hicab az qala islami kimliyin təməli, müsəlmanlığın ən mühüm göstəricisi kimi qələmə verilir, onun "əldən getməsi" imanın, namus və qeyrətin süqutu kimi təqdim olunur. Doğrudanmı belədir? Bəs müqəddəs kitabımız bu barədə nə deyir?

Qeyd etmək lazımdır ki, "hicab" sözü Quranda bugünkü mənasında deyil, müxtəlif kontekstlərdə əsasən "pərdə" mənasında işlənir. Yalnız, bir yerdə - "Əhzab" surəsinin 53-cü ayəsində bu söz qadınlarla, daha dəqiq desək, peyğəmbərin zövcələri ilə əlaqədar işlənmişdir ("Peyğəmbərin zövcələrindən bir şey istədiyiniz zaman pərdə arxasından istəyin"). İslami ədəbiyyatda "hicab ayəsi" dedikdə məhz bu ayə nəzərdə tutulur, onun nazilolma səbəbləri və şəraiti barədə təfsirlərdə geniş izahat verilmişdir.

"Hicab" sözünün indiki, yəni qadın örtüyü mənası ilə bağlı isə Quranda iki ayə vardır. Bunlar "Nur" surəsinin 31-ci və "Əhzab" surəsinin 59-cu ayələridir. Daha öncə nazil olmuş birinci ayədə deyilir: "Mömin qadınlara de: Gözlərini naməhrəmə baxmaqdan çevirsinlər, eyib yerlərini örtülü saxlasınlar, öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər, baş örtüklərini yaxalarına çəksinlər... Öz ayaqlarını yerə elə vurmasınlar ki, gizlətdikləri zinətlər bəlli olsun..." Burada baş örtüyü mənasında "xumar" (daha doğrusu, onun cəm şəkli "xumur") işlədilmişdir. Həmin örpəyin konkret şəraitlə və ərəb mühiti ilə bağlı olduğunu "Kəşşaf"a istinadən M.Mütəhhəri də qeyd edir: "Ərəb qadınları adətən uzun köynək geyirdilər, onların boğazları açıq qalırdı, boyunları və sinələri örtülmürdü. Başlarına atdıqları örpəklərin uclarını da qulaqlarının arxasından keçirib dal tərəfdə bir yerə yığır və kürəklərinə atırdılar... Belə olan halda onların qulaqları, qulaqlarının dibi, sırğaları, sinələri və boyunları aşkar şəkildə görünürdü. Bu ayə göstəriş verir ki, örpəyin başın dal tərəfində asılı vəziyyətdə salınan hissələri boyuna  və  sinənin  sağ  və  sol tərəfdən  üstünə  atılmalıdır  ki,  bu  hissələr  tam örtülsün".

"Əhzab" surəsinin 59-cu ayəsi daha konkret sosial şəraitlə və ictimai amillərlə bağlıdır. Həmin ayədə deyilir: "Ey peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin arvadlarına de ki, örpəklərini gözlərinə yaxınlaşdırsınlar. Bu onların tanınmaları və əziyyətə məruz qalmamaları üçün daha münasibdir".

Burada örpək mənasında "cilbab" (daha doğrusu, onun cəm şəkli "cəlabib") işlənmişdir. M.Mütəhhəri etiraf edir ki, təfsirçilərin yazdıqlarından bu sözün mənası o qədər də aydın olmur. Amma onun fikrincə, "qadınlar üçün iki növ örpək var imiş. Onlardan biri kiçikdir, ona ximar və məqnəə də deyilir. Adətən qadınlar evin daxilində ondan istifadə edirlər. Digəri isə evdən kənarda istifadə etdikləri böyük örpəkdir. "Bu məna "cilbab" sözünün qeyd olunduğu rəvayətlərə də uyğun gəlir".

M.Mütəhhəri və tərəfdarları belə hesab edirlər ki, bu ayələrdə həm hicabın prinsipi, həm də forması müəyyən olunmuşdur. "Cilbab" sözü isə çadra (yaxud çarşab) anlamına gəlməkdədir. Lakin məsələyə fərqli baxış da vardır. Məsələn, Türkiyənin keçmiş dəyanət işləri başqanı, görkəmli ilahiyyatçı alim, professor Əli Bardakoğlu bir müddət öncə verdiyi telemüsahibədə demişdir: "Quran və hədislər qadınların örtünməsini istəmişdir. Örtünmənin hansı parça ilə, nə şəkildə olacağını, haradan bağlanacağını bildirməmişdir. Bu, artıq insanların zövqünə, bölgəsinə, mədəniyyətinə görə verəcəyi qərardır". Bardakoğlu həmçinin çarşab və niqabın dinin əmri olmadığını vurğulamışdır.

