Bakıdakı 152 nömrəli tam orta məktəbdə Nəsimi
rayonu üzrə məktəblilər arasında "Cəsurlar"
hərbi-idman oyunu keçirilib. Bu oyunlar
gənclərin hərbi-vətənpərvərlik ruhunun
yüksəlməsinə müsbət təsir göstərir. "Cəsurlar"
hərbi-idman oyununda rayon üzrə 27 məktəbin
şagirdləri iştirak edirdilər.
Tədbirdə Təhsil Nazirliyinin, BŞTİ-nin
nümayəndələri, məktəb direktorları, gənclərin
çağırışaqədərki hazırlığı üzrə rəhbərlər, KİV
təmsilçiləri iştirak edirdilər.
Öncə məktəbin rəqs qruplarının üzvləri
iştirakçıları nümayiş etdirdikləri rəqs
nömrələri ilə qarşıladılar. Sonra oyunlar
başladı.
"Düzlən! Fərəqət!" komandaları verildikdən sonra
Azərbaycanın Dövlət himninin sədaları altında
Dövlət bayrağı meydançaya gətirildi.
Komandaların kapitanları oyunlara hazır
olduqları barədə məruzə etdilər.
Hərbi-idman oyunlarının nizamnaməsinə əsasən,
şagirdlər kanatdan keçmək, pilləkənlə dırmaşmaq,
maneələri dəf etmək, turnikdə dartınmaq,
əleyhqazdan istifadə qaydaları və digər
hərəkətləri icra etdilər.
Yarış başa çatdıqdan sonra münsiflər heyəti
qalibləri müəyyənləşdirdi. 23 nömrəli məktəb I
yerə, 152 nömrəli məktəb II yerə,
14 və 151 nömrəli məktəblərin komandaları III
yerə çıxdılar.
Rəşad ZİYADOV |