Martın
15-də Bakıdakı 18 nömrəli məktəbdə "Elimizə
Novruz gəlir" adlı bayram tədbiri keçirildi.
Tədbir məktəbdə pedaqoji təcrübədə olan
Azərbaycan Dillər Universitetinin ingilis dili
fakültəsi tələbələrinin və məktəbin təşkilatçı
müəllimləri tərəfindən hazırlanmışdı.
Tədbirdə məktəbin müəllim-şagird heyəti ilə
bərabər ADU-nun professor-müəllimlərindən Vəfa
Bənnayeva, Vidadi Bəşirov, Oktay Abbasov, Rəhimə
Babayeva, metodist Aytən Kazımova və digər
qonaqlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru,
əməkdar müəllim Vaqif Hüseynli iştirakçıları
bayram münasibətilə təbrik etdi. O, milli
bayramımız olan Novruzun tarixinə nəzər salaraq
bildirdi ki, Novruz əsrlərin qaynağından süzülüb
gələn, yaddaşlarda kök salan qədim el bayramıdır.
Böyük mənəvi gücə malik olan Novruz bayramı
əcdadlarımızın bizə verdiyi ən gözəl yadigardır.
Bu bayram xalqın milli ruhunu və yaddaşını, onun
daxili aləmini bütün zənginliyi ilə yaşadır.
Təbiətin oyanışının müjdəsini verən Novruz
bayramı ən qədim zamanlardan bəri həyat və
məişətimizə daxil olub, insanları aydın və
işıqlı sabaha səsləyib, onlara xoşbəxt gələcəyə
inam duyğusu bəxş edir. V.Hüseynli bayramın
dövlət səviyyəsində keçirilməsini
müstəqilliyimizin bizə bəxş etdiyi
nailiyyətlərdən biri olduğunu bildirdi. O,
ölkəmizin hüdudlarından uzaqda yaşayan
soydaşlarımızın bu əziz günü qeyd etdiyini və
milli dəyərlərə sadiqlik və həmrəylik duyğusunun
bütün azərbaycanlıları doğma Vətənimizin
inkişafı naminə daha sıx birləşdirəcəyinə əmin
olduğunu bildirdi.
V.Hüseynli məktəbdə pedaqoji təcrübə keçən
gənclər haqqında müsbət fikirlər söylədi. O, "açıq
dərs"lərin yüksək səviyyədə keçdiyini, ingilis
dili müəllimlərinin elmi və metodik
səviyyələrinin qənaətbəxş olduğunu və ali məktəb
tələbələri ilə keçirilən tədbirlərin şagirdlərə
müsbət təsir etdiyini vurğuladı.
Tədbirdə şagirdlər Novruzla bağlı ingilis
dilində müxtəlif səhnəciklər və əyləncəli
oyunlar göstərdilər. Mahnılar oxundu və şeirlər
söyləndi. Sonra Novruzun əsas atributlarından
olan Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları
ilə tədbir iştirakçılarında ruh yüksəkliyi
yaratdılar.
Niyazi RƏHİMOV |