Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

Dünya təhsili

 

Niderlandda təhsil sistemi

 
 

Niderland Krallığı

 
Ərazisi: 41,528 min kv.km.
Əhalisi:  16,7 milyon nəfər 
Paytaxtı: Amsterdam şəhəri
Dövlət dili: Holland dili 
Pul vahidi:  Avro

 

Ölkənin rəsmi adı Niderlanddır. Mənası "alçaq ərazi" deməkdir. Belə ki, ölkə ərazisinin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. 12 əyaləti olan ölkənin yalnız iki qərb əyalətinin (Şimali və Cənubi Hollandiya) adı Hollandiyadır. Bu əyalətlər tarixən ölkənin ən inkişaf etmiş əraziləri olub və hazırda da dövlətin siyasi, iqtisadi və mədəni həyatında aparıcı rol oynayırlar. Bu səbəbdən Niderland əvəzinə ölkəni Hollandiya da adlandırırlar.  Hollandiyada təhsil müəssisələrinin 70 faizi özəl, 30 faizi dövlətə məxsusdur. Buna baxmayaraq, dövlət bütün təhsil müəssisələrinin tədris proqramları üzərində nəzarəti həyata keçirir. Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi mütəmadi olaraq ölkənin təhsil sisteminin monitorinqini aparır və standartları müəyyən edir. Bu isə, öz növbəsində, bütün məktəb və universitetlərdə təhsilin yüksək səviyyədə aparılmasını təmin edir.

Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli ölkədir. Bu ölkənin ali təhsil müəssisələri ingilis dilində təxminən 1150 tədris proqramı təklif edir. Onların böyük əksəriyyəti bakalavr və magistr proqramları, qalanları isə qısamüddətli kurslar və ixtisasartırma proqramlarından ibarətdir.

Ölkənin ilk ali təhsil müəssisəsi olan Leyden Universiteti (Universiteit Leiden) 1575-ci ildə yaradılıb. Hollandiyanın 14 dövlət universitetinin 10-u "Times Higher Education World University Rankings"in hesabatında dünyanın ən nüfuzlu 200 universiteti arasında qərarlaşır.

Kiçik ölkə olmasına baxmayaraq, Hollandiyanın kimya, fizika, tibb, iqtisadiyyat və sülh sahələri üzrə 18 Nobel mükafatçısı var. Onlardan 1-i Nobel sülh mükafatı, 9-u fizika, 3-ü kimya, 3-ü tibb, 2-si isə iqtisadiyyat sahələri üzrədir. 

Məktəbəqədər təhsil 

Hollandiyada 4 yaşdan aşağı uşaqlar üçün məktəbəqədər təhsil nəzərdə tutulmayıb. Onlar üçün xüsusi uşaq qayğı mərkəzləri fəaliyyət göstərir. Ölkədə təxminən 300 min uşaq 3500-dən (2004-cü ilin statistikasına əsasən) qayğı mərkəzinə gedir. Bu mərkəzlər hökumət və valideynlər tərəfindən maliyyələşdirilir. Qayğı mərkəzləri 6 aydan 3 yaşadək uşaqlar üçün nəzərdə tutulub. 

 İbtidai təhsil 

Hollandiyada ibtidai təhsil (Primair onderwijs, PO) 8 il (4 yaşdan 12 yaşadək) davam edir. İbtidai məktəblər özəl və ya dövlətə məxsus təhsil ocaqlarına bölünürlər. Bu iki məktəb arasında yeganə fərq ondan ibarətdir ki, özəl məktəblər uşaqları qəbul edərkən seçim apara bildikləri halda, dövlət məktəbləri bu imkandan məhrumdur.

Dövlətə məxsus təhsil ocaqlarında təhsil pulsuzdur. Valideynlər yalnız məktəbin saxlanılmasına və əlavə tədbirlər üçün müəyyən məbləğdə vəsait verirlər. Bu məktəblərdə uşaqlar dərsliklərlə pulsuz təmin olunurlar.

İbtidai məktəbdə hər qrupa bir müəllim təyin olunur. Müəllim günün proqramını özü tərtib edir, riyaziyyata, cografiyaya və digər fənlərə, eləcə də istirahətə nə qədər vaxt ayıracağına müstəqil qərar verir. Odur ki, ibtidai təhsil müəssisələrində dəqiq dərs cədvəli yoxdur. Uşaqların bütün kitab və dəftərləri məktəbdə qalır. 12 yaşadək şagirdlərə ev tapşırıqları da verilmir. 

İbtidai məktəbin ilk 2 ilində uşaqlara əsasən oxu, yazı və hesab fənləri tədris olunur. Sonra isə uşaqlara tarix, coğrafiya, fizika, riyaziyyat, holland dili və digər fənlər keçilir. Bundan əlavə, uşaqlar ingilis dilini öyrənməyə başlayırlar.

Hollandiyada tədris proqramları mürəkkəbliyi ilə fərqlənir. Məsələn, ana dili, riyaziyyat, fizika, kimya, biologiya kimi əsas fənlərlə yanaşı, başqa ölkələrdə adətən universitetlərdə tədris olunan təhsilin metodikası, tibbin əsasları, iqtisadiyyat, mühasibat uçotu kimi fənlər də Hollandiya məktəblərində tədris olunur. Məktəb proqramlarına ingilis, alman və fransiz dilləri ilə yanaşı, latın və yunan dilləri də daxil edilib. 

Orta təhsil  

Hollandiyada təxminən 700 orta məktəb fəaliyyət göstərir. Orta məktəblərə (Voortgezet Ondernijs) şagirdlər 12 yaşından sonra qəbul edilirlər. Uşaqların məktəbə getməsi icbaridir.

Səkkizillik ibtidai təhsildən sonra şagirdlər test imtahanları verirlər. İmtahanlar iki gün davam edir. Test imtahanının nəticəsi və müəllimin zəmanəti uşağın hansı istiqamət üzrə təhsil alacağını müəyyənləşdirir. Şagirdlər orta məktəbdə təhsillərini əsasən 4 istiqamət üzrə davam etdirirlər.

1. Birinci istiqamət (VWO - pre-university education) üzrə təhsil alan şagirdlər universitetlərə hazırlanır. Burada təhsil 6 il davam edir.

2. İkinci istiqamət (HAVO) üzrə təhsil alan şagirdlər ali peşə məktəblərinə hazırlanır. Burada təhsil 5 il davam edir.

3. Üçüncü istiqamət (VMBO) üzrə isə şagirdlərə 4 illik peşə təhsili təklif olunur.

4. Dördüncü istiqamətə 6 illik təhsili nəzərdə tutan praktiki təhsil (Practical training-PRO) daxildir. Üçüncü istiqamət (VMBO) üzrə təhsil alan şagirdlər nailiyyət qazana bilmirlərsə, onları əmək bazarına daxil olmağa hazırlayan praktiki təhsilə (dördüncü istiqamət - PRO) yiyələnə bilərlər.

Orta məktəbi birinci istiqamət üzrə bitirən şagirdlər universitetlərə daxil ola bilərlər. İkinci və üçüncü istiqamətlər üzrə oxuyan şagirdlər isə keçid proqramları vasitəsilə universitetlərə daxil olmaq imkanı əldə edirlər.

Ümumi orta təhsili gimnaziyalarda və real orta məktəblərdə də (təhsil müddəti 6 ildir) almaq mümkündür. Bu məktəblərin məzunları da universitetlərə daxil olmaq hüququ qazanırlar.

Hollandiyada fiziki və əqli cəhətdən zəif uşaqlar üçün xüsusi məktəblər fəaliyyət göstərir. Bu tədris ocaqlarının şagirdləri sadə tədris planı üzrə təhsil alırlar.

İlk təhsilini digər ölkədə başlamış uşaqlar üçün Hollandiyada beynəlxalq məktəblər fəaliyyət göstərir. Bu məktəblərdə bütün fənlərin tədrisi ingilis, fransız və alman dillərində aparılır.

Hollandiya orta təhsil sistemində fənlər və tədrisin məqsədləri müvafiq qanunla tənzimlənir. Bu, hökumətə ölkə üzrə vahid təhsil standartlarını saxlamaq imkanı verir. 

Texniki peşə təhsili 

Hollandiyada 40 regional peşə təhsili mərkəzi fəaliyyət göstərir. Onlar mühəndislik və texnologiya, iqtisadiyyat, səhiyyə və sosial müdafiə sahələri üzrə peşə təhsili təklif edir. Kənd təsərrüfatı, ekologiya və qida sənayesi sahəsində peşə təhsili kənd təsərrüfatı üzrə təhsil mərkəzləri tərəfindən verilir. Bu mərkəzlər ölkənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maliyyələşdirilir. Həmin mərkəzlərin nəzdində 700-dən artıq peşə təhsili kursları fəaliyyət göstərir. Bu kurslara 16 yaşdan yuxarı şəxslər qəbul edilir. 

Bundan əlavə, Hollandiyada sosial sahələr üzrə 200-dən artıq tədris proqramı təklif edən 43 kollec mövcuddur.  

Ali təhsil 

Hollandiyada üçpilləli ali təhsil sistemi mövcuddur. Birinci pillədə üçillik və dördillik bakalavr proqramları təklif edilir. Təhsilin sonunda humanitar (Bachelor of Arts, BA) və ya təbiət elmləri (Bachelor of Science, BS) bakalavr dərəcəsi verilir. Dərəcənin alınması üçün üçillik təhsildə 180  və ya  dördillik təhsildə 240 kredit (Avropa Kredit Transfer Sisteminə əsasən) almaq lazımdır.

İkinci pillədə magistr proqramları təklif olunur. Burada təhsil 1 və ya 2 il davam edir. Magistr dərəcəsinin alınması üçün müvafiq olaraq 60 və ya 120 kredit qazanmaq lazımdır. Təbiət elmləri və texnologiyalar sahəsi üzrə ikiillik proqramlar nəzərdə tutulub.

Ali təhsilin üçüncü pilləsinə doktorluq (Dr., PhD-nin analoqu) proqramı daxildir. Bu pillədə təhsil almaq istəyənlərin magistr dərəcəsinin olması zəruridir. Doktorluq dərəcəsi yalnız universitetlər tərəfindən təklif olunur. Bu pillədə təhsil ən azı dörd il davam edir. Doktorluq dərəcəsinin alınması üçün təhsilin sonunda dissertasiya işi müdafiə olunmalıdır. 

Ali təhsil müəssisələri 

Qeyd etdiyimiz kimi, Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli ölkədir. Bu ölkənin ali təhsil müəssisələri ingilis dilində təxminən 1150 tədris proqramı təklif edir. Bu proqramların əksəriyyəti bakalavr, magistr, doktorluq dərəcələri, diplom və ya sertifikatların verilməsi ilə başa çatır.  

Hollandiyada ali təhsil müəssisələri kimi universitetlər (Wetenschappelijk Onderwijs, WO), Beynəlxalq Təhsil İnstitutları (Internationaal Onderwijs, IO) və ali peşə təhsili universitetləri (Hoger Beroepsonderwijs, HBO) fəaliyyət göstərir.

Klassik universitetlər (WO) əsasən humanitar elmlərin tədrisi və elmi-tədqiqatların aparılması ilə məşğul olur.

Ölkədə fəaliyyət göstərən 11 Beynəlxalq Təhsil İnstitutu (Internationaal Onderwijs, IO) digər ali təhsil müəssisələrindən fərqli olaraq, yalnız bakalavr proqramları təklif edirlər. Hər il bu institutlara təxminən 13 min əcnəbi tələbə daxil olur. Bu təhsil ocaqlarında təhsil müddəti 18 ay davam edir.

Ali peşə təhsili universitetləri (Hoger Beroepsonderwijs, HBO) isə tələbələri konkret peşə sahələri üzrə hazırlayırlar.

Hazırda Hollandiyada dövlət tərəfindən tanınmış 14 klassik universitet fəaliyyət göstərir. Onlardan üçü (Delft, Tvent və Eyndhofen universitetləri) texniki ali təhsil müəssisələridir. Bundan əlavə, ölkə ərazisində 42 ali peşə təhsili universiteti (universities of professional education) mövcuddur. Universitetlər əsasən tələbələrin (6 mindən 30 minədək) sayına görə fərqlənir. Ümumilikdə, Hollandiya ali təhsil müəssisələrinə ildə təxminən 185 min tələbə qəbul olunur.

Onu da qeyd edək ki, digər ölkələrdən fərqli olaraq, Hollandiyada nüfuzlu universitet anlayışı yoxdur. Ölkənin bütün universitetlərinin diplomu eyni dəyərə malikdir və digər ölkələr tərəfindən qəbul edilir. Bu səbəbdən də universitetlər məşhurluğuna görə deyil, tələbənin yiyələnmək istədiyi ixtisasa uyğun olaraq seçilir.

Hollandiyada 2002-ci ildə qəbul olunmuş ali təhsil haqqında Qanuna əsasən, universitetlər tərəfindən təklif edilən bütün tədris proqramları akkreditasiyadan keçirilir. Akkreditasiyanın əsas məqsədi universitetlər tərəfindən təklif olunan proqramların yüksək standartlara uyğunluğunu təmin etməkdir. 

Əcnəbi tələbələr  

Bir il ərzində Hollandiya universitetlərinə təxminən 559 min tələbə daxil olur. Onlardan təxminən 42 mini əcnəbi tələbələrdir. Bu tələbələrin arasında Almaniya, Belçika, Çin, İndoneziya və Vyetnamdan olanlar üstünlük təşkil edir. Əcnəbi tələbələr əsasən biznes və idarəçilik, sosial elmlər, səhiyyə, mühəndislik, incəsənət sahələrinə üstünlük verirlər. Hollandiya hökuməti hər il əcnəbi tələbələr üçün təqaüd proqramlarına təxminən 5 milyon avrodan artıq vəsait ayırır.

Hollandiya universitetlərinə daxil olmaq istəyən əcnəbi tələbələr ilk növbədə müvafiq təhsil proqramını seçməlidirlər. Bu ölkədə oxumaq istəyənlər orta təhsil haqqında attestatı, TOEFL (500-550 bal) və ya IELTS (6 baldan yuxarı) imtahanları və müvafiq kurslar üzrə alınmış qiymətlərə dair sənədləri (ingilis dilində oxumaq istəyənlər) ali məktəblərə təqdim etməlidirlər. Bütün bu sənədlər ingilis dilinə tərcümə olunmalı və notariat qaydasında təsdiqlənməlidir.

Hollandiyada təhsil inkişaf etmiş digər ölkələrlə müqayisədə ucuzdur. İllik təhsil haqqı Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin vətəndaşları üçün təxminən 1500 avro təşkil edir. Avropa İttifaqına üzv olmayan ölkələrdən gələn tələbələr üçün isə  qiymətlər nisbətən yüksəkdir.

Holland dilində ali təhsilin qiyməti ildə orta hesabla 1,5 - 5 min avro təşkil edir. İngilisdilli proqramlara əsaslanan təhsil nisbətən bahadır. Məsələn, Amsterdam Universitetində Avropa İttifaqına üzv olmayan dövlətlərin vətəndaşları üçün illik bakalavr təhsili orta hesabla 7 min avro, magistr təhsili isə 9 min avro təşkil edir. Bir tələbə üçün dərslik və tədris materiallarının illik xərci isə 800-1000 avro civarında dəyişir.

2006-cı il mayın 1-dən ölkədə Davranış Kodeksi (Code of Conduct) qüvvəyə minib. Kodeks Hollandiyanın ali təhsil müəssisələrinin əcnəbi tələbələrlə iş üzrə siyasətini müəyyən edir. Bu kodeksi imzalayan ali təhsil ocaqları əcnəbi tələbələrə yüksək keyfiyyətli tədris proqramları təklif etdiklərinə zəmanət verirlər. Yalnız Davranış Kodeksinə qoşulan universitetlər Avropa İttifaqına üzv olmayan ölkələrdən tələbə qəbul edə bilər.

Davranış Kodeksinin tələblərinə əsasən, ali təhsil müəssisəsi əcnəbi tələbələrə öz tədris proqramları haqqında ətraflı məlumat verməlidir. Buraya təhsil müəssisəsinin akkreditasiya statusu, tədris prosesinin keyfiyyəti, qəbul şərtləri, eləcə də əcnəbi tələbələr üçün maraqlı və vacib olan digər qaydalar haqqında məlumatlar daxildir. Əcnəbi tələbələr üçün nəzərdə tutulmuş məlumat ingilis dilində və ya əcnəbi tələbənin ana dilində olmalıdır. Təhsil müəssisəsi əcnəbi tələbəyə hansı xidmətləri (məsələn, vizanın alınması, yaşayış yeri ilə təmin edilməsi və digər) göstərəcəyi barədə ətraflı məlumat verməlidir. Avropa İttifaqına üzv olmayan ölkələrdən gələn tələbələrə Davranış Kodeksini qəbul etməyən ali məktəblərdə təhsil almaq üçün viza verilmir.

Hollandiyada təhsil almaq istəyənlər holland dilində tədris olunan milli və ya ingilis dilində tədris edilən beynəlxalq proqramı seçə bilərlər.

Hər il təxminən 12 min hollandiyalı tələbə xarici ölkələrdə təhsil alır. Onların 6 mindən çoxu dövlətdən və ya Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində təqaüd alırlar. Hollandiya hökuməti xaricdə təhsil alan tələbələrə ildə təxminən 2 milyon avro (2004-2005-ci illərin statistikasına əsasən) vəsait ayırır.

Onu da qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Hollandiya universitetlərinə 21 azərbaycanlı tələbə göndərilib. Onlardan 2 nəfər yüksək ixtisaslı mütəxəssis kimi təhsillərini başa vurublar. 

Təqaüdlərin alınması 

Hollandiyada təhsil almağın ən asan yolu tələbə mübadiləsi proqramlarıdır. Ölkə universitetlərinin əksəriyyəti dünyanın bir çox ölkələrinin ali təhsil müəssisələri ilə tələbə mübadiləsi üzrə əməkdaşlıq sazişi imzalayıb.

Hügens adına təqaüd (Huygens Scholarship Program və ya HSP) bakalavr və ya magistr pillələrinin sonuncu kursunda təhsil alan tələbələrə verilir. Bu proqram çərçivəsində doktorluq dərəcəsi üzrə təqaüd ayrılmır. HSP proqramı Hollandiyanın ali təhsil sahəsi üzrə beynəlxalq əməkdaşlıq təşkilatı (Nuffic) tərəfindən reallaşdırılır. Proqram Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi tərəfindən maliyyələşdirilir. Nazirlik təqaüd çərçivəsində əcnəbi tələbələrə hər il dörd milyon avro məbləğində vəsait ayırır. Bu məbləğin bir hissəsi holland dilini öyrənən tələbələr üçün nəzərdə tutulur. Təqaüd 6 və ya 24 ay müddətinə təqdim olunur. Proqrama əsasən, bir tələbəyə 900 avro məbləğində aylıq təqaüd (tibbi sığorta daxil olmaqla), təhsil haqqı, viza alınması üçün rüsum və təyyarə biletinin dəyərinin kompensasiyası verilir.

Hügens adına təqaüd çərçivəsində təhsil almaq istəyənlərdən bakalavr diplomu, Hollandiya universitetindən proqramı qazanması haqqında arayışın alınması və yaş həddinin 35-i keçməməsi tələb olunur. Namizəd təhsilin aparılacağı dili (ingilis və ya holland) bilmə səviyyəsini təsdiqləyən sənədi də təqdim etməlidir.

Əcnəbi tələbə və aspirantlar üçün ən tanınmış təqaüd proqramlarından biri də MTEC-dir (Matra Training for European Cooperation). MTEC proqramı CROSS Bürosu (Hollandiya ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında təhsil sahəsində əməkdaşlıq üzrə agentlik) tərəfindən 1994-cü ildən həyata keçirilir. MTEC proqramı çərçivəsində bir il müddətinə magistr proqramları üzrə təhsil üçün təqaüdlər təklif edilir. MTEC təqaüdləri bakalavr dərəcəsi almış, müvafiq sahələrdə çalışan məzun və mütəxəssislərə verilir.

Matra bir neçə alt proqrama bölünür. Bu sıraya Amsterdam Universitetinin hüquq fakültəsində Beynəlxalq və Avropa hüququ magistrı (LL.M.), Tvent Universitetində Dövlət idarəçiliyi magistri (MSc Public Administration), Maastrixt Universitetinin tibb fakültəsində İctimai səhiyyə magistri (MSc Public Health), mədəniyyət və incəsənət fakültəsində Avropa tədqiqatları magistri (MA European Studies) proqramları daxildir.

Bundan əlavə, Hollandiyada TEMPUS (Trans-European Mobility Programme for University Studies) proqramı çərçivəsində də təhsil almaq mümkündür. TEMPUS Avropa İttifaqının ali təhsil sahəsində yeni müstəqil dövlətlər (keçmiş sovet respublikaları), Qərbi Balkan, Avropa İttifaqına üzv olmayan Şərqi Avropa və Aralıq dənizi hövzəsi dövlətləri ilə həyata keçirdiyi əməkdaşlıq proqramıdır. Proqramın məqsədi keçmiş sosialist düşərgəsinə daxil olmuş ölkələrdə universitetlərin modernləşdirilməsi və ali təhsil sahəsində islahatlara yardım göstərməkdir.

Azərbaycan TEMPUS proqramına 1995-ci ildə qoşulub. 1998-ci ildən Bakıda proqramın nümayəndəliyi fəaliyyətə başlayıb. Proqram universitetlərlə əməkdaşlıq vasitəsilə tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda ali təhsilin inkişafına dəstək göstərməklə Avropaya inteqrasiyaya zəmin yaradır. Təhsil Nazirliyi TEMPUS-un Azərbaycandakı milli ofisi ilə yaxından əməkdaşlıq edir.

TEMPUS proqramının hər bir tərəfdaş ölkə üçün müəyyən etdiyi prioritet istiqamətlər bir-birindən fərqlənir. Azərbaycan üçün müəyyən olunan prioritetlər, hər dəfə proqramın yeni mərhələsi başlandıqda ali məktəblərin təklifləri əsasında Təhsil Nazirliyi tərəfindən Avropa Komissiyasının TEMPUS Departamentinə təqdim olunur.

Avropa Komissiyasının həyata keçirdiyi Erasmus Mundus proqramının məqsədi Avropa ali təhsilinin keyfiyyətinin artırılması və Avropa İttifaqına üzv olmayan ölkələrlə əməkdaşlığı inkişaf etdirməkdir. Bu proqram 2008-ci ilin 21 oktyabr tarixində Avropa Parlamenti tərəfindən qəbul olunub. Avropa İttifaqına üzv olan və olmayan ölkələrin tələbələri bu proqramın təqaüdü hesabına Hollandiyada da təhsil ala bilərlər. 

Hazırladı:
Leyla HEYDƏROVA
 

  Niderland Krallığının Azərbaycandakı səfirliyinin təqdim etdiyi rəsmi materiallardan istifadə olunub. 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov