Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

"Azərbaycanın təhsil nazirləri"

 

Azərbaycan xalqının həqiqi tarixi hələ yazılmayıbdır. Gərək bizim xalqın əsl tarixi yazılsın.

Heydər ƏLİYEV 

Təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri hesab edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahədə aparılan islahatları yüksək qiymətləndirərək demişdir: "Təhsil Nazirliyində düşünülmüş proqram, konsepsiya vardır". Dövlətin müəyyənləşdirdiyi bu strategiya və konsepsiya 10 ildən artıqdır ki, təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanovun bilavasitə rəhbərliyi və şəxsi iştirakı ilə uğurla həyata keçirilir.

Bu illər ərzində Misir müəllim bütün səylərini təhsil sahəsindəki çatışmazlıqların aradan qaldırılmasına, təhsilin bütün pillələrində effektiv yeniliklərin tətbiqinə, Azərbaycan təhsilində köklü məzmun islahatlarının aparılmasına, təhsil sisteminin yeniləşməsinə, milli və bəşəri dəyərlər zəminində Avropa və dünya təhsil sisteminə uğurla inteqrasiya edilməsinə yönəltmişdir. Məhz onun Azərbaycan təhsilinə rəhbərlik etdiyi illərdə təhsil sistemi elmi cəhətdən əsaslandırılmış proqramlara uyğun idarə olunmağa başlamışdır.

Təhsil tariximizdə ilk dəfə olaraq on altı inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların  reallaşdırılması nəticəsində təhsil infrastrukturu müasir tələblərə uyğun qurulmuş, təhsilin məzmunu yeniləşdirilmiş, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" təsdiq olunmuş,  yeni dərslik siyasəti reallaşdırılmış, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlər tətbiq edilmiş, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatı yaxşılaşdırılmış, təhsil müəssisələri informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmiş, təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuş, maddi dəyərlərdən əldə edilən kapital ölkədə insan kapitalının inkişafına yönəldilmişdir.

Büdcə vəsaiti hesabına Təhsil Nazirliyi tərəfindən yeni təhsil-tərbiyə müəssisələrinin tikilməsi  və ya əsaslı təmir edilməsi  böyük bir vüsətlə həyata keçirilmişdir. Təbii ki, gələcək tədqiqatçılar bu illərdə Azərbaycanda təhsilin inkişaf tarixindən yazarkən çoxşaxəli fəaliyyəti ilə çağdaş təhsil tariximizin parlaq səhifələrini yazmış hörmətli təhsil nazirimiz Misir Mərdanovun sistemli və ardıcıl həyata keçirdiyi əsaslı tədbirləri, təhsilin infrastrukturunun və məzmununun yeniləşdirilməsi, mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılması sahəsindəki xidmətlərini tarixi nailiyyət kimi qiymətləndirməklə yanaşı, həm də onu böyük elmi səriştəyə və təcrübəyə malik təhsilşünas alim və təhsil tarixçisi kimi dəyərləndirəcəklər. O, müasir, qlobal elmi təfəkkürə malik, müsbət radikal addımlar atmağa meyilli, yeniləşməyə nail olmağa israrlı, informasiya cəmiyyətindəki ideyaların daşıyıcısı olan bir alim, islahatçı nazirdir. Misir müəllim öz yaradıcılığında müasir təhsilşünaslığın elə problemlərinə toxunmuş, elə ciddi elmi məsələləri şərh etmişdir ki, gələcəkdə bu mövzuda tədqiqat aparanlar mütləq onun yaradıcılığına müraciət etməli olacaqlar. O, təhsil sahəsindəki problemləri vaxtında görür, aktual məsələləri önə çıxarır, dövlətin və cəmiyyətin diqqətini qarşıdakı hədəfə yönəltməklə yanaşı, təhsilşünaslığın bir elm sahəsi kimi inkişafına öz töhfəsini verir.   Məhz o, təhsil-tərbiyə ilə bağlı xalqımızın min illər boyu yaratdığı, zamanın, tarixin yaddaşına həkk etdiyi, milli mənəvi dəyərlərə çevrilən ideyaları ilk dəfə sistemli təhlil və tədqiq etməklə ciddi elmi ümumiləşdirmələrin predmetinə çevirməyə nail olmuşdur. "Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində (1918-1920)" (2003), "Azərbaycanın təhsil siyasəti" (2 cilddə, 2005), "Azərbaycan Müəllimlərinin qurultayları. I-IX" (2008), "Azərbaycan Müəllimlərinin XIII qurultayı" (2009) kitabları bu qəbildəndir. O, ixtisasca riyaziyyatçı olsa da, son illərdə daha çox təhsilşünas alim kimi tanınır, intensiv elmi axtarışları, monoqrafiya, kitab və kitabçaları, silsilə məqalələri ilə pedaqoq-alimlərin də qibtə edə biləcəyi mənəvi xəzinə yaradıb. "Azərbaycan təhsili islahat illərində" (2001), "Təhsil millətin gələcəyidir" (2002), "Azərbaycan Respublikasının dövlət rəmzləri" (2002), "Təhsil sistemində monitorinq və qiymətləndirmə" (2003), "Azərbaycan təhsili müstəqillik illərində" (2003), "Azərbaycan təhsili dünən, bu gün, sabah" (2006), "Davamlı inkişaf və təhsil" (2007), "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı, 2003-2008" (2008), "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" (2009), "50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim" (2009), "Azərbaycan təhsili: islahatların uğurlu nəticələri (2009-2010-cu illər)" (2010) kitabları elmi-nəzəri dəyərinə, tarixi əhəmiyyətinə, dərin məzmununa görə təhsilşünaslığa dəyərli töhfədir.  Bu kitablar Misir müəllimin təhsil sahəsindəki xidmətlərini əyaniləşdirməklə, tarixiləşdirməklə yanaşı, həm də onu təhsil tarixi və təhsilşünaslıq sahəsində səlahiyyətli  söz sahibi kimi təqdim edir. 

Bu günlərdə işıq üzü görən "Azərbaycanın təhsil nazirləri" ("Bakınəşr", 2010, 240 s.) adlı kitabı Misir müəllimin yeni bir elmi hesabatıdır. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işıqlı, aydın çöhrəli portretləri ilə açılan bu kitab müqəddəs sözün işığından doğan, nazir  təfəkküründən  süzülərək yeni məzmun və mahiyyət kəsb edən nurlu bir işıq, vətənimiz qarşısında xidmətləri olan insanlara (nazirlərə) ucaldılan mənəvi bir abidədir ki, onun da müəllifi professor Misir Mərdanovdur.

Kitaba yazılan "Ön söz" Azərbaycan təhsilinin ən qədim zamanlarından bu günə kimi olan dövrünə işıq tutur, həcmcə böyük olmasa da məzmun, problematika, işlənmə səviyyəsi, fakt və hadisələrin  tarixilik və müasirlik baxımından müqayisəli təhlili, şərh   üslubu ilə akademik səciyyə daşıyır. Azərbaycanda təhsil sahəsində aparılan uğurlu işlər, buraxılan nöqsanlar, onların obyektiv və subyektiv səbəbləri müəyyənləşdirilir, təhsil quruculuğu ayrıca, əlahiddə şəkildə deyil, dövrün ictimai-siyasi hadisələri fonunda təhlil və tədqiq olunur, azərbaycanlı ziyalıların (nazirlərin) ömür kitabının həm məşəqqətli, həm də fərəhli səhifələri vərəqlənir. ADR, sovet hakimiyyəti və müstəqillik illərində təhsilin məzmununda aparılan islahatların xarakteri, səciyyəvi xüsusiyyətləri önə çəkilir. Sərt və ciddi qanunların tətbiqi ilə səciyyəvi olan keçən əsrin 30-cu illərində məktəblə bağlı qəbul edilmiş qərarların, sinfi mübarizənin gücləndirilməsi haqqında Stalin ideyasının təhsildə demokratik ənənələrin inkişafını ləngitməsinin,  yeni arzuolunmaz istiqamətin formalaşmasının əsasını qoyduğu bildirilir. Əsaslandırılır ki, o dövrdə milli dəyərlər sərt şəkildə arxa plana keçirildi, saxta bolşevik beynəlmiləlçiliyi aparıcı amilə çevrildi, təhsilin məzmunu tamamilə sovet ideologiyasının prinsiplərinə tabe etdirildi. Müəllif haqlı olaraq 30-cu illərdə məktəb haqqında qəbul edilmiş qərarları təkcə siyasi sənəd deyil, həm də pedaqoji prosesə Sov.İKP-nin rəhbərliyini təmin edən metodoloji proqram kimi qiymətləndirir.

Keçmişi pisləmək düzəltməkdən asandır. Misir müəllim inkarçılıq stixiyasından çıxış edərək o dövrü pisləmir, əksinə, ulu öndərimiz Heydər Əliyevin "1920-ci ildən 1991-ci ilə qədər Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil olmamışdır, ancaq Azərbaycan xalqı böyük inkişaf yolu keçmişdir" - müddəalarını o dövr tariximizin obyektiv öyrənilməsinin metodoloji əsası kimi qəbul edir, sovet hakimiyyəti illərində təhsil quruculuğu ilə bağlı konseptual problemləri məhz həmin prizmadan işıqlandırır. Yaxın tarixi keçmişə obyektiv qiymət vermənin yeganə elmi yolu belədir.  Professor Misir Mərdanov bu konsepsiyaya əsaslanaraq sübut edir ki, xalq maarifinin, məktəbin nailiyyətlərini itirmək, əldə edilənlərin ən yaxşılarını, məktəbin prinsipial özülünü inkar etmək olmaz. Tarixən rasional toxumlardan, rüşeymlərdən cücərib boy atmış, sistem halını almış ideyaları möhkəm özül üçün qəbul etməsək, bunun üzərində gələcəyin binasını ucalda bilmərik. Dəhşətli Stalin terroru vaxtı da, sonralar da pedaqoji fikirdə, təhsil quruculuğunda işıqlı cəhətlər çox olmuş,  pedaqogikamız yüksək ideallar və məqsədlər uğrunda mübarizəyə hazır nəslin tərbiyəçisi olmuş, Azərbaycan pedaqoji elmində təhsil-tərbiyənin strategiyası və taktikası hazırlanmış, məktəbdə isə həyata keçirilmişdir. Doğrudur, sovet hakimiyyəti illərində müstəqil dövlət siyasətimiz, aydın milli ideologiyamız olmayıb, xalqın milli təfəkkürünün daşıyıcıları olan on minlərlə ziyalı günahsız ittiham edilib, ölüm və cəza maşını fasiləsiz işləyib. Ancaq bu heç də o demək deyil ki, məktəbimiz, təhsilimiz inkişaf etməyib. 

Son yüz ildə təhsilin inkişaf tendensiyalarını təhlil edən professor Misir Mərdanov  bu qənaətə gəlir ki, qazandıqlarımız itirdiklərimizdən daha çoxdur. O, yazır: "Mən təhsil naziri kimi müxtəlif ölkələrdə, o cümlədən qonşu İran və Türkiyə respublikalarında dəfələrlə xidməti səfərlərdə olmuşam. Bu səfərlər zamanı bir fakt məni həmişə qürurlandırıb: Azərbaycanda insanların təhsil səviyyəsi hər iki ölkədəkindən qat-qat yüksəkdir. Sovet dövründə ən ucqar kəndlərimizdə belə məktəblər fəaliyyət göstərib və Azərbaycanda savadsız adam yoxdur. Bütün bunlar bizim bugünümüz üçün etibarlı zəmin olubdur. Əgər belə olmasaydı, biz öz müstəqilliyimizi bərpa edib Azərbaycanı uğurla irəli apara, daha böyük nailiyyətlərə, cəsarətli islahatlara imza ata, təhsilimizi, mədəniyyətimizi, iqtisadiyyatımızı müasir tələblər səviyyəsində inkişaf etdirə bilməzdik" (s.21).

Yetmişillik keçmiş elə bir tarixi materialdır ki, onu tənqidi mövqedən dərk edib qiymətləndirmədən, nailiyyətlərimiz, səhvlərimiz barədə tam həqiqət olmadan ictimai özünüdərk və millətin tərəqqisi mümkün deyil. 

Dəyərli kitabları oxuyanlar dəyərli insanlarla görüşmüş kimi olurlar. Bu kitabı oxuyanlar zamanın yaddaşına yazılan dəyərli şəxsiyyətlərlə - xalqının tarixində, taleyində, böyüyən nəslin təhsil-tərbiyəsində böyük rol oynayan insanlarla -Azərbaycanın xalq maarifi və dini etiqad nazirləri (N.Yusifbəyli, R.Qaplanov, H.Şaxtaxtinski, N.Şahsuvarov), xalq maarif komissarları (D.Bünyadzadə, M.Quliyev, R.Axundov, M.Məmmədov, A.Sultanova, M.Ağayev, M.Cuvarlinski, M.Şahbazov, M.Əfəndiyev, M.Məmmədov, M.İbrahimov, M.Ələkbərov), xalq maarif nazirləri (M.Mehdizadə, R.Rəhimov, E.Qafarova, K.Rəhimov, T.Hacıyev), texniki peşə təhsili komitəsinin sədrləri (Ə.Ənnağıyev, M.Ağayev, T.Allahverdiyev, H.İsayev), ali və orta ixtisas təhsili komitəsinin sədrləri (Ş.Məmmədov, A.Qarayev), ali və orta ixtisas təhsili nazirləri (Z.Hüseynova, D.Quliyev, Q.Əliyev, A.Abbasbəyli), xalq təhsili nazirləri (M.Məmmədov, R.Feyzullayev, F.Cəlilov) və təhsil nazirləri (L.Rəsulova, M.Mərdanov) ilə görüşür, bu insanların qazandıqları təcrübə ilə, dünyagörüşləri və həyat fəlsəfələri ilə yaxından tanış olurlar. Kitabda onların yaradıcılığının özünəməxsus çalarları, onların təhsil tariximizdəki yeri və mövqeyi, pedaqoji nəsillərin taleyində oynadıqları rol yeni pedaqoji təfəkkür işığında geniş və hərtərəfli şəkildə araşdırılır.

Millətin mədəni gücü onun siyasi gücündən daha dərin olur. Millətin əzəməti onun hər bir nümayəndəsində öz əksini tapır. Millətin güclü olması milli ideologiya ətrafında sıx birləşməsi ilə bağlıdır. İdeya insanı və dünyanı hərəkətə gətirən yeganə fikir axınıdır. Nəsib bəy Yusifbəyli, Rəşid xan Qaplanov, Həmid bəy Şaxtaxtinski,  Nurməmməd bəy Şahsuvarov əqidələri uğrunda, Dadaş Bünyadzadə, Mustafa Quliyev, Ruhulla Axundov, Maqsud Məmmədov, Ayna Sultanova, Məmməd Çuvarlinski, Müseyib Şahbazov... ideologiya naminə öldürüldülər. Bu şəxslər Azərbaycanın xalq maarifinə və təhsil sisteminə rəhbərlik etmiş insanlardır. Onların hamısı "xalq düşməni" kimi mühakimə edilib, repressiyaya məruz qalıblar.

Onların şəxsiyyətləri ilə tanışlıq insanın fikir dünyasını genişləndirir, hiss və duyğu aləmini zənginləşdirir. Belə insanlar heç vaxt ölmür, dünyaya gələn hər yeni nəsillə yenidən dünyaya gəlir, oxunduqca, xatırlandıqca yaşayırlar. Ümumiyyətlə, insanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayır - fikirlərdə, xəyallarda, təsəvvürlərdə... F.Dostayevski haqlı olaraq yazırdı ki, xalq ancaq sevdiyi insanları yaddaşında saxlayır.

Təkrar-təkrar nəzərdən keçirdikcə bir daha yəqin edirsən ki, bu kitab 1918-2010-cu illərə kimi davam edən böyük və çox mürəkkəb, kəşməkəşli təhsil tariximizin bütöv bir mərhələsinin parlaq salnaməsidir.

Bəşəriyyət gələcəyə, baxışlarını keçmişə yönəldərək gedir. İnsanlar gələcək haqqında yalnız keçmiş əsasında mühakimə yürüdə bilirlər. Keçmiş nəsillər bizim üçün sualların hazır həllini deyil, özünü qoyub gediblər (Seneka). Keçmişinə xor baxan, gələcəyinə kor baxar. Misir müəllimin yaradıcılıq manerasına bələd olan adam kimi deyə bilərəm ki, böyük elmi səriştə və ciddi məsuliyyətlə, yüksək həvəs, enerji, şövq və zövq ilə hazırladığı bu kitab o dövrün təcrübə və müdrikliyini müasirlərimizə çatdırır, tariximizin yaddaşından müasirliyimizə işıq salır, tarixi-pedaqoji irsə müasir baxış həyata keçirir.

Kitabda Azərbaycan cəmiyyətinin mövcudluğunun, fəaliyyətinin, bütövlükdə həyatının ideya-konseptual prinsiplərində yeni milli mənəvi dəyərlərin formalaşdığı 70-ci illər mərhələsinə xüsusi diqqət yetirilir. Ulu öndərin 14 iyul 1969-cu ildə hakimiyyətə ilk gəlişi Azərbaycanın tərəqqiyə dönüşü, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüşün başlanğıcı oldu.  Qısa müddətdə cəmiyyət həyatının bütün sahələrinin sürətli yüksəlişi, istehsalın, elmin, mədəniyyətin, mənəviyyatın tərəqqisi əslində daha böyük nailiyyətlərin - milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurunun yüksəlməsinə səbəb oldu. Bütün bunlar az sonra müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edən əzəmətli planın tərkib hissələrini təşkil etdi. Misir müəllim 70-80-ci illəri Azərbaycanın intibah dövrü kimi səciyyələndirərək belə qənaətə gəlir ki, həmin illərdə təhsilimiz sürətlə inkişaf etməsəydi, keçən əsrin 90-cı illərində imperiya hakimiyyətinin təzyiqi bir az zəifləyən kimi, uzun illərdən bəri zamanın diqtə etdiyi təhsil siyasəti əsasında tərbiyə almış millətimizin indiki nəsli milli ruhla azadlıq mübarizəsinə, istiqlal mücadiləsinə qalxa bilməzdi.

80-ci illərin sonu-90-cı illərin əvvəllərində müstəqillik hərəkatının genişlənməsinə aparan çətin, ziddiyyətlərlə dolu tarixi yolun mühüm, bəlkə də başlıca mərhələlərindən biri, şübhəsiz, 70-ci illərin ümumi milli yüksəlişi və onun sayəsində xalqın daha da qabarıq mübarizlik ruhunun formalaşması olmuşdur. Bu illərdə Heydər Əliyevin uzaqgörənliklə istiqamətləndirdiyi ən dəyərli təhsil ənənələri kitabda  genişliyi ilə təhlil olunmuş, müstəqilliyimizin ilk illəri gələcək islahatlara hazırlıq, 1993-1998-ci illəri axtarışlar, yeniliklərin öyrənilməsi, 1998-ci ildən sonrakı dövr dünya təhsilinə inteqrasiya, dövlət proqramları və beynəlxalq layihələrin reallaşdırılması, əsaslı quruculuq, tədrisin keyfiyyətinin yüksəlişi və islahatlar dövrü kimi xarakterizə olunur.

Kitaba daxil edilən 200-ə yaxın şəklin hər birinin məna yükünü, pedaqoji-psixoloji siqlətini, ictimai-siyasi əhəmiyyətini dərindən duymaq yüksək zövq tələb edir. Bu mənada kitabda verilmiş hər bir şəklin yerli-yerində işlədilməsi və hər bir şəklin məzmun və ideyasını tamamlayan şəkilaltı yazıların verilməsi faktları bir daha göstərir ki, müəllif təhsil tariximizin incəliklərini bilməklə yanaşı, bədii tərtibat sahəsində də zəngin təcrübəyə malikdir.

Kitabda diqqəti cəlb edən məziyyətlərdən biri xalqımızın o illərdəki düşüncə tərzinin, həyata baxışlarının, təhsil sahəsindəki nailiyyətlərinin elmi fakt və hadisələrin fonunda təhlil edilməsidir. Ensiklopedik bir mənbə olan bu yazılar oxucunu xəyalən çox da uzaq olmayan yaxın keçmişə aparır və düşündürür. Nazirləri yetirən və yaşadan ictimai-siyasi, elmi-mədəni və pedaqoji mühitin ən xarakterik və qabarıq cəhətlərini əks etdirən tərcümeyi-hal xarakterli yazılar onların şəxsiyyəti, mühiti haqqında dolğun məlumat verməklə bərabər həm də professor Misir Mərdanovun yaradıcılıq imkanlarının genişliyinə dəlalət edir, onun yeni-yeni keyfiyyətlərini üzə çıxarır. Etiraf edək ki,  sələfləri olan nazirlər haqqında Misir müəllimin səmimi fikirləri həm də onun öz şəxsiyyətinin böyüklüyünə dəlalət edir. İlk mənbələr - arxiv sənədləri və nazirlərin ailə üzvlərinin təqdim etdiyi materiallar əsasında hazırlanan bu oçerklərdə fərqləndirici cəhət müəllifin təqdim etdiyi nazirlərin şəxsiyyəti ilə yaradıcılığını bütöv görmək bacarığıdır, yəni hər yazıda bir nazirin portreti cızılır, həyatı, ictimai-siyasi, pedaqoji fəaliyyəti, elmi əsərləri vasitəsilə onun şəxsiyyətinə işıq tutulur, təhsil tariximizdəki yeri və rolu müəyyənləşdirilir.  Onların yaradıcılığı hər cür senzura məhdudiyyətindən və ideoloji buxovlardan azad bir şəraitdə tam şəkildə ortaya çıxarılır. M.Mərdanov tərcümeyi-halları təqdim edərkən quru sxematizmdən, cansız və duyğusuz nüanslardan qaçaraq, duyğu və düşüncələri ilə özünün dərk etdiyi, gördüyü və görmək istədiyi nazir obrazı yaradır. Dolğun və məzmunlu tərcümeyi-hallar, fərqləndirici şriftlə verilən əlamətdar hadisələr, şəkillər nazirlər haqqında oxucuda tam təsəvvür yaratmaq işinə xidmət edir. O, özündən əvvəlki nazirlərin fərqləndirici xüsusiyyətlərini, Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmətlərini ön plana çəkməklə sanki həm də öz portretini çəkmiş olur.

Yüksək poliqrafik nəşr nümunəsi olan kitabın ərsəyə gəlməsində redaktor kimi siyasi elmlər üzrə fəlsəfə doktoru Bayram Hüseynzadənin, tərtibçilər Bəşarət Məmmədovun, Şamxəlil Məmmədovun, Ədalət Daşdəmirovun, Elman Əbdülovun  bu sahədəki peşəkarlıqlarını qeyd etmək yerinə düşərdi.

...Müdriklərdən biri deyib ki, tarix yazmaq, tarix yaratmaq qədər çətindir. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov ölkəmizdə həyata keçirilən təhsil islahatlarında rəhbərliyi və şəxsi iştirakı ilə tarixin yaddaşında  qalan işlər görür, həm də gördüyü bu işlərin tarixini yazır. Tarixdə isə tarixi yaradanlarla yanaşı, həm də tarixi yazanlar qalır. 

Fərrux RÜSTƏMOV,
ADPU-nun pedaqoji fakültəsinin dekanı,
pedaqoji elmlər doktoru, professor

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov