Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - �07

 

Azərbaycanın elm korifeyləri

İstedadlı alim, görkəmli pedaqoq, xalq sənətinə bağlı yazıçı

 

Əbdüləzəl Dəmirçizadənin başlıca idealı Azərbaycan dilinin məna gözəlliklərini qorumaq və zənginləşdirmək idi 

"...Mən professor Bəkir Çobanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir, Abdulla Şaiq kimi görkəmli şəxslərin tələbəsi olmuşam, ədəbiyyat, incəsənət və elm sahəsində bir sıra məşhur şəxsiyyətlərlə - Səməd Vurğun, Süleyman Rüstəm, Əbülhəsən, Sabit Rəhman, akademik Həmid Araslı, professor Cəfər Xəndan, xalq rəssamı S.Salamzadə və başqaları ilə sinif yoldaşı olaraq təhsil almışam... Dilçilik sahəsində əsl tədqiqat aparmaq zərgərlikdir". 

Əbdüləzəl DƏMİRÇİZADƏ 

Azərbaycanın görkəmli dilşünas alimi, EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (Rəsulov) 1909-cu ildə Şəki şəhərində dəmirçi ailəsində anadan olmuşdu.   İlk təhsilini 1917-1922-ci illərdə Şəkidə "Hədiqətül-maarif" adlı məktəbdə almış Əbdüləzəl Məmməd oğlu sonra Şəki nümunə zəhmət məktəbində oxumuş, 1925-ci ildə Şəki Müəllimlər Seminariyasına daxil olmuşdu.   Pedaqoji məktəbi bitirən gənc 2 nömrəli tədris ocağına müəllim təyin edilmiş, müəllimlik etməklə yanaşı, "Şəki fəhləsi" qəzetinin fəal müxbiri, "Qızıl qələm" cəmiyyətinin Şəki təşkilatının üzvlərindən biri olmuşdur.  1929-cu ildə Ə.Dəmirçizadə ali təhsil almaq niyyəti ilə Bakıya gəlmiş, Azərbaycan Dövlət Darülfünununun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur.  Tələbəlik illərində o, sonralar Azərbaycan elmi və mədəniyyəti tarixində tanınmış şəxslərə çevrilmiş insanlarla ünsiyyətdə olmuşdur.  Son kursda  oxuyarkən Ə.Dəmirçizadə professor B.Çobanzadənin rəhbərlik etdiyi dillər kafedrasında çalışmışdır. Ali təhsili başa vuran gənc müəllim ailə vəziyyəti ilə əlaqədar Şəkiyə qayıdıb pedaqoji fəaliyyətini davam etdirmişdir.  Bir il sonra professor B.Çobanzadə onu Bakıya çağırtdırmışdır. Dilçilik üzrə aspiranturaya daxil olan Əbdüləzəl Dəmirçizadə həm də kafedranın müəllimi işləmişdir.

Əbdüləzəl Dəmirçizadənin 1938-ci ildə nəşr etdirdiyi "Azərbaycan ədəbi dili tarixi xülasələri" adlı ali məktəb tələbələri üçün dərsliyi keçmiş SSRİ məkanında tanınmış S.E.Malov, N.K.Dmitriyev, Y.E.Bertels kimi alimlərin diqqətini cəlb etmiş, əsəri namizədlik dissertasiyası kimi müdafiə etmək tövsiyə olunmuşdur.

1940-cı ildə həmin əsərə görə filologiya elmləri namizədi alimlik dərəcəsi alan Ə.Dəmirçizadə 4 il sonra artıq "Azərbaycan dilinin tarixi" (qədim dövr)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdi.

Professor Ə.Dəmirçizadə 40-cı illərin əvvəllərində ADU-nun kafedra müdiri vəzifəsində çalışmışdır. 1943-cü ildən o, həyatının sonuna qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmişdir. 1951-1960-cı illərdə professor Dəmirçizadə həm də Azərbaycan SSR EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Azərbaycan dili tarixi şöbəsinin müdiri olmuş, elmi əsərlərin hazırlanmasında, kadr yetişdirilməsində əmək sərf etmişdir.

Ə.Dəmirçizadə 1955-ci ildə EA-nın müxbir üzvü seçilmişdir. Professor Ə.Dəmirçizadə türkologiya elminin görkəmli nümayəndəsi olmuşdur. O, hələ sağlığında, Azərbaycan dilçiliyinin dialektologiya sahəsi müstəsna olmaqla, bütün sahələrə aid ilk tədqiqatçı kimi dəyərləndirilmişdi.

Maraqlı cəhət burasıdır ki, Əbdüləzəl Dəmirçizadə Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə aid kitablar, məqalələr yazmaqla məhdudlaşmamışdır.

Professor Dəmirçizadə Azərbaycan dili, onun tədrisi metodikası üzrə, eləcə də Azərbaycan ədəbiyyatı mütəxəssislərinin müəyyən qisminin yetişməsində öz zəhmətini əsirgəməmişdir.

Əbdüləzəl Dəmirçizadə böyük türkoloq alim olmaqla yanaşı, həm də bir elm təşkilatçısı idi. Uzun illər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmişdi. Bu kafedra böyük alimin qayğısı və yaxından köməyi ilə Azərbaycanın dilçi alimlər ordusu sırasına bir çox bacarıqlı kadrlar vermişdir.

Vaxtilə professor Ə.Dəmirçizadə ilə birgə çalışmış Azərbaycan dilçiliyi kafedrası üzvlərinin təsdiqlədikləri kimi, səmimilik, təmkinlilik, təvazökarlıq, qayğıkeşlik, əməksevərlik, gözəl yaddaşa və məntiqi mühakiməyə malik olmaq onun şəxsi keyfiyyətlərindən idi.

Dilçi kadrların yetişməsi sahəsində Ə.Dəmirçizadənin böyük xidmətləri olmuşdur. Belə ki, onun rəhbərliyi altında 70-dən çox elmlər namizədi və elmlər doktoru yetişmişdir. Neçə-neçə dilçi  alimin müdafiəsində opponentlik etmişdir. 

Azərbaycan dilinin tarixi, fonetika və qrammatikası, üslubiyyatı sahəsində tədqiqləri 

Elm sahəsində istedadlı alim kimi tanınmış Ə.Dəmirçizadə "Müasir Azərbaycan dilinin fonetikası", "Azərbaycan dilinin üslubiyyatı", "Azərbaycan ədəbi dili tarixi xülasələri", "M.F.Axundov dil haqqında və Axundovun dili", "Kitabi-Dədə Qorqud" dastanlarının dili" kitabları ilə dilşünaslığımızı zənginləşdirmişdir.

Professor Əziz Əfəndizadə müdrik həmyerlisi ilə bağlı qələm məhsulunda ("Onun həyat yolu") yazırdı: Professor Ə.Dəmirçizadə elmi fəaliyyətinin ən böyük hissəsini dilimizin tarixinin tədqiqinə sərf etmişdir. O, həmin sahədəki elmi fəaliyyətinə Azərbaycan ədəbiyyatı klassiklərinin dilinin tədqiqi ilə başlamışdır. Həmin tədqiqlərin nəticələri olaraq yazılmış "Qasım bəy Zakirin dili haqqında", "C.Cabbarlının dramaturgiya dili", "M.Ə.Sabirin satira texnikası", "Azərbaycan ədəbi dili tarixində M.F.Axundovun yeri", "M.F.Axundovun pyeslərinin dili" və s. məqalələr "Revolyusiya i kultura" (indiki "Azərbaycan" jurnalı), "Müəllimə  kömək"  jurnallarında, "Ədəbiyyat" və "Azərbaycan müəllimi" qəzetlərində dərc olunmuşdur. Bu yazılarla gənc dilşünas ədəbi dillə bağlı elmi problemin həlli istiqamətində ilk addımlarını atırdı.

1938-ci ilin sonlarında çapdan çıxmış "Azərbaycan ədəbi dili tarixi xülasələri" haqlı olaraq ədəbi dilimizin "inkişaf tarixini öyrənməkdə ilk bünövrə daşı" (Ə.Əfəndizadə) hesab olunur. "Kitabi-Dədə Qorqud"un, Nəsimi, Xətai, Füzuli, Vaqif, M.F.Axundov və başqa söz sənətkarının dil və üslub xüsusiyyətləri, müxtəlif üslubların formalaşıb inkişaf etməsi, qrammatik vahidlərin təkmilləşməsi prosesləri haqqında məlumatların təhlil edildiyi kitab o dövrdə məşhur türkoloq N.K.Dmitriyev tərəfindən türkologiyada ilk orijinal əsər kimi qiymətləndirilmişdir.

Professor Ə.Dəmirçizadənin ən irihəcmli və çox dəyərli əsərlərindən biri "Azərbaycan dilinin tarixi" (1948) dörd böyük fəsildən ibarətdir.

Bu çox maraqlı və ciddi tədqiqat əsəri barədə akademik E.Struve, akademik İ.İ.Meşşaninov yüksək fikirlər söyləmişlər.

Akademik İ.İ.Meşşaninov əsərə verdiyi rəydə yazmışdır:

"Bu əsərin müəllifi heç bir sələfə malik olmadan, birinci dəfə ən qədim dövrlərdən Azərbaycan dilinin tarixini verir, son dərəcə mürəkkəb bir məsələ üzərində qurulmuş olan bu əsər birinci və ciddi əsərdir. Madam ki, tarixçi ölkənin ümumi tarixini yazmaqla məşğuldur, dilçi də dil sahəsində belə bir vəzifəni öhdəsinə götürməlidir. Ə.Dəmirçizadə bu mövzunu götürmüş və onu müvəffəqiyyətlə yerinə yetirmişdir.

O, birinci olaraq geniş dairədə sövti müqayisəli təhlildən istifadə etmişdir. Bu isə ona bir sıra yeni və çox qiymətli fikirlər söyləmək imkanı vermişdir...".

Dilimizin tarixini öyrənmək sahəsində professor Ə.Dəmirçizadənin böyük xidmətlərindən biri də "Kitabi-Dədə Qorqud" dastanlarının dili üzərində apardığı tədqiqatdır. Qeyd etmək lazımdır ki, həmin dastanlar indiyədək dünya alimlərindən bir çoxunun diqqətini cəlb etmiş, onun haqqında saysız-hesabsız tədqiqat əsərləri yaradılmışdır. Lakin bəzi mübahisəli məsələləri, məsələn, bu dastanların nə zaman yaradıldığını, hansı xalqa mənsub olduğunu və s. dil materialları əsasında sübuta yetirmək üçün təşəbbüs göstərən olmamışdır. Belə bir təşəbbüsü ilk dəfə, demək olar ki, professor Ə.Dəmirçizadə öz öhdəsinə götürmüş və həmin dastanların dilini ətraflı şəkildə öyrənməklə bir sıra maraqlı nəticələrə gəlmişdir. O, "Kitabi-Dədə Qorqud" dilindəki leksik, qrammatik və fonetik xüsusiyyətləri müəyyənləşdirməklə bu dastanların Azərbaycan dilinin ən qədim abidəsi olduğunu sübut etmək üçün tutarlı əsaslar göstərmişdir. Bütün bu kimi məziyyətlərinə görə, məşhur türkoloq, SSRİ EA-nın müxbir üzvü olmuş professor A.N.Kononov müəllifin həmin əsərini "Kitabi-Dədə Qorqud" dastanlarının öyrənilməsində "yeni bir mərhələ" adlandırmışdır.

Professor Ə.Dəmirçizadə "Azərbaycan dilinin sövtiyyatı" (1947), "Müasir Azərbaycan dilinin fonetikası" (1960) kitablarını nəşr etdirmişdi. Dilimizin orfoepiyası və orfoqrafiyasına aid məqalələri çap olunmuşdu.

"Azərbaycan dilinin üslubiyyatı" (1962) əsəri bu sahədə əsaslı mənbələrdəndir.

Alimin etimologiya sahəsində araşdırmalarının bəhrəsi olan "50 söz" əsəri (Bakı, 1968) dilimizin tarixini öyrənənlər, tarixçilər üçün, geniş oxucu kütləsi üçün bu gün də öz dəyərini saxlayan kitabdır. 

Dilin tədrisi metodikası ilə bağlı dəyərli məqalələr 

Azərbaycan dilçilik elminin üçlüyü kimi tanınan M.Şirəliyev, Ə.Dəmirçizadə və M.Hüseynzadə həm də orta məktəblər üçün dərslik hazırlayıblar. Akademik M.Şirəliyevlə professor M.Hüseynzadənin dərsliyi uzun illər orta məktəblərdə istifadə olunmuşdur.

Professor B.Çobanzadənin digər yetirməsi - Ə.Dəmirçizadə 1936-cı ildə ibtidai məktəbin III sinfi üçün "Türk (Azərbaycan-Ş.M.) dili" adlı ilk kitabı hazırlamışdır.

Sonralar Ə.Dəmirçizadə orta məktəblər üçün "Qrammatika" (1938), kar-lallar üçün "Azərbaycan dili" (1941) və "Azərbaycan dili" (1941) dərsliklərini hazırlamış, bunlar uzun illər tədris müəssisələrində istifadə olunmuşdur.

Azərbaycan dilçiliyinin bu görkəmli nümayəndəsi həm də ana dili tədrisinin bu və ya digər məsələləri ilə maraqlanmış, Azərbaycan dilinin tədrisi ilə bağlı otuza yaxın jurnal və qəzet məqaləsi çap etdirmişdir. Tanınmış metodist alim, mərhum Əhəd Əhmədov yazırdı: "Bu məqalələrin  məzmunundan aydın olur ki, professor Ə.Dəmirçizadə dil tədrisinin nəzəri və praktik məsələləri ilə təsadüfi deyil,  bir tədqiqatçı kimi həmişə sistemli, mütəşəkkil və ardıcıl şəkildə məşğul olmuşdur. Ə.Dəmirçizadə Azərbaycan dili tədrisinin bugünkü problemləri ilə yanaşı, həm də onun keçmiş olduğu inkişaf tarixinə nəzər salmış, bu sahədə maraqlı tədqiqat işi aparmışdır".

Ə.Dəmirçizadə məqalələrində ana dili dərslik və proqramlarına münasibətini bildirmiş, təlimdə dərsliyin rolunu düzgün dəyərləndirmişdir. Bu baxımdan 1936-cı ildə "Müəllimə kömək" (indiki "Azərbaycan məktəbi") jurnalının 9-cu nömrəsində çap olunmuş metodik məktub, "Azərbaycan məktəbi"nin 1946-cı il 2-ci nömrəsində verilmiş "Məktəb sərfinin elmi əsasları" məqalələri dərsliklərin vəziyyətini ətraflı təhlil edən, nöqsanları obyektiv göstərən, dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı dəyərli təklif və mülahizələrlə zəngin olan qələm məhsullarıdır.

"Orta məktəbin Azərbaycan dili proqramması haqqında", "Sintaksisi elmi əsaslar üzərində qurmalı", "Ana dili təlim fənlərinin əsasıdır", "Sinifdənxaric oxu", "Savadlı şagirdlər yetişdirək", "Ana dilini əla bilməli", "Mübtədanın sualları haqqında" və s. məqalələr ötən əsrin 40-50-ci illərində "Kommunist", "Azərbaycan müəllimi", "Ədəbiyyat" qəzetlərində dərc olunmuş, böyük əks-səda doğurmuş elmi-metodik yazılardır.

Ə.Dəmirçizadə Azərbaycan dilinin keyfiyyətli tədrisi üçün mühit, müəllim və dərslik amillərini başlıca şərt hesab edirdi. Müəllif yazırdı: "AiləniE dilin öyrənilməsində mühüm rol oynayan amillərdən biri olan mühitə daxil etmək lazım gəlir. Mühit adlandırdığımız amilə təşkilat, teatr, radio, kino və  bir  sıra yığıncaqlar da  daxildir.  Dilin  öyrənilməsində, nitq inkişafında bunların böyük rolu vardır". 

Taleyimdə izi qalan insan 

 

Paşa Əfəndiyev,

əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor 

Böyük Vətən müharibəsinin qızğın çağları idi. Səhv etmirəmsə, 1944-cü ilin qışı idi. Orta məktəbin VIII sinfində oxuyurdum. Atam oxuduğum məktəbdə rus dili müəllimi idi. Bir qayda olaraq, mən onun aldığı qəzet və jurnalları vərəqləyirdim. Bir gün "Müəllimə kömək" ("Azərbaycan məktəbi" jurnalı o vaxt belə adlanırdı) jurnalı nömrələrinin birində Əbdüləzəl Dəmirçizadənin şəklinə rast gəldim. Ayaq üstdə dayanmışdı, əlində də kitab tutmuşdu. Nədənsə, onun çöhrəsi, duruşu diqqətimi cəlb elədi. Yazılmışdı ki, Dəmirçizadə  doktorluq dissertasiyası müdafiə edib. Dəmirçizadə ilə ilk tanışlığım belə olmuşdur.

Mən o zaman haradan biləydim ki, orta məktəbi bitirdikdən sonra pedaqoji instituta girəcəyəm və Ə.Dəmirçizadə də mənim müəllimim olacaqdır.

İnstitutda mənə Azərbaycan dilindən aşağıdakı müəllimlər dərs demişlər: Ə.Dəmirçizadə, Zeynal Tağızadə, İsmayıl Əfəndiyev və Böyükxanım Rəhimova. III-IV kurslarda bizimlə dildən yalnız Ə.Dəmirçizadə məşğul olurdu. Dil tarixini və tarixi qrammatikadan mühazirələri Əbdüləzəl müəllim oxuyurdu. Onun aramla, səbr və böyük həvəslə oxuduğu mühazirələrin sədaları indi də qulağımdadır. Mühazirələrin müəyyən hissəsini yazdırır və sonra da izah edirdi. O zaman Azərbaycan dilinin tarixinə dair, demək olar ki, çap materialı yox idi. Biz xüsusilə Əbdüləzəl müəllimin "Dədə Qorqud" dastanlarının dilinə aid olan mühazirələrini, demək olar ki, əzbərləmişdik. Dastandan gətirilən uğurlu misallar bizə eyni zamanda dastanın özünü öyrənməyə  kömək göstərirdi. Əbdüləzəl müəllim kafedra müdiri kimi "Kitabi-Dədə Qorqud"dan ixtisas kursu da qoymuşdu.

...1950-ci ildə Əbdüləzəl müəllim dil və ədəbiyyat fakültəsinin dekanı oldu. Ali məktəbi bitirəndə Ə.Dəmirçizadə mənə tapşırdı ki, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri professor M.Rəfilinin yanına gedim, həm rəhbərliyini xahiş edim, həm də referat üçün mövzu istəyim. O zaman vəziyyət ağır idi. Yataqxanaya getdim, çox fikirləşdim. Nəhayət, qərar çıxardım ki, mən kəndə getməliyəm (Məni Şəki rayonunun Baş Göynük kənd bir nömrəli orta məktəbinə dil-ədəbiyyat müəllimi göndərmişdilər). Bir-iki gün sonra institutda Əbdüləzəl müəllimlə rastlaşdıq: - Paşa! (O, mənə həmişə belə müraciət edirdi). Sənədlərini hazırladınmı? Mövzu götürdünmü?

Mən duruxdum, dedim ki, professor, mən kəndə gedirəm. Əbdüləzəl müəllim tutuldu, ciddi bir görkəm aldı, incik bir vəziyyətdə dedi ki, hara gedirsən? Dedim ki, rayona, sənədlərimi də vermişəm qeydiyyatdan çıxarsınlar. Çarəm yox idi, utana-utana vəziyyəti ona danışdım, professor dedi ki, atana teleqram vur, ondan icazə al, dörd il səni gözləyib, üç il də gözləyər. O əlavə elədi ki, sən nə etdiyini bilirsənmi, sənin taleyin həll olunur, gələcəyin aspiranturadan asılıdır, belə imkan bir də ələ düşməz. O dedi ki, indi get komsomoldan xasiyyətnamə al, anket doldur, diplomun üzünü çıxart və professor M.Rəfili ilə də görüş. Beləliklə, mən qaldım, aspiranturaya daxil oldum, elmi rəhbərim də professor M.Rəfili oldu. Professor Dəmirçizadə taleyimi belə həll elədi. 

Dilimizin böyük tədqiqatçısı

 

Qəzənfər Kazımov,

filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri 

Professorun şəxsiyyətinə və əsərlərinə nəzər saldıqda belə bir təsəvvür yaranır ki, elə bil, Azərbaycan dili onun şəxsində öz böyük tədqiqatçısını gözləyirmiş və elə bil, professor Dəmirçizadə bunu duymuş, bu duyğu ilə hər tərəfə qol-qanad açmış, onun ilkin ehtiyaclarını öz zəhmət və istedadı, yuxusuz gecələri hesabına ödəməyi özünə borc bilmişdir.

İndi o yoxdur, lakin qiymətli əsərləri əlimizdə, məhəbbəti qəlbimizdədir.

Kafedrası ilə əbədi vidalaşmazdan üç gün əvvəl yanaşı oturmuşduq. Elmi işlərin müzakirəsi idi. Stolunun siyirməsini azacıq geri çəkib onun qələmini götürdüm. Lakin qələm yazmadı, yerinə qoydum. Bir qədər sonra yana çevrildikdə heyrətləndim: o, həmin qələmlə bütöv bir səhifəni doldurmaq üzrə idi. İclasın gedişi, məruzələrin keyfiyyəti barədə qeydlər edirdi. Mən bir anlıq diqqətlə baxdım: onun qələmi ağ vərəq üzərində yerin təkinə işləyən kotan kimi dərin şırımlar açmışdı. Bu yazını heç cür pozmaq olmazdı. Onun yazısı sənətkar - dəmirçi əməyinin məhsulu olan əbədi abidələr kimi idi, pozulmazdı.

- Professor, - dedim, - mən nə qədər çalışdımsa bu qələmlə heç nə yaza bilmədim. Siz necə yazdınız?

Bir an üzümə baxıb gülümsədi və təbəssümlə dedi:

-  Baxır kimin əlindədir.E

Düşündüm ki, doğru deyir. Bu qələmlə hər kəs yaza bilməzdi. Bu qələmin öz sahibi vardı. Onun sahibi bizim əziz professor idi -  Dəmirçizadə!  

Şeirlər, dramlar müəllifi

 

Zahid Xəlil,

filologiya elmləri doktoru, professor, ADPU-nun kafedra müdiri, şair 

Görkəmli dilçi alim, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Ə.Dəmirçizadə təxminən 19-20 yaşlarında bədii yaradıcılığa başlamış və bu cəbhədə 20 ilə yaxın çalışmışdır. O, hələ Şəkidə pedaqoji məktəbdə təhsil alarkən Qızıl Qələmlər Cəmiyyətinin fəal üzvlərindən olmuş, "Şəki fəhləsi" qəzetinin səhifələrində tez-tez bədii yazılarla çıxış etmişdir. O, ilk şeirlərindən tutmuş "Qaraca Çoban", "Sonya", "Dədə Qorqud" adlı irihəcmli əsərlərinə qədər Azərbaycan dilinin zənginliyindən, bədii sözün imkanlarından məharətlə istifadə etmişdir.

Ə.Dəmirçizadənin elm cəbhəsindəki sonrakı inkişafı onun bədii yaradıcılığı ilə çox əlaqədardır. O, Azərbaycan dilinin qanun və üslublarını, daxili inkişaf dinamikasını bilməzdən əvvəl - bədii yaradıcılıqla məşğul olarkən - onu dərindən hiss etmişdir. Bu təbiidir. Çünki "...hiss bilikdən müqəddəmdir; həqiqəti hiss etməyənlər onu başa düşə bilməz, dərk edə bilməzlər".

Dəmirçizadə yaradıcılığa şeirlə başlamış, sonralar oçerk, hekayə və dram janrında da əsərlər yaratmışdır. Onun ilk şeiri 1927-ci ildə "Şəki fəhləsi" qəzetində dərc olunmuş, bundan sonra respublika və yerli qəzet-jurnalların səhifələrində oxucular Ə.Dəmirçizadənin imzasına tez-tez rast gəlməyə başlamışlar.

Dəmirçizadə  xalqımızın folklorunu daim maraqla öyrənmiş, onun poetik xüsusiyyətlərindən bədii əsərlərində istifadə etmişdir. Azərbaycan xalqının qəhrəmanlıq dastanı olan "Dədə Qorqud"dan yaradıcılıqla istifadə edərək 1943-cü ildə eyniadlı librettosunu yazmışdır. Əsər Azərbaycan Dövlət Filarmoniyasında oynanmış və böyük müvəffəqiyyət qazanmışdır.

Dəmirçizadənin yaradıcılığının müəyyən bir dövrü teatrla bağlı olmuşdur. "Dədə Qorqud" librettosundan sonra 1945-ci ildə "Qaraca Çoban" pyesini yazmışdır. Bu əsər Gənc Tamaşaçılar Teatrında oynanılmağa başlamış, 1950-ci ilə qədər repertuardan çıxmamışdır.

"Qaraca Çoban" pyesinin də mövzusu xalqımızın sənət abidələrindən olan "Dədə Qorqud" dastanından götürülmüşdür. Əsərdə Azərbaycan xalqının öz düşmənlərinə qarşı apardığı ölüm-dirim mübarizəsi təsvir olunur.

Pyesdə qəhrəmanlıq, sədaqət, vətənpərvərlik kimi yüksək insani keyfiyyətlər təbliğ olunur. Təsadüfi deyildir ki, müvəffəqiyyətlə oynanılan bu pyes haqqında mətbuatda maraqlı fikirlər söylənilmişdir.

Ömrünün xeyli hissəsini bədii yaradıcılığa sərf edən Dəmirçizadənin köhnə qəzet və jurnallarda yaşayan bədii əsərləri bizə uzaq ulduzları xatırladır.

***

Azərbaycan EA-nın müxbir üzvü Ə.Dəmirçizadə Azərbaycan poeziyasının nümunələrini "böyük bir ehtiram və səmimiyyətlə, coşqun bir ehtirasla təbliğ etmişdir".

Müasirlərinin də qeyd etdikləri kimi, bayatıları, babaların qüruru kimi əsrlərin sınağından çıxmış atalar sözlərini, xalq mahnılarını dərindən sevmiş Əbdüləzəl Dəmirçizadənin "ən dərin fəlsəfi anlayışları və ən zərif duyğuları eyni qüdrətlə təcəssüm etdirən Azərbaycan dilinin bütün estetik və məna gözəlliklərini qorumaq, zənginləşdirmək başlıca idealı" olmuşdur. 

Şamxəlil MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov