Qısa tanışlıq: Ceyla Uran qızı Seyidova 20
avqust 1995-ci ildə Bakı şəhərində anadan olub.
2002-ci ildə Bülbül adına Orta İxtisas Musiqi
Məktəbinin skripka şöbəsinə daxil olan Ceyla
hazırda həmin məktəbin 10-cu sinif şagirdidir.
Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr
laureatıdır. Adı Azərbaycanın gənc
istedadlarının "Qızıl kitabı"na yazılıb.
Əslində
Ceylanı qiyabi də olsa yaxşı tanıyırdıq. Lap
balaca yaşlarından onun böyük səhnələrdə gözəl
çıxışı, hər ifasının alqışlarla qarşılanması
diqqətimizi çoxdan çəkmişdi. Musiqi ilə böyüyən,
onunla nəfəs alan və "musiqi mənim həyatımdır!"
deyən Ceyla Seyidovanı daha yaxından tanımaq və
oxucularımıza tanıtmaq məqsədi ilə onu bu
günlərdə redaksiyamıza dəvət etdik.
Anası Samirə xanımla qonağımız olan Ceyla
musiqiçi ailəsində doğulduğunu, lap körpəlikdən
musiqiyə böyük həvəsi olduğunu bildirdi. Anası
onu pianoçu görmək arzusunda olsa da, o da
qardaşı kimi skripkanı seçdi. İlk çıxışı 8
yaşında Azərbaycan Dövlət Filarmoniyasında Qara
Qarayev adına Azərbaycan Dövlət Kamera
Orkestrinin müşayiəti ilə olub. Məhz o vaxtdan
elə Ceylanın uğurları başlandı. 2004-cü ildən
başlayaraq görkəmli pianoçu, pedaqoq Kövkəb
xanım Səfərəliyevanın xatirəsinə həsr olunan
gənc ifaçıların festivalında iştirak edən bu
istedadlı qız hər il müsabiqənin laureatı
olurdu. Xarici ölkəyə ilk səfəri isə 2005-ci
ildə Tbilisidə keçirilən 1 İyun - Uşaqları
Beynəlxalq Müdafiə Gününə həsr edilən festival
olub. Həmin festivalda laureat adını qazanan
Ceylanın artıq müxtəlif tədbirlərə, müsabiqələrə
dəvətlərinin sayı artmağa başladı. Onu da qeyd
edək ki, respublikanın xalq artisti, dirijor
Teymur Göyçayevin rəhbərliyi ilə 2006-cı ildə
Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri
yaradılanda Ceyla həmin orkestrin ilk
solistlərindən biri olur. Simfonik Orkestrin
tərkibində qastrollara gedir. Teymur Göyçayev bu
qız haqqında "Ceylanın parlaq gələcəyi var.
Skripkanın keyfiyyətindən və ölçüsündən asılı
olmayaraq, onun çaldığı bütün əsərlər ifasında
gözəl səslənir. O musiqini qəlbi ilə duyur. Onun
gözəl skripka ifaçısı olacağına əminəm" - deyir.
Skripkaçı qızın musiqi sahəsində ilk addımlarını
atdığı gündən yanında olan, onunla məşğul olan
müəllimi Fatma İdiatulina da öz şagirdinə böyük
ümidlər bəsləyir.
Kim
bilir, bəlkə də Ceylaya bu fitri istedad irsən
keçmişdir. Qeyd etdiyimiz kimi, musiqiçi
ailəsində doğulan Ceylanın atası tanınmış
skripkaçı Uran Seyidov Q.Qarayev adına Dövlət
Kamera Orkestrinin konsertmeysteri, Azərbaycan
Dövlət Simli Orkestrinin bədii rəhbəri,
respublikanın xalq artisti, anası Samirə Aşumova
P.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasının məzunu, Ü.Hacıbəyov adına
Bakı Musiqi Akademiyasının professoru, İtaliyada
keçirilmiş beynəlxalq müsabiqənin laureatı,
respublikanın əməkdar artisti, ailənin 1-ci
övladı Anar Seyidov isə beynəlxalq müsabiqələr
laureatı, Prezident təqaüdçüsüdür. Hazırda
Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının
1-ci kurs tələbəsidir. Gözünü bu ailədə açan
Ceyla hər zaman ətrafında musiqiyə sevgiylə,
eyni zamanda ciddi yanaşıldığını görüb.
Ceyla onun üçün ən yaddaqalan və həyatını demək
olar sözün yaxşı mənasında dəyişdirən hadisənin
- 6 dekabr 2006-cı ildə Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
ABŞ-ın Vaşinqton şəhərində keçirilən tədbirdə
iştirakı olduğunu dedi. Həmin vaxt böyük
səhnədə o, skripkada Azərbaycanın görkəmli
bəstəkarı, xalq artisti Arif Məlikovun "Komde"
əsərini ifa edib və çıxışı alqışlarla
qarşılanıb. Ceylanın müxtəlif tədbirlərdə gözəl
ifaları xarici tamaşaçıların da qəlbini riqqətə
gətirir.
Yeniyetmə qız ölkə başçısı cənab İlham Əliyevin
istedadlı gənclərə göstərdiyi diqqət və qayğını
hər zaman üzərində hiss etdiyini söylədi. Qeyd
etdi ki, Prezident cənab İlham Əliyevin 14 iyun
2007-ci il tarixli sərəncamı ilə Prezidentin
xüsusi aylıq təqaüdünə layiq görülməsi və adının
Azərbaycanın gənc istedadlarının "Qızıl
kitabı"na yazılması onun üçün fəxrdir.
Yaşının
az olmasına baxmayaraq, Ceyla Seyidovanın musiqi
sahəsində, xüsusilə dünyanın bir çox ölkələrində
keçirilən nüfuzlu müsabiqələrdə, festivallarda
əldə etdiyi nailiyyətləri olduqca çoxdur.
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun
dəstəyi ilə skripkaçı 2008-ci il 4-16 mart
tarixlərində İtaliyanın Fasano şəhərində
keçirilən Don Matteo Kaluççi adına
instrumentalistlərin və vokalçıların I
beynəlxalq müsabiqəsində iştirak edib. 12 yaşlı
Ceylanın skripkada Azərbaycanın və xarici
bəstəkarların müxtəlif janrlarda yazdıqları
əsərlərini yüksək məharətlə çalması bu
festivalın təşkilatçıları tərəfindən maraqla
qarşılandı və qızın istedadı münsiflər heyətini
heyran etdi. Həmin müsabiqədə I yerə layiq
görülən Ceyla Vətənə medalla dönüb. 2008-ci il
20-26 may tarixlərində Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Parisdə YUNESKO-nun baş
qərargahında, Strasburqda, Brüsseldə keçirilən
"Azərbaycanın xoşməramlı mələkləri" adlı
konsert proqramlarında skripkaçının hər bir
çıxışı qəlbləri riqqətə gətirirdi. Ceylanın
ifasında C.Vilyamsın "Şindlerin siyahısı"
kinofilmindən musiqi fraqmenti bütün zal
tərəfindən alqışlarla qarşılandı.
Yorulmaq nə olduğunu bilməyən yeniyetmə qız
istər ölkəmizdə, istərsə də respublikamızın
hüdudlarından kənarda keçirilən beynəlxalq
musiqi festivallarında, konsertlərdə, müxtəlif
tədbirlərdə iştirak etməyə hər zaman böyük
maraq və həvəs göstərdiyini deyir. Ölkəmizdə
keçirilən nüfuzlu Mstislav Rostropoviç
beynəlxalq festivalında 2008-ci ildən iştirak
edən Ceylanın skripkada solo ifası ən yaddaqalan
çıxışlardandır. Həmin ilin sentyabrında İsveçdə
Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrlə
Teymur Göyçayevin dirijorluğu ilə Ceylanın solo
çıxışı alqışlarla qarşılanır. 8 iyun 2009-cu il
tarixində Hollandiyanın Haaqa şəhərində
keçirilən konsertdə də Ceylanın ifası
professionallığı ilə seçilir. 2010-cu il mayın
21-dən iyunun 2-dək Moskvada "Moskva dostlarını
qarşılayır" adlı VII Beynəlxalq festivalda
uğurla iştirak edərək, yüksək ifaçılıq nümayiş
etdirən skripkaçı həmin festivalın laureatı
olur. Əldə etdiyi nailiyyətlərdən
arxayınlaşmayan, daim yaradıcılıqla məşğul olan
Ceyla dünyanın məşhur skripkaçılarından sayılan
Maksim Venqerovdan ustad dərsləri alıb.
2011-ci ilin də onun üçün uğurla başladığını
deyən gənc ifaçı qazandığı növbəti
müvəffəqiyyəti barədə danışdı. Bildirdi ki,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
dəstəyi ilə o, 2-8 mart tarixlərində Belçikanın
Namur şəhərində keçirilən gənc musiqiçilərin
"Bravo" IV Beynəlxalq müsabiqəsində iştirak edib
və I yerə layiq görülüb. Qeyd edək ki, ilk dəfə
olaraq Azərbaycanı belə mötəbər bir yarışda
Ceyla Seyidova təmsil edib. Müsabiqənin
özəlliyindən söz açan Ceyla onun olduqca
nüfuzlu, eyni zamanda çətin olduğunu söylədi.
Söhbətimizə qatılan anası Samirə xanım onu da
əlavə etdi ki, 15 musiqiçinin mübarizə apardığı
müsabiqə 2 turdan ibarət olub. İştirakçıların
çıxışlarını qiymətləndirən münsiflər heyətində
Filippe Deskamps, Quido Jardon, Jan-Frederik
Molard, Valery Oistrax, Tatyana Semuil və İqor
Tkatçuk kimi görkəmli musiqiçilərin təmsil
olunduğunu, II tura 6 nəfərin keçdiyini
bildirdi. Fransa, Rusiya, Belçika və digər
ölkələrin təmsilçiləri ilə birgə çıxış edən
Ceyla ən yüksək yerə layiq görülüb. Azərbaycanın
gənc və istedadlı skripkaçısının çıxışı dünya
musiqiçilərinin böyük marağına səbəb olub. Anası
"Professional musiqiçi kimi, mənim üçün fəxrdir
ki, qızım belə bir müsabiqədə birinciliyi əldə
edib. Ən xoş odur ki, Ceylanın çıxışından sonra
hər bir kəs, hətta məşhur musiqiçilər bizə
yaxınlaşıb minnətdarlıq edirdilər. Bu mənim üçün
ən yüksək qiymətdir",- deyə öz təəssüratlarını
bizimlə paylaşdı. Ceyla, anası Samirə xanım
fürsətdən istifadə edərək belə bir nüfuzlu
müsabiqəyə qatılmağa imkan və şərait yaratdığına
görə Təhsil Nazirliyinə öz minnətdarlıqlarını
bildirdilər. Təhsil Nazirliyinin istedadlı
gənclərin yaradıcılıq imkanlarının üzə
çıxarılması, inkişaf etdirilməsi istiqamətində
həyata keçirdiyi tədbirlərdən, gördüyü işlərdən
razılıqla danışdılar.
Samirə xanım qeyd etdi ki, müsabiqədən sonra
Ceylaya Brüssel Konservatoriyasında təhsil almaq
təklif olunub.
Bəli, hazırda 10-cu sinifdə oxumasına
baxmayaraq, Ceyla Seyidovanı demək olar ki,
dünyanın görkəmli musiqiçiləri yaxşı tanıyır,
onun ifasını bəyənir və haqqında xoş sözlər
söyləyirlər. Bir azərbaycanlı gənc musiqiçi üçün
bundan sevincli nə ola bilər ki?
Ceylanın arzuları isə bitib-tükənməzdir. Ən
böyük arzusu məhz dünya şöhrətli skripkaçı
olmaq, doğma Azərbaycanını bütün dünyada
layiqincə təmsil etməkdir.
Samirə KƏRİMOVA |
|