Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - 07

 

Altmış illik mənalı ömür

 

Zaman-zaman qədim oğuz yurdu olan indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar gizli və açıq deportasiyaya məruz qalmış, tarixən yaşadıqları  ərazidən, dədə-baba torpaqlarından qovulmuşlar.  Deportasiya prosesi dəyişmiş formalarda fasilələrlə, demək olar ki, sovet hakimiyyəti illərində də davam etdirilmiş, İkinci Dünya müharibəsindən sonra SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları ilə 100 min azərbaycanlı kütləvi surətdə əsrlər boyu yaşadıqları doğma yurdlarından qovulmuşdur.

Ermənilərin deportasiyasına və mənəvi terroruna tuş gələn ailələrdən biri də Zəngibasar mahalının Rəncbər kəndində zəhmətkeş kəndli həyatı yaşayan Əyyub kişinin ailəsi və qohumları olmuşlar. Etnik təmizləmə nəticəsində onlar Azərbaycanın Sabirabad rayonuna köçürülmüşdür. İsti iqlim şəraitinə dözə bilməyən kənd əhalisinin bir hissəsi əzab-əziyyətlə yenidən doğma yurda dönməyə nail oldu. 1950-ci illərdə Zəngibasarda həyat yavaş-yavaş normal ritmə düşürdü. Digər kəndlərdə olduğu kimi, Rəncbər kəndində də azərbaycanlılar yenidən əkin-biçinlə məşğul olmağa başlamışdı. 1951-ci ildə Əyyub kişinin dördüncü oğul övladının - Əli Mehtiyevin dünyaya gəlişi ailənin nisgilli günlərinə sevinc qatdı. Yel qanadlı illər bir göz qırpımında, bir su içimində keçib getdi. Əli Mehtiyev 1958-ci ildə Rəncbər kənd səkkizillik məktəbinin birinci sinfinə getdi.  1963-cü ildə ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə gələn Əli iki il böyük qardaşının yanında yaşadıqdan sonra yenidən doğma kəndlərinə qayıtdı. Burada səkkizillik təhsilini başa vurduqdan sonra yenidən Sumqayıt şəhərinə gəldi, əvvəlcə 7 nömrəli peşə məktəbini, sonra isə 5 nömrəli ümumtəhsil məktəbini bitirdi. Texniki peşə məktəbində təhsil alarkən çilingər peşəsinə yiyələnməklə yanaşı, idmanın sərbəst güləş növü ilə məşğul olmağa başladı. Güləşməyə o qədər də həvəsi olmayan Əli Mehtiyev məşqçilərin sayəsində qısa bir dövrdə güləşin texnika və taktikasını mənimsədi. Bu peşəni sevdi və ona ürəkdən bağlandı. İdman onun həyatının mənasına çevrildi. O dövrdə həm orta, həm ali, həm də texniki peşə məktəbləri arasında idmanın bütün növləri üzrə yarışlar keçirilərdi. Əli Mehtiyev peşə məktəbləri arasında dəfələrlə respublika birinciliyinin qalibi oldu. Texniki təhsilini başa vuran Əli Mehtiyev bir müddət Sumqayıt şəhərindəki kimya kombinatında fəhlə işləməklə yanaşı, idman karyerasını davam etdirmiş, respublika və Ümumittifaq yarışlarının mükafatçısı, Sumqayıt şəhər çempionu olmuşdur. 1974-cü il onun üçün uğurlu olmuşdur; o, SSRİ idman ustası normasını yerinə yetirmişdir.

İdmana olan həvəs onun həyat kredosuna çevrilir, özünü idmandan kənarda təsəvvür edə bilmir. Ona görə də bu sahədə ali təhsil almaq arzusu ilə Bakı şəhərinə gəlir, sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna vermək istəyir. Lakin valideynləri buna etiraz edirlər, onlar Əlini ticarətçi görmək istəyirlər.  Əli Mehtiyev ailəsinin istəklərinə əks getməyərək Sovet Ticarəti Texnikumuna qəbul olur. Bir müddət orada oxumaqla yanaşı, idmanla da məşğul olur. Atalar yaxşı deyiblər ki, niyyətin hara, mənzilin də ora. Ticarət sahəsində özünü görməyən Əli Mehtiyev istək və arzularına rəğmən sənədlərini texnikumdan götürərək Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna daxil olmaq qərarına gəlir. Təsadüf nəticəsində attestatını itirir. Yalnız bir il sonra, 1978-ci ildə arzusu reallaşır, o,  Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun tələbəsi olmaq səadətini yaşayır. Burada o, idmanın tarixi və nəzəriyyəsinin incəliklərinə yiyələnir. Bədən tərbiyəsi və idman tarixi kafedrasının müdiri Kamal Rzayev, əməkdar bədən tərbiyəsi və idman xadimi, dosent Züleyxa Hüseynova, gimnastika kafedrasının müdiri, professor Bəhram Nərimanov, güləş kafedrasının müdiri, dosent  İsmayıl Abdulqədirov və başqalarının mühazirələrini dinləyir, praktik məşğələlərində iştirak edir, peşəkar idmançı kimi yetişmək üçün daim məşq edir. 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirən Əli Mehtiyev peşəkar güləşçi kimi Ümumittifaq və respublika yarışlarının qalibi və mükafatçısı olur. Moskva, Çeboksarı, Perm, Alma-ata, Leninqrad (indiki Sankt-Peterburq), Səmərqənd, Salavat Yulayev və digər şəhərlərdə güləş döşəyinin üzərinə çıxan Əli müəllim oradan qalib kimi ayrılır. Güləş sahəsindəki peşəkarlığı ona sonradan məşqçi kimi fəaliyyət göstərməyə  imkan verir. O, 1979-cu ildə sərbəst güləş üzrə respublika dərəcəli hakim adına layiq görülür. 1980-ci illərin əvvəlləri onun üçün daha uğurlu olur. Məşqçi kimi o, respublika, SSRİ, Avropa və bir sıra beynəlxalq yarışların çempionu və mükafatçılarını hazırlayır. Əvvəlcə "Neftçi" İdman Cəmiyyətində,  sonra isə "Məhsul" İdman Cəmiyyətində və Respublika idman təmayüllü internat-məktəbdə baş məşqçi işləyir. Yaşlılar arasında SSRİ çempionu Muxtar Novruzov, UGİ məktəbləri arasında kənd idmançılarının SSRİ birinciliyinin çempionu Sücəddin Səfərov, yeniyetmələr arasında Avropa çempionu Azər İsayev, SSRİ idman ustaları Əli Orucov, Şahin Dibirov, Rövşən Quliyev, Məmməd Həsənov, Yaşar Seyidov, Nurəddin Qasarayev, Əlləz Səfərov və digərlərinin məşqçisi olmuş Əli Mehtiyevi indi də hörmət və ehtiramla xatırlayırlar. 

1980-ci illərin əvvəllərində onun pedaqoji və idman fəaliyyətində yeni bir mərhələ başlayır. 1981-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə APİ-də İbtidai hərbi və fiziki hazırlıq fakültəsi təşkil olunur. Mütəxəssisləri işə cəlb edən rektorluq peşəkar idmançı və məşqçi Əli Mehtiyevi institutun təknövlülük və gimnastika kafedrasına müəllim kimi işə qəbul edir. 1984-cü ildə Əli Mehtiyev "Azərbaycan Respublikasının əməkdar məşqçisi" fəxri adına layiq görülür. Bu dövrdə Əli müəllimin fəaliyyətində yeni bir istiqamət formalaşır, o, fiziki tərbiyənin nəzəri və praktik məsələləri ilə bağlı tədqiqatlar aparmağa başlayır. Elə bu səbəbdən də fiziki tərbiyənin nəzəri əsasları və yüngül atletika kafedrasına dəyişdirilir. 1994-2000-ci illərdə həmin kafedranın dosenti və müdiri işləyir. Həmin illər onun üçün daha uğurlu olur. Belə ki, o, 1997-ci ildə "Məktəbdənkənar tərbiyə müəssisələrində şagirdlərin fiziki hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi" mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alır. 2000-ci ildə ümumuniversitet kafedrasına - bədən tərbiyəsi və idman kafedrasına müdir vəzifəsinə seçilir. Bu illər Əli müəllim üçün həm pedaqoji, həm də elmi fəaliyyətində zənginliyi və çoxşaxəliliyi ilə yadda qalır. O, 2007-ci ildə müdiri olduğu kafedranın professoru seçilir, fiziki tərbiyənin nəzəriyyəsi, tarixi və metodikası ilə bağlı silsilə məqalələri nəşr olunur, dərslik və dərs vəsaiti işıq üzü görür. Onun "Məktəbdənkənar tərbiyə müəssisələrində şagirdlərin fiziki hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi" (2008) adlı əsəri yüksək elmi nəzəri və praktik əhəmiyyəti ilə seçilir, məktəbdənkənar tərbiyə müəssisələrində aparılan tərbiyə işinin təkmilləşdirilməsinə xidmət edir. "Fiziki tərbiyə və onun tədrisi metodikası" (2009) adlı dərs vəsaiti pedaqoji universitetlərin ibtidai sinif müəllimi hazırlayan fakültələrinin proqramı əsasında yazılmışdır. Dərs vəsaitində ibtidai siniflərdə fiziki tərbiyənin məqsədi, mahiyyəti və vəzifələri, bədən tərbiyəsi dərslərinin planlaşdırılması, təşkili, keçirilməsi, ibtidai siniflərdə gimnastika, atletika oyunlarının nəzəri, pedaqoji istiqamətləri və keçirilməsi metodikası, tədris prosesində və dərsdən və məktəbdənkənar məşğələlərin metodiki məsələləri şərh olunur. İbtidai siniflərdə keçirilən dərslərin nümunəvi icmalı verilir. Tələbələrin bədən tərbiyəsi və idman fənni ilə bağlı zəruri ədəbiyyatla təminatına üstünlük verən  Əli Mehtiyev bu istiqamətli tədqiqatlarını davam etdirir. Müxtəlif konfranslarda və elmi sessiyalarda yaddaqalan məruzələr edir. Sevindirici haldır ki, ADPU ilə yanaşı, digər ali pedaqoji məktəblərdə də onun tərtib etdiyi fiziki tərbiyə və onun tədrisi metodikası proqramından və dərs vəsaitindən istifadə olunur. Ümumiyyətlə, indiyə kimi Əli müəllimin 3 dərslik və dərs vəsaiti, 9 proqramı, 40-a yaxın elmi məqaləsi və məruzə tezisi nəşr olunmuşdur. Əli müəllim öz sahəsinin tanınmış mütəxəssisidir. O, peşəkar idmançı və məşqçi olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçıdır. 17 ildir ki, kafedra müdiri kimi fəaliyyət göstərir. Onun kafedrasında 13 nəfər tanınmış fiziki tərbiyə və idman müəllimi çalışır. Əli müəllimin peşəkarlığı nəticəsində kafedrada işgüzar mühit yaranmışdır. O, pedaqoji kadr hazırlığı ilə yanaşı, elmi kadr hazırlığında da  elmi rəhbər, rəsmi opponent kimi yaxından iştirak edir.

Professor Əli Mehtiyev 60 illik sadə, lakin mənalı bir ömür yaşamışdır. Aldığı yüksək elmi adlar, dərəcələr, fəxri fərmanlar, mükafatlar onun ömrünün bəzəyidir. 3 övlad atası, 5 nəvə babası professor Əli Mehtiyevi anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik edir, ona pedaqoji fəaliyyətində və şəxsi həyatında yeni-yeni uğurlar arzulayırıq.

Fərrux RÜSTƏMOV,
pedaqoji elmlər doktoru, professor

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov