Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - 06

 

Lütfi Zadə - 90

Dünya şöhrətli alim

 

Dünya elm aləmində Lütfi Zadə soy adı ilə tanınan Lütfi Ələsgərzadə 1921-ci ildə Bakıda jurnalist-psixoloq ailəsində anadan olmuşdur. Lütfi Bakıdakı 16 nömrəli məktəbdə 4 il oxuyandan sonra 1931-ci ildə ailəsi İrana köçmüşdür. O, burada ingilis təmayüllü məktəbdə oxumuş, sonra Tehran Universitetinin mühəndis-elektrik fakültəsinə daxil olmuşdur. Lütfi 1942-ci ildə həmin universiteti bitirəndən iki il sonra Amerika Birləşmiş Ştatlarına getmişdir. O, 1946-cı ildə Massaçusets Texnologiya İnstitutunu bitirib. 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetində doktorluq elmi dərəcəsini almışdır. 1957-ci ildə Kaliforniya Elmi Mərkəzinin sədri olan Norbert Viner L.Zadəni Kaliforniyadakı Berkli Universitetinə işləməyə dəvət edir. 1959-cu ildə L.Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə köçür. 1959-cu ildən Kaliforniyadakı Berkli Universitetində çalışır. 1965-ci ildən başlayaraq dünyanın bütün aparıcı firmalarında onun nəzəriyyələri tətbiq olunur.

Professor Lütfi Zadə 1965-ci ildə reallıqla fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini ərsəyə gətirmişdir. Amma bu nəzəriyyə nədənsə həm Amerika, həm də dünyanın elmi ictimaiyyəti tərəfindən skeptikcəsinə qarşılanmışdır. Bunun da əsas səbəbi Lütfi Zadənin əsrlərdən bəri insanların beynində formalaşmış Aristotel məntiqini öz qeyri-səlis məntiqi ilə dağıtması olmuşdur. O sübut etmişdir ki, insan dünyanı yalnız "ağ" və "qara" rənglərdə duyub qavramır. İnsanın dünyanı görüb dərk etmə imkanları zəngin və hüdudsuzdur. Elə buna görə də o, hüdudsuzluğun riyaziyyatını yaratmış, onun rəngarəngliyini açmışdır. Beləliklə, Əl-Xarəzm cəbri ilə yanaşı, qeyri-səlis cəbr - Zadə cəbri meydana gəlmişdir.

Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan tutmuş avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Beləliklə də, həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir.

L.Zadə "Qeyri-səlis çoxluqlar" adlı fundamental məqaləsində qeyri-səlis çoxluqlar anlayışı barədə təsəvvür yaratmaq üçün onu "mənsubiyyət dərəcələrinin kontinuumu" kimi təsvir etmiş, qeyri-səlis çoxluqlar üzərində baza münasibətlərinə və əməliyyatlara, eləcə də qeyri-səlis çoxluqların qabarıq kombinasiyası, insanlarla induksiya edilən qeyri-səlis çoxluqlar, qabarıq qeyri-səlis çoxluqların separabelliyi anlayışına tərif vermişdir. Bu halda birləşmə və kəsişmə əməliyyatları həm bazisində, həm də cəbri cəm və hasil formasında tətbiq edilmişdir.

Bu ilkin anlayışlarla birlikdə üçüncüsünü istisna qanununun və onun qarşılığı olan ziddiyyətsizlik qanununun zəifləndirilməsinin zəruri olması isbat edilmişdir. Klassik çoxluqlar nəzəriyyəsində bu qanunlar toxunulmaz hesab edilirdi. Lakin həyat göstərir ki, yeni nəzəriyyələrin kəşf edilməsi və işlənilib hazırlanması ücün ənənəvi təfəkkür tərzindən imtina etmək lazımdır. 1965-ci ildə klassik nəzəriyyənin əsas aksiomunu təkzib etməklə L.Zadə də faktiki olaraq məhz belə hərəkət etmişdir.

L.Zadə "Qeyri-səlis hadisələrin ehtimalının meyarları" (1968) əsərində qeyri-səlis hadisə anlayışını tətbiq etmiş, onu "bu gün hava istidir", "X kəmiyyətin qiyməti təqribən 5-ə bərabərdir" və s. kimi misallarla izah etmişdir. Bu ifadələr "müvafiq sözlərin mənasının dəqiq olmasına görə qeyri-səlisdir". Bundan əlavə o, qeyri-səlis hadisələr üçün ədədi orta, variasiya və entropiya anlayışlarının riyazi ümumiləşdirilməsini vermişdir.

L.Zadə R.Belmanla birgə yazdıqları "Qeyri-səlis mühitdə qərarlar qəbul edilməsi" adlı əsərdə (1970) "məqsəd və məhdudiyyətlər qeyri-səlis təbiətə malik olduğu halda qərar qəbul edilməsi" prosesini nəzərdən keçirir, sonra isə qərarlar qəbul edilməsi ilə bağlı çoxsaylı addımlardan ibarət proseslər nümunəsində bu yeni yanaşmanı şərh edirlər.

