Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - �06

 

"Universitetimizin beynəlxalq əlaqələrini daha da genişləndirmək fikrindəyik"

 

Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayevdir 

Abdullayev Mehdi Kamal oğlu 1980-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. Eyni zamanda Azərbaycan Dillər Universitetində tərcüməçilik ixtisası üzrə ikinci ali təhsil alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini, Azərbaycan Müəllimlər İnstitutunda beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində işləyib. Ötən ilin aprel ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur.  2009-cu ildə "Cinayət prosesində insan haqlarının müdafiəsi, Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Hazırda doktorluq dissertasiyası üzərində işləyir. M.Abdullayev eyni zamanda Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədridir.  Ailəlidir, bir övladı var.

Hazırda ölkəmizdə böyük vüsətlə həyata keçirilməkdə olan təhsil islahatının əsas hədəflərindən biri təhsil sistemimizin beynəlxalq təhsil məkanına inteqrasiyasını təmin etməkdir. Bu hədəfə çatmaq üçünsə təhsil sahəsində səmərəli beynəlxalq əlaqələrin qurulması prinsipial əhəmiyyət kəsb edir. Çünki məhz səmərəli qurulmuş beynəlxalq əlaqələr, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin nüfuzlu təhsil qurumları, müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq sayəsində ölkədə təhsilin inkişafına, onun səviyyəsinin daha da yüksəlməsinə nail olmaq mümkündür. Beynəlxalq əlaqələr həm də dünya təcrübəsində istifadə olunan yeni texnologiyaların, təlim strategiyalarının, innovasiyaların öyrənməsinə və tətbiqinə, insan potensialının inkişafına, kadrların davamlı təkmilləşdirilməsinə, tələbə-müəllim mübadiləsinə əlverişli şərait yaradır, ölkəmizin beynəlxalq aləmdə daha yaxşı tanınmasına və müsbət imicinin formalaşmasına kömək edir. Məhz buna görə də hazırda ölkəmizdə demək olar ki, bütün təhsil pillələrini əhatə edən tədris müəssisələri, xüsusən də insan kapitalının formalaşmasında, ölkənin gələcək inkişafının təminatçısı olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm rol oynayan ali məktəblər öz fəaliyyətlərində beynəlxalq əlaqələrə böyük önəm verir, xarici ölkələrin müvafiq təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasına, mövcud əlaqələri daha da genişləndirməyə səy göstərirlər. Bu məsələ ölkəmizdə pedaqoji kadrlar hazırlayan ən böyük təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin də daim diqqət mərkəzində durur. Universitetin beynəlxalq əlaqələri, son illər bu istiqamətdə görülmüş işlərlə tanış olmaq və qəzetimizə yazı hazırlamaq məqsədi ilə əməkdaşımız bu günlərdə ADPU-da olmuş, bu ali təhsil ocağının beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayevlə görüşmüşdür.

- Mehdi müəllim, istərdik öncə ölkəmizin təhsil sistemində aparılan islahatlarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin yeri və rolu, son illər bu ali təhsil ocağında görülən işlər, qazanılan uğurlar barədə məlumat verəsiniz.

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusən də 1993-cü  ildən başlayaraq inamla azad, demokratik cəmiyyət quruculuğu yoluna qədəm qoymuş, ölkə həyatının bütün sahələrində islahatlara start verilmişdir. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinə, xalqımızın rifah halının yüksəlməsinə yönəlmiş quruculuq siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Son illər Azərbaycanda elmi surətdə əsaslandırılmış və cənab Prezident tərəfindən təsdiq olunmuş dövlət proqramları həyata keçirilir ki, bu da, beynəlxalq qurumların xüsusi qeyd etdikləri kimi, ölkəmizin inkişafını təmin edir. İndi təkcə təhsil sahəsində 16 inkişafyönümlü dövlət proqramı reallaşdırılır, yeni məktəblərin tikilməsi, geniş miqyasda aparılan quruculuq, bərpa və təmir işləri, təhsil müəssisələrinin hər cür yeni avadanlıqlarla, kompüterlərlə zamanın tələblərinə uyğun təchizatı məqsədyönlü şəkildə həyata keçirilən islahatların, dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğısının nəticəsidir.

