Fevralın 22-də Xalq Təhsili Muzeyində Xocalı
faciəsinin 19-cu ildönümünə həsr olunmuş anım
mərasimi keçirildi. Tədbiri giriş sözü ilə
muzeyin direktoru Lalə Bayramova açaraq Xocalı
faciəsinin Azərbaycanın tarixində kədərli bir
səhifə, insanlığa qarşı törədilmiş qəddar terror
hadisəsi olduğunu qeyd etdi. Sonra Xocalı
faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Muzeyin kiçik elmi işçisi E.Orucovun "Xocalı
faciəsindən 19 il ötür" mövzusunda məruzəsi
tədbir iştirakçılarının marağına səbəb oldu.
Mərasimdə Xocalı Rayon Təhsil Şöbəsinin sabiq
müdiri M.Şükürov, Xocalı şəhər 2 nömrəli
məktəbin direktoru C.Mirzəyev, respublikanın
əməkdar müəllimi A.Muradov öz xatirələrini
danışdılar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
təşəbbüsü ilə 15.02.2011-ci ildə keçirilmiş
"Xocalı insanlığa qarşı törədilən cinayətdir"
adlı inşa müsabiqəsinin qalibi, Nəsimi
rayonundakı 54 nömrəli məktəbin 10-cu sinif
şagirdi Şahin Bədirxanlının tədbir iştirakçıları
qarşısında çıxışı isə gənclərimizin vətənə
hədsiz məhəbbətinin bariz nümunəsi idi.
Sonra məktəblilərin ifasında Xocalı faciəsinə
həsr olunmuş ədəbi - bədii kompozisiya
dinlənildi.
Mərasimin sonunda iştirakçılar Nərimanov Rayon
Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin
Xocalı faciəsinə həsr edilmiş rəsmlərindən və
Xalq Təhsili Muzeyinin materiallarından ibarət
sərgi ilə tanış oldular.
***
Fevralın 24-də Bakı Humanitar Kollecində Xocalı
faciəsinin 19-cu ildönümü münasibəti ilə "Xocalı
harayı" adlı ədəbi-bədii kompozisiya keçirildi.
Əvvəlcə kollecin rəsm şöbəsinin tələbələrinin
hazırladığı soyqırımı ilə bağlı rəsm sərgisi
nümayiş olundu.
Dövlət himninin oxunmasından sonra tədbir
iştirakçıları bir dəqiqəlik sükutla Xocalı
soyqırımında həlak olanların xatirəsini yad
etdilər. Üçrəngli Dövlət bayrağı səhnəyə
gətirildi və kollecin tarix müəllimi
Hüsaməddin Kazımov Xocalı faciəsi haqqında
məlumat verərək, fevralın 25-dən 26-na keçən
gecə dinc əhalinin başına gətirilən
müsibətlərdən danışdı. Məlum oldu ki, həmin
gecədə yüzlərcə insan canını qurtarmaq üçün
doğma elindən didərgin düşərək meşələrə üz
tutdu, neçə-neçə qadınlarımız əsir düşməmək üçün
özünü qayadan atdı.
Kollecin tələbələri ssenari müəllifi və
rejissoru kollecin müəllimi İmran Vahabovun
rəhbərliyi ilə "Xocalı harayı" adlı
kompozisiyanı nümayiş etdirdilər. Tədbirin
sonunda Xocalı faciəsinə aid şeir söylənildi və
o müdhiş gecəni əks etdirən film göstərildi.
***
132-134 nömrəli Təhsil Kompleksində Xocalı
faciəsi "Xocalı - qan yaddaşımız" adlı
tədbirlə yad olunub. Tədbiri giriş sözü ilə
kompleksin direktoru, respublikanın əməkdar
müəllimi Sara Xanlarova açıb və bildirib
ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Azərbaycanın Xocalı şəhərində törədilmiş,
bəşəriyyət tarixində ən qanlı faciələrlə bir
sırada duran Xocalı soyqırımından on doqquz il
ötür.
Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni
millətçilərinin və onların havadarlarının
Azərbaycan xalqına qarşı apardığı etnik
təmizləmə və soyqırımı siyasətinin davamıdır.
Sara xanım qeyd edib ki, ümummilli lider
Heydər Əliyevin müdrik və sülhsevər siyasəti
sayəsində atəşkəsə nail olunmuş, 1994-cü ildə bu
dəhşətli faciəyə siyasi qiymət verilmişdir.
Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı
törədilmiş bu cinayət aktı beynəlxalq aləm
tərəfindən öz hüquqi qiymətini almalıdır.
Prezident İlham Əliyev Xocalı faciəsini
təcavüzkar erməni millətçilərinin yüzilliklər
boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı
və etnik təmizləmə siyasətinin qanlı səhifəsi
kimi qiymətləndirmişdir. Bu faciənin dünyada
tanınması üçün xarici ölkələrdəki
diasporlarımızın fəaliyyətinin önəmli olduğunu
söyləyən Sara Xanlarova, Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın Xocalı soyqırımı
barədə həqiqətlərin dünyaya çatdırılması
istiqamətində fəaliyyətini yüksək
qiymətləndirib.
Tədbirin rəsmi hissəsindən sonra 132-134
nömrəli Təhsil Kompleksinin şagirdləri
Xocalı faciəsini təsvir edən səhnəcik
nümayiş etdirib, Xocalıya aid şeirlər
səsləndiriblər.
***
"Təhsil" Respublika İdman Mərkəzi və İsmayıllı
Rayon Təhsil Şöbəsi tərəfindən Xocalı
qurbanlarının xatirəsini yad etmək məqsədilə
Respublika Şahmat Turnirinə start verilib.
Turnirin keçirilməsində məqsəd Xocalı
şəhidlərinin xatirəsini əbədiləşdirmək, uşaq və
yeniyetmələr arasında vətənpərvərlik hisslərini,
məktəbli şahmatçılar arasında dostluq
əlaqələrini möhkəmləndirmək, bölgələrdə şahmat
idman növünə həvəs yaratmaqdır.
Martın 6-na qədər davam edəcək yarışlara şəhər
və rayon uşaq-gənclər şahmat məktəblərindən
bütün dərəcələr və yaş qrupları üzrə şahmatçılar
dəvət olunub. Turnir "İsveçrə" sistemi üzrə 9
turdan ibarət olaraq keçirilir.
Turnirdə I, II, III yerləri tutan şahmatçılara
"Təhsil" RİM-in diplomları, İsmayıllı Rayon
Təhsil Şöbəsinin fəxri fərmanları, rayon
təşkilatlarının mükafatları və qiymətli
hədiyyələri təqdim ediləcəkdir.
***
Bakıdakı fizika-riyaziyyat və informatika
təmayüllü liseydə Xocalı soyqırımının 19-cu
ildönümünə həsr olunan tədbir keçirildi.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad
edildi. Direktor müavini Valeh Bəyalıyev
Xocalı soyqırımı haqqında geniş məruzə etdi.
Söylədi ki, erməni qəsbkarları XIX əsrdən
başlayaraq müxtəlif dövrlərdə xalqımıza qarşı
işğalçı siyasəti yeridərək, öz məkrli
planlarını zaman-zaman həyata keçiriblər.
Xocalı soyqırımı isə bunların ən dəhşətlisi,
dinc əhaliyə qarşı misli görünməyən
zorakılıqdır.
Çıxışlarda azğınlaşmış erməni quldurlarının
Azərbaycan xalqına qarşı törədilən vəhşi
hərəkətlərindən ürəkağrısı ilə söz açıldı.
Sonda Milli Qəhrəman Çingiz Mustafayevin
lentə aldığı Xocalı soyqırımı, erməni
daşnaklarının vəhşiliklərini, amansızlıqlarını
əks etdirən videogörüntülər nümayiş olundu.
***
Xətai rayonundakı General M.Əsədov adına 29
nömrəli məktəbdə Xocalı soyqırımının 19-cu
ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbir
Azərbaycan Respublikasının Dövlət himni
səsləndikdən sonra Xocalı faciəsi haqqında 10
dəqiqəlik sənədli filmin nümayişi ilə başladı.
Filmin nümayişindən sonra məktəbin direktoru
Ələddin Əliyev Qarabağ münaqişəsinin tarixindən
danışdı. 1992-ci il fevral ayının əvvəlində
Xocalıda baş verən hadisələr barədə
iştirakçılara ətraflı məlumat verdi.
Sonra söz tədbiri hazırlayan VIII "b" sinif
şagirdlərinə verildi.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Rəna Həsənovanın rəhbərliyi altında xüsusi
ssenari əsasında hazırlanan tədbirdə şagirdlərin
söylədikləri şeirlər, ifa etdikləri səhnəciklər
iştirakçılara hüznlü anlar yaşatdı.
Tədbirin sonunda təşkilatçı Fəridə Məmmədova
iştirakçılara "Xocalıların dərdi hamımızın
dərdidir", deyərək bu dəqiqələri onlarla
birlikdə olduqlarına görə hamıya təşəkkür etdi.
Fəridə Məmmədova həftə ərzində məktəbdə
çıxarılmış divar qəzetlərinə və siniflərdə
yaradılmış "Xocalı soyqırımı" guşələrinə görə
sinif rəhbərlərinə, inşa müsabiqəsinə görə
Azərbaycan dili və ədəbiyyat müəllimlərinə,
tədbirdə səslənən mahnılara görə musiqi
müəlliminə və tədbirin hazırlanıb həyata
keçirilməsindəki zəhmətinə görə VIII "b" sinfinn
rəhbəri Rəna Həsənovaya öz minnətdarlığını
bildirdi.
***
Bakıdakı 28, 257, 314 nömrəli orta məktəblərdə
də Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar
soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş
anım mərasimləri keçirilib. |