Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - �10

 

Heç kim unudulmur

55 il xalq maarifi cəbhəsində

 

Nəinki şəhərlərdə, həm də uzaq kəndlərdə elə insanlar  vardır ki, onlar sadə xalq müəllimi olub, dünyəvi elmləri tədris etməklə yanaşı, həm də böyük rus xalqının dilini və mütərəqqi rus mədəniyyətini təbliğ etmişlər. Belə carçıların sırasında əmək qəhrəmanı Vahid Musabəyovun xüsusi yeri var. Musabəyovun xidmətlərindən biri odur ki, o düz 55 il keçmiş Qutqaşen (indiki Qəbələ) kənd məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Vahid Musabəyov elə bir nəslə məxsusdur ki, o həm inqilabdan öncəki kəşməkəşli dövrdə, həm də Azərbaycanda sovet hakimiyyətinin ilk çətin illərində xalq maarifi uğrunda mübarizə aparmış və ömrünün sonuna kimi öz sevimli peşəsinə sadiq qalmışdır.

Uşaqlıqda müəllim olmağı arzulayan Vahid Musabəyov tanınmış müəllim oldu və əsl xalq müəllimi kimi də yaddaşlara həkk olundu.

Vahid Musabəyov Azərbaycan ziyalısının elə qabaqcıl dəstəsinə mənsubdur ki, hələ XIX əsrdə rus dilində təhsil almış və bu dilin carçısı kimi məşhurlaşmışdır. Görkəmli Azərbaycan maarifçisi və pedaqoqu Seyid Əzim Şirvaninin təbirincə desək, "onlara ehtiyacımız çoxdur, bilməsək dil əlacımız yoxdur" fikrini o daha dərindən duymuşdur.

Vahid Musabəyov İrəvan Müəllimlər Seminariyasının yetirməsi idi. Məlum olduğu kimi, XIX əsrdə Azərbaycan ərazisində müəllim kadrlarının hazırlığı ilə məşğul olan bir dənə də olsun tədris müəssisəsi yox idi. Odur ki, azərbaycanlı müəllim kadrlarının əsas hissəsi Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasında, bir dəstəsi isə İrəvan Müəllimlər Seminariyasında təhsil almışdır.

Vahid Musabəyov 1864-cü il  avqust ayının 1-də Qutqaşendə kəndli ailəsində doğulmuşdur. Pedaqoji təhsilini, qeyd etdiyimiz kimi, İrəvan Müəllimlər Seminariyasında almışdır. Burada o, rus və Azərbaycan ədəbiyyatının məşhur nümayəndələri, ilk növbədə, Fonvizin, U.Şekspir, N.M.Karamzin, A.S.Puşkin, M.Y.Lermontov, N.V.Qoqol, M.F.Axundov, İ.S.Turgenev, L.N.Tolstoy və digər tanınmış yazıçı və şairlərin əsərləri ilə yaxından tanış olur ki, onlar V.Musabəyovun pedaqoji baxışlarının formalaşmasına güclü təsir göstərir. Bu sətirlərin müəllifinin şəxsi arxivində saxlanılan qeydiyyat kitabçasında ədəbiyyat, tarix və pedaqoji elmlərlə bağlı çoxsaylı əsərlərin adları vardır ki, o, onları oxumuş və müəyyən qeydlər etmişdir.

Sənədləri vərəqlədikcə Vahid Musabəyovun seminariyanın son dərəcə istedadlı və səliqəli şagirdlərindən olması göz önündə canlanır. Musabəyovun seminariyada oxuduğu zaman çəkdiyi xəritələr və digər əl işləri böyük maraq doğurur. Bunlar Rusiyanın, Qafqazın, İspaniyanın, Portuqaliyanın, İtaliyanın, Norveçin, İsveçin, Danimarkanın, Amerikanın coğrafi xəritələridir. Xəritələrdə seminariya müəlliminin  qeydləri vardır.  Xəritələr o qədər yaxşı tərtib edilibdir ki, ilk baxışda onun seminarist tərəfindən çəkildiyi təəccüb doğurur. Musabəyov 1889-cu ildə seminariyanı müvəffəqiyyətlə bitirdikdən sonra ibtidai sinif müəllimi rütbəsi almışdır. O, Yelizavetpol quberniyasının Nuxa qəzasındakı doğma Qutqaşen kəndində 1 sinifli məktəbə müəllim təyin edilir. Qutqaşen kənd məktəbi 12.09.1882-ci ildə açılmışdır və Nuxa qəzasında ilk xalq məktəbi idi. Bu 3 şöbədən ibarət olmaqla birsinifli məktəb idi. Tədris Azərbaycan və rus dillərində aparılırdı. Burada hesab, coğrafiya, tarix, təbiətşünaslıq və rəsm fənləri tədris edilirdi. Məktəbin ilk müəllimi və onun müdiri Zaqafqaziya Müəllimlər Seminariyasının ilk məzunlarından, K.D.Uşinskinin pedaqoji ideyalarının davamçısı olan məşhur Azərbaycan pedaqoqu və maarifçisi Rəşid bəy Əfəndiyev idi. Rus və Azərbaycan dili dərsləri səs üsulu ilə K.D.Uşinski və A.O.Çernyayevskinin dərslikləri əsasında aparılırdı.

Qutqaşen məktəbi ictimai məktəb idi. O, kənd icmasının vəsaiti hesabına təsis olunmuşdur. XIX əsrin 80-ci  illərində avamlığın hakim olduğu, savadsızlığın hökm sürdüyü bir dövrdə dünyəvi məktəblərdə təlimin rus dilində aparılması son dərəcə mürəkkəb olmaqla yanaşı, həm də olduqca mütərəqqi hadisə idi.

Rəşid bəy Əfəndiyev tərəfindən əsası qoyulmuş təlim işi Vahid Musabəyov tərəfindən davam etdirilmişdir. O, yarım əsrdən çox Qutqaşen kənd məktəbində fasiləsiz olaraq rus dili müəllimi işləmişdir. R.Əfəndiyevdən sonra V.Musabəyov 34 il həmin məktəbin  müdiri olmuşdur.

Qutqaşen məktəbi Nuxa qəzasında tədris-tərbiyə işlərinin mərkəzinə çevrilmişdir. 1893-cü ildə Nuxa sahəsində müəllimlər qurultayı məhz Qutqaşen məktəbində keçirilmişdir. Qurultay iştirakçıları V.Musabəyovun nümunəvi dərslərini dinlədikdən sonra onu müzakirə etmişdir. Sahə qurultayının nümayəndələri məktəbdə tədris-tərbiyə işləri ilə tanış olmuş, rus dili və hesabın tədrisi ilə bağlı səmərəli metod və vasitələr müəyyənləşdirmiş, təlimdə əyaniliyin daha böyük üstünlük təşkil etdiyini qeyd etmişdilər.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, sahələr üzrə keçirilən müəllim qurultayları müəllimləri hərəkətə gətirmiş, onları pedaqoji ədəbiyyatda gedən yenilikləri izləməyə məcbur edirdi. Qurultay ərəfəsində müəllimlərə müəyyən referatlar hazırlamaqla bağlı referatlar verilirdi. Məsələn, "Uşaq psixologiyası", "Şagirdlər üzərində məktəbdə və məktəbdənkənar şəxsi müşahidələrin nəticələri", "Müxtəlif xalqlarda tərbiyənin qoyuluşu", "Uşinski, Kapterov, Lokk tərbiyə haqqında" və s.

Qutqaşen məktəbi yarandığı gündən kənd sakinlərinə müsbət təsir etdiyinə görə kəndlilərin rəğbətini qazanmışdır. Burada tədris-tərbiyə işləri nümunəvi şəkildə idi.

Sankt-Peterburqdakı Rusiya Mərkəzi Dövlət Tarix Arxivində və Tbilisidəki Gürcüstan Mərkəzi Dövlət Arxivində bu məktəbin əhəmiyyətini əks etdirən çoxsaylı sənədlər saxlanılır. Məsələn, "Kəndlilərin həyatında elə bir hadisə ilə üz-üzə gəlmisinizmi onlar məktəbin təsiri ilə izah olunsun" sualına Sankt-Peterburq Savad Komitəsi 14 yanvar 1895-ci ildə belə cavab vermişdi: "1882-ci ildən məktəbin əsası qoyulandan indiyə kimi kəndlilər içində 100 nəfərdən artıq savadlı vardır ki, bu məhz məktəbin təsiri ilə izah olunur".

Kənd ictimaiyyətinin tələbi ilə Qutqaşen məktəbi 1895-ci ildə ikisinifli Zemstvo məktəbinə çevrildi. V.Musabəyov bu məktəbdə fasiləsiz işləmiş, bütün çətinliklərə baxmayaraq, məktəbin fəaliyyətini davam etdirmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da o, xalq müəllimi kimi Azərbaycanda yeni məktəb təhsilinin inkişafında fəal iştirak etmişdir.

V.Musabəyov 1925-ci ildə Nuxa dairəsindən Ümumrusiya müəllimlər qurultayına nümayəndə seçilmiş, 1931-ci ildə isə Azərbaycan müəllimlər qurultayının nümayəndəsi olmuşdur. Qutqaşen pedaqoji ictimaiyyəti onun pedaqoji fəaliyyətinin 35 illiyini qeyd etmişdir. O, bir neçə dəfə qiymətli hədiyyə və fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 oktyabr 1932-ci il tarixli fərmanı ilə respublika qarşısında böyük xidmətlərinə görə "Əmək qəhrəmanı" adına layiq görülmüşdür. 1 yanvar 1935-ci il rayon "Bolşevik mübarizi" qəzetinə ünvanladığı məktubunda V.Musabəyov yazırdı: "Keçmişin qara günlərində mən qocalırdım, çünki o vaxt müəllimliyə qiymət verilmirdi. İndi isə mən cavanam...".

O, "savadsızlıq ləğv olunsun" şüarı altında çalışmaqla bütün qüvvəsini gənc nəslin təlim və tərbiyəsinə həsr etmişdir. Bununla belə o, həm də yaşlı sakinlərin təhsil almasında yaxından iştirak edir, metodik və pedaqoji tövsiyələr tərtib edir, rayon müəllimlərinə kömək edirdi. O, bütün müəllimləri, xalq təhsili işçilərini yüksək intizama dəvət etməklə savadsızlığa qarşı mübarizəni ön plana çəkir və təhsilin keyfiyyətini yüksəltməyə səy göstərirdi.

Azərbaycan SSR Xalq Maarif Nazirliyinin 11 sentyabr 1938-ci il tarixli qərarı ilə Vahid Musabəyova orta məktəb müəllimi rütbəsi verilmişdir.

V.Musabəyov olduqca səliqəli müəllim olmuşdur. 1938-1939-cu dərs ilinə aid olan və bu günümüzə qədər saxlanılan gündəlikləri onun öz peşəsinə ürəkdən vurğunluğunu əks etdirir. Ümumiyyətlə, V.Musabəyov özünün əlli beş illik pedaqoji fəaliyyəti dövründə bu məktəbdə 5628 nəfərə rus dilini mənimsətmişdir. Onların sırasında, demək olar ki, bütün peşə sahibləri olmuşdur: baş səhiyyə işçisi Cəfər Rüstəmov, ədliyyə işçisi Həsən Paşayev, Azərbaycan hüquq kadrlarının ağsaqqalı Vahid Qəhrəmanov - ADU-nun (indiki BDU) kafedra müdiri, Azərb.SSR Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Ələkbər Kərimov və b.

V.Musabəyov daim öz yetirmələri ilə fəxr edirdi. Onlar bu gün də öz sevimli müəllimlərini hörmətlə xatırlayırlar.

9 yanvar 1940-cı ildə Qutqaşen rayon təşkilatları xalq müəlliminin pedaqoji fəaliyyətinin 50 illiyini geniş qeyd etdilər. Rayon və mərkəzi qəzetləri vərəqləyərkən, arxiv sənədlərinə baxarkən, biz V.Musabəyovun pedaqoji fəaliyyəti ilə bağlı çoxsaylı maraqlı rəylər tapa bilirik. Qəzet səhifələrində onun məqalələri və fotoportretləri yerləşdirilmişdir. Bakı Şəhər Partiya Komitəsinin orqanı olan "Vışka" qəzetinin 25 yanvar 1931-ci il sayının birinci səhifəsində Azərbaycan müəllimlər qurultayına həsr olunmuş "42 il postda" başlığı altında V.Musabəyovun böyük portreti yerləşdirilmişdir. Vahid Musabəyov Azərbaycan kəndində sosialist dəyişikliklərin aparılmasında partiya və hökumətin yardımçısı olmuşdur. 1936-cı ildən o, respublikanın fərdi pensiyaçısı idi.

O, 13 may 1943-cü ildə 79 yaşında dünyasını dəyişmişdir. Qəbələ  ictimaiyyəti bu gün öz müəllimini hörmətlə yad edir. Rayonun fəxri vətəndaşları sırasında - tərbiyəçi və xalq müəllimi, maarif məşəlinin daşıyıcısı Vahid Musabəyovun adı yüksəkdə durur.

Qəbələ sakinləri öz məktəblərinin yubiley tədbirlərini qeyd etdikləri günlər bu elm məbədinin əsasını qoyanların xidməti ayrıca qeyd edilmişdir.

Bu gün Qəbələ kənd məktəbi nəhəng addımlarla irəliləyir, inkişaf edir. Qəbələ şəhər 1 nömrəli ümumtəhsil məktəbi respublikanın ən iri ümumtəhsil məktəblərindən biridir.

Bu gün məktəbdə 600-dən artıq şagird vardır ki, onların da 300 nəfərə qədəri qızlardır. Məktəbdə 110 nəfər müəllim işləyir ki, onlardan bir neçəsi məhz V.Musabəyovun yetirmələridir. Qəbələ 1 nömrəli şəhər orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi doğma tədris ocağının təşkilinin 130 illik yubileyinə böyük hazırlıq işi görür.  

Hüseyn ƏHMƏDOV,
ADPU-nun kafedra müdiri, 
Rusiya Dövlət Təhsil

Akademiyasının akademiki

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov