Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq
Şirvan şəhərində "Öyrədənləri öyrədən" təlim
kursu keçirilmişdir. Kursa 26 nəfərlik rəhbər
heyət cəlb olunmuşdur.
Təlim kursuna Təhsil Problemləri İnstitutunun
şöbə müdiri, pedaqoji elmlər namizədi İlham
Cavadov və institutun böyük elmi işçisi Fəridə
Hüseynova rəhbərlik edirdilər. Kursun ilk günü
ənənəvi və fəal təlimlə aparılan iki "açıq dərs"
nümayiş etdirildi. Sonra həmin dərslərin üstün
və çatışmayan cəhətləri barədə müzakirələr
aparıldı.
Müdavimlərin dünyagörüşünün diaqnostikası
göstərdi ki, yeni pedaqoji yanaşmalara münasibət
hələ də fərqlidir. Müxtəlif təhsil fəlsəfəsi
baxımından müasir tələblərə cavab verən pedaqoji
yanaşmalar müəyyənləşdirildi. Habelə fənn
kurikulumlarının strukturu və məzmunu, müasir
kurikulumlar və yeni təlim strategiyaları (müəllimin
illik və cari planlaşması, təlimin forma və
üsulları) öyrənildi.
Kurs ərzində yeni pedaqoji texnologiyaların
mahiyyəti və məzmunu, fəal təlimin və
qiymətləndirmənin mexanizmləri ilə yaxından
tanışlıqdan sonra onun ənənəvi pedaqoji
texnologiyalarından, qiymətləndirmədən və
təlimdən üstünlüyü müdavimlər tərəfindən bir
daha vurğulandı. Bundan sonra yeni dərsliklərlə
və əlavə resurslarla işin xüsusiyyəti də
öyrənildi. Həm şəhər ümumtəhsil məktəblərinin
fənn kurikulumları tətbiq olunan siniflərində,
həm də müdavimlərin hazırladığı nümunəvi dərslər
dinlənildi və müzakirə edildi.
Bu kursun əvvəlkilərdən fərqi həm də ondan
ibarət idi ki, burada islahatın uğurla həyata
keçirilməsi üçün "kimin hansı vəzifəsi ola bilər"
sualı ətrafında fikir mübadiləsi aparıldı.
Təhsil işçilərinin məsuliyyət və vəzifələri
onların özləri tərəfindən müəyyənləşdirildi.
Diqqətçəkən məsələlərdən biri də dərsdinləmə
idi. Hazırlıq kursu keçməyən məktəb rəhbərləri
dərsdinləmə mexanizmini bilmədikdə təbii ki,
onun səmərəliliyi də yetərincə olmur. Yeni təlim
texnologiyaları baxımından ənənəvi dərsdinləmə
mexanizmi müasir təlimin təşkili prosesini tam
üzə çıxarmadığından onun hazırlanmasına ciddi
ehtiyac var idi. Hazırda təklif olunan mexanizm
rəhbər və müəllim heyətinə böyük kömək olacaqdır.
Təlim kursunun davamı olaraq şəhərimizdə zona
məktəbləri yaradılmışdır. Həmin məktəblərin
hər birinin fəaliyyətinə 26 nəfərdən seçilmiş
bir məsul şəxs cavabdehdir. Artıq zona
məktəblərinin Fəaliyyət Planı hazırlanmış, şəhər
üzrə bütün müəllimlərin siyahısı bir daha
dəqiqləşdirilmiş, onlar məktəblər arasında
bölüşdürülmüş və hər bir məktəbdə yaradılımış
elektron mərkəzində qeydə alınmışlar.
Məktəblərin hər birində 8-9 təlimçinin
müdavimlərlə məşğələsi təşkil olunacaqdır.
2011-ci il yanvarın 31-də kursda iştirak edən
təlimçilərə təhsil naziri tərəfindən müvafiq
sertifikatlar təqdim olundu.
Elçin HƏSƏNOV,
Şirvan Şəhər Təhsil Şöbəsi metodkabinetinin
müdiri |