Təbii ki, ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universiteti də islahatlardan, yeniləşmədən kənarda qalmamış, təhsil islahatının mühüm komponentlərindən biri olan müasir təfəkkürlü pedaqoji kadrların hazırlanması işinə öz töhfələrini vermişdir. Xüsusən son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tanınmış alim və təhsil təşkilatçısı, professor Yusif Məmmədovun universitetimizə rektor təyin olunmasından sonra bu qocaman elm və təhsil ocağı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Hörmətli Yusif müəllimin rəhbərliyi altında son illər universitetin müsbət imicinin formalaşdırılması, zəngin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində planlı və məqsədyönlü işlər görülmüşdür. Bu baxımdan universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsilin məzmununun təkmilləşdirilməsi, kollektivdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması, imtahan sessiyalarında biliyin yeganə meyara çevrilməsi, imtahanların tam şəffaf, obyektiv, ədalətli keçirilməsinin təmin olunması yönündə atılmış mühüm addımları xüsusi qeyd etmək istərdim. Rəhbərliyin qayğısı və məqsədyönlü fəaliyyəti nəticəsində universitetdə yeni elmi tədqiqat və tədris laboratoriyaları, kompüter mərkəzi yaradılmışdır. Bütün bunların nəticəsidir ki, hazırda universitetimiz ölkədə ali təhsil sahəsində həyata keçirilən islahatların önündə gedir, ali təhsilin və elmin inkişafını təmin etmək üçün qəbul edilmiş dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının yerinə yetirilməsində yaxından iştirak edir.

- Ölkənin ali məktəbləri arasında ilk dəfə olaraq ADPU-da tələbələrin semestr imtahanlarını kompüter vasitəsi ilə vermələri geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış və təqdir olunmuşdur.  Yeri gəlmişkən, tətbiq etdiyiniz yenilik barədə bir qədər ətraflı məlumat vermənizi istərdik.

- Qeyd etdiyiniz kimi, artıq 3 ildir ki, universitetimizdə semestr imtahanları test sistemi ilə, kompüter vasitəsi ilə aparılır. Bu addım universitet rəhbərliyinin təşəbbüsü ilə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, sessiyalar ərzində yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədi ilə atılıb. İmtahanların yeni qayda ilə keçirilməsinə 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasından başlanıb. Həmin sessiya zamanı əyani şöbə üzrə bütün imtahanlar Boloniya prosesinin tələblərinə uyğun, test üsulu ilə keçirildi. Yenilik müəllimlərin imtahanlarda bilavasitə iştirakını aradan qaldırır. Universitetin kompüter mərkəzində aparılan imtahanlar üçün test sualları müvafiq kafedralar tərəfindən hazırlanaraq kompüterlərə daxil edilir. Hər tələbə kompüter qarşısında əyləşərək müvafiq əməliyyatlar apardıqdan sonra ayrılmış vaxt ərzində kompüter vasitəsi ilə ona təqdim olunan sualları cavablandırır və nəticəsini elə həmin andaca da öyrənir.

Yeri gəlmişkən qeyd edim ki, imtahanların kompüterlərlə aparılmasına tələbələr də, müəllimlər də dəfələrlə öz razılıqlarını ifadə etmişlər. Gələcəkdə qiyabi şöbədə təhsil alan tələbələr üçün də bu sistemin tətbiqi nəzərdə tutulub.

- Mehdi müəllim, bildiyiniz kimi, universitetlərin reytinqi müəyyənləşdirilərkən beynəlxalq əlaqələr, xarici tələbələrin sayı əsas kriteriyalardan biri kimi götürülür. Bu sahədə universitetinizdə vəziyyət necədir? Hansı ölkələrin ali məktəbləri ilə əməkdaşlıq edirsiniz?

- Son illər digər sahələrdə olduğu kimi, beynəlxalq əlaqələrin qurulması istiqamətində də universitetimizdə mühüm addımlar atılıb və bu sahə universitet rəhbərliyinin daim diqqət mərkəzindədir.  Universitetimiz Avropa Pedaqoji Universitetləri Assosiasiyasının üzvüdür. Onun iclaslarında müntəzəm iştirak edir, bu sahədə olan nailiyyətlərdən, innovasiyalardan bəhrələnməyə çalışırıq. Həm təşkilata üzv olan ölkələrdən öyrənir, həm də öz təcrübəmizi paylaşırıq. Aprel ayında Amsterdamda Assosiasiyanın konfransı keçiriləcək. Orada bizim nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.

Bir sıra xarici ölkələrin universitetləri ilə əlaqələrimiz var. Bunlardan ən önəmlisi qardaş Türkiyənin Hacəttəpə Universiteti ilə qurulmuş əlaqələrdir. Bu əlaqələr çərçivəsində elmi mübadilə həyata keçirilir, birgə konfranslar, simpoziumlar təşkil olunur. Hacəttəpə Universitetinin əməkdaşları universitetimizdə "Müəllim hazırlama siyasəti və problemlər", "Təhsildə qloballaşma və İKT" mövzularında keçirilən beynəlxalq elmi konfransların iştirakçısı olmuş, elmi fikir mübadiləsi aparmışlar. 2008-ci il noyabrın 24-də həmin universitetdə keçirilmiş "Müəllim günü"nə ADPU-nun nümayəndə heyəti dəvət olunmuşdu.

Bundan əlavə, Rusiya Federasiyasının subyektlərindən olan Tatarıstanın paytaxtındakı Kazan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləmiz var. Onlarla əməkdaşlığımız yenicə başlayıb. Bu istiqamətdə iş qurmağa çalışırıq.

Ukraynanın, Türkmənistanın, digər ölkələrin universitetləri ilə də hazırda əməkdaşlıq əlaqələrinin qurulması üzərində iş gedir.

Bizim Fransa ilə də bir proqramımız var. Bu, həmin ölkənin Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq əsasında yaranan bir proqram, onların kursudur. Bu kurs vasitəsi ilə Fransadan gələn müəllimlər fransız dilinin ölkəmizdə öyrədilməsinə öz töhfələrini verirlər. Çalışırıq ki, yaxın gələcəkdə TASİS, TEMPUS, Erazmus Mundus proqramlarında da iştirak edək. Bununla bağlı hələlik fikir mübadiləsi aparılır, müəyyən təcrübə öyrənilir. Çox güman ki, yaxın vaxtlarda bu sahədə də öz sözümüzü deyəcəyik.

- Universitetinizdə nə qədər əcnəbi tələbə təhsil alır?

- Hazırda universitetimizdə 100-ə yaxın əcnəbi tələbə təhsil alır. Onlar əsasən Türkiyədən gələnlərdir. Vaxtı ilə universitetdə türkiyəli tələbələrlə bağlı problem yaşanmışdı. Hörmətli rektorumuz Yusif Məmmədovun universitetimizə gəlişindən sonra o problem aradan qaldırıldı. Hazırda əvvəlki etimad bərpa olunub. Türkiyədən gələn tələbələrin sayının ildən-ilə artması bunu deməyə əsas verir. Sadəcə, müəyyən dövrdə universitetimizə inamın zəifləməsi Türkiyədən gələn  tələbələrin sayına təsirsiz ötüşməmişdir. Belə ki, indi bizim universitetin yuxarı kurslarında türk tələbələrinin sayının azlığı müşahidə olunur. Ancaq hazırlıq şöbəsində, 1 və 2-ci kurslarda türkiyəli tələbələrin sayı kifayət qədərdir. Güman edirik ki, yaxın illərdə onların sayı daha da artacaq, Türkiyədən daha çox tələbə cəlb edə biləcəyik. Apardığımız müşahidələr, təhlillər, səfirliklə əlaqələrimiz bunu deməyə əsas verir.

- Xarici tələbələrə yaradılan şərait necədir? Onları yataqxana ilə təmin edə bilirsinizmi? Ümumiyyətlə, xarici tələbələr universitetdəki təhsil mühitindən razıdırlarmı?

- Xarici tələbələrin təhsil alması üçün universitetimizdə bütün şərait var. Onlar universitetin geniş, işıqlı auditoriyalarından, laboratoriyalarından, zəngin kitabxanasından, kompüter mərkəzindən, İnternetdən istifadə edirlər. Lakin təəssüf ki, məlum səbəblərə görə hələlik onları yataqxana ilə təmin  edə bilmirik.

Universitetimizdə demək olar ki, beynəlxalq standartlara uyğun təhsil verilir. Bunu universitetdə təhsil alan əcnəbi tələbələrlə fərdi söhbətlərdə onlar özləri də dəfələrlə qeyd etmiş, bizdəki təhsilin onlarda olan standartlara yaxın olduğunu bildirmişlər. Bu mənada onlar universitetimizdə təhsil almalarından razıdırlar.

- Türkiyəli tələbələr universitetin həyatında, mədəni-kütləvi tədbirlərdə nə dərəcədə iştirak edirlər?

- Türk tələbələri universitetimizdəki tələbə həyatında fəal iştirak edirlər. Onların öz tələbə qurumları var. O quruma hər fakültədən bir neçə tələbə nümayəndə seçilir. Onlar həm də bizim köməkçilərdir. Biz onların vasitəsi ilə bütün proseslərdən, türk tələbələrinin problemlərindən hali oluruq. Bizim qapılarımız onların üzünə açıqdır. Onlar rastlaşdıqları çətinliklər, problemlərlə bağlı universitetin rəhbərliyi qarşısında məsələ qaldırır və rəhbərliyin köməyi, müdaxiləsi ilə həmin çətinlik və problemlər vaxtında öz həllini tapır.

Türkiyəli tələbələr universitetdə keçirilən mədəni-kütləvi tədbirlərdə də yaxından iştirak edir və fəallıq göstərirlər.

Biz çalışırıq ki, onları ölkəmizin tarixi inkişafı, aparılan daxili və xarici siyasət, Dağlıq Qarabağ problemi və s. ilə daha yaxından tanış edək. Məsələn, bizim Dağlıq Qarabağ problemi haqqında onların məlumatları var, lakin biz çalışırıq ki, bu problemlə bağlı onlar daha dərin bilgilərə malik olsunlar. Ölkələrinə qayıdandan sonra bizim haqq səsimizi Türkiyə ictimaiyyətinə daha dərindən çatdıra bilsinlər, Azərbaycan həqiqətlərini yaysınlar.

- Maraqlı müsahibə üçün sağ olun. 

Müsahibəni apardı:
Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov