23 ildir xalqımızın övladlarının bir qismi məlum
səbəbdən Novruz bayramını öz dədə-baba
yurdlarında qarşılamır. Bayram tonqalını
yandırmır, ocaq qalayıb, qazan asmır, qapı
pustuya getmir, sübhdən durub su üstünə qaçmır.
Ulularımızın doğma elində qərib-qərib dolaşan
ruhları Bayram axşamı bacamıza gəlir, "yenə
qayıtmayıblar" - deyib kor-peşiman geri dönürlər...
Bizim müqəddəs, ulu bayramımız olan Novruz
bayramından, onun adət-ənənələrindən necə gözəl
danışırdı anam:
- Bizim ulu bayramlarımızdan biri də hər il mart
ayının 21-də təmtəraqla keçirdiyimiz Novruz
bayramıdır. Bu bayram Azərbaycan xalqının, bütün
türk dünyasının dünyagörüşündə əhəmiyyətli rol
oynayır.
Biz tərəflərdə Novruzun gəlməsinə 40 gün qalmış
hazırlıq işləri, ilin axır çərşənbəsinə tədarük
görülür. Süfrədə 7 löyün olsun deyə hər şeyi
nənələr sandıqlarında saxlayırdılar. Bu ənənə bu
gün də davam edir. Burada insanlar qışın
çətinliyinin, dar günün qurtarmasını, bolluq və
firavanlığın başlanmasını, yeni günün - Novruzun
gəlməsini səbirsizliklə gözləyir və fərəhlə
qarşılayırlar. Bu il Novruzun gəlişi yenə
hörmət-izzətlə, xoş arzu-diləklə qarşılanacaq.
Xoş gəlmisən,
Qədəmlərin
Çox mübarək,
ay baharım.
Gəl mənimlə bu dərdi çək,
ay baharım.
Üzür məni hicran dağı,
Qaytar mənə Gözəldağı,
Uluların uyuduğu o torpağı,
ay baharım.
Ayağı sayalı olsun bu Novruzun. Gənclik ruhlu,
zəhmət ətirli şəhərimizə bir füsunkar gözəllik
gətirir bu Novruz. Elə bil Günəş də öz qırmızı
tacında daha gözəl görünür, ulduzlar səmanın göy
saçında daha parlaq sayrışırlar. İlin axır
çərşənbəsi sübhün çırağı da gur yanır, göz
qamaşdırır.
Bu mənzərəni seyr etdikcə xəyal biləyimdən
yapışıb, daha qədimliyə, ilkinliyə çəkib aparır
məni...
Adamlar bir-birinə baş çəkir, hal-əhval tutur və
hasilə gətirdiyi məhsuldan sovqat-pay
aparırdılar. Torba-dağarcığın bərəkətini üzən
payızın ömrü dekabr ayının 21-də başa çatır.
Dekabr ayının 21-dən 22-nə keçən gecə qış fəsli
başlayır. Bu gecəyə "Yelda" (uzun) gecəsi
deyərdilər nənələrimiz. Müdrik babalarımız qış
fəslini üç qismə bölərdilər. Böyük çillə, Kiçik
çillə, Boz ay. Böyük çillə bir az mülayim, bir
az sərt, qırx gün davam edir.
Kiçik çillə iyirmi gün ömür sürür. Bu Kiçik
çillə var e, soyuq, şaxta, boran və çovğunla
özünü yetirir. Nənəm deyərdi: Bu Kiçik çillə
özünə görə deyil. Kiçik çillənin soyuğu, təndirə
təpər toyuğu. Kiçik çillə Böyük çilləyə deyir: -sənin
ömrün məndə olsa, bilirsən neyləyərəm? Toyuqları
hində, qadınların əlini un çuvalında, atların
qulununu qarnında dondurar, boylu gəlinlərə uşaq
saldırardım.
Müdrik nənələr Kiçik çillənin belə sərtliyini
görüb onun tez getməsini arzulayar və
deyərmişlər:
Kiçik çillə, qan çilə
Kəhər atı qamçıla.
Çatdır bizi bahara,
Halımıza yan, çilə.
Kiçik çillə fevral ayının 21-də yerini Boz aya
verir. Boz ay da ki, bozara-bozara mart ayının
21-nə qədər davam edir, yerini istəkli Novruza
verir. Novruzun ilk müjdəçisi qarçiçəyi olur.
Qarçiçəyi haray salır,
Novruz gəlir, Novruz gəlir,
Buludların gözü dolur,
Novruz gəlir, Novruz gəlir.
İnsanlar sevinir, baharın gəlişini alqışlayırlar.
Novruz bayramı həm də təbiətin bayramıdır.
Təbiətin oyanışı, sellərin, suların coşması,
ağacların tumurcuqlanması, köçəri quşların "yaylağa"
qayıtmaları, insanların torpağa bağlanması bu
vaxtdan başlanır.
Təkcə bunlardımı tamarzı qaldığım? Qırxbuğum,
yarpız, kəklikotu, çayotu, alaqanqal, südlü
qanqal, dəvədabanı, ayıdöşəyi, bulaqotu (qıjı),
mərəvcə (qulançar), çöl kişnişi, tüfəng içi,
quzuqulaq, cincilim, şomu, quşəppəyi, unluca,
qoyunqulağı, şahpencər, əmənkömənci, razyana,
cəfəri, yarpız, gicirtkan, əvəlik, baldırğan
torpağın altından üstünə çıxır, güllər
qönçələnir, bülbüllər gül eşqi ilə havalanır,
həyat çeşməsi daha gur çağlayır. Tənəklər əl-qol
atır, çardaqdan asılır, yarı çiçək qoralar
budaqlara qısılır. Təbiətin belə oyanışından
insanlar gecə ilə gündüzün yarı olması gününə
qədər 4 çərşənbə hazırlıq işləri görürlər.
Birinci Su çərşənbəsi (ab), ikinci Od çərşənbəsi
(atəş), üçüncü Yel çərşənbəsi (xak), dördüncü
Torpaq çərşənbəsi (bad).
Ab, atəş, xak, baddan xəlq olundu dünya-aləm.
Bunlar olmasa, həyat mövcud ola bilməz. Bəs
insanlar nə iş görürlər? Əvvəlcə dünyadan
köçmüşlərin ruhunu şad etmək üçün onları
ehtiramla yad edir, qəbir üstünə çıxır, ehsan
verirlər. Buna "Qara bayram" deyərdilər.
Biz tərəflərdə 4,6,8 dirəkli qara damlar olurdu.
Ocaq, təndir yananda tirlər, atmalar hisdən
qaralardı. Onlar damda qaranlığı bir az da
artırırdılar. Bayram ağzı onları unlayırdılar.
Evin içində aydınlıq yaranırdı. Pal-paltarları
qışın his-pasından təmizləyir, sil-süpür
edirdilər. Yumurta boyayır, qovurğa qovurur,
qovut çəkirdilər. Cavanlar yumurta döyüşdürür,
dirədöymə oynayırdılar. Yumurtanı qatara
düzürdülər. Torpaqdan kiçik təpə düzəldib
yumurtanı onun birinin içində gizlədirdilər. Kim
tapsa, yumurta ona çatardı. Böyüklər səməni
qoyur, iki-üç qoşa ovuc da qonaq üçün
ayırardılar. Buğdanı üç gün tabaqda suda
saxlayırdılar. Sonra suyunu süzər, islanmış,
şişmiş buğdanı isti parçanın arasına töküb
sinilərin içinə düzərdilər. Sonra siniləri yükün
altına itələyərdilər. 2-3 gündən bir su
səpərdilər, cücərmə başa çatana kimi əzərdilər,
ələkdən süzərdilər, məhlulu mis qazanlara töküb
qoyardılar ocağa. Lakin məhlulu tez-tez
qarışdırmaq vacib idi. Yoxsa, qazanın dibi
vurardı. Onun şirinliyi buğdanın tərkibindəki
nişastaya görə idi.
Sinilərə düzülərdi səməni,
Döyülərdi, əzilərdi səməni.
Ələklərdən süzülərdi səməni,
Damağımda qazmağının dadı var,
Çox şeylərin özü yoxdur, adı var.
Səməni halvasından qohum-əqrəbaya, tanış-bilişə,
dost-simsara bayram payı verərdilər. İlin axır
çərşənbəsi od yandırma mərasimi başlayardı. Biz
od yandıranda əsasən malın qabağında qalan
qırçından, çöl-çöpdən istifadə edərdik. Odun
üstündən hoppanardıq və deyərdik: -ağırlığım,
uğurluğum tökül bu odun üstünə. Bu o demək idi
ki, qışın ağrı-acılarını, xəstəliklərini töküb
odda yandıranda o bir də geri qayıda bilməz.
Bayram tonqalı elə olmalıdır ki, onun üstündən
hoppanmaq olsun. Od yandırma qurtardıqdan sonra
qapı pusdu, niyyət etmək, bayram süfrəsi bəzəmək
başlanardı.
Suya iynə salmaq həsrətin vüsala çatması kimi
düşünülürdü. İki kasanı su ilə doldurar, iki
iynəyə pambıq saplayaraq salardılar suya. "Yelkənli"
qayıqlar suda üzərdi. Qayıqdakılar yaxınlaşıb
bir-birinə əl versəydilər, niyyət hasil olmuş
hesab edilərdi. Deməli, həsrətlilər qovuşacaqdı.
Bacalardan corab sallayardılar, tanış səslərin
payı bir az artıq olardı. Qızlar, oğanlar duzlu
kökə yeyərdilər. Gecə yuxuda hansı oğlan qıza su
versəydi, deməli, xeyir işə hazırlaşmaq olardı.
Həmin gecə qızılgül kolunun dibinə yumurta,
kömür və qırmızı karandaş qoyardılar. Əgər səhər
yumurtanın üstündə qırmızı görünsəydi, deməli
niyyət hasil olmuşdu. Qara görünsəydi, əksinə.
Həmin günü səhərə kimi oturmaq üçün deyərdilər:
bu gecə qara at gövəşəyəcək, axar sular
dayanacaq, ağaclar başlarını əyib suya səcdə
edəcəklər, kim bunu görsə, istəyinə nail ola
bilər. Yuxusuzluğa dözməyib mürgüləyən adamı
oturduğu döşəyə, stula, söykəndiyi yastığa "tikərdilər".
Sonra dudkeşlə yatanın qulağının dibində səs
salıb oyadardılar. Yatan adam "mən yatmamışam"
deyib durmaq istəyəndə döşək, yastıq və ya stul
da onunla qalxar və gülüş səsləri evi bürüyərdi.
Çox təəssüf ki, dini, mənəvi-əxlaqi dəyərlərimiz,
oturuşmuş adət-ənənələrimiz total rejimin,
bolşevik təbliğatının qəzəbinə gəldi. XX
yüzilliyin 20-50-ci illərində bu qəzəbin gücü
daha qabarıq görünürdü. Bütöv bir millətə min
ildən artıq bir müddətdə yaşatdığı dini, mənəvi
dəyərlər birdən-birə yasaq edildi. Şərqlə
bağlılığı qırmaq üçün əski əlifbanın
dəyişdirilməsi, milləti yalnız öz dini-əxlaqi
dəyərlərindən deyil, həm də milli
adət-ənənələrindən uzaqlaşdırmaq meyilləri
gücləndi. Müqəddəs, ulu bayramımız olan "Novruz
bayramı"na isti münasibət yasaq olunurdu, dini
qiyafə geydirilirdi. Əsrlərlə meydan və
küçələrdə nümayiş etdirilən, insanın
mənəvi-psixoloji təmizlənməsinə, hətta tibbi
nöqteyi-nəzərdən fiziki sağlamlıq üçün gərəkli
olan belə bir bayram bolşevik təbliğatına düçar
olmuşdu. Lakin Novruz bayramı yaddaşlardan
silinmədi, sadəcə olaraq bu bayramın müvəqqəti
olaraq məkanı dəyişdi, küçələrdən, meydanlardan
ürəklərə, evlərə köçdü.
Bayram ağzı çöçə bişirərdilər. Mərciməyi,
kartofu bişirib əzərdilər. Püreni yayılmış
yuxanın arasına qoyub üzünə yumurta sarısı yaxıb
təndirə yapardılar. Ümumiyyətlə, bayramı çox ruh
yüksəkliyi ilə keçirərdilər. Məhəllə-məhəllə
gəzərdik. Hər tərəfdə bir canlanma,
çal-çağır hiss olunardı. Qara zurnanın zil səsi
dağı-daşı lərzəyə gətirərdi. Yamaclarda otlayan
quzular belə, qara zurnanın səsindən məst olur
şirin-şirin gövşək çalardılar.
Ahıl nənələr, müdrik babalar ağır "Mirzeyi"
havasında sındıra-sındıra oynayardılar. Meydana
bayram xonçaları gətirərdilər, şamlar
yandırardılar, xoruz, qoç döyüşdürərdilər.
Cavanlar küştü tutardılar. Bəli, baharın gəlişi
insanın qanını qaynadır, bahar Günəşi torpağı
isidir, bitkiləri qış yuxusundan oyadır.
Süfrəmizə bolluca nemət, xalqımıza cansağlığı,
üz ağlığı, xoşbəxtlik, firavanlıq gətir, bahar!
Mən baharın gəlişini ürəkdən alqışlayıram. Xoş
gəlmisən, qədəmlərin çox mübarək!
Əvəz Mahmud LƏLƏDAĞ |
|