"Mürəkkəb sistemlərin və qərarlar qəbul edilməsi proseslərinin təhlilinə yeni yanaşmanın əsasları" (1973) əsərində Lütfi Zadə linqvist dəyişən anlayışını və kompozision nəticə çıxarılması qaydasını tətbiq edir. O göstərir ki, bu yeni yanaşma "dəqiq riyazi metodların tətbiq edilməsi üçün həddən artıq mürəkkəb və pis müəyyən edilmiş sistemlərin davranışını təsvir etmək üçün təxmini olsa da, səmərəli vasitə yaradılmasını təmin edir. Əsas tətbiq sahələri sırasına sistemin canlı komponentlərinin aparıcı rol oynadığı iqtisadiyyat, menecment, informasiya axtarışı, süni intellekt, linqvistika, təbabət, biologiya və digər sahələr aiddir".

Belə bir əsər Lütfi Zadə ideyalarının yaradıcılığında ən mühüm mərhələ sayılmalıdır. Məhz bu işin bazasında 1975-ci ildə E.Mamdani və S.Assilian qeyri-səlis tətbiqi sistemin ilk laboratoriya versiyası olan qeyri-səlis tənzimləyici yaratmış və onu sənayedə tətbiq etmişlər. L.Zadənin "Mürəkkəb və ya qeyri-dəqiq anlayışların tərəfinə qeyri-səlis alqoritm yanaşma" (1976) əsərində belə bir ifadə var: "Riyaziyyatda, fizikada, kimyada, mühəndis elmlərində və başqa sahələrdə üstünlük təşkil edən yüksək dəqiqlik standartları sosiologiya, psixologiya, linqvistika, tarix, fəlsəfə, antropologiya, incəsənət və digər sahələr üçün səciyyəvi olan biliklərimizin qeyri-dəqiqliyi ilə aşkar ziddiyyət təşkil edir".

"Qeyri-səlis çoxluqlar mümkünlük nəzəriyyəsinin əsası kimi" (1978) məqaləsində L.Zadə yazır: "Bizim əsas məqsədimiz informasiya ölçüsündə (Şennon və Vinerin statistik informasiya nəzəriyyəsinə dair işlərində göstərilən mənada) daha çox informasiyanın mənasını təsvir etməkdən ibarət olduqda informasiyanın təhlilinə mümkünlük mövqeyindən yanaşma, bu məsələdə ehtimal mövqeyindən yanaşma ilə müqayisədə öz təbiətinə görə daha münasib və təbii olur". Müəllif bu məqalədə "imkanların paylanması", "imkanın ölçüləri", "həqiqiliyin keyfiyyət baxımından təsviri", "ehtimal edilən ixtisas" və s. anlayışlardan bəhs edir.

"Linqvist dəyişən anlayışı və onun təxmini qərarlar qəbul edilməsinə tətbiqi" silsiləsinə aid məşhur məqalələr (1975-76) aşağıdakı sözlərlə başlanır: "Linqvistik dəyişən dedikdə, qiymətlərin müəyyən təbii və ya süni dilin sözləri və söz birləşmələri olan dəyişən başa düşülür. Bizim dəqiq, ciddi və kəmiyyətcə müəyyən olan hər şeyə səcdə etməyimizi və qeyri-səlis, qeyri-ciddi və keyfiyyətcə müəyyən olan hər şeyə etinasızlığımızı nəzərə alsaq, rəgəmli kompüterlərin yaranması heç də təəccüblü deyil... Bu kompüterlər davranışı mexanika, fizika, kimya və elektromaqnitizm qanunları ilə müəyyən edilən mexanistik, yəni canlı olmayan sistemlərlə iş zamanı çox səmərəli olmuşdur. Təəssüf ki, humanistik sistemlər haqqında bu sözləri demək olmaz...".

"Təxmini mühakimə nəzəriyyəsi" əsərində alim proyeksiya, məntiqi davam, semantik ekvivalentlik və s. prinsiplər əsasında nəticələr çıxarmağın və təxmini mühakimələr yürütməyin qeyri-səlis qaydalarının təqdim olunması imkanlarından bəhs edir.

"Qeyri-səlis məntiq - sözlərlə hesablamalar" (1996), "Qeyri-səlis informasiya qranulyasiyası nəzəriyyəsi və onun insan mühakimələrində və qeyri-səlis məntiqdə mərkəzi yeri haqqında" (1997) və "Rəqəmli hesablamalardan sözlərlə hesablamalara - ölçülərlə manipulyasiyadan hissi obrazlarla manipulyasiyalara" (2001) əsərlərində Lütfi Zadə yazır: "Qeyri-səlis məntiqin əsas töhfəsi sözlərlə hesablamalar aparılması üçün metodologiya yaradılmasıdır. Hələlik bundan ötrü heç bir başqa metodologiya yoxdur. Adi mənada hesablamalar rəqəmlər və simvollarla manipulyasiyadan ibarətdir. İnsanlar təbii dilin vasitələrilə ifadə edilmiş və ya perseptiv obrazlar formasında çıxış edən mühakimələrdən sözlərlə ifadə edilmiş, nəticələr çıxarmaq üçün hesablama və mühakimələrində isə əksinə, əsasən sözlərdən istifadə edirlər".

Professor Lütfi Zadə həm də sistem və optimal süzgəclər nəzəriyyəsinin müəllifidir. Alimin qeyri-səlis məntiq nəzəriyyəsi kimi optimal süzgəclər nəzəriyyəsi də müasir riyaziyyatda və kibernetikada yeni bir addım, yeni bir hadisədir. Bu nəzəriyyə təkcə elmi orijinallığı ilə deyil, həm də əməli nəticələri ilə qiymətlidir.

Alimin dünya elm aləmində hadisəyə çevrilən kəşflərindən biri də dinamik sistemlərdə çoxmeyarlı optimallaşdırma nəzəriyyəsidir. O, özünün bu nəzəriyyəsi ilə sübut edib ki, bütün zəruri meyarların ən yaxşı qiymətlərinə cavab verə bilən ideal sistem yaratmaq mümkün deyil. Bir meyarın yaxşılaşdırılması yalnız digərlərinin pisləşməsi hesabına mümkündür. Bu da kompromis variant tələb edir. Bununla əlaqədar Lütfi Zadə çoxmeyarlı dinamik sistemlərin qurulma üsullarını təklif edib.

1966-cı ildən etibarən dünyanın bir çox ölkələrində - İngiltərə, Almaniya, Yaponiya və başqa dövlətlərdə Lütfi Zadənin yaratdığı elmi məktəblər, laboratoriyalar fəaliyyət göstərir. "Umtaçi", "Mitsubisi", "Toşiba", "Soni", "Orison", "Kanon", "Riqo", "Sanyu", "Anesan", "Honda", "Nek", "Şarp" və s. firmalar Lütfi Zadə nəzəriyyəsinin kommersiya tətbiqi ilə məşğuldurlar.

Professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ABŞ-da kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır. Yaponiyada qeyri-səlis məntiqə əsaslanan fotovideo cihazlar buraxılır. Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropada çoxlu sistemlər və qurğular, xüsusi "ağıllı" ekspert sistemləri hazırlanır. Yaponiyada Panasonik və Kvassar adı altında mallar istehsal edən "Mitçusita" kompaniyası qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqini ugurla davam etdirir. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur. Sosioloji araşdırmalar göstərir ki, bu nəzəriyyənin tətbiq dairəsi gələcəkdə daha da genişlənəcəkdir...

Professor Lütfi Zadə sistem və optimal süzgəclər nəzəriyyəsi sahəsində də fundamental nəticələrə nail olmuşdur. Dünya alimləri onun əldə etdiyi elmi nəticələri müasir riyaziyyat və kibernetika sahəsində yeni bir hadisə kimi qiymətləndirmişlər.

L.Zadə 200-dən çox elmi məqalənin müəllifi və 70-dən çox elmi jurnalların redaksiya heyətinin üzvüdür. Hazırda dünyanın ayrı-ayrı ölkələrində Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqədar 25-ə yaxın elmi jurnal çıxır. Həmin jurnallarda alimin nəzəriyyəsi ilə bağlı hər il minlərlə məqalə çap olunur. Yaponiyada 2 mindən çox alim qeyri-səlis məntiqin istehsala tətbiqi ilə məşğuldur. Onlar qeyri-səlis məntiqi məişət tipli cihazların, elektrik avadanlıqlarının hazırlanması layihələrinə əlavələr edirlər. Son illər ABŞ-da, Yaponiyada, Avropada qeyri-səlis məntiqin bəhrəsi olan 1300-dən çox patent tətbiq edilmişdir. Alimin elmi uğurları 1991-ci ildə Yaponiyanın ən yüksək mükafatına - Honda mükafatına layiq görülmüşdür.

Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülüb. O, həmçinin Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan və ABŞ akademiyalarının üzvüdür.

Dünya şöhrətli alim İEEE Educational medalı (1973), İEEE Centennial medalı (1984), Honda mükafatı (1989), Berkeley Citation (1991), İEEE Rişard Hamming medalı (1992), Rufus Oldenburger medalı (1993), İEEE Fəxri medalı (1995), Bolzano medalı (1997), Edvard Feigenbaum medalı (1998), İEEE Milenium medalı (2000), V.Kaufman mükafatı və gızıl medalı (2004), Egleston medalı (2007), Franklin medalı (2009) ilə təltif olunmuşdur.

Professor Lütfi Rəhim oğlu Ələsgərzadəni ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq! 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru,
əməkdar elm xadimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov