Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Aprel 2011 - 13

 

"Fəxr edirəm ki, Heydər Əliyev bu məsuliyyətli işi məhz mənə həvalə etdi"

 

Söhbət Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilməsindən gedir 

"Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcəkdir". 

Heydər ƏLİYEV 

Azərbaycan xalqının görkəmli şairi, dramaturq Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilməsindən otuz ilə yaxın bir müddət ötür. O vaxt bu müqəddəs işdə böyük hünər və fədakarlıq göstərən Həmid Cəfərovla bu günlər görüşdük. Məqsədimiz o tarixi missiyanı şərəflə yerinə yetirən bu insandan Sibirə səfər etdiyi həmin günləri xatırlamaqla bərabər, mətbuata açıqlamadığı bəzi fikirlərini öyrənib oxucularımıza çatdırmaq idi.

Yeri gəlmişkən, qeyd edək ki, Həmid Cəfərov 1938-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini, Bakı şəhər Partiya Məktəbini və Sov.İKP MK-nın Siyasi-İctimai Akademiyasını bitirib. Səksəninci illərdə Naxçıvan Vilayət Partiya Komitəsində katib vəzifəsində çalışıb. 1983-cü ildən Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Hazırda təqaüddədir. Həmid müəllim H.Cavidin nəşinin Vətənə gətirilməsi və onun haqqında əldə etdiyi sənədlər əsasında irihəcmli kitab üzərində işləyir. Onun əyləşdiyi otaq isə H.Cavidin ev-muzeyini xatırladır. Cavid haqqında yazılmış çoxsayli kitablar, məqalələrin dərc olunduğu jurnallar, qəzetlər, sənət adamlarının Həmid müəllimə ünvanladığı məktublar, ürək sözləri, ona həsr etdikləri şeirlər, müxtəlif illərdə arxivlərdən topladığı şəkillər, bir çox surəti çıxarılmış sənədlər əsasında son dərəcə nəfis şəkildə tərtib etdiyi albomlar və qovluqlar otagına gələnlərin diqqətini cəlb edir.

 Respublikada ziyalıların nüfuzu yüksəlirdi 

Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər təyin olunması respublikanın tarixində çox mühüm bir mərhələnin əsasını qoydu. Azərbaycan sanki bir tikinti meydanına çevrildi. Heydər Əliyev bütün sahələrdə olduğu kimi milli mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycanın elmi potensialının inkişafına da böyük diqqət göstərirdi. Ölkənin mədəniyyət və incəsənət xadimləri, ziyalılar ittifaq miqyasında yüksək dövlət mükafatları ilə təltif edilir, ziyalıların cəmiyyətdəki nüfuzunun bərpa edilməsinə xüsusi əhəmiyyət verilirdi. Heydər Əliyev Azərbaycan ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə müdafiə etməyə, onların sıxışdırılmasının qarşısını almağa da müvəffəq olurdu. Belə bir vaxtda - 1981-ci ildə Naxçıvanda Hüseyn Cavidin anadan olmasının 100 illiyinə hazırlıq işləri aparılırdı.  

"Heydər Əliyevin xeyir-duası" 

Həmid müəllimin dediklərindən:

- 1982-ci il oktyabrın   2-də  Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin Naxçıvana səfəri zamanı görkəmli Azərbaycan şairi Hüseyn Cavidin cənazəsinin qalıqlarının Sibirdən Vətənə gətirilməsi ilə bağlı məsələ müzakirə olundu. Heydər Əliyev bu nəcib işə xeyir-dua verdi. Fəxr edirəm ki, o, bu məsuliyyətli işi mənə həvalə etdi. Cavidin 100 illik yubileyi ərəfəsində Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin bürosunda H.Cavidin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi haqda qərar qəbul edildi. Biz vaxt itirmədən Cavid haqqında sərəncamımızda olan bütün sənədləri Mərkəzi Komitəyə göndərdik. Onu da deyim ki, bu şərəfli iş üçün Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevə və DTK-nın sədri Y.V.Andropova müraciət etdi.  

"Axtarışlarımız bəhrəsini verdi"

- Bizə yalnız o məlum idi ki, Hüseyn Cavid Mikayıl Müşfiq və Əhməd Cavadla bir gecədə həbs edilib. M.Müşfiqlə Ə.Cavad güllələndikdən sonra Cavid iki il Bakıda, DTK-nın zirzəmisində və Bayıl həbsxanasında saxlanılıb. 1939-cu ildə isə onu Maqadana göndəriblər və 1941-ci ilədək orada yaşayıb. Bundan başqa Cavid haqqında demək olar ki, məlumatımız yox idi. Elə buna görə də Maqadana sorğu göndərdik. Maqadan Vilayət Partiya Komitəsindən alınan cavab belə idi: "...1939-cu il aprelin 1-də Maqadana gətirilmiş milliyyətcə azərbaycanlı, Naxçıvan şəhərində doğulmuş, Bakı şəhərinin sakini, məhbus Hüseyn Cavid (Rasizadə) 1941-ci il sentyabrın 8-də İrkutsk vilayətinin Tayşet şəhərindəki islah-əmək düşərgəsinə göndərilib... H.Cavidlə bağlı hər hansı digər sənədlərə malik deyilik.

Sov.İKP Maqadan Vilayət Komitəsinin katibi Q.Kiselyov".

Beləliklə, axtarışlarımız bəhrəsini verməyə başladı. Bu dəfə biz İrkutsk vilayətinin Tayşet Şəhər Partiya Komitəsilə əlaqə saxladıq. Məlum oldu ki, ayaqları iflic vəziyyətinə düşmüş, gözləri zəifləmiş H.Cavid Tayşet şəhərinin Şevçenko kəndində yerləşən əlillər evinə "müalicəyə" gətirilib. Bu, Stalin rejiminin ənənəsi idi. Cavid həmin əlillər evinə 1941-ci il noyabrın 17-də daxil olub. Dekabrın 5-də tərtib edilmiş 59 saylı aktda göstərilir ki, H.Cavid 1941-ci il dekabrın 5-də saat 10.30-da 59 yaşında vəfat edib. Cavidin 59 (!) nömrəli məzarda dəfn edildiyi də məlum oldu. 

Cavid sorağıyla, Cavid iziylə 

1982-ci il oktyabrın 14-də Həmid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Naxçıvan MR  daxili işlər nazirinin müavini Telman Əliyev və Babək  rayonundakı daş üzlük kombinatının fəhləsi, SSRİ Ali Sovetinin deputatı Zakir Nəsirov Moskvaya uçaraq oradan Cavid soraqlı səfərə yola düşdülər. Həmin il oktyabrın 19-da Sov.İKP İrkutsk Vilayət Komitəsində H.Cəfərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti hərarətlə qəbul edildi.

Tayşet rayonunun Şevçenko kəndində Cavidin vaxtilə "sakini" olduğu 21 nömrəli koloniyanı və şairin dəfn olunduğu qəbiristanlığı tanıyan adamların müəyyən edilməsi üçün göstərişlər verildi.

Həmid Cəfərovun dediklərindən:

- Biz oktyabrın 20-də Tayşetə çatdıq. Azərbaycandan gəlmiş nümayəndə heyəti  burada şəhərin rəhbər işçiləri tərəfindən qəbul edildi. Cavidlə bağlı arxiv sənədləri öyrənildi. Sonra H.Cavidin 1941-ci il dekabrın 5-də vəfat etdiyi, iki gün  sonra isə Tayşet rayonunun Şevçenko kəndindəki qəbiristanlıqda dəfn olunduğu müəyyənləşdirildi. Rayon rəhbərliyi ilə olan bu danışıqlardan sonra Cavidin uyuduğu Şevçenko kəndinə yollandıq.

Artıq ertəsi gün - oktyabrın 21-də Tayşet Rayon ZDS İcraiyyə Komitəsinin 141 nömrəli müvafiq qərarı hazır idi: "Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin (Rasizadə) cənazəsi çıxarılıb aparıla bilər... Bu iş Həmid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətinə tapşırılsın...".

Nümayəndə heyətimiz Şevçenko kəndindəki meşəyə çatandan sonra qarın altında olan qəbirlərin baş ağaclarına vurulmuş nömrələri axtarmağa başladıq. Nəhayət çürümüş taxta parçası üzərində aydın oxunan 59 rəqəmini tapdıq... Qəbirin önündə diz üstə çöküb ağlayaraq, xeyli müddət kövrək anlar yaşadıq... Qəbiri  üçümüz də birgə qazdıq. Mən ilk növbədə Cavidin baş sümüyünü təmizlədim, öpdüm və geniş alnına diqqət yetirdim. Ona görə ki, o vaxt Cavidin güllə ilə vurulması barədə söz-söhbətlər gəzirdi. Alnında güllə izi yox idi. Onun sol ayağında yun corab izlərinin olduğu aşkarlananda hamımız heyrətləndik. Həmin yun corabları şairin həyat yoldaşı Müşkünaz xanım toxumuşdu.  Beləliklə, Cavidin cənazəsinin qalıqlarını torpaqdan götürdük. Şəriət qanunlarına uyğun olaraq ehsan verilməklə, həmçinin 100 illik yubileyi ilə bağlı 100 yaylım atəşi ilə Cavidin xatirəsi yad edildi.       

"Heydər Əliyevdən yeni bir tapşırıq aldım" 

- Biz oktyabrın 23-də Hüseyn Cavidin nəşini xüsusi vaqonda Tayşetdən İrkutska gətirdik. Səhəri gün Azərbaycanın nümayəndə heyəti vilayət rəhbərliyi tərəfindən qəbul olundu. Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 100 illik yubileyi uzaq Sibirdə qeyd edildi...

Oktyabrın 25-də isə  Cavidin cənazəsini təyyarə ilə İrkutskdan Moskvaya apararkən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin tapşırığı mənə çatdırıldı:

-  Cavid Moskva - İrəvan - Naxçıvan marşrutu ilə deyil, 861-ci reyslə Moskvadan birbaşa Bakıya "uçmalıdır"! Elə də oldu. 1982-ci il oktyabrın 26-da Hüseyn Cavidlə "birgə"  Vətənə qayıtdıq. Bakı Hava limanında, o payız günündə Cavidi "qarşılamağa" gələnlərin üzündəki həyəcanlı anları, gözlərindəki nigaran baxışları sezməmək mümkün deyildi... Həmin gün Heydər Əliyevin təşəbbüsü ilə Cavidin cənazəsi   Şirvanşahlar sarayının Taxt-tac salonuna gətirildi. Oktyabrın 27-də isə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətində Hüseyn Cavidin harada dəfn olunması məsələsi müzakirə olundu. İctimaiyyətin iştirakı ilə keçirilən geniş yığıncaqda şairin doğma vətəni Naxçıvanda torpağa tapşırılması qərara alındı. Daha sonra noyabrın 2-də Cavidin 17 il Bakıda yazıb-yaratdığı evində - Əlyazmalar İnstitutunda vida görüşü oldu. Heydər Əliyev başda olmaqla respublikanın rəhbər işçiləri fəxri qarovulda dayandılar... 

Naxçıvan doğma övladının yolunu həsrətlə gözləyirdi 

Noyabrın 2-də Cavidin cənazəsinin qalıqları Bakıdan doğma vətəni Naxçıvana gətirildi. Onu şairin qızı Turan Cavid, sənət adamları və ictimaiyyətin nümayəndələri müşayiət edirdi. Şəhərin təyyarə meydanı çox izdihamlı idi. Muxtar respublikanın görkəmli adamları, ictimaiyyətin nümayəndələri Cavidin cənazəsini gətirən təyyarəni qarşılamağa gəlmişdilər.

Həmin gün H.Cavidin cənazəsinin qalıqları onun vaxtı ilə yaşadığı, hazırda ev-muzeyinə çevrilmiş binaya gətirildi. Şair uzun ayrılıqdan sonra bir gün Naxçıvandakı evində "gecələdi"...

1982-ci il noyabrın 3-də Naxçıvan Dram Teatrında vida görüşündən sonra saat 15.00-da Hüseyn Cavid Naxçıvan şəhərində-Cavid bağında torpağa tapşırıldı.

Bütün bu kədərli anları xatırlayan Həmid Cəfərov deyir ki, bu mənim həyatımda ən yaddaqalan hadisə idi. Heydər Əliyevin mənə göstərdiyi yüksək etimadı doğrultdum. Ulu Cavidin ruhu qarşısında borcumdan çıxdım...

Həmid müəllim bizimlə söhbət zamanı böyük qürur hissi ilə onu da bildirdi ki, Hüseyn Cavidin Vətənə qayıdışından sonra respublikamızda, o cümlədən Naxçıvanda böyük tədbirlər həyata keçirildi. Cavidin əsrlər ötəcək qədər ömür yaşayacaq əzəmətlı türbəsi ucaldıldı. Ən müqəddəs işlərdən biri də o oldu ki, 59 ildən sonra onun həyat yoldaşı Müşkünaz xanım və oğlu Ərtoğrul həmin türbəyə köçürüldü. 2004-cü ildə isə H.Cavidin qızı  Turan Cavid də orada dəfn olunub. Qürur duyuram ki, Hüseyn Cavidin cənazəsi ilə bərabər, ailə üzvlərinin də həmin türbəyə köçürülməsində iştirak etmişəm. Eyni zamanda Cavidin heykəli ucaldıldı, Naxçıvanda və Bakıda ev-muzeyləri yaradıldı. Ölməz şairin əsərləri latın qrafikası ilə nəşr olundu. Bir neçə dram əsəri səhnələşdirilərək oynanıldı. Elə bu gün də Azərbaycanın incəsənət işçiləri H.Cavidin dram əsərlərini böyük məhəbbətlə tamaşaya qoyur və ondan öyrənirlər. Mənim istəyim və arzum isə ondan ibarətdir ki, məktəblərimizdə belə repressiya qurbanları barədə müntəzəm dərslər, tədbirlər keçirilsin. Onların xatirəsi yad edilsin...

Bəli, yaxşı deyirlər ki, şairlər dünyaya gəlir, amma  dünyadan getmir. Elə Hüseyn Cavid kimi şairlər də dünyadan getmir və insanların qəlbində əbədi yaşayır, bütün xalqın sevgisi ilə nəsildən-nəslə çatır, ürəklərdə ölməzlik heykəlinə dönürlər. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov