Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti
iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti və
BDU-nun Elmi Şurasının üzvlərinin, tanınmış
alimlər və KİV nümayəndələrinin iştirak etdiyi
iclası giriş sözü ilə universitetin rektoru,
akademik Abel Məhərrəmov açıb. Azərbaycan
elminin, təhsilinin dinamik inkişafının, elmi
kadrların hazırlanmasının, elmi potensialın
gücləndirilməsinin, elmi-texniki nailiyyətlərin
əldə olunmasının əhəmiyyətindən danışan rektor,
elmin inkişafını xalqın gələcəyini təyin edən
əsas amillərdən biri hesab edən dövlət başçısı
İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və
qayğıdan bəhs edib. Bu uğurlu siyasətin BDU-ya
da dəyərli töhfə verdiyini, Azərbaycanın
beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına
qoşulmasına zəmin yaratdığını söyləyib.
İclasda
2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat
işləri haqqında elmi işlər üzrə prorektor,
professor İsmayıl Əliyevin hesabatı dinlənilib.
Bildirilib ki, ümumiyyətlə, 2010-cu ildə BDU-da
təbiət və humanitar elm sahələrini əhatə edən
bir sıra aktual mövzuların həllinə yönəlmiş 81
istiqamətdə 221 mövzu üzrə 1151 elmi iş yerinə
yetirilib. Universitetin əməkdaşları tərəfindən
BDU-nun sahibliyi ilə 9 patent alınıb.
2010-cu ildə universitet alimlərinin xaricdə
nəşr olunmuş kitabları haqqında da məlumat verən
prorektor kitabların filologiya, beynəlxalq
münasibətlər və beynəlxalq hüquq fakültələrinin
əməkdaşları tərəfindən yazıldığını, Almaniyanın
"Springer", Rusiyanın "Nauka" və Türkiyənin
müxtəlif nəşriyyatlarında nəşr olunduğunu
diqqətə çatdırıb.
Hesabat ilində universitetin 4 daimi
dissertasiya şurasında 8 nəfər doktorluq və 60
nəfər ixtisas üzrə fəlsəfə doktorluq
dissertasiyası (onlardan 32 nəfəri BDU-nun
əməkdaşı, doktorant və dissertantıdır),
birdəfəlik dissertasiya şuralarında isə 6
doktorluq (4-ü BDU-nun əməkdaşı) və 24 ixtisas
üzrə fəlsəfə doktorluq (12-si BDU-nun əməkdaşı,
doktorant və dissertantı) dissertasiyaları
müdafiə edilib. Onlardan 3 nəfəri xarici
vətəndaşdır.
Professor Elmi kitabxana, "Bakı Universiteti"
nəşriyyatı, universitetin nəzdində fəaliyyət
göstərən "Gənc istedadlar" liseyi, İnformasiya
Texnologiyaları Mərkəzi və dörd seriyada nəşr
olunan "Bakı Universitetinin xəbərləri"
jurnalının fəaliyyəti haqqında da məlumat verib.
İ.Əliyev professor-müəllim heyətinin,
əməkdaşların, aspirant, magistrant və
tələbələrin elm və təhsildə, universitetin
ictimai həyatında əldə etdikləri nailiyyətləri
daha da inkişaf etdirmək məqsədilə BDU-nun
rektoru, akademik Abel Məhərrəmovun əmri ilə
universitetdaxili "50+50" qrant proqramından,
universitet əməkdaşları tərəfindən 35 beynəlxalq
və respublikadaxili elmi layihənin həyata
keçirilməsindən danışıb. Qeyd edilib ki, bu
layihələr Avropa Birliyinin 7-ci Çərçivə (FP-7)
və TEMPUS Proqramları, Amerikanın Mülki
Tədqiqatlar və İnkişaf Fondu, Səudiyyə
Ərəbistanının Kral Əbdüləziz adına Elm və
Texnologiya Mərkəzi, Ukrayna Elm və Texnologiya
Mərkəzi, Fransanın Milli Elmi Araşdırmalar
Mərkəzi, NATO-nun "Elm sülhün keşiyində"
proqramı, İsveçrə Milli Elm Fondu, Almaniyanın
"Folsfagen" şirkəti, "SOROS" Fondu Açıq Cəmiyyət
İnstitutu, Dünya Bankı, Azərbaycan Respublikası
Prezidenti yanında Elmin İnkişafı Fondu, Təhsil
Nazirliyi və Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən
maliyyələşdirilir.
BDU-nun Mətbuat və informasiya şöbəsi |
|