"Əhzab" surəsinin 59-cu ayəsinin ikinci hissəsi ilə bağlı M.Mütəhhəri təfsirçilərə istinadla yazır: "Münafiqlərdən bir qrupu axşam hava qaralarkən camaatın keçdiyi küçələrdə dayanaraq kənizlərə sataşırdı (kənizlər üçün başı örtmək vacib deyildir). Bəzi hallarda bu əxlaqsızlar hətta azad qadınlara da sataşır, sonra bəhanə edib deyirdilər ki, biz onun azad qadın deyil, kəniz olduğunu zənn etmişdik. Buna görə də azad qadınlara göstəriş verildi ki, cilbab olmadan - yəni bədəni tam örtmədən evdən çıxmasınlar ki, kənizlərdən tamamilə seçilsinlər və əxlaqsızlar tərəfindən əziyyətə məruz qalmasınlar".

Bütün bunlar məsələnin konkret tarixi şərait və sosial strukturla sıx bağlı olduğunu aydın göstərməkdədir. Əlbəttə, biz heç də hicabın islamda vacib olmadığı təsəvvürü yaratmaq fikrində deyilik. Bura qədər dediklərimizlə sadəcə iki məsələni qabartmaq istəyirik.

Birincisi, hicab məsələsi nə qədər vacib sayılsa da, islamın təməl prinsipləri və ilkin şərtləri sırasında yer almır. Bunu, misal üçün, İranda nəşr olunmuş "İffət və hicab" adlı kitabçanın müəllifləri də etiraf edirlər: "Hicab islamın mühüm qaydalarından biri olsa da, şübhə yoxdur ki, o, dinin əsaslarından sayılmır, dindarlıq və küfrün hüquqlarını müəyyənləşdirən amil hesab edilmir. İslam rəvayətlərində də ondan dinin əsası və islamın təməl daşı kimi bəhs olunmamış, onun üzərində namaz, oruc, zəkat, həcc qədər təkid edilməmişdir". Əli Bardakoğlu yuxarıda xatırlanan müsahibəsində daha konkret şəkildə: "Din yalnız hicabdan və namazdan ibarət deyildir. Başını bağlayan hər kəsə dindar demək böyük yanlışlıqdır. İnsanın yaxşı bir müsəlman olması üçün yerinə yetirməli olduğu çoxsaylı şərtlər vardır", - söyləmişdir.

Bu halda hicabla bağlı hər hansı problemi dini düşüncə və etiqadın əsaslarına təcavüz kimi təqdim edənlərin başqa niyyətlər daşıdığını anlamaq o qədər də çətin deyil. Yaxud hicabı islamın simvolu və atributlarından biri kimi səciyyələndirən üzdəniraq ekspertlərin dini biliklərinin səviyyəsinə acımamaq mümkünsüzdür.

İkincisi, Quran və hədislərdə azyaşlı qızların hicaba riayət etməsi, örtünməsi kimi göstəriş yoxdur. Əksinə, bir çox hədislərdə, əski osmanlıcada işlənən ifadə ilə desək, qızların "çarşaba girməsi" üçün yetkinlik yaşına çatmasının vacibliyi vurğulanır. Örnək olaraq Ayişə bint Əbubəkrdən nəql olunan iki hədisi göstərmək mümkündür. Belə olan halda bəlli qrupların hicabın orta məktəblərə girməsi üzərində təkid etməsi nə dərəcədə düzgündür? Həddi-büluğa çatmamış bir qızın ailə üzvlərinin, qohumlarının tapşırığı, təzyiqi əsasında örtünməsi dinin tələblərinə uyğundurmu? Axı o uşaq dinin mahiyyətini, Quranın hikmətini nə zaman anlayıb dərk etdi ki, indi də hicaba riayət etsin? Görəsən onun yaxınları örtünmənin onun hələ tam formalaşmamış şüurunda hansı təsirlər qoyduğu, onda hansı psixoloji komplekslər doğurduğu barədə düşünürlərmi?!

Bura qədər dediklərimiz bir məsələni - mövzunun praktik aspektini də unutmamağı zəruri edir. İstənilən halda hicab məsələsinə tarixi-ictimai şərait nəzərə alınmaqla yanaşılmalıdır. Köhnə çağlarda - qadınların əsasən evdə oturduğu, uzağı həyətyanı sahəsində çalışdığı vaxtlarda bu məsələ nisbətən rahat həllini tapır, sosial-psixoloji konfliktlərə meydan açmırdı. İndi isə qadınlar total şəkildə ictimai həyata cəlb olunmuşlar. Azərbaycan Respublikasında ictimai həyat dünyəvi prinsiplərlə tənzimlənir. Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, hicabla haqqında söz açdığımız mübarizə qadın azadlığının, bütövlükdə modernləşmənin tərkib hissəsi kimi, çağdaş şərtlərlə ayaqlaşmaq istəyinin təzahürü kimi baş tutub. Bu, tarixdir, tarixin gedişatıdır. Tarixin təkərini isə geri döndərmək mümkün deyil! Bunu tələb edənlər, bu cəhddə bulunanlar onun sonrakı sosial, mədəni və nəhayət, siyasi nəticələrini də göz önünə almalıdırlar, almağa borcludurlar!

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı,
AMEA-nın akademik Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov