Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - �06

 

Dünya universitetlər

 

Löven Katolik Universiteti

 
  Yerləşir: Belçika Krallığı, Flandriya vilayəti,  Löven şəhəri

 
Yaranma tarixi: 1425-ci il
Tipi: Özəl
İşçi heyətinin ümumi sayı: 9560 nəfər
Tələbələrin ümumi sayı: 36923 nəfər
Ümumi büdcəsi: 646 milyon avro
Rəsmi saytı: www.kuleuven.be
 

Löven Katolik Universiteti (Catholic University of Leuven) Belçikanın Flandriya siyasi-coğrafi regionunda, Löven şəhərində yerləşir. Universitet ölkənin ən böyük və qədim ali məktəbidir. Kortreyk şəhərində də ali məktəbin kampusu mövcuddur.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Löven Katolik Universiteti 100 ən yaxşı ali məktəb arasında 65-ci yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən Löven Katolik Universiteti 119-cu, "QS World University Rankings"in açıqlamasına görə isə 86-cı yerdə olub.  

Tarixi 

Löven Katolik Universitetinin tarixi üç mərhələyə bölünür: Qədim universitet (1425-1797), Dövlət universiteti (1816-1835), Katolik universiteti (1835-1968).

Qədim universitet: XV əsrdə Löven şəhərinin mülki rəhbərliyi Brabanta hersoqu IV İoannın dəstəyi ilə universitet yaradılması haqqında Roma katolik kilsəsində Müqəddəs Prestola (Roma katolik kilsəsinin yepiskoplar tərəfindən idarə olunan yurisdiksiyasıdır, yepiskop burada adətən Papa kimi tanınır) müraciət edir. 1945-ci il dekabrın 9-da Papa V Martin Lövendə universitet (Studium Generale) yaradılması haqqında papa bullası çıxarır. Yeni yaradılacaq universitet yerli dini iyerarxiyalardan müstəqil olmalı idi. Yarandığı gündən ləğv edilənədək universitetdə dərslər latın dilində tədris edilir. Ali məktəb ilk dövrlərdə Paris, Köln və Vyana universitetlərinə oxşar olaraq fəaliyyət göstərir. Burada Erasmus Rotterdamus, Yohannes Molanus, Coan Luis Vives, Andreas Vesalius, Gerardus Merkator kimi dahi alimlərin çalışması nəticəsində universitet XVI əsrdə sürətlə inkişaf edir.

Fransa inqilabından sonra Fransa və Avstriya arasında Kampo Formio sazişinə əsasən, Avstriya Niderlandı (hazırda Belçika) Fransaya, Venesiya Respublikası isə Avstriyaya birləşdirilir. 1797-ci il oktyabrın 25-də Dil Departamentinin (Belçikada mövcud olan Birinci Fransız imperiyasının departementi olub, departamentin ərazisindən axan çayın şərəfinə Dil adlandırılıb) fərmanına uyğun olaraq Löven Universitetinin fəaliyyəti dayandırılır. Universitetin kitabları və digər əşyaları müsadirə edilərək, Brüsseldəki Mərkəzi Məktəbə köçürülür. Həmin dövrdə qüvvədə olan qanun əsasında bu məktəb qədim Löven Universitetinin rəsmi varisi təyin edilir, lakin məktəb 1802-ci ildə bağlanır.

Universitetin kampusuDövlət universiteti: Löven Dövlət Universiteti 1817-ci ildə Birləşmiş Niderland Krallığının kralı I Vilhelm tərəfindən yaradılıb. 1830-cu ildə Belçika Niderland Krallığından ayrılaraq müstəqillik əldə edir. 1834-cü ildə Belçikanın Mexlin (fransızca Malin) şəhərində Mexlin Katolik Universiteti yaradılır. Bir il sonra - dekabrın 1-də Mexlin Katolik Universiteti Löven şəhərinə köçürülür və Löven Dövlət Universiteti bağlanır. Sonradan Mexlin Katolik Universiteti isə Löven Katolik Universiteti adlandırılır.

Katolik universiteti: Löven Katolik Universiteti 1835-ci ildən fəaliyyət göstərir. 1914-cü ildə I Dünya müharibəsi dövründə universitet alman ordusu tərəfindən qarət olunur, Löven şəhərinin böyük hissəsi yandırılır. Universitet kitabxanasından 300000 kitab, eləcə də çoxlu sayda əlyazma yoxa çıxır. 

Löven Katolik Universiteti yarandığı gündən burada dərslər fransız dilində keçilir. Universitetdə Belçika, holland və digər rəsmi dillərdə mühazirələrə 1930-cu ildən icazə verilir. 1962-ci ildə konstitusiya islahatlarına əsasən, universitetin fransız və holland dilli bölmələri muxtariyyat qazanır. Fələməng millətçilər universitetin bölünməsini tələb edir, hollandlılar fransız dilli müəllimlərə edilən güzəşt və imtiyazlara etirazlarını bildirirlər. Fransız dilli sosial-coğrafiyaçının televiziya çıxışında Löven şəhərinin inzibati statusunun dəyişdirilməsi təklifi gərginliyi daha da artırır, fələməngli siyasətçilər və tələbələr etiraz aksiyaları keçirir, nümayişlər 60-cı illərdə davam edir və yalnız 1968-ci ildə Belçika hökuməti tərəfindən yatırılır.

Universitetin mərkəzi kitabxanası1968-ci ildə universitetin bölünməsi nəticəsində mübahisəyə son qoyulur. Universitetin holland dilli hissəsi Löven şəhərində qalır və Löven Katolik Universiteti kimi fəaliyyət göstərir, fransız dilli hissəsi isə Brüsseldən 20 km cənub-şərqdə yerləşən Löven-la-Nev bələdiyyə şəhərində Qrinfild kampusuna köçürülür və de Löven Katolik Universiteti adlandırılır.

1972-ci ildə Löven şəhərindəki Löven Katolik Universiteti universitetin "Löven tədqiqatları və inkişafı" adlı layihə həyata keçirir. Bu layihə nəticəsində universitetin tədqiqatları üçün bir sıra şirkətlər milyonlarla avro vəsait ayırırlar.  1999-cu ildə Avropanın 29 ölkəsinin iştirakı ilə Boloniya deklarasiyası imzalanır. Deklarasiya nəticəsində Avropada ali təhsil islahatları aparılır, beynəlxalq əməkdaşlıq gücləndirilir, Löven Katolik Universitetində təhsil bakalavr və magistratura dərəcələrinə bölünür.  

Hazırda bu iki - "bacı universitetlər" arasında sıx əməkdaşlıq, tələbə mübadiləsi aparılır və geniş əlaqələr qurulur.  

Büdcəsi və təhsil haqqı 

Löven Katolik Universitetinin illik büdcəsi 646 milyon avro təşkil edir. Həmin məbləğin 272 milyonu dövlət vəsaiti, 259 milyonu elmi tədqiqatlar, 108 milyonu şəxsi, 7 milyonu isə digər vəsaitlər hesabına əldə olunmuş gəlirlərdir.  Universitet xəstəxanasının illik büdcəsi isə ümumilikdə 650 milyon avrodur.

Universitetin tələbə şəhərciyiLöven Katolik Universitetinin bakalavr pilləsində yerli və Avropa İqtisadi Məkanına (1993-cü ildə yaradılmış 19 ölkədən ibarət Qərbi Avropada geniş iqtisadi birlik) daxil olan ölkələrin tələbələri üçün təhsil haqqı 567 avrodur. Magistratura pilləsində təhsil haqqı 1400-8750 avro arasında dəyişir. Əksər ixtisaslar üzrə əcnəbi tələbələrin təhsil haqqı bakalavr və magistratura pilləsində 5600 avrodur. Erasmus Mundus proqramı çərçivəsində Avropa İqtisadi Məkanına  daxil olan ölkələrin tələbələri üçün magistratura pilləsində təhsil haqqı 1000, daxil olmayan ölkələrin tələbələri üçün isə 7000 avrodur. Nanoelmlər və nanotexnologiya üzrə Erasmus Mundus proqramı çərçivəsində Avropa İqtisadi Məkanı ölkələri üçün magistratura pilləsində təhsil haqqı 4000, əcnəbilər üçün isə 8000 avrodur. Mühəndislik, kimya texnologiyaları üzrə isə Erasmus Mundus proqramı çərçivəsində Avropa İqtisadi Məkanı ölkələri üçün 3200, əcnəbilər üçün isə 8000 avrodur. Tələbə təhsil haqqından əlavə qeydiyyat, nəqliyyat, yataqxana, qidalanma, tibbi sığorta və s. xərcləri də nəzərə almalıdır.    

Universitet bu gün 

Löven şəhəri 5 bələdiyyə vilayətindən (Löven, Heverli, Kassel-Lo, Vilsel və Uijqmaal) ibarət aqlomerasiyadır və Brüsseldən 30 km şərqdə yerləşir. Löven sakit və qonaqpərvər qədim Avropa şəhəridir. Şəhərdə 90000 nəfərdən çox əhali yaşayır. "Tələbə şəhəri" adlandırılan Lövenin əhalisinin 46000-ni tələbələr təşkil edirlər. Şəhərin mərkəzində "Əbədi tələbə" abidəsi qoyulub. Heykəl bir əlində kitab tutur, digər əli ilə isə qədəhdən başına "elm" tökür. Löven şəhərində Löven Katolik Universitetinin 421 binası mövcuddur. Məşhur qotik üsluba aid Citi Hollun yanında yerləşən orta əsrlərə aid Klos Holl tikilisi universitetin əsas inzibati binasıdır. Həmçinin Belçikanın Kortreyk şəhərinin cənubunda, Hoog Kortreyk kvartalında  universitetin kampusu yerləşir.

Löven Katolik Universitetində aşağıdakı kafedra, fakültə və institutlar fəaliyyət göstərir.

Löven şəhərində Əbədi tələbə heykəliHumanitar və ictimai elmlər qrupu  İlahiyyat, Kilsə hüququ, Hüquq, Biznes və iqtisadiyyat, İctimai elmlər, İncəsənət, Psixologiya və pedaqogika elmləri fakültələrindən, KADOC-Din, Mədəniyyət və Cəmiyyət Sənədləşməsi və Tədqiqatı Mərkəzindən, Fəlsəfə, Löven Xarici Dillər institutlarından ibarətdir.

Dəqiq elmlər, mühəndislik və texnologiya qrupu Dəqiq elmlər, Mühəndislik, Bioelmlər mühəndisliyi, Memarlıq, şəhərsalma və regional planlaşdırma, Biologiya, Biosistemlər, Mülki tikinti, Kimya, Kimya texnologiyası, Kompüter elmləri, Yer və ətraf mühit haqqında elmlər, Elektrotexnika,  Metallurgiya və materialşünaslıq, Mikrob və molekulyar sistemlər, Fizika və astronomiya, Riyaziyyat, Maşınqayırma fakültələrindən, Dəqiq Elmlər, Texnologiya və Etika Mərkəzindən  ibarətdir.

Biotibbi elmlər qrupu Tibb, Əczaçılıq, Kineziologiya və reabilitasiya elmləri fakültələrindən,  Kəskin tibbi elmlər, Biotibbi kineziologiya, Eksperimental tibb, Əczaçılıq elmləri, Ürək-damar xəstəlikləri, Cərrahiyyə, İnsan kineziologiyası, Səhiyyə, Tibbi diaqnostika elmləri, İnsan genetikası, Mikrobiologiya və immunologiya,  Molekulyar və hüceyrə biologiyası, Əzələ-sümük, Neyroelmlər, Onkologiya, Patofiziologiya, Reabilitasiya elmləri, Stomatologiya, patalogiya və çənə-üz cərrahiyyəsi, Qadın və uşaq departamentlərindən, Gövdə Hüceyrəsi İnstitutundan, İnfeksion xəstəliklər, Fiziki fəallıq və Sağlamlıq mərkəzlərindən ibarətdir.

Universitetdə, həmçinin Avropa Etika, Universitet Statistika, Aqrar Tarix, LUKAS-Qayğı Tədqiqatları və Məsləhətləşmə mərkəzləri, HIVA-Əmək və Cəmiyyət Elmi-Tədqiqat, Energetika institutları mövcuddur.

Löven Katolik Universiteti özəl olsa da, universitetin tədris proqramları və diplomları bütövlükdə Flandriya dövləti tərəfindən akkreditə olunub.  Universitetə  TEMPUS və Erasmus, tələbə mübadiləsi proqramları çərçivəsində əcnəbi tələbələr qəbul olunurlar. Ali məktəbdə dərslər holland dilində keçilməklə yanaşı, ingilis dilində də proqramlar təklif olunur. Bakalavr pilləsində təhsil 3 ildir və bu mərhələdə dərslər, əsasən, holland dilində keçilir. Yalnız Fəlsəfə İnstitutunun və İlahiyyat fakültəsinin bakalavr pilləsində bütöv ingilis dilində proqramlar mövcuddur. Diplomdan sonrakı təhsildə isə əcnəbilər üçün geniş imkanlar yaradılıb və tədris holland dili ilə yanaşı, ingilis dilində aparılır.

Universitetin muzeyiDiplomdan sonrakı təhsil, bir çox ölkələrdə olduğu kimi, iki pillədən ibarətdir - magistratura (1 və ya 2 il) və doktorantura (PhD). Hər iki pilləni bitirərkən dissertasiya müdafiə edilir. Bu ali məktəbdə ingilis dilində 70-dən çox beynəlxalq proqram (ixtisas) təklif olunur. Universitetdə tələbələrin müstəqil işinə, tədqiqatlarına xüsusi diqqət ayrılır. Tədris metodikası iki variantda təqdim edilir: klassik mühazirə-monoloq və dərsliklərlə iş. Löven Katolik Universitetinin doktorantlar üçün 3 məktəbi mövcuddur. Bunlar Dəqiq Elmlər, Mühəndislik və Texnologiya, Biotibbi Elmlər, Humanitar Elmlər və İncəsənət doktorantura məktəbləridir. Məktəbin vəzifəsi milli və beynəlxalq səviyyədə elmlər namizədlərinin təhsilini, onların bütün sahələrdə akademik karyera əldə etmələrini təmin etməkdir.

Löven Katolik Universitetinin hazırkı kitabxanasının yaranma tarixi 1834-cü ilə təsadüf edir. Naamsestraat binasındakı kolleksiya XVII əsrdən toplanmağa başlanıb. Qədim universitetə məxsus arxivlər hazırda Belçika Milli Arxivinin əsas hissələrindən biridir. I Dünya müharibəsi zamanı universitet kitabxanası dağıdıldıqdan sonra 1921-1928-ci illərdə Ladeuzepleində amerikalı memar Uitni Uorren tərəfindən yeni kitabxana binası tikilir.  Həmin bina hazırda universitetin ən böyük tikililərindən biridir.

Dünyanın əksər ölkələrindən olan insanlar universitetin kitabxanasına edilən vandalizm aktından bərk hiddətlənirlər və onların verdiyi ianələr nəticəsində kitabxana kolleksiyası bərpa olunur. Lakin 1940-cı ildə alman ordusunun Löven şəhərinə hücumu nəticəsində kitabxana binası yandırılır,  900000 əlyazma və kitab məhv edilir. Müharibədən sonra isə bina Uorrenin dizaynına uyğun olaraq bərpa edilir və 1968-ci ildə kitabxana 4 milyondan çox kitaba malik olur. Həmin il universitetin holland və fransız dilli hissələrə ayrılmasından sonra kitabxana kolleksiyası da iki yerə bölünür.

Universitetin kitabxana sisteminə hazırda Mərkəzi, Humanitar, İncəsənət, Biznes və iqtisadiyyat, Fəlsəfə, Hüquq, Psixologiya və pedaqogika, Sabbe ilahiyyat, İctimai, Biotibbi elmlər, Arenberq, Kortreyk kitabxanaları daxildir. Ümumilikdə kitabxana kolleksiyasına 4,3 milyon cild kitab, 14500 jurnal, 7492 tam mətnli elektron jurnal daxildir. Təkcə Mərkəzi kitabxananın kolleksiyası 1300000-dən çox materialdan ibarətdir,  İlahiyyat kitabxanası isə bu sahə üzrə Avropanın ən zəngin kitabxanalarından biridir.

Löven Katolik Universitetinin müəllim və tələbələri vəzifələrinin icrasında akademik sərbəstliyi, eyni zamanda məsuliyyətliliyi ilə seçilir. Universitetin müəllimləri arasında gənc kadrlara geniş yer ayrılıb. Löven Katolik Universitetinin rektoru hazırda professor Mark Vaerdir. Ali məktəbin əməkdaşlarının ümumi sayı 9560 nəfərdir. Onların 1463 nəfəri böyük akademik, 5136 nəfəri kiçik akademik, 3098 nəfəri isə inzibati heyətdir. Universitet xəstəxanasında 8500-dən çox işçi çalışır.  

Löven Katolik Universitetində ümumilikdə 36923 tələbə təhsil alır, onlardan 5078 nəfəri əcnəbi tələbələrdir. Tələbələrin 2518 nəfəri Avropa Şurasına daxil olan, 2560 nəfəri isə dünyanın digər ölkələrindən olan gənclərdir.

Löven şəhərində tələbələrə uyğun qiymətə geniş spektrdə universitet və özəl yataqxanalar təklif olunur. Mənzil idarəsi otaqla təmin olunmaqda tələbələrə yardım edir. Tələbələrin Löven şəhərinə gəlməmişdən öncə yataqxana ilə bağlı universitetə müraciət etmələri daha məqsədəuyğundur. Yaşayış yeri tapmaq üçün ən çətin vaxt sentyabr ayıdır. Universitet yataqxanaları 20-dən başlayaraq 400-ə qədər otağa malikdir. Mətbəx və hamam otaqları ümumidir. Löven Katolik Universiteti Erasmus proqramı çərçivəsində təhsil alan əcnəbi tələbələrin məskunlaşmaları üçün 1200 yataqxana otağının 200-nü ehtiyat kimi ayırıb. Mübadilə proqramı çərçivəsində təhsil alan tələbələr universitet yataqxanalarında qala bilməzlər, onlar özəl mənzillərdə məskunlaşdırılır. Universitet yataqxanalarında ailəli tələbələr üçün də otaqlar mövcuddur. Yataqxanalarda mebel, avadanlıqlarla təchiz edilmiş, ümumi mətbəx və vanna otağından ibarət bir otağın (başqa tələbələrlə bir yerdə qalmaq şərti ilə) aylıq qiyməti 260-300, ayrıca mətbəx və vanna otağı olan, mebel və avadanlıqlarla təchiz edilmiş otağın aylıq qiyməti isə 400-500 avrodur.

Adətən tələbələr boş vaxtlarını dostları ilə birgə Löven şəhərini gəzməklə, şəhərin kafelərində söhbət etməklə keçirirlər. Tələbələrin toplaşdıqları ən məşhur məkan Qədim Bazar Meydanıdır. Tələbələr kinoteatrda vaxtlarını keçirməyi də çox sevirlər. Şəhərin böyük kinoteatrı 8 kino zalından ibarətdir və burada ən yeni filmlər nümayiş olunur. Şəhərdə video-studiyalar da fəaliyyət göstərir. İyul-avqust aylarında Löven şəhəri konsert meydanına çevrilir - hər kəs sevdiyi musiqini canlı dinləmək fürsəti qazanır, rok, caz, blyuz, Latın-Amerika, klassik musiqi festivalları təşkil edilir. Tələbələr ekskursiyalara getməyi, səyahət etməyi də çox sevirlər. Paris, Amsterdam və Avropanın digər şəhərləri Lövendən çox da uzaqda deyil, gənclər bu şəhərlərə asanlıqla gedə bilərlər.

Avropanın aparıcı elmi-tədqiqat mərkəzlərindən biri olan Löven Katolik Universiteti Koimbra (aparıcı Avropa universitetlərindən ibarət şəbəkə), LERU (Avropa Tədqiqat Universitetləri Liqası) qruplarının üzvüdür. Universitet İsa peyğəmbərin anası Müqəddəs Mariyanın şərəfinə fəaliyyət göstərir və bu, onun emblemində də təsvir edilib. Ali məktəbin devizi isə "Müdriklik taxtı" sözləridir. Hər il fevralın 2-də universitetdə Müqəddəs Mariyaya həsr olunmuş təntənəli mərasim keçirilir. Həmin gün universitet fəxri doktor mükafatı təqdim edir. Bu ali məktəb katolik universitet olduğu üçün elm və din arasındakı əlaqələrlə məşğul olur, kilsə və dünya arasında dialoq yaratmağa çalışır, eləcə də bəşəriyyətin elmi və mədəni inkişafında fəal  iştirak edir.

Universitetin məşhur məzunları 

  VI Adrian  Roma papası  
  Herman van Rompey 2009-cu ildən Avropa Şurasının prezidenti  
  Otto fon Qabsburq  müasir Qabsburqlar ailəsinin başçısı, Avstriya və Macarıstan kralı I Karlın böyük oğlu  
  Rafael Anxel Kalderon Quardiya Kosta-Rikanın sabiq prezidenti  
  Frans van Kauvelaert  siyasi xadim  
  Əbdül Qədir xan Pakistanın nüvə silahı proqramının yaradıcısı  
  Piter de Somer Löven Katolik Universitetinin birinci rektoru  
  Patrik Frensis Hili Corstaun Universitetinin 29-cu prezidenti  
  Kristian de Duve tibb üzrə Nobel mükafatı laureatı  
  Andreas Vasalius müasir anatomiyanın atası  
  Venq Venhao Çin coğrafiyasının banisi  
  Karl Jan de la Valle-Pusen sadə ədədlər teoremini kəşf etmiş alim  
  Mauris Entoni Bio Belçika-Amerika fiziki, poroelastiklik    nəzəriyyəsinin banisi  
  Andre Qoffeau mayanın DNT kodunun kəşfində iştirak etmiş alim  
  Corc Lemetr keşiş, astronom  
  Rembert Dodoens botanik  
  Yustus Lipsius humanist  
  Antuan Verqote  ilahiyyatçı, filosof, psixoloq və psixoanalitik  
  Leonardus Lessius etik və iqtisadçı  
  Antanas Baranaukas Polşa-Litva şairi  
  Albrext Rodenbax şair  
  Emil Cozef Dillon yazıçı və jurnalist  

          Universitetin fəxri doktorları 

  Meri Robinson İrlandiyanın sabiq prezidenti  
  Patriarx I Varfolomey dünya ortodoks xristianlarının lideri, Konstantinopol kilsəsinin rəhbəri  
  Oskar Arnulfo Romero San-Salvador arxiyepiskopu, insan hüquqları müdafiəçisi  
  Karla Del Ponte BMT-nin beynəlxalq cinayət hüququ tribunalının  baş prokuroru  
  Helmut Koll Almaniyanın sabiq kansleri  
  Helmut Şmidt  Almaniyanın sabiq kansleri  
  Rocer Penrouz Oksford Universitetinin riyaziyyat-fizika üzrə professoru  
  Timoti Qarton Eş Oksford Universitetinin Avropa tədqiqatları üzrə professoru  
  Mario Varqas Lyosa Peru yazıçısı  
  Nadin Qordimer Cənubi Afrika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Con Breytueyt Avstraliya kriminalisti, ədalətli və sülhpərvər  ideyaların müəllifi  
  Jak Derrida fransız filosof  
  Marta Nussbaum Amerika filosofu, Çikaqo Universitetinin əməkdaşı  
  Roberto Beninyi İtaliya aktyoru və rejissoru  

                                                                              Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov