Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Monitorinq və qiymətləndirmə

Monitorinq, qiymətləndirmə və təhsilin keyfiyyəti

 

Dövlətin, cəmiyyətin və təhsilalanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

Təhsilin keyfiyyəti nədir? O, necə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Ümumiyyətlə, istənilən sahədə keyfiyyət anlayışı müəyyən olunmuş standartlara uyğunluğu ifadə edir. Obyektin və ya sistemin halını xarakterizə edən parametrlər standarta nə qədər yaxındırsa, keyfiyyət də bir o qədər yüksək hesab olunur. Təhsildə də belədir. Təhsilin keyfiyyəti əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara (standartlara) nisbəti ilə müəyyən olunur. Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici şagirdin təlim nəticələridir və bu nəticələrin obyektiv qiymətləndirilməsi keyfiyyəti üzə çıxaran etibarlı mənbə hesab olunur.

Beləliklə, təhsildə keyfiyyətin müəyyən olunması şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi ilə şərtlənir. Lakin şagirdin təlim nəticələri təhsil sahəsində baş verən bütün fəaliyyətlərin yekun nəticəsi kimi ortaya çıxdığından şagirdin təlim nəticələrindən çıxış edərək müəllimin tədris fəaliyyəti, təhsil müəssisələrinin, təhsili idarəetmə strukturlarının və bütövlükdə ölkənin təhsil sisteminin fəaliyyətini də qiymətləndirmək mümkündür. Eyni zamanda, keyfiyyətin faktiki vəziyyətini müəyyənləşdirməklə kifayətlənməyib onun yaxşılaşması və idarə olunması problemini də həll etmək olar. Azərbaycan Respublikasının ümumi təhsil sistemində belə bir qiymətləndirmə sistemi yaradılmaqdadır.

Yeni qiymətləndirmə sisteminin fəaliyyət mexanizmini başa düşmək üçün qiymətləndirmə və monitorinq anlayışlarının mahiyyətini bilmək lazımdır. İstənilən obyektin və ya sistemin halı müəyyən parametrlərlə (yunanca parametron - ölçülən deməkdir) xarakterizə olunur. Məsələn, sadəlik üçün deyək ki, insanın sağlamlığı onun qan təzyiqi, nəbzinin tezliyi, qanın tərkibi və s. kimi parametrlərin ölçülməsi ilə müəyyən edilə bilər. Ölçmənin nəticələri parametrlərin normal (standart) qiymətləri ilə müqayisə olunaraq, ayrılıqda hər bir parametrin və bütövlükdə insanın sağlamlıq vəziyyəti qiymətləndirilir. Əlbəttə, insan fəaliyyətinin bu cür kəmiyyət göstəriciləri ilə birbaşa bağlı olmayan sahələrində belə qiymətləndirmə aparmaq nisbətən çətindir. Təhsil də belə sahələrdəndir. Şagirdin hər hansı fəndən müəyyən mövzu, bölmə və ya tam kurs üzrə bilik və bacarıqlarının səviyyəsi (nailiyyət səviyyəsi) onun göstərdiyi təlim nəticələrinin uyğun qiymətləndirmə standartları ilə müqayisə olunması ilə müəyyənləşdirilir.

Beləliklə, qiymətləndirmə ölçülən parametrin qiymətinin, obyektin və ya sistemin halının qəbul olunmuş standarta nisbətdə müəyyən olunmasıdır. Bu prosedur ölçmə nəticəsinin standarta yaxınlıq dərəcəsini kəmiyyət göstəricisinə çevirməyə imkan verən qiymətləndirmə şkalasının olmasını tələb edir.

Bu cür müəyyən olunan qiymətləndirmə faktiki vəziyyətin qiymətləndirilməsidir. O, standartlara əsaslansa da, bəzi hallarda reallığı əks etdirməyə də bilər. Belə ki, insanın qan təzyiqi və nəbzinin tezliyi keçirdiyi hissdən asılı olaraq, qanın tərkibi qidalanma ilə əlaqədar dəyişə bilər. Şagirdin yoxlama suallarına verdiyi cavablara da bəzən onun bilik və bacarığından əlavə kənar amillər təsir edə bilər (sağlamlıq vəziyyəti, keçirdiyi hisslər və s.). Digər tərəfdən, faktiki vəziyyətin qiymətləndirilməsi statik xarakter daşıyır və nəticələr qiymətləndirmənin aparıldığı zamandakı vəziyyəti əks etdirir. Zaman keçdikcə obyektin və ya sistemin halını xarakterizə edən parametrlər dəyişir. Əgər fasiləsiz olaraq sistemli şəkildə belə qiymətləndirmələr aparılsa, müəyyən dövr ərzində parametrin qiymətini və vəziyyətin dəyişmə dinamikasını müəyyən etmək olar. Bu proses monitorinq adlanır. Monitorinq parametrin qiymətinin, obyekt və ya sistemin halının (keyfiyyət göstəricisinin) dəyişmə xüsusiyyətlərinin, bu dəyişmələrin səbəblərini, onlara təsir etmək yollarını müəyyən etməyə imkan verir. Beləliklə, monitorinq baş verən dəyişikliklərin xüsusiyyətlərini öyrənmək və müvafiq qərarların qəbul edilməsi məqsədi ilə vəziyyət haqqında informasiyanın fasiləsiz və sistemli şəkildə yığılması və təhlili prosesidir. Müasir dövrdə monitorinq müxtəlif fəaliyyət sahələrində, o cümlədən təhsildə uğurla tətbiq olunan texnologiya kimi qəbul olunur.

Göründüyü kimi, qiymətləndirmə və monitorinq anlayışları bir-birilə əlaqəli, daha doğrusu biri (qiymətləndirmə) digərinə (monitorinqə) xidmət edən anlayışlardır. Qiymətləndirmə faktiki vəziyyətin, monitorinq isə vəziyyətin dəyişmə dinamikasının, başqa sözlə, prosesin qiymətləndirilməsidir. Monitorinq faktiki vəziyyətin müntəzəm şəkildə qiymətləndirilməsi nəticəsində alınan informasiyanın toplanması və təhlil edilməsi yolu ilə həyata keçirilir.

Təhsildə ənənəvi qiymətləndirmə ona görə yalnız nəzarət mexanizmi sayılmışdır ki, inzibati amirliyə əsaslanaraq monitorinqə deyil, idarəetməyə xidmət etmişdir.

Monitorinq sözü latın mənşəli "monere" felindən götürülüb, "xəbərdar etmək" mənasını verir. Monitorinq müəyyən fəaliyyət növünün və onun inkişafının sistemli və məqsədli şəkildə müşahidə edilməsi və nəticələrin qeydə alınmasıdır. Monitorinq müşahidə edilən fəaliyyət növünün bütün aspektləri haqqında sistemli şəkildə məlumat toplamağa və bu məlumatları təhlil etməyə, həmin fəaliyyətin effektivlik və səmərəlilik dərəcəsini artırmağa, fəaliyyətin uyğunsuzluqları barədə məlumatın idarə edənlər və qərar verənlərə vaxtında ötürülməsinə imkan verir.

Planlaşdırmada monitorinqin həyata keçirilməsi velosiped sürərkən getdiyin yola nəzarət etməyə bənzəyir: velosipeddən enmədən onu nizamlaya bilər və düzgün cığırla getdiyinə əmin ola bilərsən.

Müasir dövrümüzdə təhsil sisteminin monitorinqini təhsil keyfiyyətinə nəzarəti təmin edən ən vacib mexanizm hesab etmək olar.

Şagird nailiyyətlərinin monitorinqindən alınan məlumatlar vasitəsilə məktəb fəaliyyətinin hazırkı vəziyyətini sistemli və obyektiv şəkildə proqnozlaşdırmaq mümkündür.

Təhsildə monitorinq və qiymətləndirmənin ən böyük fərqi ondan ibarətdir ki, monitorinqin nəticələrindən proses davam edərkən prosesin səmərəliliyində, müəyyən düzəlişlərin edilməsində  istifadə etmək mümkündür. Belə ki, monitorinq fəaliyyətin hazırkı vəziyyətini (status) müəyyən edir. Qiymətləndirmə isə fəaliyyətin təsirini (impact) müəyyənləşdirdiyi üçün monitorinq məqsədilə onun nəticələrindən yalnız növbəti dərs illərində və ya növbəti qiymətləndirmə proqramının həyata keçirilməsi zamanı istifadə etmək olar. Məsələn, məktəbdaxili qiymətləndirmə nəticəsində şagirdlərin göstəriciləri dövlət standartları ilə uyğunluq baxımından müqayisə edilə bilər. Lakin şagirdlərlə ən çox təmasda olan müəllimlər geri qalan şagirdlərə kömək etmək üçün  dərs ili ərzində hər zaman belə statik göstəricilərə malik olmur, yalnız müxtəlif qiymətləndirmənin üsul və vasitələrindən istifadə edərək öz müşahidələrinə əsaslanırlar. Məhz bu səbəbdən qabaqcıl təhsil sisteminə malik bir çox ölkələrdə şagird nailiyyətlərinin monitorinqi məktəbin müəllimləri tərəfindən aparılır. Belə ki, tədrisdə geri qalan şagirdlər haqqında məlumat almaq üçün müəllimlər məktəbdaxili qiymətləndirmənin xüsusi növündən - formativ qiymətləndirmədən istifadə edirlər. Beləliklə, heç bir şagird diqqətdən kənarda qalmır.

Deməli, monitorinq daxili idarəetmə prosesi olub təhsilin keyfiyyətinə davamlı nəzarəti həyata keçirməyə imkan verir. O, təhsil fəaliyyətinin güclü və zəif tərəflərini üzə çıxararaq gözlənilən nəticələri əldə etmək üçün praktik təkliflərlə çıxış edə bilər. Monitorinq dedikdə yalnız təkliflər deyil, problemlərin həll edilməsi üçün konkret addımların da atılması nəzərdə tutulur.

Monitorinqin üç əsas komponenti var:

* Məlumatın toplanması

* Məlumatın təhlili

* Görülən tədbirlər  

Məlumatların toplanması

Təhsil keyfiyyətinin monitorinqi yalnız etibarlı məlumatların toplanması sayəsində həyata keçirilə bilər. Belə məlumatların mənbəyi müxtəlif ola bilər: əsasən, qiymətləndirmə, bəzən isə hər hansı bir sorğunun və ya tədqiqatın nəticələri və s. Əsas məqsəd təhlil obyekti ola biləcək məlumatların toplanmasıdır. 

Məlumatların təhlili

Məlumatların təhlili elə həyata keçirilməlidir ki, bu təhlil problemlərin aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə kömək etsin. Bura təhsili idarə edənlərə problemləri müəyyən etmək üçün etibarlı göstəricilərin (indikatorların) müəyyənləşdirilməsi aiddir. Bu göstəricilər (indikatorlar) empirik nəticələrdir və reallığı əks etdirir.  

Görülən tədbirlər

Monitorinq nəticəsində görülən tədbirlərə ehtiyat tədbirləri, islahedici tədbirlər və gücləndirici tədbirlər aiddir. Tədbir görmədən məlumat toplamaq və ya toplanan məlumatları yalnız təhlil etmək tədqiqat baxımından əhəmiyyətli ola bilər, lakin bu, idarəçilik baxımından nəticəsiz təcrübədən başqa bir şey sayılmaz. Tədbirlər aşağıdakı formalarda ola bilər:

Strukturyönümlü: təhsil sisteminin inkişafına və ya kökündən dəyişdirilməsinə yönəlmiş islahat tədbirləri.

Şəxsyönümlü: buraya sanksiyalar və tövsiyələr aiddir. Sanksiyalar pozitiv - stimulverici (məsələn, vəzifədə yüksəliş, məktəb avadanlıqlarının yenilənməsi və s.) və ya neqativ - cəzaverici (məsələn, töhmət və ya işdən azad olunma) ola bilər. Tövsiyələr isə pedaqoq-məsləhətçilərin müdaxiləsi, müxtəlif seminarların keçirilməsi və s. vasitəsilə həyata keçirilir.

Monitorinqin obyektinə və subyektinə görə iki növü müəyyən edilir.

Ümumi təhsil sahəsində həyata keçirilən yeni qiymətləndirmə sistemi ümumi təhsildə bütün fəaliyyətləri qiymətləndirən və onların müəyyən olunmuş müvafiq standartlar istiqamətində inkişaf etməsini təmin edən bir mexanizm kimi düşünülmüşdür. Burada bütün fəaliyyətlər dedikdə şagirdin, müəllimin, təhsil müəssisəsinin, təhsili idarəetmə strukturlarının və nəhayət ölkənin ümumi təhsil sisteminin fəaliyyəti nəzərdə tutulur. Bu iyerarxiyada aparıcı həlqə şagirdin təlim fəaliyyətinin nəticələridir, qalan bütün fəaliyyətlər bu nəticələrin alınmasına xidmət edir və bu nəticələrdə əks olunur. Buna görə də yeni qiymətləndirmə sisteminin əsasını şagird təlim fəaliyyətlərinin ardıcıl və sistemli şəkildə qiymətləndirilməsi təşkil edir. Onun mahiyyəti, əsas xüsusiyyətləri və növləri, eləcə də hər bir növün mahiyyəti, məzmunu və aparılması qaydaları "Azərbaycan Respublikasının ümumi təhsil sahəsində qiymətləndirmə Konsepsiyası"nda və onun əsasında hazırlanan təlimatlarda öz əksini tapmışdır.

Yeni qiymətləndirmə sisteminin əsasında şagirdlərin təlim fəaliyyətlərinin ardıcıl və sistemli şəkildə qiymətləndirilməsi, nəticələrin təhlili və müvafiq qərarların qəbul edilməsi dayanır. Şagird nailiyyətinin qiymətləndirilməsi məktəbdaxili, milli və beynəlxalq olmaqla üç istiqamətdə aparılır. Əslində bunlar yeni qiymətləndirmə sisteminə daxil olan və bir-birindən asılı olmadan fəaliyyət göstərən alt-sistemlərdir. Onların arasında ən əhatəli və əhəmiyyətli olan məktəbdaxili qiymətləndirmədir.

Məktəbdaxili qiymətləndirmənin əsasını təşkil edən şagird irəliləyişlərinin monitorinqi sistemi dərs ili ərzində şagirdin təlim, müəllimin tədris fəaliyyətini fənn üzrə müəyyən olunmuş təlim nəticələrinin əldə olunmasına istiqamətləndirən və dərs ilinin sonunda hər iki tərəfin fəaliyyətini qiymətləndirməyə imkan verən texnologiya kimi düşünülmüşdür.

Milli qiymətləndirmə mövcud təhsil proqramlarının (kurikulumların) real tələbata uyğunluğunu araşdırmağa, onların keyfiyyətini müəyyənləşdirməyə, beynəlxalq qiymətləndirmənin nəticələri isə ölkədə təhsilin keyfiyyətinin digər ölkələrlə müqayisəsinə imkan yaradır. Beləliklə, milli və beynəlxalq qiymətləndirmələrin nəticələri ölkənin təhsil sisteminin təkmilləşdirilməsi üçün əsas məlumat bazası rolunu yerinə yetirir.

Beləliklə, yeni qiymətləndirmə çox geniş və əhatəli bir proses olmaqla təhsil sahəsində bütün fəaliyyətlərin "Azərbaycan Respublikasının ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədində müəyyən olunmuş tələblər istiqamətində təkmilləşdirilməsinə və bununla da bütövlükdə təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir.  

Təranə HACIYEVA,
Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri,
filologiya elmləri doktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov