Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - 10

 

Dünya universitetlər

 

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu

 
  Yerləşir: Koreya Respublikası, Dəjeon şəhəri, Yuseonq rayonu  
Yaranma tarixi: 1971-ci il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 701 nəfər
Tələbələrin sayı: 8217 nəfər
Rəsmi saytı: www.kaist.edu
 

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu (Korea Advanced Institute of Science and Technology - KAIST) Cənubi Koreyanın Dəjeon şəhərinin Yuseonq rayonundakı Daedeok elmi şəhərciyində yerləşir. Hazırda bu institut Cənubi Koreyada dəqiq elmlər və texnologiyalar üzrə yüksək səviyyədə ixtisaslaşmış kadrlar hazırlayan birinci ali məktəbdir. Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu bir çox beynəlxalq proqramlarda iştirak edir, Avropa və Asiyanın beynəlxalq universitetlər şəbəkəsi olan LAOTSE-nin üzvüdür.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu 100 ən yaxşı ali məktəb arasında 69-cu yerdə olub. "Times Higher Education World University Rankings"in və "QS World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardıqları araşdırmalara əsasən, bu ali təhsil müəssisəsi 79-cu yerdə qərarlaşıb.  

Tarixi 

1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreyanı tərk etməmək qadağası qoyulur. Bu, ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur.

1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir. Əsas hadisələrdən biri 1989-cu ildə institutun Seuldan 140 km cənubda Dəjeon şəhərində yerləşən kampusuna köçməsi olur. 1980-ci illərin sonunda institutda xüsusi istedadlar üçün bakalavr, magistr və doktorluq proqramları üzrə təhsil-tədqiqat sistemi yaradılır. İnstitutun məzunları tərəfindən təşkil olunan "Qnix", "Madison", "Turbotech" və s. şirkətləri fəaliyyətə başlayır.

2002-ci ildə institutun Milli Nano Laboratoriyası yaradılır. 2008-ci ildən bu ali məktəb Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu adlandırılır.  

Universitet bu gün 

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun kampusları Seul və Dəjeon şəhərlərində yerləşir. Ali məktəbin əsas kampusu Dəjeon şəhərindəki Daedeok elmi-tədqiqat kompleksində - Daedeok Elmi Parkındadır. Burada 50-dən çox dövlət və özəl elmi-tədqiqat institutu, universitet və yüksək texnologiyalı şirkətlər mövcuddur. İnstitutun yerləşdiyi Daedeok Elmi Parkı (və ya Daedeok İnnopolis) Daedeok vadisində yerləşən dəqiq elmlər və texnologiyalar üzrə ixtisaslaşmış institut və elmi-tədqiqat mərkəzlərindən ibarət klasterdir. Klaster Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu, Çunqnam Universiteti, Koreyanın digər aparıcı texniki universitetləri və 900-dən çox müxtəlif şirkətlərin birgə əməkdaşlığı çərçivəsində yaradılıb və ölkənin ən böyük elmi parklarından biridir. Dəjeon şəhərindəki Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun kampusu 1432882 ²  ərazini əhatə edir.

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun Seul şəhərindəki kampusunda ali məktəbin Biznes Kolleci, İnformasiyaların və medianın idarə olunması bölmələri yerləşir. Seulda institutun şəhərciyi 413346 ² ərazini əhatə edir. Bu kampusda texniki və biznes tədqiqatlarının əlaqələndirilməsi nəticəsində daha səmərəli nailiyyətlər əldə olunur.

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu 7 kollec, 2 məktəb, 21 departament, 3 bölmə, 6 peşə məktəbi və 10 diplomdansonrakı fənlərarası proqramını təklif edən mərkəzdən ibarətdir.

Təbiət Elmləri Kollecinə 3 departament - Fizika, Kimya, Riyaziyyat elmləri departamentləri, Nanoelmlər və Texnologiyalar Ali Peşə Məktəbi daxildir. Kollec verdiyi təhsilin keyfiyyətində, sənayenin inkişafında, elmi-tədqiqatlarda əldə etdiyi yeniliklərə görə bir çox yerli və beynəlxalq mütəxəssislər tərəfindən etibar qazanıb. Təbiət Elmləri Kolleci ölkənin bir çox elmi-tədqiqat institutu və şirkətləri ilə əməkdaşlıq edir, yeni-yeni layihələrə imza atır.

Həyat  Elmləri və Biomühəndislik Kolleci 2008-ci ildə yaradılıb və biologiya elmləri, biotexnologiya, biomühəndislik və digər həyat elmləri üzrə tədqiqatlar həyata keçirir. Kollec Bio və beyin mühəndisliyi, Biologiya elmləri departamentlərindən, eləcə də Tibbi Elmlər və Texnika Ali Məktəbindən ibarətdir. Kollecdə biologiya elmləri, biotexnologiya sahələri üzrə orqanik birləşmələr və digər tədqiqatlar aparılır.

Mühəndislik Kollecinə Aerokosmik Mexanika və Mühəndislik Sistemləri  Məktəbi, Vətəndaş və ekologiya mühəndisliyi, Kimya və biomolekulyar mühəndislik, Material elmləri və texnika, Nüvə və Quanturn mühəndisliyi departamentləri, Maşınqayırma, Aerokosmik texnika, Okean sistemi texnikası bölmələri və EEWS, Ço Çun Şik ali məktəbləri aiddir. Bu müəssisələr bir-biri ilə sıx əməkdaşlıq edərək yüksək səviyyəli təhsil və geniş sistemli tədqiqatlar həyata keçirir.

İnformasiya Elmləri və Texnologiya Kolleci  Elektrotexnika, Kompüter elmləri, Sənaye və sistem layihələşməsi, İnformasiya və kommunikasiya mühəndisliyi, Bilik mühəndisliyi xidməti, Sənaye dizaynı departamentlərindən ibarətdir. Kollec yeni texnologiyaların işlənməsi və informasiyaların birləşdirilməsi, fənlərarası tədqiqatlar üzrə yeni layihələr həyata keçirir, müasir intellektual xidmət vasitələri yaradır. 

Kulturologiya Kollecinə Mədəniyyət və Texnologiya, Dəqiq Elmlər və Texnologiya Siyasəti ali məktəbləri, Humanitar və sosial elmlər departamenti aiddir. Həmin departament bu sahələr üzrə tələbələrə bir sıra kurslar təklif edir. Mədəniyyət və Texnologiya Ali Məktəbi Koreyanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edir, habelə ölkədə mədəniyyət işçilərinin yetişdirilməsində əhəmiyyətli rol oynayır.

Biznes Kolleci İdarəetmə mühəndisliyi departamenti, Menecment, Maliyyə, İnformasiya və Media İdarəolunması ali məktəblərindən ibarətdir. Kollec 2006-cı ildə adları sadalanan üç ali məktəbin birləşməsi nəticəsində yaradılıb. Bu məktəblər muxtariyyat əldə etsələr də, onların birgə əməkdaşlıq çərçivəsində həyata keçirdikləri tədqiqatlar daha böyük uğurlara səbəb olub. 

İnnovasiyalar Kollecinə İdarəolunma elmləri departamenti, İnnovasiya və Texnologiya Menecmenti Ali Məktəbi daxildir. Kollec yeni təhsil üsulları və tədqiqat istiqamətləri təklif edir, elmi və texnoloji innovasiyalara imza atır, beynəlxalq idarəetmə kompetensiyalarına malik dünya liderləri, qlobal idarəetmə bacarıqlarına malik sahibkarlar və s. yetişdirir. 

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda 7 elmi-tədqiqat institutu - BioCentury, İnformasiya Texnologiyaları Konvergensiyası, Mürəkkəb Sistemlərin Dizaynı, Sənət Mühəndisliyi, NanoCentury, Eko-Enerji, Şəhər Məkanı və Sistemlər institutları fəaliyyət göstərir. Hər bir institut Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun və kolleclərin nəzdində müstəqil tədqiqat mərkəzi kimi fəaliyyət göstərir. Hazırda institutlarda dövlət və özəl şirkətlərlə birgə planlaşdırılmış 100 milyard Koreya vonu dəyərində tədqiqatlar həyata keçirilir. İntellektual mülkiyyət hüquqlarına sahiblik baxımından bu günədək institutlar 1591 daxili, 500 beynəlxalq şirkətlə əməkdaşlıq edib.

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun kitabxanası 1971-ci ildə yaradılıb. Müasir üslubda inşa edilmiş kitabxananın 5 mərtəbəli binasında istifadəçilərin rahatlığını təmin etmək məqsədi ilə ən müasir şərait mövcuddur. İnstitutun rəqəmsal kitabxanası 2001-ci ilin mayından istifadəyə verilib və hazırda burada 50000-dən çox tədqiqatçı çalışır.  Universal xidmət təklif edən kitabxananın resurslarına 40000 elmi elektron jurnal, 3 milyona yaxın dissertasiya, verilənlər bazası və digər materiallar daxildir. Həmin materiallardan dünyanın istənilən nöqtəsində istifadə etmək mümkündür.

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun prezidenti hazırda professor Nam Pio Suhdur. O, aksiomatik layihə texnologiyasının işlənməsi üzrə beynəlxalq nüfuza malik şəxsdir. İnstitutun rektoru nüvə sahəsi üzrə alim Sun-Heunq Çanq, xarici əlaqələr üzrə vitse-prezidenti isə kimyaçı-mühəndis Ci-von Yanqdır.

Xüsusi qanunla idarə olunan institutda muxtar və uyğunlaşan akademik sistem mövcuddur. Bu ali məktəbdə ümumilikdə 701 nəfər professor-müəllim heyəti çalışır. İnstitutda fəaliyyət göstərən müəllimlərin əksəriyyəti xaricdən, xüsusilə ABŞ-dan olan şəxslərdir.  Belə ki, institutun prezidenti Nam Pio Suh Massaçusets Texnologiya İnstitutunun məzunu olub. Ondan əvvəlki prezident Robert Laflin Stenford Universitetinin professoru, eləcə də fizika üzrə Nobel mükafatı laureatı, Koreya universitetlərinə rəhbərlik edən ilk əcnəbi şəxs olub. Hazırda ali məktəbin müəllimləri arasında 100-dən çox əcnəbi şəxs var.

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda təhsil alan tələbələrin ümumi sayı təxminən 8217 nəfərdir. Tələbələrin 3586 nəfərini bakalavr, qalanlarını isə doktorant və magistrantlar təşkil edir. İnstitutda 274 nəfər əcnəbi tələbə oxuyur. Əcnəbi tələbələrin çoxu Asiya ölkələrindən (228 nəfər), Avropadan (15 nəfər), Şimali Amerikadan (14 nəfər),  qalanları isə digər qitələrdəndir. 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun bakalavr pilləsində Tapdıq Oruc oğlu Dünyamalı, Səyyarə Təhmasib qızı Hüseynova sənaye mühəndisliyi, Tofiq Sərxan oğlu Hüseynov mexanika mühəndisliyi, Rəşad Ramiz oğlu İsmayılzadə kompüter proqramlaşdırması, Humay Xıdır qızı Abdullayeva, Elxan Elmar oğlu Cabbarov, Emin Elmar oğlu Ələsgərov, Cavid İlham oğlu Əliyev, Rəşad Əbülfəz oğlu Əliyev, Nurlan Ramiz oğlu Həmidli, İlham Elton oğlu İsmayılov, Cavid Ramiz oğlu İsmayılzadə, Adikə İftixar qızı Məmmədrəhimli, Rəhman Müxəddin oğlu Səmədzadə  kompüter elmləri ixtisasları üzrə təhsil alırlar.

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbələri oxuduqları müddətdə GPA proqramı üzrə 3 və daha çox bal toplayarlarsa, təhsil haqqı ödəməkdən azad olunur və təqaüd almaq şansı qazanırlar. Bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan tələbələrin təqaüdləri ayda 300000 von təşkil edir. 2-3 bal toplayan tələbələr təhsil haqqının yarısından azad edilirlər. 2-dən az bal toplayanlardan təhsil haqqının hamısını ödəmək tələb olunur. Təhsil haqqının məbləği tələbənin seçdiyi ixtisas, oxuduğu kollecdən asılı olaraq dəyişir.

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda semestrin əvvəlində hər bir tələbə mütləq tibbi müayinədən keçməli və sığortalanmalıdır. Müayinə ödənişsiz aparılır. Əgər tələbə vaxtında müayinədən keçməyibsə, şəxsi vəsaiti hesabına Sun xəstəxanasına getməli, orada 30000 von ödəyərək yoxlanılmalıdır. Əcnəbi tələbələr yataqxanada qalmaq üçün öz ölkələrində aldıqları sağlamlıq kağızını təqdim etməlidirlər. Müayinələrə əsasən qan analizi və rentgen baxışı daxildir.

İnstitutda tələbələrin sağlam qidalanmasına xüsusi diqqət yetirilir, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılır. Yeməkxanalarda tələbələrə o qədər də baha olmayan müxtəlif çeşidli xörəklər təqdim olunur. Həmçinin ali məktəbin kampusunda çoxlu sayda kafe və restoranlar fəaliyyət göstərir. Burada qiymətlər çox münasib, qidalar isə təzə və rəngarəngdir. Kampusda müxtəlif böyük supermarketlər, banklar, bərbərxanalar, paltar mağazaları, əyləncə məkanları, bir sözlə, tələbə və müəllimlərin istifadə edə biləcəyi istənilən xidmət sahəsinə rast gəlmək olar. Kampusda yerləşən idman zallarında tələbələr idmanın istənilən növü ilə məşğul ola bilərlər. İdman komplekslərində məşq otaqları, basketbol, voleybol, badminton, futbol meydançaları, tennis kortları, hovuzlar, saunalar, fitnes zalları, açıq stadionlar və s. tələbələrin istifadəsindədir. Həftə sonları açıq havada və ya qapalı zallarda müxtəlif konsertlər, şoular, tədbirlər, canlı çıxışlar təşkil olunur. Gənclər təhsil aldıqları ali məktəbin onlara təqdim etdiyi belə tələbə həyatından xüsusi zövq alırlar.

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun yataqxanaları Dəjeon kampusunun şimal rayonunda yerləşir. Kampusda ümumilikdə institutun 30-a qədər tələbə yataqxanası mövcuddur. Onların 23-ü oğlan,  4-ü qız, 2-si isə evli tələbələr üçün nəzərdə tutulub.  İnstitut demək olar ki, bütün tələbələrini yataqxanalarda yerləşdirmək imkanına malikdir. Yataqxananın bütün otaqlarında tələbələrin valideynlərinə də qalmaq üçün yerlər ayrılıb. Otaqların ölçüsü 16,5-23 m2-dir. Otağa mətbəx, vanna və əlavə istirahət otağı daxildir. Otaqlar həmçinin mebel və avadanlıqlarla təchiz olunur. Doktorantların qalması üçün kampusun Guseonq Donqsan şərqi rayonunda 7, Ureun Donqsan qərbi rayonunda isə 11 yataqxana mövcuddur. Kampusun şərqindəki 2 yataqxana qızlar üçün nəzərdə tutulub. Ümumilikdə bu yataqxanada 2225 tələbə yerləşə bilər. Burada nömrələrin ölçüsü 15,84-49,5 m2-dir. Pureun Donqsan rayonunda 2006-cı ildə yeni yataqxana kompleksi istifadəyə verilib. Bu kompleksdə 1000 tələbə (684 oğlan, 316 qız) yerləşdirilib. Yataqxanalarda 4-7 ay müddətində qalmaq üçün otaqların qiyməti 344000-952000 von arasında dəyişir. Kampusdan kənarda da tələbələrin məskunlaşması üçün mənzillər mövcuddur. Gunq-don rayonundakı yaşayış kompleksi ailəli tələbələr üçün nəzərdə tutulub. Burada uşaqlar üçün oyun meydançası, yaxınlıqda uşaq bağçası və orta məktəb yerləşir. Ekspo Parkın yaxınlığındakı Nuri Holl yaşayış kompleksi 2007-ci ildə istifadəyə verilib və əcnəbi tələbələr üçün nəzərdə tutulub. Kompleksin hər otağına vanna və istirahət otaqları əlavə olunub. Binanın mağazaları, məşq və fitnes zalları, yeməkxana və kafeləri və s. mövcuddur.

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu çox böyük tarixə malik  olmamasına baxmayaraq, az bir müddətdə böyük nailiyyətlər əldə edib. Ali məktəbin bütün əməkdaşları və tələbələrinin səyi nəticəsində institut dünya təhsili və elminə mühüm nailiyyətlər bəxş edib. İnstitut xüsusi ilə hazırladığı müxtəlif robotları ilə dünyada məşhurdur. Ali məktəb iki şərəfli və cəsarətli layihə - On-Line Elektrik Vasitə (OLEV) və Mobil Harbor (MH) layihələrini həyata keçirib. Ali məktəb bu uğurlu layihələri təqdim edərək, 2011-ci ildə dünyaya zəngin təhsil, elmi, texnoloji və iqtisadi uğurlarını nümayiş etmək niyyətindədir.  İnstitutun dəqiq elmlər və texnologiyalar, ətraf mühit, energetika və digər sahələr üzrə apardığı tədqiqatlar sənayenin və cəmiyyətin sürətli inkişafına səbəb olub. İnstitutun professorları bir çox beynəlxalq mükafatların laureatlarıdır.

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu nəhəng və dinamik elmi-tədqiqat müəssisəsi olaraq, dünya universitetləri reytinqlərinin ilk onluğunda yer tutmağı qarşısına məqsəd qoyub.

Universitetin məşhur professorları

  Yunq Vunq Ra  Koreya Mühəndisi mükafatı laureatı  
  Seunq Hyup Yoo İnformasiya sərgisi üzrə 9-cu Beynəlxalq konfransın mükafatçısı  
  Kyunq Çeol Çoy İnformasiya sərgisi üzrə 9-cu Beynəlxalq konfransın mükafatçısı  
  Kvanq Co Kim Koreyada informasiya təhlükəsizliyi sahəsində gördüyü işlərə görə Prezident mükafatçısı  
  Donq Man Li Koreya İnternet və Təhlükəsizlik Agentliyinin mükafatçısı   
  Donq Yun Kim Mikrosoft Yunq Professorluq mükafatı laureatı  
  Yun Kyunq Lim Mikrosoft Yunq Professorluq mükafatı laureatı  
  Syu Bok Moon Alim Qadın mükafatı laureatı  
  Byounq Kyu Çoy  Elm və texnologiya üzrə əldə etdiyi uğurlara görə orden sahibi və Koreya Mühəndisi mükafatı laureatı  
  Hark Hvanq  Gənc Alim mükafatı laureatı  
  Sanq Min Bae Uğurlu Layihə mükafatı laureatı  
  Sunq-Çul Şin Koreya Respublikası Milli Elmlər Akademiyası mükafatçısı  
  Vohno Çho Koreya Respublikası Təhsil, Elm və Texnologiya Nazirliyi mükafatçısı  
  Ki Cu Çanq Amerika Fizikləri Cəmiyyətinin üzvü  
  Cinhiun Park Sanqsan Gənc Riyaziyyatçı mükafatı laureatı  
  Hyotçerl Kvak  Yaponiyanın Görkəmli Mühazirəçilər mükafatı laureatı  
  Tae Qvan Park  ABŞ Biomateriallar Cəmiyyəti tərəfindən təqdim olunan Klemson  mükafatı laureatı   
  Cesseunq Ceonq 2009-cu il Ümumdünya İqtisadi Forumunun mükafatçısı  
  Kvanq-Vu Park  "Ən yaxşı bank idarəçiliyi-İnvestisiya bankı" mükafatı laureatı   

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov