Martın
3-də Bakının Xətai rayonunda yerləşən Ə.Əliyev
adına 204 nömrəli orta məktəbdə Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini
yad etmək məqsədilə anım mərasimi keçirildi.
"Gəlin, Mübariz kimi mübariz olaq!" adlı
tədbirdə məktəbin yuxarı sinif şagirdləri
Azərbaycanın Dövlət himnini ifa etdilər.
Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən
videogörüntülər izlənildi.
Təhsil ocağının direktoru Ziba Rzayeva
vətənpərvərlik ruhunda olan tədbirin mahiyyəti
barədə iştirakçılara məlumat verdi. Bildirdi ki,
vətənimiz olduqca hiyləgər, mənfur düşmənlə
üz-üzədir. Qeyd olundu ki, ermənilər
torpaqlarımızın 20 faizindən çoxunu işğal
ediblər. Xalqımıza qarşı sonsuz sayda mənəvi
zərbələr, vəhşiliklər törədiblər. Sevinirik ki,
xalqımızın Mübariz kimi qeyrətli oğulları var.
Belə oğulları olan vətən heç vaxt düşmən
qabağında əyilməz.
Gecənin aparıcıları Orxan və Nuray adı ürəklərdə
yaşayan, dillər əzbəri olan, xalqımızın qeyrətli
oğlu Mübarizin keçdiyi həyat yoluna nəzər
saldılar.
Məktəbin doqquzuncu və onuncu sinif şagirdləri
Milli Qəhrəmana aid səhnəcik nümayiş
etdirdilər. Səhnədə Mübariz rolunu oynayan Əli
Əsədli Milli Qəhrəmanın valideynlərinə yazdığı
son məktubu oxudu.
Şagirdlərdən Mehman, Türkan, Əmbər, Aygün, Səmra
Milli Qəhrəman Mübarizə həsr olunan şeirlərlə,
mahnılarla onun ən yüksək zirvədə - qəhrəmanlıq
zirvəsində olduğunu söylədilər. Məktəbin XI
sinif şagirdi Aygün Bağırovanın ifa etdiyi
Mübariz İbrahimova aid mahnı iştirakçılar
tərəfindən maraqla qarşılandı.
Tədbirdə çıxış edən qonaqlar da Mübarizin
mübarizliyindən danışaraq onun misilsiz
qəhrəmanlığının hər bir azərbaycanlı gəncə örnək
olduğunu dedilər.
Tədbirin sonunda Milli Qəhrəman Mübariz
İbrahimova aid mahnı klipi və film nümayiş
olundu.
R.RAMAZANOĞLU |