Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - 08

 

Universitet ənənəsi: dünən, bu gün və sabah

 

Bu gün universitet anlayışının əsas zəmini kimi istifadə olunan "universe" termini kainat, aləm, dünya qarşılığını ifadə edərək əsrlər boyu cəmiyyətin, sosiumun magistral inkişaf xətlərini, sivilizasiyaların intibah çevrəsini müəyyənləşdirmişdir. Dünyada modern universitet anlayışı yeni biliklərin, innovativ düşüncənin, çevik alqoritmik təfəkkürün toplandığı və istehsal olunduğu yerdir. Çünki universitet inkişaf lokomotivinə qoşula bilən, sintez və analiz yolu ilə düşüncələrini ifadə edə bilən insanları yetişdirən qurumdur. Universitet fəlsəfəsinə bir tərəfdən bütünləşdirici, uzlaşdırıcı, digər tərəfdən fərqli və yenilikçi, qeyri-standart yanaşmaların məcmusu kimi baxsaq, bir qurum kimi sosiuma xidmət etmək və cəmiyyətin perspektiv viziyonunu müəyyənləşdirən missiyaya sahibdir. Bu gün dünyanın inkişaf standartlarının Avropadan qaynaqlanması ideyası bu qitənin klassik universitet ənənəsinə sahib olması ilə bağlıdır. Sirr deyil ki, Avropa inkişaf modelinin ana xətləri əsası hələ 8-10 əsr bundan əvvəl qoyulan Avropa universitetlərində cızılmışdır. Bu yanaşmada Avropanın, eləcə də dünyanın ən qədim universitetlərindən biri olan, əsası 1386-cı ildə qoyulmuş Almaniyanın Heydelberq Universitetinin giriş qapısında yazılan "həqiqətin, ədalətin və insanlığın canlı ruhu" təkcə poetik ritorika deyil, həm də universitet düşüncəsinin milli var olmanın və dünyaya açılmanın kodlaşmış invariantları idi. Digər bir nümunə Avropanın ən qədim universitetlərindən biri olan, əsası 1575-ci ildə Hollandiyada qoyulan Leyden Universitetinin yaranması ilə bağlıdır. Belə ki, Elmi İntibah ərəfəsində ispanların hücumlarını böyük şücaətlə dəf etdiklərinə görə Hollandiyanın Leyden şəhərinə şahzadə Viliam tərəfindən mükafat verilir. Həmin mükafat ilk holland universitetinin bu şəhərdə yaradılması olur. Tarixçilərin qeyd etdiyinə görə, Leyden vətəndaşlarına universitet yaradılması, yoxsa onların vergilərdən azad olunması arasında seçim etmək təklif olunub. "Lakin vətəndaşlar bildiriblər ki, vergilərdən azad edilmək haqqında qanun dəyişə bilər, Avropanın böyük universiteti isə əsrlər boyu yaşayacaq". Bu nümunə həm də ona görə təqdirəlayiqdir ki, ilk burjua inqilabı ilə cəmiyyətin inkişaf vektorlarını dəyişən və bununla da yeni sivilizasiya və renessans fəlsəfəsini dünyanın gələcək yol xəritəsinin əsas xətləri kimi təqdim edən paradiqma universitet ənənəsindən əxz olunurdu.

Eləcə də Almaniyanın Berlin Universitetinin yaranma mühiti çox maraqlıdır. Belə ki, Berlin Universiteti Steyn və Hardenberq kimi dövlət xadimlərinin maarifçilik missiyası və siyasi iradəsi ilə yaranıb. Buna vüsət verən əsas hadisə isə 1806-cı ildə fransızların alman torpaqlarını zəbt etməklə həyata keçirdikləri hərbi ekspansiya oldu.

Berlin Universitetinin yaradılması ideyasını o dövrdə fransızlar tərəfindən zəbt olunmuş əzəli alman torpağı Yenasız təsəvvür etmək mümkün deyildi. Əsas məqsəd Kral III Fridrix Vilhelmin ifadəsi ilə desək, "itirdiyimiz torpaqlarımızın əvəzində intellektual gücü"müzü qüvvətləndirmək və məğlubiyyət sindromundan xilas olmaqla Prussiyanın nüfuzunun bərpa edilməsi idi.

Əsası 1810-cu ildə qoyulmuş və əvvəlcə Kralın adını daşıyan bu ali məktəb insanlara özlərini realizə etmək, eləcə də maariflənmiş vətəndaş və dövlətin effektiv şəkildə idarə edilməsi üçün zəruri olan vərdişlər qazanmaq imkanı verirdi. Yeni universitet qurucuları Steyn və Hardenberq ali təhsili milli dirçəliş layihəsinin əsası hesab edirdilər. Böyük alman filosofu Fixte universitetin ilk rektoru və fəlsəfə kafedrasının rəhbəri təyin olunanda təkcə onun intellektual gücünü, Kantın ona məhəbbətini deyil, həmçinin onun fransızlar tərəfindən işğal olunmuş Berlində 1808-ci ildə verdiyi silsilə mühazirələri ilə alman təhsil sistemində islahatlar barədə səsləndirdiyi fikirləri nəzərə alındı. Böyük filosof Fixte işğal nəticəsində məğlubiyyətə uğramış almanların milli ruhunu qüvvətləndirməyin başlıca yolunu yalnız təhsildə islahatlar aparmaqda görürdü. Fixtenin təhsillə bağlı düşüncələri alman milli düşüncəsində, cəmiyyətin harmonik inkişaf fəlsəfəsində dəyişiklik üçün bir çağırış oldu. Bu xətt həm də Almaniyada yaranan yeni universitet düşüncəsinin əsas leytmotivini təşkil edirdi.

Şərqdə də universitet anlayışı bu cür ideallara xidmət edib. Burada da elmi dərketmə səviyyəsi təkcə dövrün reallığı ilə deyil, həm də gələcək düşüncə çevrəsində dərk olunurdu və universitetdə öyrədilən biliklərin mahiyyətinə uyğun azadlıq ab-havası hakim idi. Bu örnəklərdən biri Osmanlı sultanı Fateh Sultan Mehmetlə bağlı idi. Bir gün Fateh Mehmet mədrəsədə dərs zamanı odaya daxil olarkən, müəllimdən "niyə ayağa qalxmadın?" - deyə soruşur, müəllim isə cavabında "mən öyrəncilərimə elmin padşahlıqdan üstün olduğunu öyrətdim. Onlara söylədiyimin tərsini edərəmsə, mənə güvənc və inamları qalmaz", - demişdir. Bu cavabın qarşısında Mehmet Fateh "haqlısan xocam", - deyə bildirmiş və çıxıb getmişdir.

Eləcə də bu gün dünyanın ən yaxşı universitetlərindən sayılan İstanbul Universitetinin əsası 30 may 1453-cü ildə, Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmet tərəfindən qoyulmuşdur. Deməli, universitetlər hansı qitədə yerləşməsindən və necə adlanmasından asılı olmayaraq bütün əsrlər boyu bilik axtarışını doğru düşünməyi və intibah missiyasını ehtiva edərək böyük dəyişikliklərin lokomotivi olmuşdur.

Bu gün İntellektual kapitalı özündə ehtiva edən ali təhsil qlobal biliklər iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir. Bu yanaşmada iqtisadi rəqabətin ən mühüm komponentlərindən biri kimi R&D araşdırma və inkişafa ayrılan vəsaitlərin həcmi rol oynayır. Deməli, universitet təhsili həm də ölkələrin iqtisadi infrastrukturunun ayrılmaz hissəsidir. Dogrudur, son zamanlarda dünyada baş verən qlobal iqtisadi böhran bir sıra ölkələrdə ali təhsilə yatırılan investisiyaların azalmasına səbəb olmuşdur.

Bununla belə, məsələn, 2007-2008-ci tədris ilində Böyük Britaniyada ali təhsilə ayırmalar 33,4 milyard funt-sterlinq olmuşdur ki, bu da ölkənin ÜDM-nin 2,3%-ni təşkil edib.

Universitet təhsilinin insanların həyatında vacib rol oynaması amili getdikcə artır. Məsələn, qlobal iqtisadi böhranın başlandığı dövrdən bu yana ABŞ-da 2008-2009-cu illərdə 18-24 yaş arasında gənclərin ali təhsilə cəlb olunmaları 39%-dən 41%-dək artmışdır. Hindistanda təhsilin həm də yoxsulluğun aradan qaldırılmasında vacib şərt olduğunu dərk edərək əhalinin 2020-ci ilədək 30%-nin ali təhsilə cəlb olunması hədəflənmişdir. Bunun üçün Hindistan dövləti çoxsaylı əlavə ali təhsil şəbəkəsini (müxtəlif təşkilati formalarda) açmağı planlaşdırır.

Avropa ölkələrində də insan inkişafı indeksinin vacib indikatorlarından olan ali təhsil şəbəkəsinin həm məzmun, həm də forma baxımından genişləndirilməsi perspektivi əsas məqsədlərdən hesab olunur. Məsələn Böyük Britaniyada 2009-cu ildə ali məktəblərə qəbul yerlərinin sayı 7,8% artırılmışdır. Çinin Təhsil, İqtisadi İnkişaf və İslahatlar komissiyasının məlumatına görə, 2009-cu ildə magistr dərəcəsi alan müdavimlər 5% artmışdır.

Tarixən universitet ideyasının dirçəlməsi və inkişafı müvafiq "təhsilli insan" modelini nəzərdə tutub. Doğrudur, XXI əsrdə ali təhsil onun müxtəlif sosial təbəqələrlə əlaqədar olması mənasında artıq elitar təhsil deyildir, lakin mahiyyətcə ali məktəblər, xüsusilə universitetlər intellektual elita yetişdirməlidir. "Təhsilli insan" da elitar mənada yüksək mədəniyyət sahibi olmalıdır.

Bəs universitet kimi və necə yetişdirməlidir? Təhsilli insan, yoxsa peşəkar kadr?

Haqqında çox danışdığımız universitet böhranı, əslində universal təhsilin, xüsusilə həmişə ya universal bilik funksiyasını, ya da universal biliyə giriş vəzifəsini yerinə yetirən fəlsəfənin böhranıdır. Universitet təhsilinin yenidən qurulması təhsil fəlsəfəsinin tədrisinin yenidən qurulması ilə bağlıdır. Bu yenidənqurma hansı istiqamətlər üzrə aparıla bilər? Fəlsəfə təhsil sistemində, hər halda, ikili funksiyanı yerinə yetirir. Hər şeydən əvvəl, o, ixtisasa metodoloji giriş verməlidir, elmin nə olduğunu, hansı tip elmi biliklərin, elmi metodların olduğunu izah etməlidir və s. Təbii ki, belə bir metodoloji giriş diferensiyalı olmalı və mühəndis, təbiətşünaslıq və humanitar ali məktəblərin spesifikasını nəzərə almalıdır.

Bu gün dünyanın inkişaf etmiş ölkələrində əsası Napoleon dönəmində qoyulmuş bilik fundamentli universitet anlayışı yeni nəsil universitet düşüncəsi ilə əvəzlənir. Universitetlər innovasiya, sənaye təsisatları ilə işbirliyi qurmaq, ən bilikli müəllim və tələbəyə sahib olmaq üçün daim rəqabət meydanında olmalıdırlar. Burada qalib gələn də, uduzan da rəqabət nəticəsində meydana çıxır. Yeni nəsil universitetlərin əsas özəllikləri - sənaye təsisatları ilə işbirliyi, araşdırma və inkişaf, aktiv olaraq ən bilikli müəllim və tələbə heyətini cəlb etmək, eləcə də iqtisadi güclərini artırmaq üçün bazarda investisiya layihələrində iştirak edirlər.

Bir daha qeyd edək ki, bu gün mövcud olan universitetlər XIX əsrdə Berlin Universitetini quran Vilhelm fon Humboldtun əsasını qoyduğu Humboldt modelindən qaynaqlanır. Xüsusən də orta əsrlərdə və sonrakı çağlarda universitetlərin əsas missiyası İntibah dövründə meydana çıxan düşüncə cərəyanlarını araşdıraraq ictimai fikri formalaşdırmaq idi. Bu yanaşmada universitetlər son nəticə ilə maraqlanmırdı. Məsələn, XIX əsrə aid əsas texnoloji yeniliklər (buxar maşını, telefon, teleqraf, radio və sair) universitetlərdə deyil, kənar müstəvidə icadını taparaq ictimai həyata daxil olmuşdur.

XX əsrin 60-cı illərindən başlayaraq universitetlər klassik Humboltd modelinin çökməsi nəticəsində həm məzmun, həm də forma baxımından dinamik inkişaf mərhələsinə qədəm qoyaraq innovasiya sistemlərinin yaradıcısı qismində çıxış etməyə başladı. Nəticədə ABŞ-da universitetlər Dell, Maykrosoft, İntel, Hewlett Packard kimi yeni texnoloji nou-hauların əsas innovasiya mərkəzləri kimi formalaşdı.

Qloballaşma axını çox qısa bir müddətdə dünyanın siyasi - iqtisadi məzmununu dəyişdi. Bu yarışmada dünyanın müxtəlif güc mərkəzləri öz yerini qoruyub saxlamaq, iqtisadi inkişafın əsas indikatoru olan innovasiyaya sahib olmaq üçün yeni universitetlərin qurulmasına start verirlər. Məsələn, Avropa Birliyinin əsas hədəflərindən biri də iqtisadi inkişaf tempinə görə Birləşmiş Ştatları və Yaponiyanı üstələmək siyasətidir. Bu məqsədlə Avropa liderləri elm, texnologiya və innovasiya sahəsində dünyada yeni layihələrə müəlliflik edəcək Avropa Texnologi Universitetinin qurulması üçün fəaliyyətə başladılar. İnnovasiya məhsulları istehsalını əsas hədəf hesab edəcək bu universitet layihəsi Avropada ən yaxşı professor-müəllim heyətini və tələbələri öz orbitinə alaraq gələcək Avropanın inkişaf oriyentirlərini müəyyənləşdirməli idi. Avropanın müxtəlif ölkələrindən elm adamlarının ortaq layihələrdə iştirakını təmin edən və fərqli ölkələrdə mövcud olan bir çox qurumun koordinasiyası ilə fəaliyyət göstərməyi hədəfləyən Avropa Texnoloji Universiteti Avropa Komissiyasının təhsil müşaviri Jan Figel Denin qeyd etdiyi kimi, yeni kəşflər və innovativ təsir gücü ilə gələcəyi düşünür. Əslində Avropanı gələcəyi düşünmək üçün kifayət qədər narahat edən səbəblər var. Tarixən elmin və innovasiyanın beşiyi olan Avropa son 50 ildə bu sahədə liderliyini ABŞ və Asiya nəhənglərinə verib. Əgər statistikaya müraciət etsək, 1901-1950-cı illərdə avropalı elm adamları Nobel mükafatının 100-də 73-nü qazanırdılarsa,1995-2004-cü illərdə bu faiz 100-də 19-a düşdü. Bu rəqabətdə Avropa ABŞ,Yaponiya, Çin və getdikcə Hindistana uduzur. Deməli, Avropa yaxın gələcəkdə öz liderliyini saxlamaq üçün yeni istehsalat texnologiyalarının işlənməsi,enerjinin istifadəsi və innovasiyaların tətbiqini gerçəkləşdirən R&D siyasəti və yeni nəsil universitet düşüncəsini strateji hədəf kimi qarşıya qoyaraq gələcəyin optimal yol xəritəsini cızmalıdır. Doğrudur, 2 milyard avro büdcəsi ilə diqqəti çəkən Avropa Texnoloji Universiteti layihəsinə qocaman Avropa universitetləri - Oksford, Kembric qısqanclıqla yanaşsa da, ancaq bu təhsil qurumunu təhsil-elm-innovasiya mərkəzi kimi görən nəhəng şirkətlər - Microsoft, Nokia, Pirelli layihədə iştirak etmək istəklərini bildiriblər.

Bu gün dünyada dövlətlərin iqtisadi güc motoru və zənginlik yaradan əsas dəyər vahidi kimi universitetlər çıxış edir. Universitet avtonomiyasının əsas fəlsəfəsi kimi - nəyi, necə öyrənib, tətbiq etmək alqoritmidir. Bu gün dünyada universitet idarəetməsinin yeni meyarları formalaşır. Bu meyarlar daha çox Amerika modelindən qaynaqlanır. Çünki ABŞ-da nəhəng şirkətlər universitetlərlə birlikdə R&D (araşdırma və inkişaf) siyasəti aparırlar. ABŞ-da R&D (araşdırma və inkişaf) şirkətlər üçün böyük önəm daşıyır və gəlirlərinin 8-10%-ni buna sərf edirlər. Məsələn, 2008-ci ildə 365 milyard dollar R&D yatırımı ilə ABŞ birinci yerdə, 217 milyard dollar R&D investisiyası ilə Çin ikinci yerdə gəlir. ABŞ-da təhsil sistemi yaradıcılıq səhnəsidir. Bu dəyər dünyada söz sahibi olan Birləşmiş Ştatlarda yaradıcı təhsil sisteminin və innovasiya ənənəsinin güc qaynağı olan universitetlərin kreativ ruhunun hesabına qazanılıb. Ona görə də təhlilçilər haqlı olaraq deyirlər ki, Amerika ona görə güclüdür ki,onun universitetləri güclüdür. Bir az əvvəl qeyd etdiyim kimi, dünyanın ən qabaqcıl universitetləri və elm adamları bir zamanlar Avropada idilər. Amma indi ABŞ-dadırlar - Harvard Universiteti, Massaçusets Texnologiya Unviersiteti, Stanford, Yel universitetləri və digər özəl universitetlər. Bu universitetlərin idarə heyətində oturan şəxslər Avropadakı kimi akademiklər deyil, peşəkar, işgüzar sferada özünü doğrultmuş şəxsiyyətlərdir və qərarı onlar verirlər. Burada rektoru, dekanı akademik çevrədən seçmirlər. Avropa universitetlərindən fərqli olaraq ABŞ universitetləri təhsilini üç əsas komponent üzərində qurur: - tədris, tədqiqat, ictimaiyyətə xidmət. Əgər bu üçüncü komponenti təhsil sisteminə gətirirsənsə, artıq təhsilin istiqaməti və təbiəti tamamilə dəyişir. Diqqət edin, əgər bu üçüncü komponent yoxdursa, onda bütün elmləri öyrənmək lazımdır. Yox, əgər bu üçüncü komponenti təhsilə gətirirsənsə, onda artıq tədris olunan elmləri seçməyə başlayırsan - bəzi elmlər bizim cəmiyyətə daha lazımlıdır, bəzilərinə isə tələbat daha azdır. Belə olanda isə, ölkənin universitetləri strateji əhəmiyyət daşıyan sahələri və elmləri tədris etməyə başlayır. Maraqlıdır ki, bu gün dünyanın istər inkişaf etmiş Avropa ölkələri, istərsə də Asiya nəhənglərinin ən yaxşı universitetləri bu modeldən yararlanıb uğur qazanıblar. Məsələn, götürək İrlandiyanı. Bu ölkədə təhsil qurumlarının özəl sektorla yaxından işbirliyi və yeni kurikulumların hazırlanması nəticəsini verdi. İrlandiya ali təhsil sistemində tələbələr təhsil aldıqları 4 il müddətinin 9 ayını şirkətlərdə staj keçməyə sərf edirlər və onların böyük hissəsi, təqribən 25%-i təcrübəni ölkədən kənarda keçirlər. Geri qayıdan tələbələr artıq işlədikləri layihəni staj keçdikləri yerdə qarşılaşdıqları problemlərə həsr edirlər. Bundan əlavə, tələbələrin staj keçdikləri qurumlara bilavasitə professorlar gedir və vəziyyəti ekspertiza edirlər. Elə vaxtlar olur ki, şirkətlərdə tələbəyə nəzarət edən şəxs tələbədən razılıq edir. Amma sonda məlum olur ki, tələbənin öyrəndikləri təhsil qurumlarını o qədər də maraqlandırmayan məsələlərdir. Beləcə, işin dərinliklərinə gedərək, İrlandiya ali təhsil sistemində kurikulum yenidən quruldu. İrlandiyanın məşhur dövlət xadimi, təhsilşünası Garret Fitz Ceraldın qeyd etdiyi kimi: "İrlandiyada bizim çox gözəl təhsil ənənələrimiz var və hazırda mənim rəhbərlik etdiyim İrlandiya Milli Universiteti İrlandiyanın inkişafı üçün böyük xidmətlər göstərib. Amma İrlandiyanın təhsil sistemində sürətli dəyişiklik etmək lazım idi və kök salmış təhsil ənənələrindən fərqli bir model gətirilməli idi. Belə olanda, İrlandiya hökuməti bu qərara gəldi ki, yeni bir təhsil müəssisəsi yaradılsın. Fərqi yox idi, həmin universitetin adı nə olacaqdı, əsas məsələ o idi ki, bu universitet iqtisadi inkişafa stimul verməli , özəl sektorla sıx işləməli idi. Biz həmin universiteti yaradanda, düzünü deyim, ABŞ modelini oğurladıq".

Bu gün elm istər bütün insanlıq üçün, istərsə də ayrı-ayrı ölkələr üçün əvvəllər olduğundan daha çox lazımdır. Yaradıcı yanaşmalar, yeni texnogen sivilizasiyanın önşərti kimi elmi-texnoloji-innovasiyalar mərkəzləri olan universitetlərin üzərinə düşür. Bu çağırış həm də XXI əsrin bizə təklif etdiyi yaşam tərzidir. 

Cəsarət VALEHOV,
AMEA-nın doktorantı,
İctimai televiziyanın "Açıq dərs"  proqramının moderatoru
casarat@yahoo.com

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov