Respublika İncəsənət Gimnaziyasının
ikincilərinin bahar bayramına həsr etdikləri
kompozisiya "Novruz gəlir, yaz gəlir" adlanırdı.
Milli ruhda bəzədilmiş səhnədə al- əlvan
geyinmiş şagirdlərin əllərindəki səməni, nərgiz
gülü baharın gəlişindən xəbər verirdi. Onlar
növbə ilə bahar bayramı ilə bağlı şeirlər,
mahnılar ifa etdilər. Novruz bayramının
tarixindən, su, od, yel, torpaq çərşənbələriylə
bağlı adət-ənənələrdən, mərasimlərdən söz
açdılar.
Sonra yazıçı Solmaz Amanovanın "Turac" nağılı
əsasında hazırladıqları səhnəcik nümayiş
olundu. Turac və xanım rollarını ifa edən
Rəvanə Rüstəmzadə və Fidan Cəfərova öz
çıxışları ilə hamını heyran etdilər. Uşaqlar
"Almanı atdım xarala", "Səməni", "Çay",
"Halvaçı", "Tut ağacı", "Qarabağ", "Qoy yarım
gəlsin, ay nənə" kimi xalq və bəstəkar
mahnılarını ifa etdilər. Bahar qızının gəlişi
isə səhnəni rövnəqləndirdi. Uşaqlar Bahar qızı
ilə "Yallı" rəqsini ifa etdilər. Gimnaziyanın
muğam sinfinin şagirdləri də öz məharətlərini
göstərdilər.
"Azərbaycan" mahnısının sədaları altında
ikincilər əllərində dalğalanan üçrəngli bayraqla
səhnəni tərk etdilər.
Çıxış edən qonaqlar tədbirin ərsəyə gəlməsində
gərgin əməyi olan sinif müəllimi Xuraman
Şabaniyə və bu işdə ona yardımçı olan Rüxsarə
Fəttahovaya, Aynur Bağbanlıya və digər
həmkarlarına təşəkkür edərək xoş arzular
söylədilər.
***
Bu günlərdə Bakıdakı 164 nömrəli orta məktəbdə
də Novruz bayramı ilə əlaqədar şənlik
keçirildi. Məktəbin ibtidai sinif müəllimi Turan
Hüseynovanın hazırladığı bayram şənliyində II
"c" sinif şagirdləri bahara aid şeirləri,
rəqsləri, əyləncəli oyunları ilə iştirakçıların
bayramını təbrik etdilər. İkincilər Aydan,
Kamilla, Fərəh "Güllər", "Bahar xanım"
səhnəciyini, Tural, Sevinc, Müslüm, Abbas
Üzeyir Hacıbəylinin "Arşın mal alan", "Məşədi
İbad" müsiqili komediyalarından parçaları,
Kamil, Riyad "Təndir çörəyi" mahnı səhnəciyini
nümayiş etdirdilər. Sonra Kosa ilə Kecəl
səhnəyə gəlib tamaşaçıları təbrik etdilər.
Şənliyin sonunda məktəbin direktoru Kəmalə
Qədirova tədbir iştirakçılarını bayram
münasibətilə təbrik etdi. O dedi ki, Novruz el
bayramıdır. Əsrlərin qaynaqlarından süzülüb
gələn, yaddaşlarda kök salan qədim bir el
bayramıdır. Novruz bayramının xalqımızın
həyatındakı rolunu yüksək qiymətləndirən böyük
dövlət xadimi, ümummilli lider Heydər Əliyev
demişdir: "Böyük mənəvi gücə malik olan Novruz
bayramı ulu əcdadlarımızın bizə verdiyi ən
gözəl yadigar olub, Azərbaycan xalqının milli
ruhunu və yaddaşını, onun daxili aləmini bütün
zənginliyi ilə yaşadır. Təbiətin oyanışının,
varlığın yenidən canlanmasının müjdəsini verən
Novruz bayramı ən qədim zamanlardan bəri həyat
və məişətimizə daxil olmuş, insanlara aydın və
işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu
bəxş etmişdir".
Şənliyin sonunda məktəbin foyesində
hazırlanmış "Bahar" rəsm sərgisinə baxış
keçirildi.
***
Bakıdakı 189 nömrəli orta məktəbdə "Zəfər gətir,
gəl, ay bahar!" mövzusunda növbəti 13-cü Vətən
dərsi keçirilib. Novruz bayramına həsr edilmiş
Vətən dərsində məktəbdə fəaliyyət göstərən
"İstedad" studiyasının şagirdləri iştirak
ediblər. Öncə Dövlət himni səsləndirilib.
"İstedad" studiyasının rəhbəri Şəhla Gündüz
bayram münasibətilə iştirakçıları təbrik edib,
Novruz bayramının yaranma tarixindən bəhs edib.
"İstedad" studiyasının fəal üzvü, VI sinif
şagirdi Firdus Kərimzadə "Canlı bayraq" şeirini
özünəməxsus tərzdə təhlil edib. İkincilər isə
vətənpərvərlik mövzularında "Salam Novruz
bayramı", "Bahar gəlir təbiətə", "Gəldi bahardan
səda", "Ana dili" və s. şeirlər söyləyib,
mahnılar ifa ediblər. Bəstəkar, musiqişünas
Kəmalə Cəmilqızının ifa etdiyi "Yenə gəldi ilk
bahar" mahnısı tədbiri daha da
rövnəqləndirib. "Qanad" şagird teatrı
üzvlərinin isə "Arşın mal alan" operettasından
parçalar nümayiş etdirməsi tamaşaçılarda xoş
ovqat yaradıb.
Tədbirə dəvət olunmuş 164 nömrəli məktəbin
"Kimlik" studiyasının fəal üzvləri Nərmin
Sayadzadə, Aytən Hüseynzadə Gülxəndan
Cavadzadə zəngin proqramlarla çıxış ediblər.
Tədbirin sonunda Milli Qəhrəman Mübariz
İbrahimov və şəhid Fərid Əhmədovun döyüş
yolunu əks etdirən videogörüntülər nümayiş
olunub.
***
Bakıdakı 1 nömrəli orta ümumtəhsil məktəbində
bayram şənliyi ilaxır çərşənbədə təşkil
olunmuşdu.
Tədbiri açan təhsil ocağının direktoru Elida
Rzayeva şənlik iştirakçılarının bayramını təbrik
etdi. Bildirildi ki, bahar öz gəlişi ilə sevinc
gətirir, ürəklərdə mərhəmət, diqqət və qayğı
hisslərini artırır. Xalqımız bu bayrama çox
böyük sevinclə hazırlaşır.
Şagirdlərdən Fatimə Məmmədzadə, Rəvan Adilov
müəllimləri Xatirə Quluyeva və Sadiq Babayevin
rəhbərliyi altında kosa-kosa oyununu nümayiş
etdirdilər. VII "a" sinif şagirdi Camal
Məmmədov Novruz bayramının tarixi kökləri
haqqında şənlik iştirakçılarına məlumat verdi.
Çıxış edənlər Novruz bayramı münasibətilə
xalqımızı təbrik etdilər.
***
Martın 15-də Bakının Binəqədi rayonunda yerləşən
E.Həmidov adına 267 nömrəli orta məktəbdə də
Novruz bayramı böyük təmtəraqla qeyd edildi.
Dəhlizlərdə bayram şirniyyatları və böyük
səməni qoyulmuşdu.
Bayram mərasimini açan məktəbin direktoru Adilə
Orucova şənlik iştirakçılarını təbrik etdi,
Novruzun tarixi və adət-ənənələri haqqında
danışdı.
Şagirdlər şairlərimizin, aşıqlarımızın Novruza,
baharın gəlişinə həsr etdikləri şeirlərindən
parçalar söylədilər, səhnəciklər göstərdilər.
Onlar nənə və babalarından eşitdikləri xalq
inanclarını, deyimlərini tədbir iştirakçılarına
çatdırdılar.
Milli geyimli şagirdlərin ifasında rəqs
nömrələri göstərildi. Kosa ilə Keçəlin məzəli
rəqsləri şagirdlərdə yazla qışın görüşü
təəssuratını yaratdı.
"Azərbaycan müəllimi" |