Ölkəmizin
Mərakeşdəki səfirliyində 31 Mart -
Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar
anma mərasimi keçirilmişdir.
Mərasimdə
İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman
əl-Tüveycri, Xarici İşlər və Əməkdaşlıq
Nazirliyinin Asiya və Okeaniya məsələləri
idarəsinin rəisi B.Allali, səfirlər,
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri
və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Səfirlikdən
AzərTAc-a bildirmişlər ki, soyqırımı
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edildikdən sonra səfir Sabir Ağabəyov 1918-ci
ildə Azərbaycanın şəhər və rayonlarında
ermənilər tərəfindən törədilmiş qırğınlar barədə
ətraflı məlumat vermişdir. Bildirilmişdir ki,
yalnız ümummilli liderimiz Heydər Əliyevin
"Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci
il 26 mart tarixli fərmanında bu qanlı cinayətə
əsl hüquqi-siyasi qiymət verilmişdir.
Diplomat
vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi 1905-1906-cı, 1918-1920-ci,
1948-1953-cü və 1988-1989-cu illərdə ermənilər
tərəfindən azərbaycanlılara qarşı törədilmiş
soyqırımı və deportasiya siyasətinin davamıdır.
31 Mart -
Azərbaycanlıların soyqırımı günü ilə bağlı
səfirlik tərəfindən hazırlanmış məlumatlar
Mərakeşin Xarici İşlər və Əməkdaşlıq
Nazirliyinə, diplomatik nümayəndəliklərə və
ölkənin aparıcı "Le matin" və "L'Opinion"
qəzetlərinin redaksiyalarına göndərilmişdir. |