Rusiya
Federasiyasının Sankt-Peterburq Dövlət
Universiteti gənc alimlərə yardım etməyə
hazırlaşır. Bunun üçün 2011-ci ildə ali təhsil
müəssisəsinin büdcəsindən təxminən 90 milyon
rubl ayrılacaq.
İlk növbədə,
2010-cu ildə elmlər namizədi və doktoru
dərəcələri almış tədqiqatçıların
həvəsləndirilməsi nəzərdə tutulur. Onlara
müvafiq olaraq 20 və 40 min rubl mükafat
veriləcək. 30 yaşdan cavan alimlərə isə əlavə
olaraq 10 min rubl da ödəniləcək.
Birdəfəlik
mükafatlardan başqa, əməkhaqqına müntəzəm
stimullaşdırıcı əlavələr də tətbiq olunacaq.
SPDU elmi dərəcə üçün verilən və hazırda elmlər
namizədləri üçün 3 min, elmlər doktorları üçün 7
min rubl olan əlavələri faktik olaraq ikiqat
artırır.
2010-cu ildə
elmi jurnallarda məqalələri dərc edilmiş və
monoqrafiyaları çap olunmuş gənc alimlər də
bütün 2011-ci il boyu SPDU büdcəsindən əlavə
olaraq bu qədər alacaqlar.
Universitetdə
belə hesab edirlər ki, gənc tədqiqatçıların
həvəsləndirilməsi təkcə ali məktəb üçün deyil,
həm də bütövlükdə ölkə üçün yaxşı perspektivdir.
Axı böyük alimlərin çoxu öz kəşflərini gənc
yaşlarında etmişlər. Məsələn, Dmitri Mendeleyev
maddələrin mütləq qaynama temperaturunu 26,
kimyəvi elementlərin dövri sistemini isə 35
yaşında kəşf etmişdir. Mixail Lomonosov
korpuskulyar-kinetik nəzəriyyəni 30 yaşı olanda
yaratmışdır. Elə bu yaşda İvan Pavlov sonralar
ona Nobel mükafatı qazandırmış həzm sisteminin
fiziologiyası üzrə tədqiqatlara başlamışdır.
Sergey Vavilov isə lüminisensiya sahəsində
fundamental tədqiqatlarını 33 yaşında başa
vurmuşdur.
"Uçitelskaya qazeta"dan
hazırladı: Yusif ƏLİYEV |